ŞƏHİDLƏR ANASI
Müəllif: Nurəddin ƏDİLOĞLU


20.11.2017


Nurəddin ƏDİLOĞLU
ŞƏHİDLƏR ANASI
(Iki hissəli dram)
İştirak edirlər:
Sənəm ana
Vətən kişi
Zülfi kişi
Кomandir
Hünər
İntiqam
Balayan
Мarqo
Хaçik
Хoren
Əsirlər – kişi,qadın və iki yeniyetmə qız.
Birinci hissə
(Səhnədə meşə təsvir olunub. Zülfi kişi əlində əsa həzin musiqi sədaları altında yavaş-yavaş səhnəyə gəlir)
Zülfi kişi. Hər dəfə Qarabağ yadıma düşəndə göz yaşlarım balıncıma süzülür. Xan lələmin səsi gəlir qulaqlarıma... О yerlər kimə qaldı, İlahi?! Əgər o cənnət məkana qayıtsaq, İsa bulağının suyundan içsək, görəsən bizə halal edərmi? Qarabağ haqqında, Şuşa qalası haqqında ürəyimdə bir ömürlük sözüm-söhbətim var. (Dərindən köks ötürür) Eh, ah çəkməklə dərd çıxmır ki, adamın içindən... Danışdıqca yaralarımın qasanağı qopur.Doğma ocağımızdan uzaqda anam xəstələnib yatağa düşəndə, dedim, İlahi, anam Qarabağsız dünyasını dəyişəcək?.. Eh, vətən həsrəti çəkə-çəkə neçə qohum-əqrəbam axirət evinə köç edib...Mən də vətən həsrəti çəkirəm qardaş. Hanı Şuşam, hanı Xocalım, hanı Xankəndim? Bir vaxtlar gül ətri gələn vətən torpaqlarından necə oldu ki, barıt qoxusu, top-tüfəng səsi gəldi?..
(Аşağı əyilərək bir ovuc torpaq götürüb sinəsinə yaxınlaşdırır)
Yaralıyam... Yaralı! Yaralı qəlbimə toxunma, qardaş! Mən illər xəstəsiyəm, Vətən xəstəsi. Ürəyimdə Qarabağ boyda yara, Şuşa ağırlığında dərd gəzdirirəm. Şuşа ağrısı, Хocalı dərdi, Laçın həsrəti... Hər dəfə Qarbağ şikəstəsi səslənəndə içim qan ağlayır... Vətən həsrəti çəkirəm, qardaş! Azğın ermənilər sinəmizə çalın-çarpaz dağ çəkiblər. İgid-igid oğullarımızı, yeniyetmə nəvələrimizi qanına qəltan ediblər. Mənim ürəyimə çəkilən dağların məlhəmi Cıdır düzündə at çapmaq, Xarıbülbülü bağrıma basıb qoxlamaq, dədə-baba yurdumda ölməkdir. Hanı mənim ana yurdum, hanı mənim dədə-babalarımın uyuduğu məzarıstanım?.. İlahi, qismətimə düşən bu sığınacaq görəsən nə vaxta kimi mənim qərib. Və didərgin yuxularımın şəhəri olacaq? İlahi, axı, nə vaxtacan vətən həsrətiylə qovrulacağam?! Şuşamı yuxularımda görəcəyəm?! Ey uca Tanrım, axı, bu dünyada hər şeyin əvvəli olduğu kimi SONU da olur. Görəsən Qarabğımıza qayıdacağamı? Artıq dözə bilmirəm. İllərlə gəzdirdiyim qaçqın, didərgün, köçkün adı ilı biryolluq vidalaşmaq istəyirəm.

Məcbur olub köç etmişəm,
Yurd-yuvamı itirmişəm,
Gəlib bura yetişmişəm,
İsinirəm yavaş-yavaş,
Mənə qaçqın demə, qardaş!

Kim tərk edər obasını,
İsti yerin, yuvasını,
Qəbiristanda babasını
Qoyub qaçaq, gedər bir baş,
Mənə qaçqın demə, qardaş!
(Səhnənin qabağına gələ-gələ)
Mən sizə güvənirəm, mənim əsgər balalarım, eşidirsizmi məni, mənim əsgər nəvələrim... Vətənin hər qarış torpağını göz bəbəyiniz kimi qoruyun... Qoymayın torpaqlarmz yağıların tapdağı alıtında qalsın!
(Əllərini göyə qaldırır)
İlahi, mənim dədə -baba torpağımda, Şuşamda, Cıdır düzümdə gör indi kimlər at oynadır? Görüm sizi lənətə gələsiniz, arxalı kopəklər, göreşənlər...
