"Skrinşot" (hekayə)
Müəllif: Ceylan Mumoğlu


10.11.2019


İstəyirsiz inanın, istəyirsiz yox, əvvəlcə heç nə göründüyü kimi olmur. Əvvəllər belə şeyləri ciddiyə almayıb, gülürdüm. "Bencamin Battonun müəmmalı hekayəsi" filmində bir qəza səhnəsi var. Qəzanın baş verəcəyi ana qədər bütün hadisələr sadalanır, göstərilir və elə qəşəng də izah edilir ki, "Həyatda yaşamağa məcbur olduğumuz şeylər var və biz əvvəlcədən bunları bilə bilmərik. Həyat belədir, talelər və yollar zənciri kəsişir və buna kimsə nəzarət edə bilməz" – deyilir. Başıma gələn hadisə o filmdəki qəza səhnəsində deyildiyi kimi, əvvəlcədən bilə bilmədiyim, yaşamağa məcbur olduğum olaylardan idi.

– Yeni işçimizsiniz, deyəsən? – soruşdum.

– Aha, – dedi.

Əlindəki A4 kağızlarını printerə keçirib düymələrə basdı və kağızlar yarpaqların ağacdan düşməsinə bənzər şəkildə bir-bir makinadan töküldü.

– Adım Damladır, – gözlərini süzdürərək bildirdi.

– Nə gözəl! Şadam. Mən də Solmaz! – dedim.

Bu şirkətdə işçilər tez-tez dəyişirdi. Az sayda təcrübəli işçi vardı ki, yerlərində möhkəm oturmuşdular. Belə işçilərdən biri də mən sayılırdım. Damla ilə tanışlığımız uzun sürmədi. Dünyadakı əksər qızlar kimi biz də yaxınlaşdıq. Bir neçə gündən sonra birlikdə nahar etməyi planlaşdırdıq. Bu nahar, sanki möcüzə yaratmışdı. Günlər keçdikcə bir-birimizi daha yaxşı tanıyır, xoşladıqlarımızı, zövqlərimizi öyrənirdik. Söhbətlərimiz zamanı məlum olurdu ki, sən demə, eyni musiqilər, eyni kitablar, televiziya verilişləri, filmləri xoşlayırmışıq.

– Ən sevdiyin film aktyoru kimdir? – bir dəfə soruşdum.

– Fəxrəddin Manafov! – Damla dedi.

– Ola bilməz! Mənim də! Xüsusilə, onun "Təhminə və Zaur" filmindəki rolundan ötrü ölürəm!

Həmin gün film barəsində o qədər danışdıq ki, söhbətdən ayılanda iş vaxtı bitmiş və şirkətdə bizdən başqa kimsə qalmamışdı. Bu halımıza doyunca güldük.

Beləcə, Damla ilə olan münasibətlərimiz bizi hər gün bir az da səmimi edirdi. İşdən sonrakı vaxtımızı da birlikdə keçirməyə başlamışdıq. Alış-veriş mərkəzlərinə qaçır, kitabxanalara baş çəkir, həftə sonları əyləncə mərkəzləri və kinoya gedir, parklarda gəzişirdik. Hər gün telefonlaşma, hər gün mesajlaşma, hər gün votsap! Hətta telefonlarımızın şifrəsinə qədər bilirdik.
Bir dəfə parkda doyunca gəzişib skamyada dincəlmək üçün əyləşəndə Damla:
– Solmaz, sən çox yaxşı qızsan, sənin kimi rəfiqəyə sahib olduğum üçün bəxtəvərəm, – dedi.
Mən də:
– Məni demirsən! Çox məmnunam! – deyə bildirdim.
Doğrudan da, münasibətimizə görə içimdə fərəhlənirdim.

Bir gün işə gələndə gördük ki, ofisə yeni bir işçi qız da gəlib. Onunla da tanış olduq və nahara üçümüzün birlikdə getməyimizi təklif etdim. Təklifimə Damla bir sir-sifət asdı ki, gəl görəsən! Yazıq yeni gələn qız vəziyyətdən xilas olmaq üçün nəsə bəhanə uydurub uzaqlaşdı.

