Sona Abbasəliqızı - GÖYÇƏ YUXUMA GƏLIR
Müəllif: YAZARLAR.AZ


02.03.2021



GÖYÇƏ YUXUMA GƏLIR
Kaş şərxin dönəydi, fələk tərsinə,
Dərdim güzgü tutur dərdin səsinə.
Basıb ayrılığı öz sinəsinə,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Ayrılıq yelləri öpür üzümdən,
Min ağrı boylanır hər bir sözümdən.
Açır qapısını keçir gözümdən,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Alnı qırışıbdı ümidlərin də,
Bu dərdin,ağrının kökü dərində.
ƏLƏSGƏR sazının pərdələrində,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Hünərim azıbdı dumanda, sisdə,
Ağrılar yurd salıb ləpirdə, izdə.
Dədə ƏLƏSGƏRİN məzarı üstən-
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Yaddaşı qalıbdı duman içində,
Arzusu çırpınır güman içində.
Harayı don vurub zaman içində,
Göyşə qərib-qərib yuxuma gəlir.
Müəllif: Sona Abbasəliqızı

3 dəfə oxundu

Axtarış