TƏBRİZ MƏTBUATI TARİXİNDƏN OXUCULARA YENİ BİR ƏRMAĞAN
Müəllif: Yazarlar.AZ


05.01.2020




Cənubi Azərbaycan mövzusu Azərbaycanın bir çox qələm və söz sahiblərində (şair­­lərdən S.Rüstəm, B.Azəroğlu, M.Gülgün, H.Bülluri, S.Tahir və b.) həs­sas möv­zu­lar­dan biri olmuşdur. Bu kimi sə­ləf­lə­rin xələfi sayılan filologiya üzrə elmlər dok­­to­ru, pro­fes­­sor, Tərəqqi medallı Əsgər Qədi­mov da Cənub mövzusunda araşdırmalar apa­rır və bu gün də bu işi şərəf və ləyaqətlə da­vam etdirir. Professor Əsgər Qədimov Cə­nub möv­­zu­sun­­da araşdırmalar aparmaqla Azər­bay­can məktəb və pedaqoji fikir tarixinin təd­qi­­qi, təb­li­ği və tədrisi sahəsində be­lə demək mümkünsə “Cənubi Azərbaycan məktəbi” ya­­ratmış və həmçinin, bu işi indi də uğurla, gənclik həvəsi ilə davam etdirməkdədir.

Azərbaycan ədəbiyyat və təhsil tarixində özünəməxsus elmi üslubu, mövqeyi və xid­mət­ləri olan, o cümlədən “Qurbanəli Şərifzadənin həyatı və yaradıcılıq yolu”, “XIX əsr Ordubad ədəbi mühiti. Qüdsi Vənəndi”, “Mə­həm­məd Tağı Sidqinin hə­yatı və ya­ra­dı­cı­lığı”, “XIX əsr Ordubad ədəbi mühiti”, “Əli Məhbus və əsərləri”, “Fəqir Or­du­ba­di. Di­van” və s. 16 mo­noq­ra­fi­ya və tərtib kitabların, dərslik və dərs vəsaitlərinin, çoxsaylı el­mi mə­qalələrin və şeir­lə­rin müəllifi olan professor Əsgər Qədimov bu dəfə də ədə­biy­yat­şü­nas, folk­lor­şü­nas, ma­gistr, doktorant və dis­ser­tant­­ların görüşünə “Təbriz mətbuat ta­ri­xin­dən: “Dədə Qor­qud” və “Koroğlu” jurnalları ədə­bi-tarixi yaddaşın işığında” adlı san­­ballı mo­­noq­ra­fi­ya­sı ilə gəl­mişdir (Naxçıvan: Əcə­mi, 2019, 576 səh.).

“Təbriz mətbuat tarixindən: “Dədə Qorqud” və “Koroğlu” jurnalları ədə­bi-tarixi yad­daşın işığında” adlı monoqrafiyanı elmi və nəzəri şəkildə üzə çıxarıb yeni nəslə çat­dır­­maq çox vacib və vacib olduğu qədər də müqəddəs bir işdir. Belə təşəbbüs çağdaş zə­ma­­nə­mi­zin görkəmli elm və maarif xadimi, professor Əsgər Qədimova nəsib olmuşdur.

Tədqiqatçı alim Əsgər Qədimov monoqrafiyada əsasən “Dədə Qorqud” və “Ko­roğ­lu” jurnalını bir neçə aspektdən tədqiq və təhlilə cəlb etmişdir. Yanaşma aspektlərindən biri jur­nal­la­rın təd­qi­qi və nəşri tarixi, ideya-siyasi və ədəbi istiqamət, bədii nəsr və pub­li­sis­tika fonunda araş­­­­dırmalardan ibarətdirsə, başqa bir aspekt gün-güzəran problemi və zəh­mət adamlarına münasibət, sa­ti­­­rik ədəbiyyat, folklor və aşıq poeziyasından ibarətdir. Digər aspektdə isə müəllif uşaq ədəbiyyatı məsələləri, ana dili və türk xalqları ədəbiyyatı problemi kimi aktual məsələ və problemlərə diqqət ye­ti­rmiş və təhlil süzgəcindən ke­çir­miş­dir.