Üç gün sonra sinif yoldaşlarımdan biri məni ad günü məclisinə dəvət etdi. Damlaya söylədim və simasında mənim üzümdəki ifadədən olmadığını görüb məyus oldum. Niyə getmək istəmədiyini soruşdum. Könülsüz şəkildə:
– Yaxşı, gedək, – dedi.
Ad günü məclisində Damla tamam başqa bir insan olmuşdu. Əvvəlki günlərdəki kimi üzü gülmür,
məyus baxışlarla ətrafa göz gəzdirirdi. Bəzən də laqeyd halda başını aşağı salıb susurdu. Ən maraqlısı buydu ki, ətrafımda olan bütün qızları sancır, iynələyici sözlər söyləyirdi. Heyrətlənmişdim. Deyə də bilmirdim ki, axı niyə belə edirsən? Düşünürdüm, yəqin, Damlanın başı tünlük götürmür, irəlidə belə məclislərə tez-tez gedərsə, qısqanclığı da keçib gedər.

Bir neçə gün olardı ki, orta məktəbdə birlikdə oxuduğumuz Mahir iş yerimə gəlirdi. Təhsil aldığı ölkədən qayıdan kimi ailəsinə baş çəkib, sonra da ilk işi mənimlə görüşmək olmuşdu. Orta məktəbdə oxuduğumuz illərdə hər kəsin həsəd apardığı cütlüklərdən idik. Ancaq tale Mahiri alıb uzaq ölkələrə aparmışdı, mən də bu qismətə boyun əyməli olmuşdum. İndi onun qayıtmasından çox mənimlə maraqlanması, diqqət ayırmasına sevinirdim. İllər keçmiş, amma Mahir məni unutmamışdı. Bu sevincimi Damlayla da bölüşdüm.
– Damla, sənə şad xəbərim var!
Orta məktəbdə mənə aşiq olan sinif yoldaşım xaricdən qayıdıb və biz münasibətlərimizi bərpa etmişik, – dedim.
– Sənin adına çox sevindim! – dedi, amma bunu deyərkən üzündə məcburi təbəssüm, səsinin tonundasa gizlədə bilmədiyi qəzəb vardı.
– Ancaq diqqətli ol! Kişilərin necə olduğunu bilirsən. Özlərini göstərdikləri kimi deyillər!
Damlanın bu reaksiyası qəribə narahatlıq versə də, məsələnin üstündə o qədər də dayanmağa gərək görmədim. Həmin həftə, şənbə günü Damla mənimlə birlikdə alış-veriş mərkəzlərinə getməyi təklif edəndə məcburi yox cavabını verdim. Çünki Mahirlə görüşə söz vermişdim. Bir anda Damlanın gözləri doldu və göz yaşlarında boğuldu:
– Ümid edirəm, sevgili tapar-tapmaz digər qızlar kimi rəfiqəsinə laqeyd qalanlardan deyilsən sən də. Mənimçün nə dərəcədə əhəmiyyətli olduğunu bilirsənmi? Sən ən yaxşı rəfiqəmsən! – dedi Damla.
Bununla da özümü günahkar hiss etməyimə səbəb oldu. Onu sakitləşdirmək üçün bazar günü görüşü təklif etdim. Bu zaman qəzəblə gözlərimin içinə baxdı, göz yaşlarını sildi və "Məşğulam!" – deyib uzaqlaşdı. Nə baş verdiyini anlaya bilməsəm də, bundan sonra Damlanın hərəkətlərinə əhəmiyyət verməmək qərarına gəldim.

Şənbə günü Mahirlə birlikdə "Sky Grill" restoranında baş-başa oturub şirin söhbətə dalmışdıq ki, telefonuma ard-arda mesajlar gəlməyə başladı. Mesajların çox olması dönüb biz tərəfə baxan müştərilərin diqqətini çəkməsindən də bəlliydi. Çantamdan telefonu çıxarıb baxanda Damlanın adını oxudum. Mesajı açdım: "Sənə nə hədiyyə alıb?", "Hansı restorandasınız?" kimi suallarla cümlə- cümlə mesajlar.

