Sənsiz
Müəllif: Aqil Bəkir


2018-11-29 20:51:20


Bir dəstə gül solur evimdə.
Solduqca güllərim, günlərim,
Qəlbimə dərd dolur evimdə.
Boş bucaqlarda axtarıram özümü-
Hər bucaqda bir mən var,
Amma özüm yoxdu.
Məndə bir böyük "sən" var,
Fəqət
Sənsizliyə dözüm yoxdu.

Uzağam səndən,
Həm də elə yaxınam ki...
Ürəyimdəsən-
Hər döyüntüsündə qan olub
Axırsan damarımdan.
Həyat verir mənə,
Üstəlik canımı da alırsan...
Yox, sanma ki, şikayətlənirəm,
Sanma ki, narazıyam.
Yox, əzizim, sadəcə,
Həsrətinlə qovruluram-
Sənə tamarzıyam!

Bilmirəm niyə, amma
Mən sən olsam da,
Yenə sənsizəm-
Sən ürəyimdə olsan da,
Sənsizlik qürbətində
Vətənsizəm...
Və sənsizəm! ©







15 dəfə oxundu

Axtarış