STİVEN REBLİ - MAVİ AY VADİSİ
Müəllif: Yazarlar.AZ


18.12.2019


Mavi Ay Vadisi

(Zaur Ustacın tərcüməsində)

Mavi Ay Vadisi balaca bir kənd idi. Bu kənddə qoca nənəsi ilə birlikdə Li San adlı gənc qız yaşayırdı. O Mavi Ay Vadisində çox xoşbəxt idi. Ancaq bir məsələ onları narahat edirdi. Li Sanın nənəsi çox qoca və ağır xəstə idi. O,artıq işləyə və elə də çox pul qazana bilmirdi. Günəşli bir aprel səhərində nənə nəvəsini yanına çağırıb dedi, “Gəl otur, Li San. Sənə deyiləsi sözüm var.”

“Nə olub, Nənə?” Li San soruşdu. Qoca qadının gözləri qəmli və yorğun idi. “Bu məktubu oxu,” o dedi. “Bu sənin böyük şəhərdə yaşayan dayın üçündür. Mən istəyirəm ki, sən gedib onunla danışasan.” Li San məktubu oxudu. “Ancaq…” dedi və nənəsinə baxdı. “Sən istəyirsən ki, … o mənə sirkdə iş versin!” “Bəli,” qoca qadın cavab verdi. Li San və nənəsi uzun-uzadı söhbət etdilər. Li San Mavi Ay Vadisini tərk etmək istəmirdi. “Bura mənim evimdir!” o dedi. “Ancaq, bütün uşaqlar bir gün evlərini tərk edir,” qoca qadın cavab verdi. “Və sən artıq uşaq deyilsən – gənc bir qadınsan. Mən sənin müstəqil olmağını istəyirəm. ” Sonda Li San döşəməyə baxa-baxa dedi, “Oldu, nənə.” İki gün sonra o, kəndi tərk etdi. Növbəti həftə ərzində Li San uzun bir yol qət etdi: çoxlu dağlar aşdı, meşələrdən keçdi, tarlalar və fermalar gördü. Hər səhər çayların buz kimi soyuq suyundan içdi. Hər gecə minlərlə parlaq ulduzun olduğu açıq səma altında yatdı. Nəhayət, səkkiz gündən sonra gəlib, böyük şəhərə çatdı. Şəhərin üstündə daş şirlər olan hündür divarları var idi. Yüzlərlə insan onun qarşısından sağa, sola qaçırdı. “Bağışlayın,” o, qoca bir kişiyə müraciət etdi. “Siz bu ünvanı tanımırsınız?” Li San nənəsinin məktubunu göstərdi.“Sən sirki axtarırsan,” kişi dedi. “Bu çox asandır. Bu küçə ilə üzüaşağı düz get və lap sonda sola dön.” On dəqiqə sonra Li San artıq sirkdə idi. Dayısı onu görəndə çox şad oldu. “Bəli – əlbəttə sənin üçün iş var,” o dedi. “Mənimlə gəl.” Sirkin arxasında böyük bir qəfəs var idi. “” “Bura bizimdir,” Li Sanın dayısı dedi. “Sən heyvanları yumağa kömək edəcəksən.” O gülümsədi. “Həm də onları yemləməyə kömək edəcəksən. Başa düşdünmü?” Li San bütün heyvanlara baxdı. Burada meymunlar, pələnglər, fillər, atlar və şirlər var idi. Sonra yenidən dayısına baxdı. “Bə-bəli dayı,” o cavab verdi. Li San üç ay boyunca bərk işlədi. O hər həftə nənəsinə yazırdı. Məktublarında “Mən çox xoşbəxtəm” yazsa da , əslində belə deyildi. Yalnız dostu Çu-Çu adlı panda ilə söhbət edəndə, “Mən evə getmək istəyirəm,” deyirdi. Sonra bir gün dayısı dedi, “İmperator sabah bura gələcək. Mən istəyirəm ki, bütün heyvanlar tərtəmiz olsun. Aydındırmı?” “Əlbəttə,” dedi Li San. Növbəti səhər Li San pələngləri yemləyəndə qəflətən dayısının səsini eşitdi, “Sənin başqa işin var? ” O uzun, qırmızı pərdəni aralayıb baxanda gördü ki, dayısı Yu Mey ilə danışır. Bu qız çapar* Vu Çi ilə birlikdə işləyirdi. “Bəli,” Yu Mey