Tələsik "Sonra hər şeyi danışaram" yazdım, telefonu da səssiz rejimə keçirib masanın üstünə qoydum. Həmin gecə Mahir məni evə ötürdükdən sonra telefonumu açanda dəhşətə gəldim. Damladan gəlmiş yüzə yaxın mesaj vardı. Hamısını oxuya bilmədim, çünki ancaq söyüş və aşağılayıcı cümlələrlə dolu idi. Elə bil, qorxu filmlərindəki qəhrəmanlar kimi Damlanın da içinə cin girmişdi və bütün şeytani qüvvəsini mesajlar vasitəsilə mənə yönlədirmişdi. Axırıncı mesajı açanda şok oldum. Damla bütün nifrətini o mesaja qusmuşdu: "Cəhənnəm ol!" Ardınca da çox ədəbsiz söyüşlər.

Mesajların ağırlığından halım dəyişdi, özü də necə!.. İxtiyarsız kresloya çökdüm. "Bu qız dəli olub!" – deyə-deyə Mahirə zəng etdim. Baş verənləri yarım-yamalaq izah etdikdən sonra, Mahir hər şeyi olduğu
kimi buraxmağı və sabah bu məsələni yaxşıca müzakirə edəcəyimizi bildirdi. Sonra da sağollaşıb telefonu söndürdü.

Bazar ertəsi ofisə gələndə Damla oradaydı. Yanıma gəlib yüz ilin müqəssirləri kimi üzr istədi.

– Çox təəssüf edirəm. Belə olmamalıydı. Deyəsən, içdiyim zəhrimarın ölçüsünü qaçırmışdım. Pis qızam, bilirəm. Amma məni bağışlaya biləcəksənmi?

Nə edəcəyimi, necə davranacağımı bilmədim. Damla həmin Damla deyildi, üzündəki şirin bala heyvanlara məxsus təbəssümü inandırıcı görünmürdü. Bunu hiss edirdim.

– Bir müddət münasibətlərimizə fasilə versək, yaxşı olacaq, – dedim.

Damlanın bayaqkı şirin üz ifadəsi bir anda köpək mırıldamasına çevrildi.

– Əla! – dedi. Səsində kiçiltmə tonu vardı. Niyə belə dəyişkən idi, başa düşmürdüm. – İstəyin mənimlə oynamaqdırsa, elə olsun! Həmişə bilirdim ki, saxtasan! – çımxırıb getdi.

Ard-arda Damlanın söz hücumlarına məruz qaldıqdan sonra özümü daha da pis hiss etdim. Titrəməyə başlamışdım. Onun son sözlərində xeyirə aparmayan əlamətlər vardı. Dostluğu düşmənçilik əvəz etmişdi.

Bütün həftəni Damladan uzaq gəzdim, çünki yeni ürəkbulandırıcı qarşılaşma istəmirdim. Düşünürdüm ki, bu uzaqlaşma əvvəlki səmimi münasibətlərimizi keçmişdə qoyacaq.

Sabahı günü iş yerimə gələndə illərdir tanıdığım iş yoldaşımdan biri otağıma gəldi və Damlanın haqqımda qəribə şeylər danışdığını dedi. Amma bunu elə dedi ki, üstüörtülü halda. Yəqin ki, açıq danışmağa utanırdı. İş yoldaşımın dediklərindən belə başa düşdüm ki, Damla haqqımda dedi-qodu yayırmış, bir neçə dəfə qəsdən iş masamı boş qoyub getməyimdən, məsuliyyətsizliyimdən, barlarda içki içməyimdən ağız dolusu danışırmış. Başqa iş yoldaşım da əlavə etdi ki, guya hər gecə evə bir kişi gətirib əylənirmişəm. Sözün qısası, haqqımda əyyaş, pozğun kimi təsəvvür yaradıb. Həmin gün göz yaşları, dəhşət içində evə gəldim. Damlanın normal biri olmaması fikri beynimdə var-gəl edirdi. Onunla qarşılaşmaqdan çəkinirdim. Qorxaqlıq deyildi bu. Nə baş verdiyini anlamamağın sıxıntısıydı.

Həftə ortası şirkət müdiri məni otağına çağırdı. Firmada gəzən söz söhbətlərin ümumi narahatlıq yaratdığını bildirdi. Bunun şirkət qaydalarına uyğun olmadığını və işdən çıxarılma vacibliyini qeyd etdi. Özümdən ixtiyarsız göz yaşlarım sel olub axmağa başladı.

Damlanın çirkin oyunu baş tutmuşdu. Onun etdiklərinə qarşı hələ ciddi reaksiya göstərmədiyim halda məni məhv etməyi qarşısına məqsəd qoymuşdusa, reaksiya versəydim, ümumiyyətlə, yox edəcəyini düşündüm. Artıq təhlükə təbili çalınmışdı.

