SİQARET ÇƏKƏN İLAN (hekayə)
Müəllif: Firuz Mustafa


2017-11-25 12:15:47



SİQARET ÇƏKƏN İLAN
(hekayə)

-Ssssssssss...
Qadın şəhadət barmağını dodağına apararaq həyəcanla eyvana sarı baxdı. Sanki gözü kimisə axtarırdı. Sonra belini əyib ehtiyatlı addımlarıa alma ağacından asılmış nənniyə yaxınlaşdı. Nənni astaca yellənirdı.
Cabir eyvanın açıq pəncərəsindən həyətə boylandı; Əsli bağçaya uzanan ensiz çığırla yanlarını ördək kimi basa-basa qocaman alma ağacına sarı yeriyirdi və eyvana boylanmağından da belə görünürdü ki, qadının iti gözləri öz ərini, yəni Cabiri arayır. Arvadının hərəkətləri kişiyə qəribə görsəndi; sanki Əsli həyətdən nəyisə çırpışdırıb aradan çıxmaq istəyən oğrunu qəfildən yaxalamağa hazırlaşırdı. Kişi təəccübləndi, yaxşı, əgər bu xarabada nəsə qeyri-adi bir şey baş vermişdisə, arvadı niyə səslənib onu haraylamırdı?
Cabir içini arıtlayıb pillələri aşağı endi. Əsli ağzını açıb nəsə demək istəyən ərinin üzünə baxıb hiddətlə üz-gözünü əydi, sonra əli ilə ağzını bərk-bərk qapadı; bu, o demək idi ki, kişi, sus, səsini çıxartma. Cabir udqundu, sanki dilinin ucundakı sözü də tüpürcəklə birgə uddu. Nəsə ortada ciddi iş vardı deyəsən, amma bu işin nədən ibarət olduğunu Cabir o anlarda qətiyyən kəsdirə bilmədi.
Hə, olsun ki, qurd-quş həyətdəki cücələrdən çırpışdırıb aradan çıxmaq istəyirdi. Yəqin qadın duyuq düşüb, ona görə belə hirsli-hikkəlidir. “Əslinin əlindən heç canavar da salamat qurtula bilməz”-deyə, ürəyindən keçirən Cabir bir siqaret çıxarıb damağına qoydu. O, arvadının hökmünə, fərasətinə yaxşı bələd idi; hətta, bəzən Cabirə elə gəlirdi ki, bu dünyada onun arvadının qorxub çəkindiyi heç kəs, heç kim yoxdur; qadının qorxusundan bu həndəvərə heç it-pişik də hərlənmirdi.
Arvadın bir gözü yenə ərində idi. Əsli onu tərs-tərs süzüb bu dəfə ağzını iki əli ilə bərk-bərk qapadı; yəni cıqqırını çıxartma ha. Yox, deyəsən, məsələ lap ciddi idi. Yoxsa arvadı onunla ikidən-birdən bu cür, həm də səssiz bir qəzəblə “danışmamışdı”.
Qadın ayağının ucunda nənniyə yaxınlaşıb qəfildən dayandı. Onun sifətində oynayan qəzəbin kölgəsi gün işığında aydın sezilirdi. Kişi ömründə advadını bu halda görməmişdi.
Qəfil gördüyü məzərədən Cabirin damarında qanı dondu; o, qocaman alma ağacının gövdəsi ilə nənniyə doğru sürünən uzun, xallı ilanı görəndə məsələnin nə yerdə olduğunu anladı. Dərisi alma ağacının qabığından azacıq fərqlənən bu bədheybət də öz yolu ilə eyzən Əsli kimi ehtiyatla, ağır-ağır irəliləməkdə idi.
Qadın əli ilə ərinə yerində dayanıb tərpənməmək işarəsi verdi.
Cabirin dodağının arasındakı siqaret külək döyən çubuq kimi titrədi. Sanki onun başının içində çaxmaq çəkdilər, gözlərində qığılcımlar oynadı.
Artıq ilan nənninin möhkəm kəndir bağlarının asıldığı budağa çatmışdı. Hiyləgər vəhşi, yəqin ki, yuxarıya dırmaşandan sonra kəndirlə üzüaşağı enib nənninin içinə soxulmaq istəyirdi.
Nənnidə uşaq vardı, Əslinin bacısının uşağı. Bacısı körpəni ona tapşırıb əri ilə qohumlarının toyuna getmişdi.