dedi. “Və mən elə bu gün gedirəm. Xudahafiz.” Sonra o getdi. Li Sanın dayısı Vu Çiyə baxaraq, “İndi biz nə edəcəyik?” deyə soruşdu. Ani olaraq Li Sanı gördü. “Əlbəttə!” o dedi. “Li San. O bu axşam sənə kömək edəcək.” “Nə?!” Vu Çi güldü. “Ancaq, o Yu Meyin işini bir günə öyrənə bilməz.” “Sənin başqa sualın var?” Li Sanın dayısı soruşdu. Vu Çi heç nə demədi. On dəqiqənin içərisində Li San Yu Meyin sirk paltarını geyindi. O axşam imperator saat yeddidə gəldi. O, gözəl, qızılı paltar geyinmişdi. Əyləşib sirkə baxırdı. Sonda o, Li Sanın dayısı ilə söhbət edəndə, “Sənin çaparın yanındakı bu yeni qız kimdir?” deyə soruşdu. “Onun adı Li Sandır,” dayısı cavab verdi. İmperator gülümsədi. “ Gəncdir, amma çox yaxşıdır.” “Oh, çox sağ olun, imperator,” Li Sanın dayısı cavab verdi. O axşamdan sonra Li San daha heyvanların qəfəslərini təmizləmədi. O,hər gün Vu Çi ilə birlikdə işləyirdi. Ancaq bu hələ hamısı deyil. Li San həm də çaparı sevməyə başlamışdı. Onlar tez-tez İmperator sarayının yanındakı gözəl parka gəzməyə çıxırdılar. Oktyabr ayında bir gün Vu Çi Li Sanın qolundan tutub, “Sənilə birlikdə olanda özümü çox xoşbəxt hiss edirəm. İstəyirəm mənim həyat yoldaşım olasan” dedi. Li San bilmədi nə desin. O, Vu Çinin həyat yoldaşı olmaq istəyirdi, lakin burada böyük şəhərdə yox… O istəyirdi ki, onunla birlikdə evdə – Mavi Ay Vadisində yaşasın. Bunu ona dedi və düz gözlərinin içinə baxdı. “Sən məni başa düşə bilirsənmi?”deyə soruşdu. Vu Çi yerə baxdı. “Mən bilmirəm,” o cavab verdi.“Mənim evim burada şəhərdədir. İcazə ver bu barədə düşünüm. Biz sabah yenidən danışa bilərik.” Bu Li San üçün çox uzun bir gecə oldu. O yata bilmədi. Köhnə dostu Çu-Çunun yanına getdi. “Oh – görəsən o sabah nə söyləyəcək? Mən onu sevirəm. Amma mən burada şəhərdə yaşaya bilmərəm. Mən buranı xoşlamıram. Mənim evim Mavi Ay Vadisidir.” Çu-Çu Li Sana baxırdı. Onun gözləri böyük, qəhvəyi və kədərli idi. Səhəri gün erkəndən Vu Çi Li Sanı Çu-Çunun qəfəsində tapdı. “Mənimlə gəl.” o dedi. Onlar Li Sanın dayısının yanına getdilər. Vu Çinin ona deyiləsi sözü var idi. “Li San mənim həyat yoldaşım olacaq,” o dedi, “ancaq bu hələ hamısı deyil. Biz sirki tərk edirik. Mən Mavi Ay Vadisinə fermer** olmağa gedirəm.” “Oh, Vu Çi!” dedi Li San. O çox xoşbəxt idi. Bir həftə sonra Li San və Vu Çi şəhəri tərk edirdilər. Hamı onlarla xudahafizləşməyə gəlmişdi. Ən son dəqiqələrdə dörd nəfər gəldi. Onlar böyük bir qutu gətirmişdilər. “Bu nədir?” Li San soruşdu. “Bu bütün bizim hamımızın adından hədiyyədir,” onun dayısı cavab verdi. “Zəhmət olmasa, onu aç. ” Li San qutunu açdı. “Çu-Çu!” o dedi. “Oh dayı, çox sağ ol. Çox sağ ol!”

SADƏ İZAHLAR:

Çapar* – sirkdə at sürən, at çapan adam.

Fermer** – Kənddə yaşayıb təsərrüfat işləri ilə məşğul olan adam.

Orijinalda:

Stephen Rabley “Blue Moon Valley”

İngilis dilindən tərcümə edən: Zaur Ustac.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

3 dəfə oxundu

Axtarış