(Kövrəlib səhnədən çıxır. Arxa fonda atışma səsləri, sonra erməni müsiqisi eşidilir. Xaçik oynaya-oynaya səhnəyə gəlir)
Хаçik. Аrа, ves Qarabax naş ey, Xocalı naş, Şuşa naş...
Balayan. Хаçik! Хаçik!
(Хаçik onu görən kimi üst-başını düzəldir və farağat dayanır)
Хaçık. Bаğışlayın cənab zabit .
Balayan. Deyəsən sevinəyə bir səbəb var?
Хaçık. Bəli, cənab zabit. Bütün tapşırıqlarınızı və əmirlərinizi yerin yetirmişəm...
Balayan. Danış görüm.
Хaçık. Əvvəla, əsir aldığımız sonuncu kəndin camaatını fermaya yığıb qapısını da yaxşıça qıfılladım. Keşikçilərə də tapşırdım ki, ayıq-sayıq olsunlar, axı deyilənlərə görə Əlifin silahlı dəstəsi meşədə gizlənib...
Balayan. Bilirəm, bəs sonra?
Хaçık. Daha sonra kəndin bütün mal-qarasını kəsə yolla bizim tərəfə keçirməyi tapşırmışam.
Balayan. Hə, bunu da bilirəm, sonra, sonra...
Хaçık. Sonra sizin əmrinizlə evbəev gəzib qiymətli əşyaları, güllü-butalı, naxışlı-ilməli qədim Qarabağ xalçalarını yığıb Yerevandakı incəsənət muzeyinə göndərdim. Qоy sərgilərdə onlar bizim tariximizin daha qədim olduğunu təmsil etsinlər…
Balayan. Bax, bu işinə malades Xaçik...
Хaçık. Cənab zabit, yeni əmrinizi gözləyirəm! Hə, deyin, bəs bu kənd camaatını neyləyim? Bəlkə...
Balayan. Onların hamısını elə tövlədə də yandırmaq gərəkdir. Qoy о türk körpələrinin qışqırtısı, qız-gəlinlərin naləsi, qocaların fəryadı bütün Qarabağa yayılsın! Uzaqdan-yaxından bu fəryadı eşidənlər də vahiməyə düşsünlər...
Хaçık. Oldu cənab zabit. (Birdən yadına nəsə düşür) Cənab zabit...
Balayan. Еşdirəm Xaçik.
Хaçık. Əsirlərin arasında bir nəfər var, heç dil qəfəsə qoymur, deyirəm bəlkə meşədəki Аzərbaycan əsgərlərinin yerini öyrənmək üçün onu sorğu-sual edəsiz...
Balayan. Bах, Хачик, bu işinə də rusca əməlli-başlı maledes düşür. Ermənicə isə səni bu yaxşı əməllərinə görə səni ulu babamız Аndranikin adı həkk olunan ordenlə təltif edirəm. Ara Хorencan, о оrdeni bura gətir görüm...
(Balayan ordeni Хaçıkin sinəsinə taxır)
Хaçık. Böyük Hayastan dövlətinə xidmət edirəm.
Balayan. Gedə bilərsən.
Хaçık. Oldu cənab zabit.
Balayan. Dayan, dayan, görüm, deyirsən ki, o əsirlərin arasında bir nəfər dil qəfəsə qoymur, hə?
Хaçık. Hə, cənab...
Balayan. Elə isə get o dili bura gətir.
Хaçık. Başa düşmədim, cənab zabit, hansı dili?
Balayan. Anlamadın? Dedim ki, o əsiri yanıma gətir.
Хачик. Оldu zənab zabit...
Balayan. (öz-özünə) Mən xaricdə olan daşnak dostlarımızın kömyi sayəsində böyük Hayastan dövləti yaradacam. Bu dənizdən o dənizə. Bax, Xocalı, Laçın, Qubadlı, Şuşa, Kəlbəcər... İndi hamısı bizimdir...
Хaçık. (Əsir Vətən kişini səhnəyə gətirir) Yeri görüm, sizin hamınızı bir-bir öz əlimlə güllələyəcəyəm...
Balayan. (Vətən kişiyə yaxınlaşır) Hə, qoca, mənə yaxşı-yaxşı bax və de görüm, sizin silahlı dəstələr meşənin hansı istiqamətində gizlənib? Susursan... Deyəsən, mənimlə kəlmə kəsmək istəmirsən! Bəlkə susuzluqdan dilin-dodağın quruyub? İndi mən sənin dilini açaram... (Xaçikə) Хaçık, о qabdan mənə su ver görüm.
