SƏHVLƏRİMİZ
Müəllif: Zaur USTAC


2018-08-07 14:56:44



Adəmlə başladıq səhv eyləməyə,
Bir alma dəyişdi qədərimizi...
Sevinci bölməyə dost axtarmadıq,
Paylaşmaq istədik kədərimizi...
* * *
Səhv bir mi, iki mi, sayasan bir-bir...
Səhvi səhv üstünə yığdıq hər zaman...
Zaman çox dəyişdi, dəyişdi nə var,
Ancaq, xasiyyətin dəyişmir insan...
* * *
Kağız bəxş eylədi, yazaq, oxuyaq,
Öpüb göz üstünə qoyurduq onu...
Ayaq uzatmağı günah bilirdik,
(Ağız, burun sildik, bəs eyləmədi...)
İndi haralara vurmuruq onu???
* * *
Dəyərlər aradan çıxır birbəbir,
Çörək də müqəddəs sayılmır daha...
Səhvlər qalaq-qalaq yığılır, artır,
Bədəllər ödənir ömürdən baha...
* * *
Bakir yox, bəkarət axtara indi,
Xeyir - bərəkət də çəkilib ərşə...
Dədədən, babadan qalma inanclar,
Ucqar bir komada bükülüb fərşə...
* * *
Ulaqla yabıdan döl tutan insan,
Heyvanı bitkiyə calaq eylədi...
Siçanla, pişiklə izdivac edib,
Gül kimi övrətin talaq eylədi...
* * *
Olub keçənlərin yazsaq hamısın,
Nə qələm tab eylər, nə kağız çatar...
Arif ilk kəlmədən duyar mətləbi,
Boşboğaz boşuna boğazın yırtar...
* * *
Yol-iriz doludu, biz tökən mıxla,
İndi addımbaşı ayağa batır...
Qazana bişməyə nə atmışıqsa,
Bişəndə özünü qaşığa atır...
* * *
Haqqın nizamını heçə sayanlar,
Çox dəqiq nizamın zərrəsiyik biz...
Bu gün qarşımıza çıxar həmişə,
Dünəndən aynaya düşən əksimiz...

07.08.2018. Bakı.


Müəllif: Zaur Ustac

.© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac

23 dəfə oxundu

Axtarış