Seyid Əbülqasim Nəbatinin gəraylıları
Müəllif: Elnur Rəsuloğlu


2018-05-09 19:46:14


Elnur Rəsuloğlu (Əliyev)

Azərbaycan ədəbiyyatının XIX əsrdə yetirdiyi görkəmli nümayəndələrindən biri olan Seyid Əbülqasim Nəbati (1812-1873) istər əruz vəznində, istərsə də heca vəznində yaratdığı gözəl şeirləri ilə özündən sonra təkrarolunmaz irs qoyub getmişdir. Onun heca vəznində yazdığı şeirlərin əsas ideya xəttini məhəbbətin, gözəlliyin tərənnümü təşkil edir. Nəbati yaradıcılığında mühüm yer tutan şifahi xalq şeiri tərzində olan əsərlərində sevən gəncin daxili aləmini, hiss və duyğularını, sevinc və kədərini sənətkarlıqla açır. Onun şeirlərində lirik qəhrəman həyat eşqi, gözəllik vurğunudur. Gözəllik aludəçisi olan bu qəhrəman bir qədər romantik ruhda olmasına baxmayaraq, real dünyanı, həyat nemətlərini yüksək qiymətləndirir, xoşbəxtliyi həqiqi sevgidə görür. Şairin fikirlərindəki fəlsəfiliyin dərinliyinə fikir versək, görərik ki, burada real gözəlliyin, məhəbbətin, hissin tərənnümü ilə yanaşı, ilahi eşqin, ilahi varlığın, ilahi qüdrətin, ilahi gözəlliyin vəsfi də mövcuddur. Reallıqla romantik aləmi birlikdə verə bilmək qabiliyyəti Seyid Əbülqasim Nəbati sənətkarlığına, Nəbati yaradıcılığına məxsus xüsusiyyətdir ki, şair bundan böyük məharətlə yararlanmışdır. Şeirlərində fəlsəfi fikri kamil şəkildə, özünəməxsus çalarlarla, xüsusi boyalarla əks etdirən Seyid Əbülqasim Nəbati gözəlliyi tərənnüm etməklə bərabər, öz dərin fəlsəfi ideyalarını da bu vasitə ilə verməyə nail olmuşdur.
Nəbatinin şeirlərini oxuduqca görürük ki, o, real gözəlliyin tərifini, tərənnümünü verməklə kifayətlənməmiş, gözəlliyin mədhi ilə yanaşı, şeirlərində dini motivlərə də yer ayırmışdır. Şairin şifahi xalq şeiri tərzində yaratdığı əsərləri içərisində gəraylıların xüsusi yeri vardır və onun bu janrda qələmə aldığı şeirləri rədifli, rədifsiz olmaqla iki yerə ayrılır.
Seyid Əbülqasim Nəbatinin gəraylılarından “Maşaallah, qadir Allah Gör necə dilbər yaradıb!” misraları ilə başlayan “Yaradıb” rədifli şeirində biz həm real gözəlliyin, eşqin, məhəbbətin tərənnümünü, həm də ilahi gözəlliyin, ilahi eşqin vəsfini görürük. Bu çalarlar aydın hiss edilən və 15 bənddən, 13-cü bəndi üç misradan ibarət olan gəraylının ilk bəndlərində real gözəlin gözəlliyindən – qönçə ağzından, püstə ləbindən, incə belindən, bəstə boyundan, dəstə-dəstə telindən, hidu xalından, lalə üzündən, gündən göyçək camalından yüksək sənətkarlıqla bəhs edilsə də, sonrakı bəndlərdə ilahi qüdrətdən söz açılır. Şair haqlı olaraq göstərmək istəmişdir ki, əslində bu gözəlliyi xəlq edən Ulu Yaradandır. Bu sonsuz gözəlliyin timsalında biz bu gözəlliyi “bir əmrə müqərrər edən” varlığın kamilliyini görməliyik:

Hər kimi xaliqi-davər
Bir əmrə edib müqərrər,
Onu bir şuxi-gülpeykər,
Məni səməndər yaradıb.

Bu parçadan da göründüyü kimi, gəraylıda şair, əsasən, real gözəlin surətini yaratmaqla, onun gözəlliyini tərənnüm etməklə bu gözəlliyi yaradan qadir Allahın qüdrətindən bəhs etmişdir. Şairin fikrincə, bu gözəlliyi görmək üçün gözü, duymaq üçün ruhu, bu qədər sənətkarlıqla mədh etmək üçün bu gözəlliyi tərənnüm edənə istedadı da qadir Allah bəxş edib.
Nəbatinin gəraylılarından “İşim, peşəm od yandırmaq, Qərib atəşpərəst oldum!” misraları ilə başlayan, 5 bənddən ibarət “Oldum” rədifli şeirinin ilk üç bəndi şəkilcə gəraylı, yerdə qalan 4 və 5-ci bəndləri isə formasına görə qoşmadır:

İşim, peşəm od yandırmaq,
Qərib atəşpərəst oldum!
İçdim südü, çəkdim bəngi,
Əcaib şiri-məst oldum!


Qoy əldən cami-şərabi,
At getsin çəngü rübabı,
Tez ol, çək şişə kəbabı,
Mən ki, məsti-ələst oldum.

Keçdim tamami-aləmdən,
Süleyman ilə Xətamdən,
Guya deyildim Adəmdən,
Bir hübab idim, pəst oldum.

Mərhəba kəmana, şəstə, bir tirə,
Doqquz fələkləri tikdim bir-birə,
Rüstəmi-dəstanı etdim bir-birə,
Gör necə qəribə zəbərdəst oldum.

Şikar istər ikən, damə düşdüm mən,
Bir siyahməst olub camə düşdüm mən,
Nəbati, sübh ikən şamə düşdüm mən,
Bir əfi ilana paybəst oldum.

Seyid Əbülqasim Nəbatinin gəraylıları içərisində dini- fəlsəfi ideyaların başlıca yer tutduğu şeirlərindən biri də “Aman, ağa, sənə qurban, Məni salma nəzərdən sən!” misraları ilə başlayan, 7 bənddən ibarət olan “Sən” rədifli gəraylısıdır. Bu gəraylıda da biz şairin yaradıcılığında gerçəklikdən, reallıqdan daha çox ilahi varlığın tərənnümünü görür, şairin təfəkküründə, dünyagörüşündə dini motivlərin, dini təsirlərin varlığını aydın hiss edirik.
Nəbatinin rədifsiz gəraylılarına nümunə kimi, “Genə fələklər ünüşdü Qurban-qurban sədasından”, “Nə xoşlayıb xanım bilməm, Xərab Kürdəşdi, Kürdəşdi”, “Sənə qurban, gətir saqi, Bircə piyalə, piyalə”, “Abad olsun görüm, yarəb, Künci-meyxanə, meyxanə!” və “Genə gəldi bahar fəsli, Bülbül gəldi dadə, dadə” misraları ilə başlayan şeirləri misal göstərə bilərik.
Seyid Əbülqasim Nəbatinin gəraylı janrında yazdığı şeirləri bu gün də təravətlidir, bədii cəhətdən kamil sənət inciləri kimi oxucuların zövqünü oxşamaq iqtidarındadır. Bu hə şeydən öncə şairin bədii qüdrəti ilə ana dilinə vurğunluğundan sadə, anlaşıqlı xalq deyimlərindən bacarıqla, ustalıqla istifadə etməsinin nəticəsidir.

94 dəfə oxundu

Axtarış