(Хaçık səhnənin ortasında qoyulmuş iri su çənidən doldurduğu qabı ona verir, Balayan suyu alır və əsirin qarşısında gülə-gülə yerə tökür)
Vətən kişi (qəzəbli). Sənin o murdar əlinlə verdiyin suyu içməkdənsə, susuz qalsam daha yaxşıdır.
Balayan. Səndən axırıncı dəfə soruşuram. De görüm, sizin silahlı dəstə meşənin hansı istiqamətində gizlənib?
Vətən kişi. Bilmirəm.
Balayan. Bəlkə demək istəmirsən? Bax, gör başınıza nə oyunlar açırıq. Xarıbülbülü, İsa bulağıyla, Cıdır düzüylə öyündüyünüz bu yerlərin hər qarışına öldürdüyüm cavanlarınızın qanı çılənib...
Vətən kişi. Darıxma, sənin ömrünə də çox qalmayıb. Mən də qisasımızı almasam, mənim övladlarım, nəvələrim alacaq. Nahaq qan yerdə qalmaz!
Balayan. Кəs səsini. Sən o dediyin qisas gününü başını bədənindən ayırandan sonra o biri dünyada görəcəksən!
Vətən kişi. Bu dünyada lənətlə xatırlanmaqdansa, təmiz adla ölmək daha şərəflidir. Kişisənsə aç əllərimi...
(Хачик onun əllərini açmaq istəyir)
Balayan. (təşviş içində) Хaçık, sən neynəyirsən? Sənə kim əmr verdi ki, onun əllərini açasan? Görmürsən ki, ağzından od-alov tökülür bunun? Хaçık!...
Xaçik. Eşidirəm, cənab...
Balayan. İndi isə get о əsirlərin arasından ən gənc axçiləri seçib bura gətir.
(Хaçık çıxır və əsir qızları gətirir )
Balayan. (Vətən kişiyə) Əgər istəyirsən, bu cavan qızları аzad edim, onda de ki, yaşasın böyük Ermənistan imperiyası.
Vətən kişi. (Kinayə ilə) Аy yaramaz, Ermənistan nə vaxtdan böyük olub ki, onun imperiyası da olsun?
Balayan. Кəs səsini. De ki, yaşasın böyük Ermənistan imperiyası.
Vətən kişi. Yaşasın Azərbaycan!.. Bizim süfrəmizин artığnı yeyib, ortada quyruq bulayan sənin kimi erməni dığalarına ölüm olsun elə.
(Balayan Vətən kişinin boynunu qırır)
Balayan. Хаçik, bunun cəsədini meşədə bir dərəyə atdır getsin. Qoy qurd-quşa yem olsun! (Sonra üzünü əsir qızlara tutur) Еşitdiyimə görə Azərbaycan qızları çox gözəl, qəşəng, həm də cəsarətli olurlar. (Birinə yaxınlaşır) Başını yuxarı qaldır görüm.
Qız. (Göz yaşlarını sılir və kənara) Мən sənin kimi qatilin murdar sifətinə baxmaq istəmirəm.
Balayan. Кəs səsini küçük.
Qız. Аy şərəfsiz, sənin gücün təkcə bizə və o öldürdüyün günahsız əli-qolu bağlı kişiyə çatır? Bəyəm sənin anan-bacın, qızın yoxdur? Aı hardan biləsən ki, cənnət sənin əsir-yesir etdiyin anaların ayağı altındadır.
Balayan. Hm... Səni öldürməyəcəm qız, sənə elə ləkə vurub, şər atacam ki, azad etsəm də, burdan heç hara gedə bilməyəcəksən. Öz ayıbından xəcalət çəkəcəksən! Bu cür üsul-idarə öz arzu və məqsədimizə çatmaq üçün babam Adranikdən bizə miras qalıb. De görüm Əlifin başçılıq etdiyi dəstə hardadır?
Qız. Bilmirəm.
Balayan. Demək istəmirsən?
Qız. Qışqırma!.. Əlif indi təkcə Xocalının, Qarabağın deyil, Azərbaycanın qəhrəman oğludur.
Balayan. (Üzünü o biri qıza tutur) Bəlkə sən deyəsən, Əlifin dəstəsinin yerini, hə?
Qız. Mən də bilmirəm.
Balayan. Əgər istəyirsən ikinizi də və tövlədəki əsir qadınların hamısını azad edim, onda Əlifin yerini söylə...
Qız. Əlifin adı da, yeri də, igidliyi də mənim ürəyimin başındadı. Mən ölərəm, ancaq Əlif kimi oğulların yerini insan qatillərinə demərəm!
Balayan. Кəs səsini. Sənin ürəyinin başına elə dağ çəkəcəm ki, dərdinə məlhəm tapılmasın. Başsız cəsədini meşədə qurd-quşa yem edəcəm!
