TƏMSİL və SATİRİK ŞEİRLƏR
Müəllif: Mustafakamal İslamov


10.11.2017






SATİRİK ŞEİR

TƏMSİLLƏR



TƏMSİL

Baxma ki, dost deyillər
Xəkəndazla süpürgə
Qurtarmaq çün “zibil”dən
Daim olurlar birgə.


“KUKLA”

Sərbəst gəzməz, danışmaz
Səhnədəki “kukla”lar.
Uşaqlar da bilir ki,
Onları oynadan var.


TƏMSİL

Yersiz alışıb-qızsan
Salacaqlar tilsimə
“Soyuqbaş” olsa ütü
Alət olmaz heç kimə.


KOR

Öz həyat tərzləriylə
Örnək qarışqaları
Allah çox kiçik edib,
Rənglərini qaraltdı.
Görməmək çün bəşərin
Ədalətsiz tövrünü,
Dürüst qarışqaları
Əzəldən kor yaratdı.





QISQANCLIQ

Ev telefonu qısqanıb
Yeni çıxan mobillərə
Kəsərək, öz xətlərini
Üsyan etdi naqillərə.

Bəyənmədi keçmişini,
“Təpik atdı” ulusuna,
Heç bir şeyə yaramayıb
Düşdü zibil qutusuna.


“BİR HƏYAT HEKAYƏSİ”

Günəşin şüasını
Yerə əks etdirib Ay,
Təriflərdi özünü
Günəşə tutaraq tay:
“Mən də Günəş kimiyəm,
Gecənin işığıyam,
Adım dillərdən düşmür,
Göyün yaraşığıyam”.

Günəş bunu duysa da,
Utanıb söz demirdi.
Görürdü ki, Ay gəlir,
Üz çevirib gedirdi…


TƏMSİLLƏR

Ölçüləri artdıqca,
"Böyüdükcə" tərəzi,
Haqq-hesabda artırdı
Xəta etmək mərəzi.

***


Çəngəlin şakəri var:
Yaba tək kəsir dişi.
Amma heç vaxt olmayır
Dostu Dil ilə işi.

***

Reklam edib, haqqında
Yazdılar qalaq-qalaq.
Sonda pencək qolunda
Dəbə çevrildi yamaq.

***

Canavar məhv edirdi
Xəstə görsə hər kimi
Demə, belə olurmuş
Meşələrin həkimi.

***

Hakimliklə düz gəlir
Uzun boğaz qiyafə:
“Yuxarı”dan səsləri
Yaxşı duyur zürafə.

***

Heyvanlara sərf etmir
Ayı kimi deputat:
“Soyuq”dan yox xəbəri,
Yatır iclasda rahat.

***

Güzgü nə oyun oynar,
Nə də girər min dona.
Kim necə “üz göstərsə”,
Qarşılıq verər ona.

Soyuducu deyir ki,
“Şərt deyil saç yolasan.
Yaşatmaq üçün gərək,
“Soyuqqanlı” olasan”.

***

Təmizqəlbli Tozsoran
Oxuyub məzun oldu.
İşə başlayan kimi
İçi zibillə doldu.



“SİYASƏT”

Çərxi fələk tərsinə
dövr etmişdi bu dəfə
Boz uzunqulaq ələ
keçirmişdi vəzifə.
Atları işdən qovub,
o, çıxardı tamaşa
Harda gördü gic qoyun
çəkib gətirdi başa.
Onun bu hərəkəti
hamını edirdi mat,
Belə cavab verirdi
soruşanda camaat:
"Qoyunların içində
uca görünürəm mən,
Bilinməyir savadım
ətraf qoyunlar ikən.
Atlara rəhbər olmaq
çox çətindir, bir deyin,
Boş başımla onları
necə tabe eyləyim?"




TƏMSİL

Sürü geri dönəndə
Axsaq keçi sevindi:
"Məni bəyənmirdilər,
Birinciyəm mən indi."
Bilmirdi ki, "bəy"liyi
Bir müddətlikdir ancaq.
Sürü addımladıqca,
Hər kəs yerin tutacaq.



MÜASİR "BAYATILAR"

Kim su qatıb südümə?
Heç bişməmiş, çürüdü.
Mən bu ömrü sürmədim,
Ömür məni sürüdü.

