ZAUR USTAC - DÖRDÜNCÜ YAZI
Müəllif: Zaur USTAC


10.05.2018



DÖRDÜNCÜ YAZI

Erich Maria Remarque yoxsa, Ramil Səfərov
Dəyərli oxucum, bu yazını yazmaqda yeganə məqsədim bizə faydalı olanı göstərməkdir. Odur ki, qarşımda nə heç kimi tərifləmək, nə də pisləmək kimi bir məqsədim yoxdur. Bu yazdıqlarım sadəcə mənim düşündüklərimdir və səni qane etməyə də bilər. Yazı necə yarandı? – Əlbəttə, bütün mövcudiyyatın bir yaranış səbəbi və məqsədi mütləq vardır. Əvvəlcə ən yaxın ətrafda, sonra isə nisbətən geniş çevrədə araşdırma apararkən məlum oldu ki, xüsusən də gənclərimizin çoxu, (əsasən 17-25 yaş arası- demək olar ki, kitab aləminin dərinliklərinə baş vurduqları lap erkən dövrlərdə, mütaliənin ən şirin çağlarında), deyərdim ki, müəllifinə görə kitab oxuyanların adlarını çəkdiyi on müəllifdən biri Erich Maria Remarque oldu. Deyəcəksiz, burda qəribə nə var ki, belə də olmalıdır. Təbii haldır. Yuxarıda qeyd etdiyim kimi mənim bu yazıda heç kimin yazdıqlarına qiymət vermək fikrim və ya nəyin yaxşı, nəyin pis olduğunu açıqlamaq deyə bir məqsədim yoxdur. Onu da qeyd edim ki, nisbilik baxımından bunun elə bir əhəmiyyəti də yoxdur. Ancaq, belə bir sual meydana çıxır: – Niyə bəs on müəllifdən biri Erich Maria Remarque olur? Bu suala kəsədən bəs gənclər nə oxusun, özümüzdəkilərin çoxu cəfəngiyyat və ya zamanla ayaqlaşmayan yazılar, digərlərinə üz tutanda da əbədiyaşar Erich Maria Remarque ilk onluğa düşməyə həqiqətən layiq bir yazardır, deyə cavab verib, söhbəti buradaca tamamlamaq olardı. Ancaq, Sizi inandırım ki, bu heç də belə deyil. Xüsusən də yuxarıda qeyd olunan oxucu kütləsi – araşdırmaçılar (hamı oxumaqdan, mütaliədən danışır mən nə oxuyum?) qrupu, yəni, hələ özünün bir istiqaməti, dünyaya baxışı formalaşmamış gənc oxucuların böyük bir qismi Sizə deyim ki, Erich Maria Remarque nin hələ öz sağlığından bu günə ağızdan-ağıza dolaşan adının hesabına onu seçir. Yəni müəllifə görə əlinə düşən, ilkin variantda qrup yoldaşının, dostun, tanışın hər hansı bir kitabını oxumağa başlayır və təbii prosesin davamı olaraq o da öz növbəsində dostuna, qrup yoldaşına tövsiyyə edir və hazır oxuduğu kitabı verir. Söhbətin bu yerinə qarşıda qayıtmaq şərti ilə burada kiçik bir haşiyəyə çıxaq və Erich Maria Remarque nin yazıb-yaratdığı və məşhurlaşdığı dövrə qısa bir nəzər salaq. Demək olar ki, bu dövrdə – söz, məlumat aclığı zamanı- qəzet, jurnal və kitabdan başqa bu boşluğu doldurmağa elə bir vasitə yox idi. Məhz bu zamanda da hamıya məlum və doğma olan, – “kişi düz deyir də”- konteksində yazılarla ortaya çıxan Erich Maria Remarque tezliklə şöhrət qazandı və bir-birinin ardınca yüksək tirajlarla nəşr olunmağa başladı. Çox keçmədən dünyanın əksər ölkələrinə yayıldı. O vaxtdan dünyada çox hadisələr baş versə də, qayələr, ideyalar, fikirlər, yayım yol və üsulları dəyişsə də Erich Maria Remarque məşhurluğuna zərrə qədər də olsa xələl gəlmədi. Əksinə “kişi düz deyir də”- konteksində düşünənlər həmişə çox olduğuna və bu nisbət daim artığına görə, tam təbii prosesin nəticəsi, eyni zamanda məntiqi olaraq onun şöhrəti də artdı. Sözün əsl mənasında nə qədər gözəl bir haldır ki, illər sonra Erich Maria Remarque üçün olduqca ucqar bir məmləkətdə (bəlkə də sağlığında onun heç tanımadığı, adını belə eşitmədiyi bir ölkədə) onun haqqında danışır, onun yazdıqlarından söhbət açırıq. Bu çox xoşdur. Ancaq indi görək bizim sevimli yazarımızın yazdıqlarını oxumaq bizə nə dərəcə də vacibdir. Ümumiyyətlə oxumalıyıqmı? Mən deyərdim ki, elə əsərlər vardır ki, xüsusən də yuxarıda qeyd olunmuş kateqoriyasında olan oğlanların oxuması heç də məqsədəuyğun deyil. Bir daha qeyd edirəm bunun Erich Maria Remarque nin necə yazar olmasına heç bir aidiyyatı yoxdur. Sadəcə elə yazılar var ki, çox gözəl alternativ variantlar olduğu halda gənclərin, xüsusən də yeniyetmə oğlanların bizim hal-hazırki dövrümüzdə onları oxuması məqsədəuyğun deyil. Mənim burada heç bir təhlil aparmaq fikrim yoxdur. Sadəcə iki nümunə adını qeyd edib oxuyub nəticə çıxarmağı Sizin öz öhdənizə buraxa bilərəm. Birinci götürək sevimli yazarımız Erich Maria Remarque nin “Qərb cəbhəsində yenilik yoxdur” (Ana dilimizdə) kitabını, onu qeyd edim ki, gənclərimizin çoxu rus dilində, son illər ingilis, alman, fransız dilində də olan kitablarını böyük həvəslə oxuyurlar.

Alternativ olaraq isə elə bir əsər seçdim ki, iynənin ucu qədər də olsa heç kimdə narazılq doğurmasın və ya bu yazıda nəsə bir başqa marağın olduğu barədə şübhə oyanmasına imkan verməsin. Bu kitab olsun, Ramil Səfərovun Budapeşt, Kozma həbsxanasında Macar dilindən doğma Ana dilimizə tərcümə etdiyi (başqa dillərdə də tapıb oxumaq olar) Ferenc Molnarın (Ferens Molnar) “Pal küçəsinin oğlanları” (“A Pal utcai fiuk”) əsəri. Sonda lap səmimi bir qeyd etmək istəyirəm: – “Vallahi əmimiz oğlu deyil, dayımız oğlu deyil, biri Alman, biri Macar , üçdə alacağımız, beşdə verəcəyimiz yoxdur, ruhları şad olsun…” – indi nə vaxt imkanınız olsa, rast düşsə bu kitabların ikisini də oxuyun. Sonra özünüz qərar verin bunlardan hansını oxumaq, Azərbaycan yeniyetməsi, gənci, sabahın Əsgəri, Vətən müdafiəçisi üçün daha vacibdir??? Yaxud da Ramil Səfərov niyə məhz “Pal küçəsinin oğlaları” əsərini seçdi??? Siz seçim qarşısında qalsaz, Ramil Səfərovun seçimini təkrarlayardınızmı yoxsa???

11.10.2016. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ


11 dəfə oxundu

Axtarış