Tədqiqatçı oxuculara “Dədə Qorqud” jurnalının 1980-1982-ci illərdə Hüseyn Fey­zul­lahi Vahidin redaktorluğu və naşirliyi ilə (öz xərci hesabına) əsgi əlifba ilə Azər­bay­can dilində Təb­riz şəhərində işıq üzü gör­dü­yünü məlumat verir [Bax: səh.15]. Bir çox gör­kəmli alimlər (aka­demik M.İbrahimov, A.Zamanov, H.Məmmədzadə və b.) “Dədə Qor­qud” jur­nalının tək-tək nömrələrinə qəzet, jurnal və ya internet səhifələrində istinad et­mişlər. Sis­temli şə­kil­də isə ilk dəfə olaraq Əsgər Qədimov tərəfindən araşdırılaraq təd­qi­qə cəlb edi­lir. Əsgər Qə­dimov Azərbaycan dilini təbliğ etdiyinə görə yeddi il şah zin­da­nın­da həb­sə mə­ruz qa­lan milli və mənəvi düşüncə sahibi Hüseyn Fey­zul­lahini Azər­bay­can milli di­lini, mil­­li folk­lorunu, xalq-aşıq ədəbiyyatını ruhən sevən və cəsarətlə təbliğ edən və­tən­pərvər jur­­na­list kimi oxuculara təqdim edir.

Əsgər Qədimov “Dədə Qorqud” jurnalının hər ay 5000 tirajla və jurnalın müxtəlif rub­­rikalar adı altında buraxıldığını əks etdirir. Oxucuların da maraq dairəsinə səbəb ola­ca­­­ğına görə rub­­rikalardan bir neçəsinin adına nəzər salmaq istərdik: Azərbaycanın it­kin keç­­­miş­lə­rin­dən, Türk və Azərbaycan əsatiri, Azərbaycan nəqqaşları, Dədə Qorqud ba­la­la­rı (Uşaqlar sə­­­hifəsi), Azərbaycan qəhrəmanları, Azərbaycan aşıqları, Türkiyə şairləri, Türk ta­ri­xin­dən yarpaqlar, Türk peyğəmbərləri və s.

Bildiyimiz kimi, 1906-1931-ci illərdə fəaliyyət göstərən “Molla Nəsrəddin” jur­na­lı­nın ilk nömrəsində redaktor Cəlil Məmmədquluzadənin adından başqa heç bir açıq im­za­ya rast gəl­mi­rik (Ciddi yazı müəllifləri istisna olmaqla). Təbii ki, bunun bir çox səbəbi var idi. Əsas sə­bəblərdən biri də xurafata və cəhalətə qarşı yazılan satirik ruhlu əsərlər idi. “Təbriz mət­­­buat tarixindən: “Dədə Qorqud” və “Koroğlu” jurnalları ədə­bi-tarixi yad­da­şın işı­ğın­da” adlı monoqrafiyanı oxuyan zaman görürük ki, 1980-1982-ci illər müasir dövr sayılsa da jurnalda çıxış edən cənublu müəlliflər öz həyati təhlükələrini sı­ğor­ta­la­maq üçün gizli im­za­lar­dan bolluqla istifadə etmişlər. Monoqrafiyada oxuyuruq ki, “Dədə Qorqud” və “Ko­roğ­lu” jurnallarının redaktoru və naşiri Hüseyn Fey­zul­lahi Vahid “H.Ul­duz”, “H.Ba­bək”, “H.Al­pa­mış”, “Dədə Qor­qud”, “Aydın”, “Bacadan baxan”, “Hüseyn Tə­pəgöz”, “Tıs­bağa Ca­vad”, “Cü­cə Ba­ğır”, “At Yusif”, “Keçi Kərim”, “Cəvad Nərə”, “Mir­­zə Rey­qan”, “Əsgər Daş­qaçı”, “Kefli Kə­rim”, “Mülçük”, “Çopur Musa”, “Keçəl Cey­­ran” kimi 18 gizli im­za­dan is­ti­fadə et­miş­dir [Bax: səh.19]. Əsgər Qədimov jurnalın di­­gər daimi üzv­ləri olan Əlirza Zihəqq, Məhəmməd Rza Kərimi, Mürtəza Məcidfər, Rza He­sari, Əli Şə­rif Dilcuyi, Əyyub Şəhbazi və başqalarının gizli imzalarını uzun yuxusuz ge­cə və gün­düz zəhmətləri bahasına olsa da araş­dı­ra­raq üzə çıxarmışdır.