Dağ gözünü açmamış
Duman dağı bürüdü.
Keçi yol göstərənsə,
Arxasında sürüdü.

Sən demə, yumşaq olan
Saf qızılın dürüdü,
Onu sərt eyləyənsə,
Mis - dələduz cürüdü.

TƏMSİL

Dəvə ah-zar edirdi:
"Belimin əyriliyi
mənə çox yer eyləyən
dərd deyildir" - deyirdi.
Dərdiysə başqa şeydi –
Axı şikəstliyindən
insanlar minmək
üçün istifadə edirdi...

QADASIN ALDIĞIM RÜŞVƏT

Ən mübhəm şövqü-məhəbbət
Qadasın aldığım rüşvət.
Canı coşduran hərarət
Qadasın aldığım rüşvət.

Tarixi olar minillik
Şirin ismi var - "şirinlik"
Ölünü dirildər, əlbət
Qadasın aldığım rüşvət.

Özgə idin? Dost olarsan!
Qapımı ərklə açarsan
Şübhəyə dəxi nə hacət?
Qadasın aldığım rüşvət.

Qaşıqla gor qazmaq olmaz
Kasıb aşda qazmaq olmaz
Maaşda varmı bərəkət?!
Qadasın aldığım rüşvət.

İstəsən qismətin olsun
Gərəkir mənsəbin olsun
Ən nəcib, elit cinayət
Qadasın aldığım rüşvət.

Arzuya, kama çatarsan
Dövlətə, mala çatarsan
Heç layiqmi ona lənət?
Qadasın aldığım rüşvət.




TƏMSİL

Heyvanlar görəndə ki,
tülkü yaltaqlığıyla
hər sahədə başdadı,
Şir də öz balasına
tülkünü örnək kimi
göstərməyə başladı...

TƏMSİL

Dovşanları yeyərək,
etdiyi cinayəti
gizlətməkçün canavar,
"Dovşan hüququ" adlı
bir təşkilat yaradıb,
haray saldı o ki var.
Təşkilatın önünə
şüar asdı bu sayaq:
""Qatillərə yox!" deyək,
Dovşanları qoruyaq!"

TƏMSİL

Kim gəlib vəzifəyə,
Otursaydı kürsüyə
Ona yaxın olurdu
Hiyləgər taxta qurdu.
Vəzifədə kim olsa
Qurda fərq etməz, əlbət
Ona maraqlı idi
Vəzifə kürsüsündən
Götürdüyü mənfəət.

TƏMSİL

Hamı qibtə edirdi
xaricdə təhsil alıb
evə dönən eşşəyə,
Böyük etimad edib
onu sədr seçdilər
yaşadığı meşəyə.
O, şəstlə ətrafına
demokrat dərsi keçib
hüquqdan qandırardı,
Amma işdə, əməldə
zatına sadiq qalıb
hər kəsə anqırardı.



TAPA BİLMİRƏM

Köhnə tasdır, köhnə hamam
Qarşımıza çıxır hər an
"Sərgüzəşti vəziri-xan".
Məmuru xalq üçün yanan
Dövranı tapa bilmirəm.

Dovşan şirə üstün gəlir
Hamı bilir sirri nədir :
Ölçü oğru əlindədir.
Hakimi əməli-saleh
Meydanı tapa bilmirəm.

Pendir tələyə pərdədir
Ağır güzaran çərlədir
Yaxşılıq bir gün tərlədir.
Şərbəti zəhərsiz olan
Fincanı tapa bilmirəm.

O gün düşdüm quyuya mən
"... min lənət!" çıxdı dilimdən
Dostum qazıbmış - biləndən,
Üzrxahlıq istəməyə
Şeytanı tapa bilmirəm




XİSLƏT

Hörümçək düşünürdü:
Nə olsun ki, uçmağa
Mənim qanadım yoxdur,
Uçub mənə yem olan
Həşaratlar nə çoxdur.




HARINLIQ

İşlək qarışqaların
Zəhmətlə topladığı
Malı gizli talayıb
Satdı atlı qarışqa.
Maşın aldı,ev aldı
Yamanca harınladı.
Əməyini yediyi
Zəhmətkeş qarışqanı
"Qarışqaca" saymadı.