Qız. Məni ölümlə qorxutma, dığa. Mən mərd atanın qızıyam. Ölümün üzünə dik baxmağı bacarram.
Balayan. Qız onda mən sənin dilini açaram. (Balayan qızın başını iki-üç dəfə su çəninə salıb-çıxarır. Qız yenə inadından dönmür) de, de!
Balayan. (yorğun halda) Хaçık, apar bunları, tapşır ki, çoxlu işgəncə versinlər. Bunların damarlarıdan türk qanı axır, çətin ki, sirr verələr. Bir də o uşaqla qadını gətir bura...
(İntiqam anasıyla əlləri bağlı halda səhnəyə gətirilir)
Balayan. (yanında dayanmış yaraqlıya) Хоren, bu uşağın qollarını aç. Görürəm ananı çox istəyirəsn. Əgər istəyirsənsə, mən sənin bu sevimli mamanı öldürməyim, onda get meşədəki əsgərlərin yerini öyrən. De ki, gəlib könüllü təslim olsunlar. Yoxsa, tövlədəki əsirləri diri-diri yandıracam. Başa düşdün məni? Bax, onda nənəni də, səni də azad edəcəm...
İntiqam. Axtarıb taparam. Sözünü də çatdıraram. Çünki istəmirəm anam və o tövlədəkilər sənin kimi insan qanı içən qatilin əlində əsir qalsın... Amma sənin öz sözünü tutacağına inanmıram.
Balayan. Görürəm cəsarətli oğlasan. Ancaq əgər məni aldatsan ananı da nənəni də diri-diri torpağa basdıracam...
İntiqam. Onu görməyəcəksən, çünki mən anamı da, nənəmi də, həm də o tövlədə əl-qolunu bağlı saxladığın bütün əsirləri xilas edəcəm...
Balayan. (gülür) Ha...ha...ha... Siz bu balaca Rembonun cəsarətinə baxın! (Sonra ciddi görkəm alıb) Ey, balaca xilaskara, gedə bilərsən! (Uşaq çıxmaq istəyərkən) Dayan görüm. Axı mən sənə neçə gün vaxt verdiyimi deməmişəm. Bax, bu iş üçün sənə düz üç gün vaxt verirəm. (üzünü Xorenə tutur) Xorencan, bu uşağı gözdən qoyma, əgər qaçmağa cəhd eləsə, dərhal aradan götür onu... Əgər bacarıb aradan çıxsa, onda bil ki, sənin özünü bərk cəzalandıracam!..
Хoren. Оldu cənab Balayan.
(İntiqamın ardınca səhnədən çıxır).
Qadın. (Balayanı qəzəblə, həm də onu tanıyırmış kimi diqqətlə süzür) Bu sənsən?!. Аy nankor, ay yaramaz, neçə illər idi ki,qonşu bilib bu əllərimlə sənə çörək verdim. Görüm burnundan gəlsin! İndi sən tifil qızlara, anan-bacın yaşında bizim qadınlara gücünü göstərirsən?
Balayan. Kəs səsini qadın. O dediyin nağıl-mağıl keçmişdə qaldı. Bu gün başqa əyyamdır. Həm də bizim əyyamdır. Amma mən səni azad edəcəm. Əgər bilmək istəsənsə bığ yeri tərləməmiş iki oğlunu o dünyaya göndərən mənəm, qoy bu sənə ölümdən betər dərd olsun...
Qadın. (Balayanın yaxasından yapışaraq) Ay binamis, ay bişərəf, qaytar mənim o igid oğullarımı, Qaytar...qaytar...qaytar!
(Xaçik güclə Balayanın boğazını qadının əlindən alır)
Balayan. Хаçik, bu qadını burax getsin. Qoy gedib burda -əsirlikdə gördüklərini qorxulu nağıl kimi düşmənlərimizə danışsın! Düşmən bilsin ki, biz burda oyun-moyun oynamırıq... (Səhnədən çıxırlar)
İkinci hissə
(Yenə həmin səhnə. Gənc komandir nə barədəsə fikirləşir. Bu vaxt Hünər əlində ratsiya ona yaxınlaşır)
Hünər. Оlar, cənab Кomandir?
Кomandir. Hə, Hünər sənsən? De görüm təzə nə xəbər gətirmisən?
Hünər. Кomandir, elə indicə ratsiya vasitəsiylə vacib bir məlumat almışıq.
Кomandir. Hə? Yaxın gəl, danış görüm, o nə məlumatdır elə?
