SONA YUSİF – ABBASƏLİQIZI HEYKƏL HEKAYƏSİ
Müəllif: Yazarlar.AZ


04.01.2020


HEYKƏL
(Hekayə)

Məmmədlə Rəfael universiteti bir ildə qurtardılar. Məmməd fılosof, Rəfael isə iqtisadçı idi. Hər ikisi böyük bir müəssisədə işə başladı. Onlar indi də iş yoldaşı oldular. İşə bir gəlir, işdən bir çıxır, kinoya, teatra belə bir gedirdilər. Məmmədin arzusu böyümək, yüksək vəzifə tutmaq, istək və arzusunu öz vəzifəsinin gücü ilə həyata keçirməkdən ibarət idisə, Rəfaeli isə öz ixtisası sahəsində ucalmaq, elmi nailiyyətlər əldə edib vətənə daha çox xeyir vermək düşündürürdü. Ara-sıra sözləri çəpləşir, bir-biri ilə uzun-uzadı mübahisə edir, bəzən küsmək dərəcəsinə qədər höcətləşirdilər. Sonra yenə aralarında heç nə olmamış kimi deyib-gülür, zarafatlaşırdılar.
Bir gün Məmməd kefsizləyib işə çıxmadı. Rəfael işdən sonra dostuna baş çəkmək üçün hazırlaşdı. Bağçaya düşüb özünün becərib ərsəyə yetirdiyi limon talvarına girdi. Payız fəsli idi. Bağ-bağça solmuş, təbiət öz donunu dəyişmiş, ağacların dibini xəzəl basmışdı. Amma Rəfaelin talvarında elə bil ilk bahar təzəcə canlanırdı. Bir-birinə söykənən barlı limon ağacları başlarını aşağı əymişdi. Bir ucdan saralan limonların yanındaca ilk payız pöhrəsı canlanıb gül tökürdü. Talvarın ətrı adamı məst edirdi. Rəfael bir cüt yerli növ limon dərib yola çıxdı.
O, Məmmədin qapısından içəri girdi. Məmməd dostunu çox soyuq qarşıladı. Rəfael bu soyuqluğu xəstəlik əlaməti hiss edib, limonları onun yastığının önünə qoyub dilləndi:
– Öz yetişdirdiyim limonlardandır. Talvara girdim, gözlərimə inanmadım. Ağaclar o qədər gül töküb ki, meyvəsini dərməklə yığıb-yığışdırmaq olmayacaq.
Məmmədin qırışı açılmadı. O, qaşlarını dartıb özünü eşitməməzliyə vurub cavab vermədi. Rəfael əlini onun alnına qoyub soruşdu:
– Qızdırman yoxdur. Bəs niyə kefsizsən?
– Soruşma! – deyə Məmməd yenə könülsüz cavab verdi.
Rəfael duruxdu.
İllərdən bəri tez-tez atışıb-barışmaqla dostluq eləmək, səbəbsiz naz-qəmzə çəkməyin elə bil sonu çatdı. O, öz-özünə sual verdi: Mən bıınun nəyinə görə qılçıqlı sözlərini udmalıyam? Nə vaxla qədər bu, adda-budda danışacaq, mən dözəcəyəm? Mənim bundan nəyim əskikdir və ya bundan nə asılılığım var? Tələbəlik illərindən dözdüm, dedim tələbəyik, böyüyər düzələr. İşdə susdum, dedim ayıb olar. Deyərlər ki, bir yerdə gəzib-dolaşırlar, tonlarla çörək kəsdilər, axırda ayaqladılar. Dönə-dönə evində mənə qabardı, işdə üstümə qışqırdı, uddum. İndi daha udmağın, dözməyin sonu çatıb, açım sandığı, töküm pambığı. Ya üzüm, ya dözüm! – deyə xeyli susandan sonra Rəfael dilləndi:
– Məmməd, de görüm özünü niyə belə aparırsan? Məni nəyin yerində qoyub belə üzümə qabarırsan?
– Sən paxılsan, paxıl, məni az istəyirsən, özünü çox. Hətta yuxuda da mənimlə düz dolanmırsan.
– Nə paxıllıq, nə yuxu, bu nə sözdür? De görüm, hansı elmi kəşfinin əleyhinə getmişəm? – deyə Rəfael Məmmədi sorğu-suala çəkdi.
– Demək istəmirdim. İndi ki, məcbur edirsən, deyim. – Məmməd pörtmüş halda sözə başladı: – Mənə nənəm vəsiyyət edib ki, nəslən biz yuxuya inanırıq, sən də həmişə inan. Bu gün mən xəstə deyiləın. Sən məni xəstələndirmisən, mən hirsimdən uzanmışam.
Rəfael bir papiros yandırıb təkidlə soruşdu:
– A kişi, oxu atıb, yayı gizlətmə. De görüm mən sənə yuxuda nə paxıllıq etmişəm?
– Etmisən, bəli etmisən! Yuxuda gördüm ki, məni qoyublar böyük qulluğa, lap böyük bir qulluğa!
– Bu sənin ilk arzundur, yuxudan əvvəl, lap ilk arzun.
– Qoy danışım, yoxsa danışmağa da paxıllığın tutur?
– Yaxşı, yaxşı danış, – deyə Rəfael mətləbini axıra saxlamaq qərarına gəldi.
– Hə, gördüm ki, elə bir vəzifədəyəm ki, kənd, rayon, şəhər, ölkə mənim ağzımla dolanır, dediyimlə durur, oturur. İri bir stolun başındayam. Birinci növbədə qardaşlarımı, əmim oğlanlarını irəli çəkib hərəsini qoydum yaxşı-yaxşı vəzifələrə. Hamının maşını, hamının idarəsi, gözəl qulluqçuları, bolluca qazancları…
