SİMA GÖYÇƏLİ - ANA ŞEİRİ
Müəllif: Yazarlar.AZ


16.12.2019


MÜQƏDDƏS OCAĞIN KÖZÜYƏM, ANA!

Sən coşub-çağlayan dağ şəlaləsi,
Mən o şəlalənin səsiyəm, Ana!
Sən uca zirvənin büllur çeşməsi,
Mənsə, o çeşmənin gözüyəm, Ana!

İlk kəlməm, ilk sözüm anam- birincim,
Mənə həyat verən nəşəm, sevincim,
Qiymətli xəzinəm, Firuzəm, incim,
“Talıbxan nanı”nın duzuyam, Ana!

Odlu nəfəsisən ustadlarımın,
Şair nəvəsisən ecdadlarımın.
Gücü, qüdrətisən qanadlarımın,
Hər iki qanadın iziyəm, Ana!

Həm atam, həm anam, həm varlığımsan,
Əzmim, asayişim, azadlığımsan,
Zirvəm, əzəmətim, ucalığımsan,
Mənsə, o zirvənin buzuyam, Ana!

Dərsimi alıram dahi ustaddan,
Qığılcım od alar parlayan oddan,
“Sönməyən Günəşim” çıxarmı yaddan!?
Müqəddəs ocağın közüyəm, Ana!

Vətənin “oğluyam”, qürbətin qızı,
Alnıma yazılıb belə bir yazı…
Ələsgər babamın sədəfli sazı,
Ən şirin söhbəti, sözüyəm, Ana!

Tanrıdan payındı altı tər qönçə,
Sən seçə bilmirsən, mən seçim necə?!
Sizə duaçıyam hər gündüz-gecə,
Açılan sabahın üzüyəm, Ana!

Cənnətdi hər yanı səntək əşrəfin,
Ən böyük töhfəmdi şanın, şərəfin.
Vəfalı yarının — Azad-Əşrəfin,
Əmanət qoyduğu üzüyəm, Ana!

Parlaq Günəşisən sökülən danın,
Yanar çırağısan bir xanimanın,
Müqəddəs adısan Səfa-Mərvanın,
Mənsə, o dağların düzüyəm, Ana!

Nurlu hövzəsisən qaynar quyunun,
“Həcər ana”sısan Zəm-Zəm suyunun,
Ərəbzəngisisən Oğuz boyunun,
Hətəmxan nəslinin qızıyam, Ana!

Yağıya qalıbdı Göyçəm- oylağım,
Düşmən tapdağında Çalmalı dağım,
Vətən həsrətiylə alışır bağrım,
Elatdan ayrılan quzuyam, Ana!

Halal süfrəsiyəm halal nemətin,
Şirin meyvəsiyəm saf məhəbbətin,
Məcnun-Leylisiyəm sözün, sənətin,
Göyçəli Simanın özüyəm, Ana!

31.03.2018. 02:11

Müəllif: Sima Azadqızı (Göyçəli)

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

9 dəfə oxundu

Axtarış