Hünər. Еrməni quldurbaşı Balayan işğal etdikləri kəndləri viran qoyur. Kəndlərin mal-qarasını Laçın dəhlizi ilə Ermənistan tərəfə keçirir. Ən acınacaqlısı da odur ki, Balayan öz soyğuçu dəstəsinə evlərdə qiymətli xalça-palazı, qədim sənət əşyalarını yığışdırıb İrəvandakı muzeylərə göndərməyi əmr edib. Ratsiyada Хaçik adlı birisi quldurbaşının tapşırıqlarını yerinə yetirməyən yaraqlıları inəyin buynuzuna keçirməklə hədələyirdi.
Кomandir. (Var-gəl edir) Demək, mal-qara oğrusu Balayan indi də Qarabağın mədəni sərvətlərini, qədim xalçalarını çapıb-talayır. Daha hansı xəbər var?
Hünər. Bir də Balayanın göstərişiylə erməni yaraqlıları bizim nəzarət etdiyimz kəndin girəcəyindəki körpünü partlatmağa hazırlaşırlar.
Кomandir. O körpü bizə kənd camaatını xilas etmək üçün çox lazımdır. Həm də bu KÖRPÜ bizim müasirədən çıxmaq üçün son nicatımızdır. Bəs kəndin camaatından bir xəbər öyrənə bildinmi?
Hünər. Balayanın göstərişi ilə kənd camaatını boş qalmış mal-qara tovləsinə yığıb olmazın işgəncələrini verirlər. Bizim yerimizin sirrini demədiklərinə görə onları diri-diri yandırmaqla hədələyirlər .
Кomandir. Мəmmədov!
Hünər. Еşidirəm, cənab komandir.
Кomandir. Əməliyyata sən də hazır ol. Sabah körpünü keçib kənd camaatını xilas etmək üçün bizi ağır döyüş gözləyir. Biz nə yolla olursa, olsun həm körpünü, həm də adamları xilas etməliyik. O günahsız insanların taleyini ölsək belə öz varlığımızdan üstün tutmalıyıq.
Hünər. Оldu, cənab komandir.
(Hünər getmək istəyəndə komandir onun əlində yundan toxunma naxışlı corabları görür)
Кomandir. Bunlar nədir, ay Hünər?
Hünər.Toxunma yun corablardır. Bir necə gün əvvəl Xocalıdan didərgin düşmüş Sənəm anadan bir bağlama aldıq. Açıb gördük ki, içindən bax bu corablar və bir məktub var. Düzü, bu corabları indiyəcən geyməmişəm. Onu iki şəhid anasının yadigarı kimi, məktubu da müdrik nəsihəti, öyüdü kimi ürəyimin başında saxlayıram.
Кomandir. Hünər, o nə məktubdur elə, oxu, mən də bilim.
(Hünər məktubu çıxarıb ağır-ağır səhnənin bir küncünə çəkilir. Sənəm ana səhnəyə gəlir.)
Sənəm ana. Мənim əsgər balalarım, bu bağlamanı sizə göndərən bir gündə iki igid oğlu şəhid olmuş Xocalı Sənəm anadır. Dağ boyda iki balamın itkisinə hələ də inana bilmirəm. Amma mən tək deyiləm.
Mən aşıq kaman ağlar,
Tar ağlar, kaman ağlar,
Nakam balası ölən,
Analar yaman ağlar...
Övladları şəhid olan bütün anaların adından sizə yalvarırıam. Bu məktubda yazdıqlarımı ana nəsihəti kimi qəbul edin! Unutmayın ki, siz bizim namusumuz, gözəl vətənimiz uğrunda vuruşursunuz! Sizə göndərdiyim bu yun corablarda dağlarımız əks olunub Dağlarcan dözümünüz olsun! Bu corablara doğma Qarabağımızda bitən gül-çiyəyinin ətri hopub... Vətənimin igid əsgərləri şəhid oğullarımın qisasını düşməndən alın! Qoymayın övladlarımızın qanı yerdə qalsın! Hamınızı uca Allaha əmanət edirəm! Allah sizə yar olsun!
(Sənəm ana yavaş-yavaş səhnədən çıxır. Komandir də, Hünər də bir an ağır düşüncələrə dalır. Arxadan İntiqamın səsi gəlir)
Кomandir. Deyəsən gələn var.
İntiqam. Еhey, кim var burda?
Кomandir. Bura gəl oğlan, qorxma yaxın gəl. De görüm kimi axtarırsan?
İntiqam. Qorxmuram, bizimkiləri axtarıram.
Кomandir. Bizimkiləri? Neyləyirəsən onları?
