TƏBRİK
Müəllif: Əfqan Nəsirli


2018-03-07 11:55:10


Əfqan NƏSİRLİ
TƏBRİK

1995-ci ilin aprel ayı idi. Mən institutun dördüncü kursunda oxuyurdum. Bu dörd ildə bir neçə iş yeri də dəyişmişdim. Səbəb isə tapdığım işlərin gah dərslə üst-üstə düşməsi, gah da maaşın azlığı olurdu.
Növbəti dəfə tapdığım işdən çıxmışdım. Yataqxanada qalırdım. Başqa yerdən gəlirim olmurdu. Aldığımız təqaüd isə yolpuluna güclə yetirdi.
O zaman həm də qrup nümayəndəsi idim. Ona görə də fakültə dekanı ilə münasibətim yaxşı idi. O, saçları ağarmış, hündür boylu, enlikürək, olmaqla yanaşı, həm də çox sərt xarakterli idi. Rus sözlərinə üstünlük verdiyindən Azərbaycan dilində danışığı çox qəribə alınırdı. Bu¬na baxmayaraq ondan nəinki tələbələr, eyni zamanda tabeçiliyində olan işçilər, hətta digər kafedraların müəllimləri də çəkinirdi. Bir sözlə, dekan uzaqdan gələndə yaxından tanıyan hər bir şəxs çalışırdı ki, onun gözünə görünməsin. Çünki dekan tabeliyində olan hər kimi görsə, müəyyən bir bəhanə ilə onu mütləq danlayar, harda olmağından asılı olmayıraq bir bəhanə tapıb üstünə qışqırardı.
Bir dəfə biz tənəffüs zamanı dəhlizdə durmuşduq. Dekan pilləkanlarla yuxarı qalxırdı. O, bizə çatanda dayandı və tələbələrdən birini yanına çağırıb:
- Ey, slışi, sən subbota dərsə niyə gəlməmişdin? De, görüm harda idin? - deyə onun üstünə qışqırdı. Özünü itirən tələbə qorxa-qorxa:
- Müəllim, qardaşımın maşını ilə gələndə qəzaya düşdük, - cavabını verdi.
Dekan bir qədər yumşalsa da, barmağı ilə onu hədələyərək:
- Spravkan var?- deyə soruşdu.
Bu sualdan çaş-baş qalan tələbə özündən asılı olmayaraq: - A..a..a..a - deyə kəkələdi.
- Yox, b..b..b.., səndən soruşuram, srpavkan var? - söyləyərək keçib getdi.
O, sərt olmağı ilə yanaşı, həm də düzlüyü sevən adam idi. Kim dekanı aldatmaq istəyirdisə, onun düşməninə çevrilirdi. Günlərin birində tələbə yoldaşlarımdan biri üç həftəyə yaxın dərsə gəlməmişdi. Bundan xəbər tutan dekan onu yanına çağırıb səbəbini soruşub. Tələbə yoldaşım onu rəhmə gətirib, vəziyyətdən çıxmaq üçün:
- Müəllim, ailəm olduğuna görə gəlməmişəm. Uşaq bir az xəstələnmişdi, - deyib.
- Elə isə get, arayış gətir ki, sənin ailən, uşağın var - deyə dekan onun üstünə qışqırıb və tələbə yoldaşım kabinetindən çıxanda arxasınca uca səslə:
- Yesli spravka gətirməsən, səni institutdan qovduracam, - söyləyib.
Tələbə yoldaşım mənim yanıma gəlib vəziyyəti danışdı və soruşdu ki, belə arayışı kimdən ala bilər. Dekan tələbənin yalan danışdığını biləndən sonra onu institutdan qovdurmaq istəyirdi. Sonra atası gəlib uzun xahiş-minnət edib dekana söz verdi ki, oğlunu yaxın bir ay ərzində evləndirəcək. Bununla belə, dekan tələbə yoldaşımın bir il kursda qalmaq şərtilə təhsilini davam etdirməsinə razılıq verdi.
Dekanımızın bir fərqli cəhəti də onun ad gününün 8 marta təsadüf etməsi idi.
Nəhayət, aprel günlərinin birində, kefinin saz vaxtında mənə iş tapması üçün ona yaxınlaşıb, çəkinəçəkinə:
- Müəllim, sizdən bir xahiş etmək istəyirəm,- dedim. Gümanım olmasa da, hər halda bir addım idi. Gözlədiyimin əksinə olaraq gülə-gülə dilləndi:
- Buyur, eşidirəm.