– Sonra-sonra – deyə Rəfael əlindəki papirosu sümürüb tüstüsünü qəzəblə üfürdü.
– Sonrası bacanaqlarımı, həmkəndlilərimi, həmrayonlularımı orda-burda boş yerlərə, bəzən də boşaltdığım yerlərə qoydum. Bizim bu birgə işlədiyimiz idarəni də alt-üst etdim. Müdiri, onun müavinini, mestkomu, hətta şöbə müdürlərinin də hamısını öz səmtimə çevirdim…
– Bəs mənə bir qulluq vermədin? – deyə Rəfael hiddətlə bir atmaca atdı.
– Səbr elə, layiq olsaydın verərdim. Axırına çıx, əməlinə bax, payını götür, – deyə Məmməd davam etdi:
– Bəli, qohumlarımı, həmkəndlilərimi, həmrayonlularımı yerbəyer edəndən sonra qədim quberniya ərazi bölgüsünü yadıma saldım. Bizim zonakı var, – beş-altı rayoıı, başladım bu rayonlarda olan əli qələm, dili söz tutanları seçməyə. Bunları da hərəni özünə görə, aglım kəsən kimi növ-növ vəzifələrə yerləşdirdim. Bu əməyimə görə səsimə səs verən tapıldığından məni bir pillə də böyütdülər. İndi daha məndən cəmi iki-üç pillə yuxarıda oturanlar var idi.
– Sonra?
– Səbr elə, hamısını danışaram. Dilotu yeməmisən. Axırına çıx. Öz əməlini öz gözünlə gör, paxıllığını boynuna al, çıx get, daha bununla vəssalam! – deyə Məmməd Rəfaelin sanki ürəyindəki mətləbini bilirmiş kimi onu qabaqladı.
– Bəli, irəli çəkdiyim qohum-qəbilə cəm olub başıma mənim “rütbəmi” və “xidmətlərimi” əbədiləşdirmək üçün təklif etdilər ki, nə qədər sağsan özünə bir heykəl qoydur. Düşündüm ki, niyə razı olmayım. Bundan ötrü kim mənə gözün üstə qaşın var deyə bilər?! Nə qədər ki, imkan var, niyə eləməyim. Burdaca bir atalar sözü yadıma düşdü: “At ələ düşər, meydan ələ düşməz!” Razılıq verdim.
Mənə mərmərdən uca bir heykəl qurub doğma kəndimin ortasında qoydular. Adamlarım cəm oldular ki, bu heykəlin üstünün yazısını necə yazsınlar. Çox ölçüb-biçəndən sonra qət elədilər ki, yazsınlar: “Xalq yolunda canını fəda etmiş qəhrəman Məmməd!”
Məmməd danışdıqca Rəfael fıkirləşirdi ki, illər boyu gözümün önündə gəzib dolanan bu adamın nə dərəcədə iti iştahası olmasını mən nə üçün dərk edə bilməmişəm?!. O öz-özünü bir qədər daxilən məzəmmət etdisə, artıq gec idi. Məmməd onu fıkirdən ayırdı.
– Bax, hələ mətləbin sonuna varmamış yenə fıkrə getdin. Səbirli ol, axırına çıx! Gör paxılsan, ya yox. Səbirli ol, axırınacan döz, sonra qəhərlən.
Məmməd köks ötürüb kədərli bir vəziyyətdə davam etdi:
– Bəli, heykəlin üstünü yazdıqları yerdə, sən cin-şəyatin kimi hardansa orada tapıldın və dedin: “Mən təklif edirəm ki, bu heykəlin yazısı siz deyən kimi yox, mən deyən kimi yazılsın”. Sən təklif etdin ki, mənim heykəlimin üstünü belə yazsınlar: “Öz qohum və əqrəbası üçün canını fəda etmiş qəhrəman Məmməd!” Sənin sözünə mənim irəli çəkdiyim bir ordu adamdan bircə nəfərin hünəri çatmadı ki, dillənsin. Hamısı bir-birinin üzünə mat-mat baxıb susdular. Mən özüm də lal oldum. Elə bil ağzıma qıfıl vurdular. Mərmərdən düzəlmiş o nəhəng heykəl də mənim gözümdə mum kimi əridi, əridi, kiçildi, kiçildi, noxud boyda olub ayaqlar altında gözdən itdi. Nə qədər gəzdim səni də tapa bilmədim. Məyus halda gözlərimi açıb gördüm ki, mən yorğan-döşək içində, çarpayıdayam. Deməli, mən yuxu görmüşdüm. Bax görürsən, sən mənim yııxuda da böyüməyimin əleyhinəsən. Paxılsan, ya yox?!
Rəfael bir müddət dinmədi. Özlüyündə ölçüb-biçdi ki, ya Məmmədin başı xarab olub, ya da mən onunla dostluq etməkdə səhv eləmişəın. Bu gün bu söhbəti kəsmək vacib idi.
– Əgər sənə yuxuda deyil, həyatda belə bir heykəl qoysalar, mən onun əleyhinə olacağam. Xalq üçün yox, qohum-əqrəbaları üçün çalışanlara qoyulan dağ boyda heykəllər bir gün gec, bir gün tez, noxııd boyda olub adamların ayağı altında yox olacaq!
Rəfael ayağa qalxıb öz dönük dostunu həmişəlik tərk etdi…

Müəllif: SONA YUSİF – ABBASƏLİQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

3 dəfə oxundu

Axtarış