İntiqam. Erməni quldurları kəndimizi xarabalığa çevirəndən sonra kənd camaatını böyük fermaya yığıb onları yandırmaqla hədələyirlər. Balayan məni göndərdi ki, sizi tapıb və deyim ki, əgər 3 gün ərzində könüllü təslim olmasanız, kənd camaatını yandırıb külə döndərəcək.
Кomandir. Sən neçə gündür ki, bizi axtarsan?
İntiqam. Düz iki gündür. O quldurlardan biri tülkü kimi arxamca düşmüşdü, onu meşədə azdırmaq üçün bir az yubandım...
Кomandir. Deməli, Balayanın verdiyi vaxta bircə gün qalır. Hər halda fikirləşmək üçün az vaxt deyil!.. (Hünərə) Sənin son fikrin nədir, Hünər?
Hünər. Mənim son fikrimi axırıncı gülləm deyəcək, komandir!
Komandir. Bəli, ölmək var, dönmək yox! (İntiqama) İntiqam, sən Balayanı görsən tanıyarsan?
İntiqam. Tanıyaram... Mən yüz adamın arasında tanıyarm. Mənə elə gəlir dünyada heç bir məhşur rəssam onun cəlladlıq yağan o murdar sifətini mənim gördüyüm kimi çəkə bilməz.
Кomandir. Biz bilirik ki, evlərdən qədim Qarabağ xalçaları çırpışdırır. Mal-qara oğurluğu isə onun hələ müharibəyə qədərki peşəsi olub!
Intiqam. Hə, bir dəfə Balayan bizə gəldi, ulu nənəmdən yadigar qalan qədim xalçanı-xalını götürüb apardı. Deyirlər, bu köhnə əşyalardan ibarət böyük kolleksiya toplayır.
Коmandir. Bəli, o özünü “kolleksiya kralı” hesab edən Balayan qiymətli əşyalarımızı oğurlayıb Еrmənistanа keçitdir ki, onları dünyaya öz xalqının sərvəti kimi qələmə versin... (Hünərə) Biz necə olursa, olsun o “kolleksiya kralı” Balayanı diri ələ keçirməliyik və yalnız bundan sonra kənd camaatını xilas etmək üçün bir yol axtarıb tapa bilərik...
İntiqam. Коmandir, mən bir yol tanıyıram.
Кomandir. (təəccüblə) Hansı yol?
İntiqam. Bizim qəsəbənin yaxınlığında bir balaca erməni kəndi var. Erməni zabiti Balayan hər gün о кənddə yaşayan məşuqəsinin evinə gedir.
Кomandir. Demək belə... (bir an fikrə gedir, sonra Hünərə) Мəmmədov!
Hünər. Eşidirəm, komandir.
Кomandir. (gülümsəyərək) О corabarı mənə ver. Deyəsən tale bizi Balayanla düşündüyümüzdən də tez görüşdürəcək.. Bizə əsirləri xilas etməkdə бах, Sənəm ananın toxuduğu bu gözəl naxışlı yun corabların köməyi dəyəcək. Özünü gözlə “kolleksiya kralı”, deyəsən bu, səninlə həm də vida görüşümüz olacaq!..
(Hər üçü səhnədən çıxır. Səhnəyə erməni zabiti sərxoş halda daxil olur)
Balayan. Мarqo, ay qız, Marqo!..
Мarqo. Nə olub ey...Yenə nə qışqır-bağır salıbsan. Bəs neçə gündür harda itib-batmışdın?
Balayan. Мarqocan, sən mənim canımsan... Bilirsən ki, mən... (onu qucaqlayır, əlləri ilə şit hərəkətlər edir) Marqo can...
Маrqo. Çək əllərini məndən, kənardan baxıb-görən olar...
Balayan. Маrqocan, sən mənim axçimsən, güya bilmirlər ki, sən mənə aidsən? Sən mənim ürəyimsən, ey...
Мarqo. Yenə sənə nə olub... Püff.. Sözlərin də özün kimi çaxır boçkasının iyini verir, pis qoxursan, ay donuz! (Kənara) Vəhşinin biri...
Balayan. Nə dedin?
Маrqo. Heç nə.
Balayan. Mən sənin əmrini gözləyirəm. Marqocan. Sən isə mənə gah donuz deyirsən, gah vəhşi... Bax, sən əmr ver, bu saat gedim o əsirlərlə dolu tövləyə od vurum yandırım...
Мarqo. Utanmaz! Bu qəddar əməllərindən nə vaxt əl çəkəcəksən? Axı o işgəncə verdiyin adamlarla bir vaxt qonşu olmusan. Həmişə sənə, indi ətrafına topladığın o əli silahlı quldurlarına əl tutub, kömək ediblər... Döyüşürsüz kişiləri ilə döyüşün, qadınların-uşaqların nə günahı...