Günün ikinci yarısı olsa da, hava hələ isti idi.
Uşaq yəqin ki, şirin yuxuda idi; oyaq olsaydı qığıltısı gələrdi hər halda. Nənninin asıldığı kəndirlərdən iri bir yaylıq asılmişdı, yaylığın hər ucu bir kəndirə düyünlənmişdi. Bu “çətir” ondan ötrü idi ki, nənnidəki uşağın gözünə gün düşməsın. Amma uşağın üzünü ilan görmüşdü deyəsən. Bu alçaq heyvan, yəqin ki, həyətə darvazadan aşıb keçmişdi; çox gümün ki, nənnidəki uşağı da elə oradan, yəni darvazanın üstündən görmüşdü.
İndi nənni aşağıda qalmışdı, ilansa yuxarıya, qocaman alma ağacının az qala başına dırmaşıb çıxmışdı. Yox, əslində ilanın başı yuxarıda idi, quyruğu isə aşağıdakı əlyetər nazik budaqlardan birinin üstündən sallanırdı.
Cabirin ayaqları sanki torpağa pərçimlənmişdi. Yerindən tərpənməyə nə cürəti vardı, nə də taqəti.
Əsli sinə-sinə, asta-asta, yumşaq addımlarla alma ağacına sarı irəlilədi. Birdən qadın pişik cəldliyi ilə hoppanıb irəli atıldı, ilanın quyruğundan yapışıb özünə sarı dartdı. İlanın qəzəbli fışıltısı aydınca eşidildi. Qadın ilanı çəkib ağacdan araladı. İlan qıvrılıb açıldı, sonra başını geri döndərib qadını çalmaq istədi. Qadın mahir sirk təlimçisi kimi yerində fırlandı. Sanki Cabir yuxudan ayıldı. İrəli cumdu, axı hər necə olursa olsun arvadını bu qəzəbli vəhşinin əlindən xilas etmək üçün hansısa bir tədbirə əl atmaq lazım idi.
Əsli, hətta, fürsət tapıb alma ağacının gövdəsindən bir çırpı qopartdı, bu kiçik ağac parçası ilə ilanın başını əzmək də olardı.
İlan qadının əlindəki çırpıya sarınıb dartındı. Ağacın ucu Əslinin əlindən çıxıb düz Cabirin ayağının ücüna düşdü. Kişi diksinib geri sıçradı. Ayağı boş zibil vedrəsinə ilişdi, müvazinətini zorla saxladı.
Əsli özünü itirmədi, boynunu hərləyib onu çalmaq istəyən ilanın quyruğundan bərk-bərk yapışıb başının üstündə fırlatdı. Yəqin qadının məqsədi ilanı ya darvazadan bayıra atmaq, ya da başını divara vurub onun axırına çıxmaq idi. “Yox, balam, deyəsən bu ilanın özünü arvadın qəzəbindən xilas etmək lazım gələcək”. Ürəyindən keçən fikir kişini qismən ruhlandırsa da, onun hələ danışmağa nə heyi, nə də “icazəsi” vardı. Cabir əli ilə arvadına işarə etdi ki, bu zəhərli heyvanın başını əzmək lazımdır və hətta, bu işi icra etmək məqsədilə həyətin bir küncündəki kötüyə sancılmış baltanı qapıb arıq-quru sinəsini irəli verdi. Əslində, bu anlarda Cabirin dizləri əsirdi, amma arvadının yanında qorxaq adam təəssüratı yaratmaq hər bir normal kişi kimi onun da ürəyincə deyildi.
Əsli əli ilə ərinə bir daha geri çəkilmək işarəsi verdi. Cabirin əmrə müntəzir dayanmaqdan savayı bir əlacı yoxdu, öskürüb bir az da geri çəkildi. Arvadı isə bu anlarda kəndirbazlar kimi cəld hərəkətlər edir, əlindəki “canlı kəndiri” sağa-sola yellədir, sanki bu qorxulu oyundan həzz alırdı. İndi advadının üzündə bayaqkı həyəcandan əsər-əlamət qalmamışdı. Görünür, bu da onunla bağlı idi ki, ta nənnidəki uşaq təhlükədən xilas olmuşdu.