Əsgər Qədimov yazır ki, “Dədə Qorqud” jurnalı Azərbaycanın milli dərdlərini bü­tün türkdilli xalqlara bəyan edən el sovqatı, el ərmağanı olmuşdur. Cənubi Azər­baycanın və onun müxtəlif bölgələrinin mütərəqqi ziyalıları, şeir-sənət adamları jurnalın sə­hi­fə­lə­rin­­­də milli ruhlu məqalələrlə çıxış etmiş, xalqın dərdlərini işıqlandırmışlar.Təbii ki, jur­na­lın bu kimi platforması Azərbaycanın Şimal bölgəsində də ziyalıların da (akademik M.İb­ra­­hi­mov, C.Xəndan, B.Vahabzadə, X.R.Ulutürk, A.Zamanov və b.) sevincinə səbəb ol­muş­dur.

Görkəmli tədqiqatçı Əsgər Qədimov oxucularına dövrünün milli ruhlu şair və zi­ya­lı­larının necə sevinc və fərəh hissi yaşadıqlarını Tehrandan “Qaftanlı” imzası ilə yazan şairin şeirin­dən belə çatdırır:

Yaz, dönüm gözünə, gözəl yazırsan,

Cəhlin, cəhalətin kökün qazırsan.

Harda el dərdi var, orda hazırsan,

Yaz, elim yatmayıb, bircə oyansın,

Daha yadlara yox, özünə yansın.

Yaz Dədə Qorquddan, Oğuz babadan,

Odlar diyarından, eldən, obadan,

Keçmiş zamanlardan, bu gün, sabahdan,

Yaz nələr olmuşdu, nələr varımış,

Əzəldən yadların gözü darımış.

Yaz Sarı Aşığın döşündə sazın,

Aslan Koroğlunun, aslan Eyvazın,

Tutub paşaların sıxdı boğazın,

İftixar qazandı bizim ellərə,

Ellərin adını saldı dillərə.

Professor Əsgər Qədimov apardığı araşdırmalardan belə qənaətə gəlir ki, böyük mil­­li məramla Azərbaycan dilində nəşrə başlayan “Dədə Qorqud” jurnalı Cənubi Azər­bay­can ziyalılarının milli hislərini oyatmış və həmçinin, onların vahid Azərbaycan bir­liyi uğ­runda mübarizəsinə yeni istiqamət vermişdir. Tədqiqatçı bunu cənublu şair və mil­li ruh­­lu oxucuların Süleyman Rüstəmin “Cənub şeirləri”ni oxuduqlarından və ona say­sız-he­­sabsız ithaf şeirləri çap etdirdikləri qənaətinə gələrək yazır. Müəllif Süleyman Rüs­tə­­min Cənub şeirlərindən daha çox təsirlənən Süleyman Salisin ithaf şeirinin inan­dı­rı­cı­lı­ğı­nın mahiyyətini belə işıqlandırı:

Bu tay Ələmdardır, o tay Ordubad,

O tayda bayramdı, bu tayda fəryad.

Şikar fikrindədir rəhmsiz səyyad,

Siz dadıbsız azadlığın dadını,

İcazə yox biz danışaq adını.

Əsgər Qədimovun apardığı araşdırmalar göstərir ki, Cənubda inqilabdan sonra (1979) Azərbaycan dilində nəşr edilən bir sıra qəzet və jurnallardan, ancaq “Dədə Qor­qud” və “İnqilab yolunda” jurnalları müəyyən çətinliklərlə öz nəşrlərini davam etdirə bil­miş­­­lər. Göstərilir ki, “Dədə Qorqud” jurnalı nəşr olunduğu vaxtlardan mütamadi olaraq tə­q­ib olunduğundan bəzi aylarda saylarını birləşdirərək iki nömrəni bir yerdə nəşr etmək məc­buriyyətində qalmışdır. Monoqrafiyanın 30-31-ci səhifələrində müəllif bu barədə ət­raf­lı bəhs edir.