- Ailəmiz böyükdür. Ona görə dərsdən sonra işlə¬mək istəyirəm, müəllim. Bəlkə sizin elə bir tanışınız ola?- yenə də qorxa-qorxa soruşdum.
Dekan nə fikirləşdisə:
- Slışi, sən ikinci növbə institutda işləyə bilərsən? - dedi.
İşimin nədən ibarət olacağının fərqinə varmadan tələsik:
- Əlbəttə, işləyə bilərəm,- cavabını verdim.
- Get, sənədlərini gətir, ver kadrlar şöbəsinə, sonra mənə bildir, - söylədi.
Onun dediyi kimi etdim. Kadrlar şöbəsinə gedib, dekanın dediklərini söylədim. Oradan mənə hansı sənədləri gətirməyimi bildirdilər. May ayının sonlarına yaxın tapşırılan bütün sənədləri düzəldib dekana məlumat verdim. O, mənə artıq gecikdiyimi, lakin yay tətilindən sonra, dərsə gələndə onun rəhbərlik etdiyi kafedrada işə çıxacağımı bildirdi. Hətta məni özü ilə aparıb kafedra ilə tanış etdi və laboratoriya müdirinə təqdim etdi. Ancaq vaxt hər şeyi unudur, deyirlər. Doğrudan da belə oldu.
Sentyabrda dərsə gəlməyimizdən on beş gündən artıq vaxt keçməsinə baxmayaraq mənim işə düzəldiyim tamam yadımdan çıxmışdı. Hətta hər gün dərsdən sonra ayrı-ayrı tanışlarımın yanına gedib özümə iş axtarırdım. Bir gün laboratoriya müdiri məni institutun dəhlizində saxlayıb niyə işə gəlmədiyimi soruşdu. Cavabında bildirdim ki, harada, hansı işə düzəldiyimi heç kim mənə deməyib. O, isə elə başa düşdü ki, mənim arxam güclü olduğundan işə çıxmayacağam. Ona görə də mənə daha heç bir söz demədi. Sentyabrın son günləri idi. Bir gün dekan müavini məni mühazirədən çıxartdırıb:
- Dekanın yanına getməlisən. Nə iş görmüsənsə çox əsəbiləşib, - dedi. Bu sözdən yamanca qorxdum. Çünki dekan hər xırda işdən ötrü heç kimi mü¬hazirədən yarımçıq çağırmırdı. Ancaq başqa yol qalmamışdı.
Dekanın kabinetinə daxil olanda o, digər müəllimlərə nə isə izah edirdi. Məni görən kimi fikrini tamamlamamış sözünü yarımçıq kəsib üstümə qışqırdı:
- Ey, slışi, sən bir aydır harada itib - batmısan?
Əvvəl elə başa düşdüm ki, dekan məni kiminləsə səhv salır. Axı mənim bir saat da olsun dərs buraxdığım olmamışdı. Ona görə də:
- Dərsdə olmuşam, müəllim, - deyə cavab verdim.
- Bəs, işə niyə çıxmırsan? Məni dolamısan?
- Allah eləməsin, müəllim, mənə bildirən olmayıb,- deyə dilləndim.
O, mənə tapşırdı ki, bu gündən başlayaraq, hər gün saat ikidən sonra onun rəhbərlik etdiyi kafedrada laborant kimi işə çıxım. Bu xəbərdən çox sevindim. Artıq həm baş qatmağa, həm də puluna görə bir işim olacaqdı. Mən sevincək yeni iş yerinə tələsdim. Laboratoriya müdirini soruşub yanına getdim. O, elə həmin dəqiqə məni kafedranın otaqları ilə yaxından tanış etdi və sonda laborantlar olan otağa gəlib:
- Bu da neçə vaxtdır adını eşidib, üzünü görmədiyiniz təzə işçimizdi. Bizim institutda tələbədir, - deyib kollektivə məni təqdim etdi. Gördüklərim məni heyrətə gətirdi. Kollektivdə laboratoriya mü¬di¬rindən başqa bir nəfər də olsun kişi yox idi. On iki nəfər işçidən yeddisi gənc, cavan qızlar, digərləri isə evli gəlinlər idi. Laboratoriya müdirinin otağı da ayrı idi. Gözlərimə inanmırdım. Sanki cənnətə düşmüşdüm. Laboratoriya müdiri ilə otaqdan çıxdım. O, da dəhlizdə gözəl bir kollektivə düşdüyümü bildirdi.