Elə bil ki, qadının ilanı, daha doğrusu, onun quyruğunu qətiyyən buraxmaq niyyəti yoxdu. Cabiri get-gedə qorxu qarışıq bir təəccüb hissi bürüməkdə idi. Görəsən, bu arvada nə olmuşdu belə? Birdən, Allah eləməmiş, bunun başına hava-zad gələr. Bəyəm qorxudan ağlını itirənlər azmı olub bu dünyada? Bəs Əsli ilanla bu cür rəftarı haradan öyrənmişdi görəsən? Cabir sanki indi birdən-birə yuxudan ayıldı, arvadının vaxtilə, illər öncəsi zooparkda işlədiyini xatırladı. Bıy, gör bir nələr unudulub yaddan çıxır bu dünyada? İndi bu lənətə gəlmiş ilan zühur eləməsəydi, Cabir arvadının nə vaxtsa heyvanxanada işlədiyini bəlkə ömründə heç bircə yol da xatırlamayacaqdı bundan sonra. Əsli əvvəlki iş yerini dəyişəndən sonra uzun illər evlərinin yaxınlığındakı ərzaq dükanında satıcı işləmişdi.
Bu, bəlkə də elə Əsliinin öz köhnə “tanışlarındandır”, onun iyisini alaraq təşrif buyurubdu bu tərəflərə? Yox, bu “tanışlıq” məsələsinə oxşamırdı; çox güman ki, bu lənətə gəlmiş ilan, belə isti havada canındakı zəhəri boşaltmağa bir yer tapmaq istəyilə gəlib çıxmışdı bu həyətə.
Cabir əlini atıb cibindən kibrit çıxartdı, bayaqdan bəri onun özü kimi damağında quruyub qalan siqareti alışdırdı. Onların, ərlə arvadın baxışları, bir anlığa çarpazlaşdı, bir nöqtədə kəsişdi. Cabirə elə gəldi ki, bu dəqiqə arvadı onun üstünə hücüm çəkərək siqareti ağzından qapıb sındıracaq, yerə çırpacaq, dişinin dibindən çıxanı deyəcəkdi; axı tanış həkimlər ərinə siqaret çəkməyi qadağan etmişdi.
Qadın havada qövs cızan ilanı bir əli ilə özünə sarı dartdı, o biri əlini cəld irəli uzadıb ilanın iri başından yapışdı.
Cabirin nəfəsi qaraldı, gözləri alacalandı, ayaqları sızıldadı.
Əsli ilanın başından yapışandan sonra asta addımlarla ərinə sarı yeridi. Görəsən, bu nə zarafatdı belə? Yox, bu heç zarafata bənzəmirdi. Arvadının sifəti daş kimi soyuq və olduqca ciddi idi. Bəs onun məqsədi nəydi görəsən? Cabirin dizləri əssə də yerindən tərpənmədi.
Əsli hökmlü, boğuq səsi sanki quyunun dibindən gəldi:
-Damağındakı o zəhrimarı bura ver görüm.
Arvadı yəqin ki, ondan siqaret istəyirdi. Görəsən nəyinə lazımdı onun bu “zəhrimar”? Axı o, indiyəcən arvadının siqaret çəkdiyini görməmişdi. Əksinə, Əsli “zəhərli tüstüyə” görə onunla az qala hər gün müharibə aparırdı.
İstədi qutudan təzə siqaret çıxarıb uzatsın, amma arvadının hirsli səsini bir də eşidəndə fikrindən daşındı.
-Damağındakını ver bura. Tez ol...
Əslinin səsindən əsəb, qəzəb və hikkə yağırdı.
Arvad ondan siqaret istəyirdi. Bəlkə də düz edir. Axı bu boyda zırıltıdan sonra adamı yalnız ciyərinə çəkdiyi acı tüstü xilas edə bilərdi. İndi qalırdı bu tüstülənən siqareti irəli uzatmaq. O, arvadın həndəvərinə necə yaxınlaşsın? Axı, Cabir özünü nə qədər soyuqqanlı aparsa da ilandan bərk qorxurdu. O, tustülənən siqareti küncə atılmış kötüyün üstə qoyub sakitcə geri çəkildi.
Əsli kötüyə yaxınlaşdı. Siqareti götürüb bir-iki qullab vurdu.
Cabirin gözü arvadının üzündə idi. Əgər arvadının siqaretlə bağlı danlaqlarını eşitməsəydi zənnində yanldığını düşünərdi; çünki Əsli siqaretin tüstüsünü xüsusi bir acgözlüklə sümürürdü.