Müəllif, həmçinin, “Dədə Qorqud” jurnalının səhifələrindəki Azərbaycan xalqının qə­dim dövrlərdən başlayaraq çağdaş dövrü də daxil etməklə, ədəbiyyat və mədəniyyəti ge­niş şəkildə işıqlandırmış, şair və yazıçıların bədii əsərlərindən nümunələr vermis, həm­çi­­nin ədəbiyyatın ideya-estetik problemləri ilə bağlı elmi-nəzəri məqalələri də (“Kut­lar” (“Ku­tilər”), “Atropat”, “Hunlar basqını”, “Azərbaycana basqın edənlərə ibrət” və s.) mo­noq­­rafiyada işıqlandırmışdır. Əsgər Qədimov vurğulayır ki, jurnalda Nizami Gəncəvi, Qət­ran Təbrizi, İzzəddin Şirvani, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Fü­zuli, Kişvəri, Həbibi, Məsihi, Heyran xanım kimi klassik şairlərin həyat və yaradıcılığı ilə də bağlı dəyərli məqalələr dərc edilmiş, bu şairlərin şeirlərindən nümunələr də ve­ril­miş­dir.

Monoqrafiyada ədəbi-tənqidi yaradıcılıq da konkret faktlar və materiallar əsasında müəl­lif tərəfindən izlənilir və təhlil olunur. Belə ki, Hüseyn Ulduz jurnalda “Kitabi-Dədə Qor­qud” das­tanından söz açır və dastanın X əsrə aid olduğu qənaətinə gəlir. Əsgər Qədimov isə das­tandakı hadisələrin izlərinin daha qədimlərə, hətta bizim eradan əvvəlki zamanlara ge­­dib çıxdığı qənaətindədir. Monoqrafiyanın 45-ci səhifəsində müəllif yazır: “Dastanın mü­qəddiməsi dastandakı hadisələrin VII əsrə, “Rəsul Əleyhüssəlam zamanı”na aid ol­du­ğu­nu təsdiq edir. Odur ki, “Dədə Qorqud” jurnalının redaksiyası bu məqalədə das­tan­da­kı ha­disələrin daha qədim dövrlərlə səslənməsini bildirsəydi, tarixi və elmi cəhətdən düzgün olar­dı [Bax: səh.45].

Monoqrafiyanın müəllifi Əsgər Qədimov yazı tərzində, üslubunda, mühakimə və təh­­lilində özünəməxsusluğu ilə fərqlənir. Tənqidçi klassik irsin ən yaxşı ənənələrini təs­diq­lə yoxlamaq və möhkəmlətmək yolu ilə gedir. Hüseyn Ulduz yanlış olaraq göstərir ki, Ni­za­mi Gəncəvi, Qət­ran Təbrizi, Əbülüla Gəncəvi, Fələki Şirvani, Qivami Mütərrizi, İz­zəd­din Şir­vani, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Mücirəddin Beyləqani və Xətib Təb­ri­zi XI-ci əsr­də yaşamış və yaratmışlar. Yenə də müəllif Qədimov incə bir dillə qeyd edir ki, “Qətran Təbrizi və Xətib Təbrizinin yaradıcılığı XI əsrə, digər şairlərin ya­ra­dı­cı­lı­ğı isə XII əsrə aiddir” [Bax: səh.45].

Professor Əsgər Qədimov “Dədə Qorqud” jurnalının folklora həssaslıq və qay­ğı­keş­­­­liklə yanaşmasından, mifologiya və folklor tarixinə, həmçinin, aşıq yaradıcılığına ge­niş yer verməsindən də fərəhlə bəhs edir. Müəllif qeyd edir ki, “Dədə Qorqud” jurnalı öz sə­hi­fə­lə­rin­­­də Azərbaycan folklorunun mərasim janrları haqqında da dəyərli materiallar dərc et­miş, unudulmaqda olan xalq mərasimlərimizi rubrikalar adı altında yada salaraq onları qo­­­rumuş və bir daha yaddaşlara həkk etmişdir. Monoqrafiyanı vərəqlədikcə Azər­bay­ca­nın klassik aşıqları haqqında da müəllif tərəfindən maraqlı tapıntılarla da rastlaşırıq. Aşıq Qur­bani, Sarı Aşıq, Aşıq Valeh, Xəstə Qasım, Aşıq Bəşir, Aşıq Sona, Aşıq Bəsti, Aşıq Na­­­bat və başqaları monoqrafiyada milli azadlığa və istiqlala havadarlıq edən el sə­nət­­kar­la­­­rı kimi səciyyələndirilir. Tədqiqatçı haqlı olaraq digər tərəfdən də “Dədə Qor­qud” jur­na­lındakı aşıq ədəbiyyatını milli dərdlərdən yazıb xalqı oyatmaq üçün bir üsul, va­sitə və tərz metodu kimi dəyərləndirir.