İşə və kollektivə tez alışdım. Onlar həddən çox nəzakətli, diqqətli, mehriban idilər. Hər gün evlərindən mənə yeməyə nə isə gətirir, günortalar dərsdə olmağıma baxmayaraq, mənə xüsusi nahar yeməyi hazırlayır, bir sözlə, qayğıma qalırdılar.
Kollektivdə bir gözəl ənənə də ondan ibarət idi ki, kimin ad günü olardısa və ya hər hansı bayram ərəfəsində elə laboratoriya otağında günortadan sonra şirniyyat stolu açılar, həmin bayram xüdmani qeyd olunardı. Kimi maqnitafon gətirər, kimi tort bişirər, kimi də digər şirniyyat və yemək işlərinə baxardı. Məclisi həmişə dekanımız gəlib açar, tədbirin səbəbkarını təbrik edər, şampanla dolu qədəhdən bir az içib gedərdi. Bununla da o, tədbirin keçirilməsinə xeyirduasını verərdi. Dekan gələndə araya sükut çökər, hamı özünü ciddi aparardı. Elə ki, o, sözünü deyib gedər, danışıq və musiqi səsləri bir-birinə qarışardı. Hamı özünü tam sərbəst hiss edərdi.
Beləcə bir neçə ay keçmişdi. Vaxt ötdükcə, həm dekanın, həm də kollektivin hər bir xüsusiyyətinə yaxından bələd olur, onlara daha da yaxınlaşırdım. Hər dəfə vaxt olduqca, qızlarla həyatın gediş-gəlişindən söhbət edər, insan talelərinə baş vurar, bu yolda hər hansı bir qayda, qanunun olub-olmamasını axtarardıq. Qızlarımızın əksəriyyəti şəhər mühitində böyüdüyündən dilimizi o qədər də dərindən bilmirdilər. Mənim rayon ləhcəsində danışmağım isə onlara xüsusi ləzzət verərdi.
Bir dəfə soyuq qış günlərinin birində mən laboratoriya otağında tək oturmuşdum. Qızlardan biri içəri girəndə özümdən asılı olmayaraq:
- Xahiş edirəm, qapıyı qayırın (yəni qapını örtün), - dedim. Sözlərimdən qızın o qədər xoşu gəldi ki, bütün gün bunu işçilərimizin hamısına söylədi və hər dəfə də təkrar-təkrar şaqqanaq çəkib güldü.
Bir dəfə də dekandan icazə alıb kəndə toya getdiyimdən iki-üç gün işə gələmmədim. Rayondan qayıdanda qızlardan biri mənim harada olmağımı soruşdu. Cavabında dayım oğlunun kiçik toyuna getdiyimi söylədim. Qızlardan biri fikirləşmədən:
- Gün o gün olsun sənin üçün olsun, - deyərək mənə gözaydınlığı vermişdi. Bu sözdən hamını gülmək tutdu.
Günlərin birində isə qızlarla toy adətlərimizdən söhbət edirdik. Sözarası qızlardan biri atalar misalı ilə sözünə qüvvət vermək istəyərkən:
- Yəni, qırağına bax bezini al, qızına bax anasını, - deyib özünü çaşdırdı.
Bütün bunlar arada olan mehribançılığı daha da artırırdı. Birimiz işə gəlməyən gün hamı narahat olur, tez səbəbini öyrənməyə çalışırdıq. Getdikcə qızlar nəinki evlərində olan problemləri, həm də öz gizli sevgiləri barədə mənə danışmağa başlamışdılar.
İşə düzəlməymdən daha bir neçə ay ötmüşdü. Bu vaxt ərzində bir neçə ad gününü və bayramı yola vermişdik. Qarşıdan isə 8 Mart Qadınlar bayramı gəlirdi. Bu bayramda isə əsas ağırlıq kişilərin üzərinə düşür. Belə ki, kollektivdə iki kişi nümayəndəsi - biri laboratoriya müdiri, biri də mən iş yoldaşlarımız olan qadınları təbrik etməli idik. Həm də hamısına eyni hədiyyə alınmalı idi. Çünki biri digərindən fərqlənsə müəyyən söz-söhbət ola bilərdi. Bayram qabağı isə adi qərənfilin biri belə çox baha qiymətə satılır. Digər hədiyyə almağı isə heç xəyala gətirə bilmirdim. Çünki necə deyərlər, içim özümü yandırırdı, çölüm özgələri. Tələbə yoldaşlarım, eləcə də yaxın tanışlarım qibtə edər, sözarası eyham vurardılar mənə. Doğrudan da gözəl kollektivimiz, əla iş yerim vardı. Lakin buranın da çatışmayan cəhəti maaşın azlığı idi. Cəmi otuz min manat maaş alırdım. Bayramqabağı isə bu pula yalnız 3-4 qərənfil almaq olardı.
