Solaxay
Müəllif: Mükafat Yaqub


2017-11-18 15:08:59


MÜKAFAT YAQUB

SOLAXAY
(Kiçik hekayə)

Cəbhədən qayıdan zabit oğlunu ailəqarışıq həyətdə qarşıladılar. Hamı sevinirdi. Anası yaylığı ilə göz yaşlarını qurulamağa macal tapmırdı. Ayrılığın, həsrətin, nisgilin, nigarançılığın acısı idi, gözlərindən süzülürdü. Atası oğlunu zəif qolu ilə bağrına basıb ayrılmaq istəmirdi. Zabit mundirindən ona da tanış olan, bu iyirmi dörd ildə hələ də qoxusu burnundan getməyən, barıt, səngər torpağının və doğma yurdun ətrini ciyərlərinə çəkdi. Sanki bütün dünya nemətlərindən doymuş kimi toxtadı. Bu aprel səhəri, yaz nəfəsi ilə birlikdə qələbə rayihəsi də gətirmişdi.
Hamı stol arxasına keçdi. Bacısı çay gətirdi. Əvvəl atasının, sonra da onun qabağına qoydu. Ata oğlunu bir daha qucmaq istədi. Amma sağ tərəfində oturduğuna görə çiyni ilə ona qısıldı. Sonra isə:
-Keç, ürəyimə yaxın tərəfdə otur, - dedi.
Hamının gözü bir daha yaşardı. Oğlu atasının sol tərəfindəki stula əyləşdi. Ata zəif qolu ilə onu özünə sıxdı. Başını əyib saçlarından öpdü:
-Demək, qisasımı aldın...
-Hə, ata, aldım. Amma hələ əsil döyüş qabaqdadı. Onda hamının qisasını alacağıq...
Bir müddət beləcə oturdular. Ana iftixarla həyat yoldaşına və oğluna baxaraq, yenə də nisgilini gözlərindən axıdırdı.
Birdən, ata oğlunun əvvəlki yerində qalmış çayını götürüb soluna, - onun qabağına qoymaq istəyəndə stəkan aşdı və isti çay stolun üstünə dağıldı. Ana və bacı təlaşla süfrəni qurulamağa başladılar.
-Ata, niyə zəhmət çəkirdin...
-Kaş, anadan solaxay doğulaydım, - deyə ata bu iyirmi dörd ildə ilk dəfə olaraq təəssüfləndi...

MÜKAFAT YAQUBOV
13 aprel, 2017-ci il. Lerik.


8 dəfə oxundu

Axtarış