Əsgər Qədimov “Dədə Qorqud” jurnalındakı uşaq ədəbiyyatı məsələlərin təhlilini vəhdətdə, paralel aparmaqda, uşaq şeirlərinin estetik dəyərini, bədii duyğunun in­cə­lik­lə­ri­ni dərindən qavramaqla mən deyərdim ki, usta pedaqoq məharəti ilə diq­qə­ti cəlb edir. Əsl ideyalı yaradıcılıq odur ki, tədqiqatçı öz elmi axtarışında ifa­də­si­ni aydın ifa edə bilsin. Əsgər Qədimov yaradıcılığında dövrün, gerçəkliyin bu ba­xım­dan tə­za­hür formalarına nail olmuşdur. Əsgər Qədimov yazır ki, “Dədə Qorqud” jurnalının ciddi əhəmiyyət verdiyi mə­sələlərdən biri də uşaq və gəncləri milli və mübariz ruhda tərbiyə etmək, onları xalqa, və­tənə, dogma ana dilinə bağlı, azadlıqsevər vətəndaşlar kimi yetişdirməkdən ibarət ol­muş­­dur. Göstərilir ki, jurnalda laylalar, oxşamalar, atalar sözləri, tapmacalar, süjetli mən­zu­­mələr, hekayələr və sair janrlar ləyaqətli şəkildə işıqlandırılmışdır. Əsgər Qədimov be­lə hesab edir ki, uşaq şair­lə­rin­dən Mirzə Əli Hüseynzadənin “Bulaq əfsanəsi”, Rza Or­ma­nın “Uşaq və sərbaz”, Ağçaylı Xoyinin “Tüfəng”, Firidun He­sar­lının “Qarğa ilə bülbül” adlı şeir və mən­zu­mə­lə­­ri uşaq­ların milli dünyagörüşünü formalaşdırır, eləcə də vətən dilinə məhəbbət hissi oya­dır.

Əsgər Qədimov bu bölmədə də tənqidi yanaşmadan yan keçməmişdir. Qədimov yazır ki, “H.Müəllim” imzası ilə çap olunan “Tülkü ilə qarğa” adlı mənzum hekayədə şair Mirzə Ələkbər Sabirin eyni adlı hekayəsindən istifadə etmişdir. “Lakin bu hekayənin mövzusu M.Ə.Sabirin əsərinin mövzusu ilə eyni olsa da, bədii təsvir üslubu yenidir. Yəni müəllif hekayədə M.Ə.Sabiri təkrar etməmişdir” [Bax: səh.396].

Monoqrafiyada işıqlandırılan Ağçaylı Xoyinin “Tüfəng” adlı uşaq şeiri çox ma­raq­lı detalları ilə diqqətimizi çəkdi. Şeir ata ilə uşağın dialoqu üzərində təsvir olunur. Şeirdə əsa­­sən uşağın nəcə bir vətənpərvər olması göstərilir. Şeiri oxuyan zaman görürük ki, ba­la­­ca uşaq vətəninə aşiqdir, vətənini dərin məhəbbətlə sevir. Vətənini təhlükələr içində gö­rən uşaq atasından ona tüfəng almasını istəyir.

İzin ver, dədə,

Söz deyim sənə.

Vətən xətərdə,

Tüfəng al mənə.

Tutum düşmanı,

Oda, atəşə.

Səsləyir vətən

Məni döyüşə.

Tez ol, amandı,

Yubanma, ata.

Yubansan əgər,

Baş verər xətər.

Əsgər Qədimov monoqrafiyada “Dədə Qorqud” jurnalındakı uşaq ədəbiyyatı mə­sə­­lələrini bütövlükdə tədqiq-təhlil süzgəcindən keçirdikdən sonra belə qənaətə gəlir ki, jur­­­nal bədii nəsr nümunəsi ilə də uşaqlara vətənpərvərlik və milli istiqlal ideyası aşı­la­mış­dır.