Martın yeddisi isə laboratoriya otağında növbəti şirniyyat stolu açılacaq, qadınlar bayramı qeyd olunacaqdı. Ona görə də məni fikir götürmüşdü. Axı qızlarımızı təbrik etmək, onlara nə isə bir hədiyyə almaq lazım idi. Nəhayət, martın altısı axşam ağlıma bir fikir gəldi. Mənim ən yaxşı hədiyyəm, ancaq şeir ola bilərdi. Həm pulsuz, həm də fərqli. Qələmi götürüb ürəyimdən gələn bir şeir yazdım. Sonra o şeiri on iki nüsxə etdim. Hər birini ayrı-ayrı bükdüm.
Səhər açıldı. Adəti üzrə instituta gəldim. İkinci dərsə girməyib laboratoriya otağına daxil oldum. İstəyirdim vəziyyəti əvvəlcədən öyrənib ona münasib hərəkət edim ki, sonra qızlar məndən inciməsinlər. Ona görə də onları ayrı-ayrılıqda görüb bayramlarını təbrik etdim. Sonra isə axşamdan hazırladığım bükülü kağızı hər birinə verib:
- Bağışlayın də, bilmədim hansı hədiyyədən xoşunuz gəlir, ona görə də bu şeiri sizə yazıb gətirdim. Bu da mənim sizə bayram hədiyyəm. Əgər xoşunuza gəlməsə, gərək üzrlü hesab edəsiniz. Ancaq xahiş edirəm, təklikdə oxuyun, - dedim. Cavabında isə:
- Yox, nə danışırsan, bu mənim üçün ən böyük hədiyyədir. Hələ indiyə qədər mənə belə hədiyyə verən olmayıb,- deyərək mənim könlümü xoş etdilər.
Günortadan sonar hamı kafedraya yığışıb dekanı gözləyirdi. Stol tam hazır idi. Bir azdan dekan da təşrif buyurdu. Bir neçə xoş sözlə qadınları təbrik edib getdi. Sonra musiqi səsləri ətrafa yayıldı. Mən qız¬larla rəqs etdim. Onların bayramını bir daha təb¬¬rik etdim. Beləcə, bu bayram gününü də qeyd etdik.
Aradan bir aydan çox vaxt keçmişdi. Bildirdilər ki, qızlarımızdan hansınınsa ad günü olacaq. Hərə öz hədiyyəsini alıb həmin günü gözləyirdi. Nəha¬yət, həmin gün yetişdi. Hər iş adəti üzrə gedirdi. Yenə şirniyyat stolu açıldı, yenə dekan gəlib ad günü olan qızı təbrik etdi və bir neçə dəqiqədən sonra çıxıb getdi. Əsas məsələ də bundan sonra başladı. Qədəhlərə şampan süzüldükcə, növbə ilə hərə öz hədiyyəsini təqdim edib, təbrik dolu sözlərlə ad gününü təbrik edirdi. Növbə mənə çatdı. Ayağa durub hədiyyəmi təqdim etdim. Sonra oturduğum stula yaxınlaşıb çıxışa başladım:
- Əziz bacım, dəyərli həmkarım! Bu gün sənin üçün həm sevincli, həm də bir qədər kədərli günlərdən biridir. Sevinclidir, ona görə ki, bu gün sənin doğum günündür və bu qədər dost-tanış başına yığışıb sənin sevincinə şərik olurlar. Arzu edərdim ki, həyatının kədərli anları olanda da dərdini bölməyə tanışların beləcə cəm olsun. Ancaq mən sənə qəmli günlər arzulamıram. Bu gün həm də kədərlidir, ona görə ki, yaşının üstünə bir yaş da əlavə olur, bir yaş da ahıllaşırsan, bir yaş da gəncliyindən uzaqlaşırsan. Mən səni həmişə belə şux, sağlam və təravətli görmək istərdim. Sonda daha bir arzumu şeirlə demək istəyirəm.
Elə bunu demişdim bayaqdan sakitcə məni din-ləyən həmkarlarım, - buyur, buyur, de gəlsin, şair, - deyə yerdən qışqırışdılar. Mən özümü yığışdırıb şair Məmməd İlqarın şeirindən bir bənd söylədim:

Gül, ey gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olum, bircə sən.
Gül üstündə arıya bax bircə sən,
Gör, gülün nazını nə gözəl çəkir.

Mən şeiri deyib qurtarmışdım ki, yerdən, - sağ ol, sağ ol, afərin,- deyə səsləndilər və əllərindəki şampan dolu qədəhləri bir-birinə vuraraq içməyə hazırlaşdılar. Stoldan indi qədəhimi götürüb çıxışımı tatamlamaq istədim:
- Arzu edirəm ki, tezliklə sənin də nazını çəkə biləcək bir yarın olsun,- deyib qədəhimi qədəhlərə toqquşdurdum. Elə bu vaxt ad günü olan qız ayağa durub hündürdən:
- Bir dəqiqə, bir dəqiqə. Mən istəyirəm ki, 8 Martda mənə hədiyyə etdiyin şeiri indi özündən eşidim, o şeir mənim çox xoşuma gəlib. Bu gün də mənim üçün ən böyük hədiyyən məhz o şeirin olar, - dedi. Mən heç fərqinə də varmadan həmin şeiri söylədim:

HƏMİŞƏ YAĞIŞLA XATIRLA MƏNİ

Bu bayram günündə sənə hədiyyə,
Axtarıb, axtarıb tapa bilmədim.
İstədim qəlbimi göndərim sənə,
Sonunda günaha bata bilmədim.

Qarşımı kəsən bəs bu nə qorxudur?
Bəlkə də ilk sevgim, bəlkə sonumdur.
Kim bilir, nə deyim, bəlkə həyatda,
Bəxtimə yazılan son oyunumdur.

İnsantək dünyaya gəlmək də günah,
İnsantək dünyada gülmək də günah,
İnsantək dünyada ölmək də günah,
Kim yazdı günahı mənim adıma?

Eh!... Günahım varsa, bağışla məni,
Başqa söz söyləyə bilmədim sənə.
Həmişə yağışla xatırla məni,
Eyvana gəlsəm də gəlmədim sənə.

Elə şeiri söyləyib təzəcə qurtarmışdım ki, digər stolda oturan başqa bir qız özündən qeyri-ixtiyari:
- A...a.., sən bu şeiri mənə də yazmışdın,- deyə əlini atıb çantasındakı dəftərçəsinin arasından həmin əlyazmamı çıxardı. Hamını gülmək tut-muşdu. Mən isə yaman pərt halda:
- Nə etməli, mən bir axşamda on iki şeir yaza bilməzdim, - deyə bildim.
Sonu

25 dəfə oxundu

Axtarış