Şəhidliyin SİYASƏT NADİROV məqamı - Şahnaz ŞAHİN yazır
Müəllif: YAZARLAR.AZ


03.02.2021




Esse

Böyük Şəhriyarın adını daşıyan kəndin lap ucqar tərəfinə gedib çıxdım bu gənc döyüşçünün sorağıyla. Bir az da təzə torpaq tökülmüş dolanbac yollardan keçib ünvana çatıram. Qarşıma gənc bir qız çıxaraq şəhidin bacısı olduğunu bildirir və məni evə dəvət edir.

-“Anam indi gələcək, siz əyləşin”-deyə mənə yer göstərir və özü də gəlib üzbəüz əyləşir. Gözlərini nigaranlıqla üzümdə gəzdirir, bilirəm kimliyimi, məqsədimi öyrənmək istəyir, tələsmədən tanışlıq verirəm, sevinir… Bir azdan Siyasətin anası Məmləkət xanım da əlində “şəkər ölçən” cihaz olan tibb bacısı ilə içəri daxil olur. Xoş gəldin edib oturur, amma əvvəlcə qanda olan şəkərin miqdarını bilmək üçün barmağını tibb bacısına uzadır…

Nadirov Siyasət Kamil oğlu-18 fevral 2001-ci ildə anadan olub, elə orta təhsilini də bu kəndin M.Məlikov adına tam orta məktəbində alıb. 1919-cu ildə, elə məktəbi bitirən ildə də həqiqi hərbi xidmətə çağırılıb. Ailədə doqquz övlad böyüdüb Məmləkət ana, altı qız və üç oğlan, üstəlik nəvədən də payı var.” Barmağın hansını kəssən qan çıxar”- deyir bu ağbirçək qadın… Soruşmaq istəyirəm ki, Siyasət necə uşaq idi, bax bu doqquz övladından onun fərqi nədə idi, ana qəlbi sanki bunu duymuş kimi sözə başlayır:

-Siyasət uşaqlıqdan vətənsevər idi, həyətdə uşaq oyunlarını da bu ruhda qururdu. Əlindən yanıqlı idim, hardan olsa taxta parçaları tapır, kəsib doğrayır və özünə tüfəng düzəldirdi. Dava səhnələri quraşdırır, özü də Azərbaycan əsgəri olurdu həmişə. Deyirdi Qarabağda döyüşə hazırlaşıram, torpaqlarımızın işğal altında olması onun körpə ürəyini narahat edirdi…

..Sən dünyaya baxan gözüm,

Dilimdə ən dadlı sözüm.

Şirin nəğməm, odum, közüm,

Vətən, mənim könlümdəsən…

Əsgəri borcunu Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə verməyə başlayıb, burada snayperçi kimi yetişib. Oktyabrın 1-də tərxis olunmalı idi, amma 27 sentyabrda Vətən Müharibəsi başladığından elə birbaşa döyüşlərə qatılıb və Ağdərə-Talış istiqamətində gedən döyüşlərdə şəhidlik məqamına qalxıb. 16 oktyabrda yaralansa da uzun müddət dəqiq məlumat əldə etmək mümkün olmayıb. O, 21.11.2020-ci ildə şəhidlik şərbətini içərək əbədiyyətə qovuşmuşdur… Əvvəl itkin hesab olunan şəhidin nəşi anasının dediyinə görə ondan götürülən qan analizinin nəticəsinə əsasən müəyyənləşdirilmişdir. Siyasət Nadirov Şəhriyar kənd qəbristanlığında dəfn olunmuş və ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Bacısı Mehribandan eşitdiklərim:

-“O, çox dürüst, haqq-ədalətin tərəfdarı, evcanlı, dostcanlı, ağıllı idi. Məndən kiçik idi deyə onu qorumağa çalışırdıq, amma bir çətinliyə düşəndə məsləhət yerimiz elə Siyasət olurdu…”

Həyat çox mürəkkəbdir, yolları isə müxtəlif. Bəzən uzun olan bir ömür sahibi heç bir xeyirxah işlə yadda qalmır, bəzən etdiyin xırda yaxşılıqlardan az bir qism xəbərdar olur. Bir qısa ömür yaşadı bu cavan oğlan, kamı gözündə, arzuları qəlbində qaldı, amma Vətənin bütölüyü uğrunda bir azca da olsa tərəddüd etmədi. Canını, qanını verdi, gözünü qırpmadan şirin canına qıydı, qıydi ki, sevgili Azərbaycan bir daha yağı əllərə keçməsin!.. Əmin ol, rahat yat, şəhid əsgər, indi Azərbaycan azaddır, qanınızı yerdə qoymayan qalib Ordumuz torpaqlarımızın bir daha yağı əlinə keçməsinə imkan verməz!…

Müəllif: Şahnaz ŞAHİN



YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

Təqdim edir: Zaur Ustac

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

7 dəfə oxundu

Axtarış