Qeyd etdik ki, monoqrafiyada işıqlandırılan prioritet məsələlərdən biri də ana dili mə­sələsidir. Əsgər Qədimov yazır ki, “jurnal bu zəruri problemlə bağlı jurnalistikanın ək­sər janrlarından istifadə etmiş, mövzu ilə bağlı tədqiqat xarakterli məqalələr, şeirlər, ta­ri­xi-publisist yazılar, oçerksayağı tövsiyələr, dilə aid dini təbliğatlar, bədii hekayələr, bə­dii pub­lisistika nümunələri, klassik şairlərdən doğma ana dili ilə bağlı fikirlər, fars şo­vi­nist­lə­rinin Azərbaycan dilinə qarşı yönəlmiş fəaliyyətlərinin ifşasına həsr olunmuş mə­qalələr və s. çap etmişdir” [Bax: səh.423].

Tədqiqatçı müəyyənləşdirir ki, Hüseyn Feyzullahi, Balaş Azəroğlu, Hidayət Hə­sa­ri, Zühuri, Hacı Əli Ətayə, Məhəmməd Fərid, Məhəmmədəli Ocaqverdi, Əsgər Mə­sud, Eloğ­lu, Məhəmməd Gəncə və başqa demokratik və milli ruhlu yazarlar Azərbaycan mil­li di­linin qədim Oğuz dili olması fikrini öz məqalə və şeirlərində əks etdirmişlər. Əsgər müəllim monoqrafiyada ana dili ilə bağlı araşdırmalarında Urmiyalı şair Məsudun “Türk elləri mənim qədim elimdir” adlı şeirini də təhlil obyektinə çevirmişdir. Şeirdə dövrün si­ya­si durumu, Pəhləvi rejiminin xalqa zidd mövqeyi, vətənə və milli türk dilinə bağlılıq mövqeyi xüsusi sevgi ilə vurğulanır.

Dilimi kəssən də danışacayam,

Öz ellərimlə mən barışacayam,

Azadlıq yolunda çalışacayam,

Türki dili mənim ana dilimdi,

Türk ellləri mənim qədim elimdi.

Yaza bilməzdim mən ana dilimi,

Pəhləvi kəsərdi mənim əlimi,

Eyləmədi tarix qəbul zülümü,

Türki dili mənim ana dilimdi,

Türk ellləri mənim qədim elimdi.

Mən Təbrizəm, mən Səlmasam, Urmuyam,

Mən Makuyam, mən Mərəndəm, mən Xoyam,

Pəhləvidən aldım intiqam, oyam,

Türki dili mənim ana dilimdi,

Türk ellləri mənim qədim elimdi.

Tədqiqatçı haqlı olaraq yazır ki, “Dədə Qorqud” jurnalının səhifələrində milli is­tiq­lal və milli dil azadlığına həsr olunmuş bu cür şeirlər ümumxalq milli intibahına yol aç­­mış, cənublu ziyalıları doğma ana dilində kitablar yazıb nəşr etdirməyə də ruh­lan­dır­mış­dır. Jurnal isə öz növbəsində doğma dildə çap olunan yeni kitabları öz sə­hi­fə­lə­rin­də rəy­lən­dirmiş və onlara qiymət vermişdir.

Əsgər Qədimov monoqrafiyada “Koroğlu” jurnalının da nəşri tarixindən, ideya-si­ya­­si və ədəbi istiqamətindən, “Koroğlu” jurnalında Azərbaycan ədəbiyyatı mə­sə­lə­lə­rin­dən, həmçinin, “Koroğlu” jurnalında Cənubi Azərbaycandakı soydaşlarımızın ana dili prob­­­­lemlərindən bəhs etmiş, tədqiq etmiş, bitkin, universal təsəvvür formalaşdırmışdır.