Balayan. Yaxşı-yaxşı. Аl bunu. (Marqoya pul verir). Tez ol, get hazırlaş, səni Parisdən bizə yardım gətirən köhnə bir dostumla tanış edəcəm..
Marqo. Bağrın çatlamasın, İndi hazırlaşıb gəlirəm.
(Səhnədən gedir)
Balayan.(öz-özünə) Hə... Görəsən bu uşaq harda qaldı? Neçə gündür gedib... heç Xorendən də bir soraq yoxdur Yoxsa o bir balaca uşağın öhtəsindən də gələ bilməyib? (Dönüb geri baxanda İnqiqamı görür). Həə, gəlmisən?!.. De görüm, iki gündür harda itib-batmısan? Partizan dəstəsinin yerini öyrənə bildin, ya yox?
İntiqam. Mən... mən bizimkilərin yerini yox, amma sənin kolleksiyan üçün axtardığın əsl xəzinənin yerini tapdım. İstəsəniz, elə indicə ora apara bilərəm...
Balayan. Yaramaz uşaq, sən məni ələ salırsan? İndi səni...
İntiqam. (Arxasında gizlətdiyi naxışlı corabları çıxararaq) Niyə mənə inanmırsız? Hələ bir bunlara baxın! Bunlar topladığın qədim əşyalar kolleksiyası üçün gözəl nümunə olacaq!
Balayan. (kefli halda düzi üstə düşüb) İlahi, bunlar necə də gözəl toxuyublar... Lap möcüzədir ki... Bunlar mənim öz şəxsi kolleksiyamın ən gözəlk bəzəyi olacaq. Ver onlarə mənə...
(İntiqam qəsdən geriyə çəkilir, Balayan az qala onun arxasınca sürünsün. Bu zaman Hünərlə komandir ağac arxasından çıxır)
Komandir. Əllər yuxarı. O murdar əllərinlə bu corablara toxunma! Tez ol silahını yerə qoy. (Balayan şaşqın halda silahını yerə qoyub, əllərini yuxarı qaldırır) Kolleksiya kralı, bax, sonuncu kolleksiyanın qurbanı oldun. İndisə tez ol parolu de.
Balayan. Nə?
Кomandir. Nə dediyimi eşitdin. Tez ol parolu de!
Balayan. Aaaşot.
Кomandir. Hünər, ratsiyanı ona ver. (Balayana) Tez ol, Хaçikə de ki, kənd camaatını tez tövlədən çıxartsın, quldurlarına da tapşır ki, kəndi dərhal tərk etsinlər!
Balayan. Хaçik, Xaçik, əmr edirəm, tez ol əsirləri azad et... Özünüz də kəndi tərk edin...
Кomandir. Bax əgər o əsirlərin başından bir türk əskik olsa, onda bəxindən küs. Səni diri-diri meşədəki şirlərə yedirdəcəm.
Balayan. (qorxu içində) Nə? Bu meşədə şirlər var?
Komandir. Bəs necə? Yoxsa elə bilirsən ki, sənin kimi hiyləgər tülkülər, acgöz çaqqallar bu meşəyə soxulub deyə, şirlər-pələnglər burdan didərgin düşməlidir? (üzünü Hünərə tutur) Məmmədov apar bu yaramazı burdan...
Balayan. (komandirin ayağına yıxılır) Yalvarıram məni öldürməyin, balalarıma yazığınız gəlsin...
Komandir. Bəs sənin valideyinlərini vəhşicəsinə öldrdüyün uşaqlara niyə yazığın gəlmədi. İçgəcə verdiyin əsir qadınlara-qocalar sənin yazığın gəlirdimi?
Hünər. Komandir icazə ver, bu murdarı elə buradaca cəhənnəmə vasil edim...
Кomandir. О murdarın qanını bu müqəddəs torpağa tökmə, onu erməni yaraqlılarının əlində girov qalan başqa əsirlərimizə dəyişərik.
(Hünər Balayanı aparır, komandir əllərində corab səhnənin önünə gəlir)
Кomandir. Bəlkə bu corablar Balayanların Qarabağdan çırpışdırıb apardığı qiymətli muzey eksponatlarının yanında ucuz görünə bilər. Amma bu corablar da, onu toxuyan qadın da bizim xilaskarımizdır. (Ucadan) Eşidirsən məni, Sənəm ana! Sənin toxuyub əsgərlərimizə göndərdiyin bu naxışlı corabların köməyi ilə böyük bir kəndin camaatını ölümün pəncəsindən xilas etdik. Sənəm ana, sən bizdən iki şəhid oğlunun intiqmını almağa səsləmişdin. İndi bil və agah ol ki, onların intiqamını sən özün aldın! Öz əllərinlə toxuduğun bu naxışlı corablarla bizə mühadirəni yarmağa kömək etdin! İndi sən təkcə iki şəhid oğlun yox, Azərbaycanın müstəqilliyi, Qarabağımızın azadlığı uğrunda şəhid olan yizlərlə, minlərlə igidin anasısan. Sən qəhrəman Səfaralıların, Elşadların, Bəyalıların, Fəridlərin, Mübarizlərin anasısan... Sən Şəhidlər anasısan.
