Sel ...
Müəllif: Meyxoş Abdullah


2018-09-22 19:28:18


Sel...
(hekayə)
(Təbii fəlakətdən əziyyət çəkmiş uşaqlara ithaf olunur)

... Sel kəndi basmışdı. Üçgündənbəri aramsız yağan yağış kəndin bütün ərazisini dərin gölməçəyə döndərmişdi. Yağış dayanmadan yağırdı. Elə bil, göyün qarnını kimsə iti bıçaqla yarmışdı, göydən şırıltıyla su tökülürdü.
Mal-qaranın böyürtüsü, itlərin ulartısı, toyuq-cücənin cikgiltisi gecənin qaranlığında, onsuz da qorxunc və müdhiş görünən bu mənzərəyə bir az da vahimə qatırdı. İnsanlar təlaş və qorxu içərisindəydilər, nə edəcəklərini bilmirdilər.
Köməyə gələn xilasedicilər bacardıqca insanları təhlükəsizlik yerlərə daşıyırdılar. Bu dəhşətli anlarda kənd camaatı bütün ümidlərini onlara bağlamışdı. Hamı onlardan kömək gözləyirdi.
Bu vaxt Solmaz adlı gənc qadın azyaşlı qızının itdiyini ağlaya-ağlaya onlara xəbər verdi. Dəstənin komandiri, gənc ananı sakitləşdirərək ondan qızının hansı istiqamətdə itdiyini soruşdu.
Ana hıçqıraraq, həyacandan titrəyən əllərini bayaq gəldikləri istiqamətə uzadaraq balasının xilas edilməsi üçün zabitə yalvardı.
Sel, artlq, kəndin bütün həyətlərini basmışdı. Evlər suyun içində idi. Get-gedə artıb çoxalan su adamboyu qədər qalxmışdı. Evlərin bütün əşyaları suyun altındaydı.
Birdən xilasedicilərdən biri yaxınlıqda ağlayan bir uşaq gördü. Uşaq “Ana!.. Ana!..” - deyərək vəryad qoparırdı.
Gənc oğlan səs gələn tərəfə irəlilədi. Güclü sel hər an onun özünü də qoynuna alıb apara bilərdi. Amma gənc oğlan bunlara əhəmiyyət verməyərək, imdad diləyən uşağa tərəf irəliləyirdi. Bulanıq su onun boyu bərabərində idi. O, yaxınlaşanda gördü ki, balaca bir qız uşağı ağacı bərk-bərk qucaqlayaraq ağlayır.
Xilasedici qıza çatıb onu qucağına aldı. Qorxmuş qızcığaz bərk-bərt ona sarılaraq ağlamağa davam edirdi. Onu sakitləşdirmək olmurdu.
Xilasedici qızı ovutmağa çalışdı. Amma qız sakitləşməyərək qışqırıb anasını istəyirdi. Belə davam etsəydi qorxudan qızın ürəyi partlayacaqdı. - Necə olursa olsun uşağı sakitləşdirmək lazımdir, - deyə cavan oğlan düşündü.
Birdən gənc oğlanın ağlına bir fikir gəldi. O, gecənin qaranlığında qızcığazın qulağına pıçıldadı:
- Balaca, sakit ol, ağlama... Görmürsən sel güclənir? Sən ağladıqca göz yaşların selə qarışır, su çoxalır ikimiz də boğularıq, axı... Sus bir az...
Qizcığaz tezcə səsini içinə çəkərək kiridi və əllərinin arxasıyla yanaqlarından süzülən göz yaşlarını qurudaraq, zorla da olsa gülümsəməyə çalışdı...
- Bax, görürsən, biz xilas oluruq, - deyə gənc oğlan qızcığazı ürəkləndirdi.
Onlar təhlükəsiz yerə çatanda hamı sevinirdi.
Qızın anası sevincindən göz yaşlarını saxlaya bilməyərək qızına sarılaraq hönkürdü...
Qorxmuş qızcığaz isə koppuş əlləriylə anasının gözyaşlarını silərək, dili topuq çala-çala ona nəyisə başa salmağa çalışırdı...

12 dəfə oxundu

Axtarış