Müdirə hər şeyi danışdım və Damlanın yazdığı mesajları göstərəcəyimi bildirib otağıma qaçdım. Telefonu əlimə alıb Damlanın mesajlarını açdım. Mesajlar açılanda yerimdə donub qaldım. O söyüşlü, alçaldıcı, rəhmsizliklə yazılmış mesajlardan əsər-əlamət yoxdu. Hamısı silinmişdi. Təkcə köhnə mesajlar, səmimi olduğumuz zamanlardan qalan yazışmalarımız vardı. Bu da Damlanın işi olmalıydı. Necəsə imkan edib telefonuma da yetişib. Xatırladım ki, telefonlarımızın açma şifrəsini səmimi olduğumuz zamanlarda bir-birimizə paylaşmışdıq. Dəyişdirməyi unutmuşdum.

Əllərimlə başımı tutub otağın içində ora-bura yürüməyə başladım. Anidən Mahir gəldi ağlıma. Zəng edib başıma gələnləri ürək yanğısıyla danışdım. Mahir məni sakitləşdirməyə çalışaraq:
– Əzizim, heç qoyaram başından bir tük əskik ola? – dedi. – Yox, yox, sən bilmirsən. Damla başqa cür insandır. O hamı kimi deyil, – dedim.
– Bilirəm, – Mahir bildirdi.
Mahirin bu cavabından sonra lap başımı itirdim. Necə yəni, bilir? Olmaya, Mahir də Damlayla əlbirdir? Şübhələr beynimə alov kimi yayıldı. Artıq havalanmaq dərəcəsinə yaxınlaşmışdım ki, Mahir telefonun o başından:
– Sakitləş, gəlirəm, – dedi.
– İş həyatım məhv olur, sənsə “sakitləş” deyirsən! – əsəbimi tökdüm. Mahir təcrübə keçdiyi iş yerindən icazə alıb tələsik bizim firmaya gələndə, mən müdirə Damlanın mesajlarımı silməsini göstərib hönkürürdüm. Müdir inamsız üz ifadəsiylə gah mənə, gah da pəncərə tərəfə baxıb gözlərini döyürdü.

İlahi! Özümü indiyə kimi bu qədər çarəsiz və aciz hiss etməmişdim. Göz yaşlarıma, bu halıma bax! Nə günə düşmüşdüm.

Mahirin icazə alıb içəri keçməsi səsimi kəsməyimə, özümü ələ almağa, ağlamağımı da içimdə saxlamağıma, elə bil ki, güc verdi. Mahir oturacağı altına çəkib müdirin qarşısında oturanda mənə də başıyla otaqdan çıxmağı işarə etdi. Sakit addımlarla otaqdan çıxdım.

On beş dəqiqə sonra Mahir üzündə təbəssüm yanıma gəldi və iş həyatıma davam edəcəyimi söylədi:
– Sənə demədimmi, qoymaram başından bir tük də əskik ola? – dedi.
– Bunu necə etdin? Tez ol denən, – bayaqdan ağlayan qız indi müstəntiq kimi suallarını yağdırırdı. Özümə gülməyim tutdu.

Mahir telefonunu çıxarıb:
– Çox sadə. Amma bunu göstərsəm, məni öldürəcəksən! – dedi.
Məlum oldu ki, keçən bazar restoranda mən WC-yə gedəndə telefonumu qurdalayıb və Damlanın mesajlarını skrinşot edərək öz telefonuna göndərib. Sən demə, gələcək hüquq işçisi kimi öz işini indidən "məharətlə" öyrənirmiş.

Telefonumu qurdaladığına görə ona acığım tutsa da, skrinşota görə sevindim. Axı o skrinşot nəinki iş həyatımı xilas etdi, Damladan da canımı qurtardı. Onu işdən qovdular. Mənsə telefon nömrəmi dəyişdim.

İstəyirsiniz inanın, istəyirsiniz yox, əvvəlcə heç nə göründüyü kimi olmur. Bəlkə də, Damla indi başqa yerdə, başqa işdə növbəti qurbanıyla dostlaşır.

Ceylan MUMOĞLU

"USTAD" dərgisi, 27-ci say, səh. 71-75

4 dəfə oxundu

Axtarış