Sonra sanki möcüzə baş verdi; qadın yerə çömbəldi, şəhadət və baş barmağıynan ilanın ağzının yan tərəflərindən basdı, ilan ağzını açdı, onun titrək dili havada nazik lent kimi titrədi.
Cabir hələ heyrətlənməyində idi. Görəsən, arvadın bu oyununun sonu nə ilə qurtaracaqdı?
Ağzı açılmış ilanın qəzəbli gözləri yerində fırlandı. Əsli cəld əlini irəli uzadıb siqaretin kötüyünü ilanın ağzına sarı uzatdı. Sanki ilan bunu çoxdan gözləyirmiş; o, siqaretin kötüyünü acgözlüklə sümürməyə başladı.
Qadın ilanı əlindən yerə qoyub dərindən nəfəs aldı. Düzdür, bu qorxunc məxluqun quyruğu hələ də Əslninin əlində idi. Amma Cabirə nədənsə elə gəldi ki, ta bütün təhlükə arxada qalıb.
İlan siqareti get-gedə daha böyük “həvəslə” çəkirdi. Sanki o, illərdən bəri bu zəhərli tüstünün təşnəsi imiş.
Ər-arvadın gözü ilanın ağzına dikilmişdi. Sanki yüz ilin peşəkarı qullab vurub, ciyərinin odunu söndürürdü. Hər qullab vurduqca başını sağa-sola yelləyirdi. Sanki ləzzət alır, özüyçün kef eləyirdi.
İlanın çəkdiyi siqaretin tüstüsü havada burula-burula əvvəlcə iri qövslərə çevrilir, sonra bu qövslər tədricən əriyib gözdən itirdi.
Cabir mat-məəttəl qalmışdı. Bu nikotin ilanın nəyinə gərəkdı görəsən? Axı onun öz canında, öz dişinin dibində nə qədər desən zəhər vardı. Bəlkə bu üsulla o, zəhərinin keyfiyyətini artırır, yeni, daha təhlükəli bir zəhər növü yaradırdı?..
Ər-arvadın bütün diqqəti ilanda, ilansa öz işində idi; o, tüstünü elə ləzzətlə sümürürdü ki, arada Cabir əlini cibinə atdı, istədi siqaret çıxarıb təzə “tanışla” həmrəylik nümayiş etdirsin, amma arvadından ehtiyat edib fikrindən vaz keçdi.
Köhnə zəhərinin üstünə təzə zəhər yığan qorxulu canlının birdən-birə nəfəsi təngidi. Açıqca hiss olunurdu ki, o, indi bu zəhərli tüstüdən xilas olmağa çalışır. Amma görünür, ilan siqaretin kötüyünü ağzından çıxarmağın qaydasını bilmirdı. Onun bayaqdan şövqlə sağa-sola yırğalanan başı artıq heydən düşmüşdü. O, zorla nəfəs alırdı. Gözləri bərəlmişdi.
İlan qıvrılıb-açıldı, deyəsən o, nəfəs ala bilmirdi. Az sonra o, haldan düşüb oxlov kimi dümdüz düzəldi.
İlanın ağzı açıldı. Qadın sövq-təbi əlini irəli uzadıb onun başından yapışdı. Siqaret kötüyü ilanın ağzından çıxıb yerə düşdü.
İlan ölmüşdü.
Ərlə arvad əyilib yerdəki “kötüyə” baxdılar. Qəribə idi, siqaret qalığı adətən tund sarı rəngdə olur. Amma indi siqaret kötüyü süd kimi dümağ idi. İlan sanki siqaretdəki nikotini son zərrəsinə qədər ciyərinə çəkib öz canındakı zəhərə yeni zəhər qatmaq istəmişdi. Amma bu zəhər, deyəsən, o birindən də zəhərli imiş. Elə ona görə də ilanın nəfəsi kəsilmişdi.
Qadın geri çəkilib əvvəlcə ərinin üzünə, sonra isə başını döndərib nənniyə baxdı, irəli yeridi, alma ağacına yaxınlaşdı, şirin yuxuda olan uşağı nənnidən götürüb sinəsinə sıxdı. Dinməz-söyləməz eyvanın pilləkəninə sarı yeridi.
Cabir ölü ilana yaxınlaşdı. Birdən nəsə fikirləşib əlini cibinə atdı, çıxartdığı siqaret qutusunu ovcunun içində sıxdı. Xəkəntazı götürüb ilanla birgə siqaret qutusunu da zibil vedrəsinin içinə atdı.


15 dəfə oxundu

Axtarış