SONA YUSİF – ABBASƏLİQIZINDAN BİR ŞEİR
Müəllif: Yazarlar.AZ


12.10.2019




DARIXMIŞAM

Qayalardan öz atını çapıb gələn,
Qarşısına nə çıxıbsa yarıb gələn.
Toz – torpağı ora, bura yapıb gələn
Xoş ətirli yellər üçün darıxmışam.

Sal daşları təbil kimi çalıb gedən,
Bənd – bərəni əsir kimi alıb gedən
Dərələrdə haray–həşir salıb gedən
Səsli, küylü sellər üçün darıxmışam.

Qucağında bu həyata göz açdığım,
Qədəm basıb, pərvazlanıb tez uçduğum.
Dönə – dönə xatırlayıb söz açdığım,
Qədirbilən ellər üçün darıxmışam.

Uca dağlar, qurbanınız olaram mən,
Zirvənizə bir gün yolu salaram mən.
Boynunuza qollarımı dolaram mən,
Sizlə keçən illər üçün darıxmışam…

Müəllif: SONA YUSİF – ABBASƏLİQIZI

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

3 dəfə oxundu

Axtarış