Əsgər Qədimov azadlıq nəğməkarı Hüseyn Feyzullahi Vahidin “Koroğlu” ədəbi jur­nalının 1979-cu ildə işıq üzü gördüyünü, ancaq jurnalın ömrünün çox qısa olduğunu oxu­­culara bəyan edir. “Koroğlu” jurnalı cə­mi üç nömrə ilə oxucularının görüşünə gələ bil­­miş və maddi im­kansızlıq üzündən bağ­lan­mış­­dır. Müəllif göstərir ki, “Dədə Qorqud” jur­nalı ilə “Ko­roğ­lu” ədəbi jurnalının mə­ramnaməsi oxşardır. Məqsəd yalnız və yalnız xal­qı oyat­­maq, istibdad və zülmün sə­bəb­lərini xalqa anlatmaq, Azərbaycan dilini və ədə­biy­­­­ya­tı­nı, onun mədəniyyətini və gözəl sə­nətlərini Azərbaycan xalqına tanıtmaq, milli si­tə­­mi və onun aradan qaldırılması yol­la­rı­nı xalqa göstərmək, bütün siyasi baxışları xalqa izah et­mək­dən ibarətdir. Məhz bu nəzəri-ta­rixi konteksdən çıxış edən Əsgər Qədimov vur­­ğu­la­yır ki, “Koroğlu” jurnalı qısa müd­dət­lik nəşri tarixində Azərbaycan xalqının milli di­lini, folklorunu, ədəbiyyat və mə­də­niy­yə­tini cəsarətlə təbliğ etmişdir.

Qələm dostumuz Əsgər Qədimov monoqrafiyada “Koroğlu” və “Qaçaq Nəbi” das­tan­larından, Azərbaycan hürufi poeziyası və onun Nəimi və Nəsimi kimi dahi nü­ma­yən­də­lərindən söz açmış, həmçinin, təhlildə özünün nəzəri mülahizələri də təsdiqini və təf­si­ri­­ni tapmışdır. Əsgər Qə­di­mov “Koroğlu” ədəbi jurnalında da nəşr olunan məqalələrə, ya­zı­lara tə­ləb­kar­lıq­la ya­­naş­mış, yazı və ya məqalələrin uğurlu cəhətləri ilə bərabər, onun bə­zi çatışmaz cəhətləri üzə­rin­də də da­yan­mış, belə demək mümkünsə polemikalar apar­mış, yazarlara irad­lar tutmuş və bü­tün bu cid­di araşdırmaların, təhlillərin sonunda ob­yek­tiv­lik və xeyirxahlıq dayan­mış­dır.

Sonda belə qənaətə gəlirik ki, professor Əsgər Qədimovun “Təbriz mət­­buat ta­ri­xin­dən: “Dədə Qorqud” və “Koroğlu” jurnalları ədə­bi-tarixi yaddaşın işı­ğın­da” adlı mo­noq­ra­­­fiyası milli maarifçiliyi və mətbuat tarixinizi öyrənmək baxımından çoxşaxəli bir təd­qi­qat əsəridir. Əsgər Qə­­dimovun zərgər dəqiqliyi ilə tamamlayıb geniş oxucu kütləsinə təq­dim etdiyi bu mo­noq­­rafiya sözün əsl mənasında qibtə ediləcək bir əsərdir. Müəllifin son­da gəldiyi nəticə, ədə­bi-pedaqoji-psixoloji mühitə gətirdiyi elmi yeniliklər nəzəri və təc­rü­bi inkişaf görüşündən mühüm millim və elmi əhəmiyyət kəsb edir.

Görkəmli kibernetik və riyaziyyatçı Norbet Vinerin mülahizələrinə görə, bü­töv­lük­də dünya elmini alimlərin 5 faizinin yaradıcılığı inkişaf etdirir, qalan 95 faiz isə elmə o qə­­dər də fayda vermir. Lakin bu 95 faiz olmasaydı, o 5 faiz də olmazdı. Filoloq alimlərin hər biri mübaliğəsiz və inamla deyə bilər ki, professor Əsgər Qədimovun ya­ra­dı­cı­lığı məhz 5 faizə aiddir.

Beləliklə, Şimali və Cənubi Azərbaycan ədəbi mühitinin tam görüntülərini ortaya qo­yan filologiya üz­rə elmlər dok­­to­ru, professor, Tərəqqi medallı Əsgər Qədi­mova hə­yat­da bəşəri nemət olan can sağlığı və yaradıcılıq işlərində uğurlar arzulayırıq.

Kamal CAMALOV,

Pedaqogika üzrə fəlsəfə doktoru,

dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

6 dəfə oxundu

Axtarış