Sınmış budaq...
Müəllif: Meyxoş Abdullah


2017-12-13 11:22:02


Sınmış budaq...
(hekayə)

... Bir xeyli vaxt bundan qabaq, xarici ölkələrin birində, daha dəqiq desəm, Macarıstanın Esterqom şəhərində istirahətdəydim. Bütün şəraitin olmasına baxmayaraq yaman darıxırdım. Darıxmağımın da səbəbi buradakıların dilini yaxşı bilmədiyimə görə heç kəslə dərdləşə bilmirdim. Çünki mənqarışıq hərə bir ölkədən gəlmişdi.
Sanatoriyanın gözəlliyi, hər cür xidmət mənim eynimi açmırdı ki, açmırdı. Qərara gəlmişdim ki, əgər bir-iki gün də belə davam eləsə şələ-şüləmi yığışdırıb çıxıb gedəcəyəm buradan, cəhənnəm olsun aldığım müalicə də, - düşünürdüm.
Məni qınamayın, bizim bir-birimizlə yola getməyimizə, bir-birimizin ayağının altını qazmağımıza baxmayın, qəribçilikdə özümüzkülərçün yamanca darıxanıq.
... Hə, belə darıxdığım günlərin birində əlimi belimə qoyub sanatoriyanın həyətində gəzişirdim. Bir də baxıb gördüm ki, sanatoriyanın həyətindəki alma ağaclarından birinin budağı sındırılıb, budaq sallana-sallana ağacdan asıla qalıbdır.
Budaq təzəcə sındırılmışdı, nöşün ki, sınmış budağın yarpaqları təzə-təzə ölüşküyürdü.
Bərk dilxor oldum, öz-özümə fikirləşdim ki, hansı zalımoğlu bu budağı sındırıb, axı ağacın üstündəki meyvələr hələ yetişməyib, göm-göylüyündən acılığını apaydın hiss etmək olurdu.
Birdən, nə fikirləşdimsə canımdan bir istilik keçdi, ürəyimdə yavaş-yavaş ümid işığının işartılarını hiss etdim. Elə bil, çoxdan həsrətində olduğum bir şeyi tapmışdım. Çönüb dördbiryanıma nəzər saldım, heç kəs gözə dəymirdi. Birbaş sanatoriyanın yeməkxanasına tərəf götürüldüm. Nahar vaxtı olduğundan hamı yeməkxanada idi.
İçəri girib qapının ağzındaca dayandım və oradakıları diqqətlə nəzərdən keçirməyə başladım. Hamının başı yemək yeməyə qarışdığı üçün, heç kəs mənim kimi və ya nəyi axtardığımla maraqlanmırdı. Mən isə axtarırdım və ürəyimə dammışdı ki, axtardığım kəs burada olmalıdır. Bəs, o axtardığım adamı bu qədər insanın arasında necə tapacaqdım, özüm də bilmirdim? Gördüm yox, belə getsə istədiyimə nail ola bilməyəcəyəm. Odur ki, üzümü zalda oturanlara tutub ucadan qışqırdım:
- Eyyy... qardaşlar!... Burada Azərbaycandan kim var?!..
Heç kəsdən səs çıxmadığına və səsim qulağımda əks-səda verdiyinə görə bir az utandım. Zənn etdim ki, yəqin buradakılar məni anlamadıqlarına görə susurlar. Elə hazırlaşırdım ki, bir də qışqıram, onda baxıb gördüm ki, pəncərənin yanındakı stolların birindən, iyirmibeş, otuzyaşarası, qarayanız gənc bir oğlan ayağa qalxdı və ağzını dəsmalıyla silə-silə:
- Caaan... eloğlu!!! Səsinə qurban olum, mənəm Azərbaycandan!.. - dedi və üstümə yüyürdü.
Bir-birimizə sarıldıq. Sonra onun çiyinlərindən yapışıb özümdən bir qədər araladım, diqqətlə üzünə baxdım və bərkdən gülməyə başladım.
Oğlan heç nə soruşmadan təəccüblə üzümə baxırdı, yəqin ki, gülməyimin səbəbini öyrənmək istəyirdi. Mən isə elə hey gülürdüm.
Birdən həmyerlim soruşdu:
- Qardaş, de görüm mənim bura gəldiyimi sən haradan bildin?! Axı, heç yarımcasaat deyil ki mən bura çatmışam.
Gülməyimə birazca ara verib dedim:
- Eloğlu, sanatoriyanın həyətində bir ağac budağı sındırılmışdı, bildim ki...
O mənim sözümü ağzımdaca qoydu:
- Alma ağacını deyirsən?! Zəhrimara qalmış, sən demə, hələ yetişməyibmiş, zaqqo kimiydi e...
Yenidən bir-birimizə sarıldıq.

7 dəfə oxundu

Axtarış