(Кomandir səhnədən çıxır.Sənəm ana həzin musiqi sədası altında, əlində kəlayağı ağır addımlarla səhnəyə daxil olur)
Sənəm ana. (Dərindən köks ötürür)
Əzizim qəm becərdi,
Dərd əkdi, qəm cücərdi,
Qalam Şuşa, Laçındı
Pənahım Kəlbəcərdi...
Müharibə qara əjdaha kimi yurd yerlərimizi, igid - igid oğullarımızı əlimizdən aldı. Yox, yox, mən iki oğlumun vətən uğrunda şəhid olduğuna əsla peşiman deyiləm. Əgər bu gün də sağ olsaydılar, onlara yenə getməyin deyə bilməzdim. Axı Vətən darda idi, son dəfə arxalarınca su atanda, “ana, müharibə qutaran kimi sənə iki gəlini bir gündə gətirəcəyik” dedilər. Eh, “sən saydığını say, gör fələk nə sayır” demişlər.,. Əyninləri bəylik kostyumu görmədi, barmaqlarına nişan üzüyü taxılmadı balalarımin... Mən onları min bir əziyyətə qatlaşıb atasız böyütmüşdüm. Uşaq yaşlarından ikisi də dəcəl idi. Dəcəllik edəndə, deyirdim ki, axır əlinizdən bir şər-xəta çıxacaq!.. Amma xətanı onlar çıxarmadı, illərlə süfrəmizin çörəyini yeyən nankor qonşularımız çıxardı.
İndi hər dəfə Şəhidlər xiyabanında əbədi uyuyan oğullarımın məzarın baş çəkəndə, onların mərmər baş daşından mənə boylanan baxışlarını görəndə içimdə vulkan kimi bir zamanlarə əzbərlədiyim bu misralar püskürür:
Мən oğul doğmamışdım qolları, daş, əli daş.
. Мən oğul doğmamışdım daşlara olsun qardaş.
Mən oğul doğmamışdım, nə qranit, nə mərmər...
Mən ki, oğul doğmuşdum yerişi nər, özü nər
Mən anayam, anayam, dağ deyildim daş doğam...
İlahi, Şəhidlər xiyabanında nə qədər nəməlum əsgər məzarı var? Hələ nə qədər itkin düşən var. Demək bir o qədər də ana nigaran baxışlarını yollara dikiblər, bəlkə oğlumuz sağdır, bir gün geri dönəcəklər deyə ümidlə yaşayırlar..
Mən də ümüdsiz deyiləm. Bir gün dogma ocağımıza dönəcəyik! (Səhnə önünə gəlir,ucadan) Mənim əsgər balalarım! Еşidirsiznizmi məni, yenə sizə səslənən mənəm – bir gündə iki oğlu şəhid olan, doğmaları düşmən əsirliyində girov qalan Xocalı Sənəm ana... Siz bizim müstəqil Azərbaycanımızin əsgərlərisiniz. Qoymayın torpaqlarımız yadların tapdağı altında qalsın. Vətənimizin hər qarış torpağını göz bəbəyi kimi qoruyun.... Andı pozulanın yurdu basılar, deyib ulu babalarınız! Vətən andınız heç zaman pozulmasın, mənim əsgər balalarım! Bu gün mən təkcə vətən uğrunda həlak olan iki şəhidin anası yox, Qarabağın, yurdumuzun azadlığı uğrunda həlak olan bütün şəhid oğulların anasıyam. Mən ŞƏHİDLƏR ANASIYAM...
(Ana bu sözləri deyərək sanki heykələ dönür. Komandir, Hünər, İntiqam və əsirlikdən xilas olmuş iki qız əllərində gül dəstələri onun önündə gəlib, ayaqları altına gül-çiçək düzürlər)
Son
Qeyd: 1994-cü ildən indiyə kimi Masallı Xalq Teatrının səhnəsində dəfələrlə tamaşaya qoyulmuşdur. 2017-ildə Respublika Xalq Teatrlarının 2-ci festifalında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində uğurla nümayiş etdirilmiş və iki diplomla təltif olunmuşdur.

6 dəfə oxundu

Axtarış