TƏMSİL

Eşşəyin rəisi qoyulmuş dəvə
Bunu öz qanuni haqqı bilirdi.
Asılı deyildi o, rəhbərindən,
Azad düşünürdü, azad gəzirdi.

Bunu özlərinə təhqir bildilər,
Adını bu işdən biryol sildilər.
İndi də dəvəyə rəisdir eşşək
O bilir ki, layiq deyil işinə,
Belə iltifatçün əlbəttə, bişəkk,
Daim minnətdardır öz rəhbərinə.




TƏMSİL

Xoruzu dəvət edib,
Verdilər təzə qulluq
Əvəzində yondular,
Adlandı: “Yoluq quyruq”.

TƏMSİL

“Yolumu kəsdi!” – deyə
Su hey söydü kranı.
Kran nə çarədir ki?!
İnsan qatıb aranı.
TƏMSİL

Həccdən qayıdan Tülkü
Mollalığa başladı
İndi nə məclis olsa,
Süfrələrdə başdadı.
“Uyma dünya malına!”-
Baş gedir harayından.
Evi əzəmətlidir
Şəki Xan sarayından.

TƏMSİL

Polisə donos verdi
Acmış, qoca canavar.
Kirpinin arxasınca
Donquldandı o ki var:
“Soyuq silah gəzdirir,
Üstündə var yüz tiyə,
Adını da qoyubdur
“Özünümüdafiə””.






SATİRİK ŞEİR

Qəssab yalan and içib,
Müştəriyə “atırdı”.
“Dədəm, erkəkdir”- deyib,
Dişi əti satırdı.

Qoy olsun dədən erkək
Axı mən nə deyirəm?!
Bəs özün insanmısan? –
Buna şübhə edirəm.

SATİRİK ŞEİR

“Qızıl balıqdır” – sanıb,
Suya atdı çox balıq.
Satsaydı balıqları,
Alardı babat qayıq.
SATİRİK ŞEİR

Mamed tamam bezmişdi
QAİ-lərin əlindən
Dallarınca deyinir,
Od tökürdü dilindən:
“Lap qır-saqqız olublar,
Mən bilmirəm, üzləri
Dəmirdi, yoxsa ətdi?!”
Bir gün satıb maşını,
“Podxod” ilə oğlunu
Yol polisi “düzəltdi”.


XƏBƏRSİZ

Adəti üzrə arı
"ev"indən çıxıb səhər,
Yenə öz zəhmətilə
bal topladı birtəhər.
Çiçəkləri tozlamaq
missiyasını gizli
yazmışdı deyə Tanrı,
Bəsit gələn ömrünün
həqiqi mənasını
başa düşmürdü arı...


TƏMSİL

Canavar deyirdi ki,
O daha qəbul etmir
Şirin böyüklüyünü.
Bir zamanlar görübmüş
Sirkdə hobbanıb-düşən
Şirin düşüklüyünü.




TƏMSİL

Hamı bilir tülkünün
Qohumu deyil ayı,
İşləri getsin deyə,
Onu çağırır “dayı”.


TƏMSİL

Gözlərdə qalxsın deyə
Eşşək gedib CİP aldı.
Eşşəklər sürür deyə
CİP-I də gözdən saldı.


TƏMSİL

Günəş çıxmazdan öncə
Xoruz hər gün banladı
Toyuqlar elə bildi
Günəş çıxmaq banladı.


TƏMSİL

Min zəhmət hesabına
bal yığan arıların
yoxdur gündüz-gecəsi,
Yuxularına girir
vergi məmuru olan
boz ayının pəncəsi.


TƏMSİL

Gur səslə oxuyurdu:
“Mənəm göldə xan, ağa!”
Qarğa bir daş tozladı,
Səsin kəsdi qurbağa.

BİR DƏFƏ…

Qayaya salam verdim
Səs gəldi: Salam...Salam...
Salamı almayanlar
Utanıb ölmür, balam?!


PUL

Pulun faciəvi sonu
KİV-lərdə manşetə döndü:
"Atdan yıxıldı, ölmədi,
Məzənnədən düşüb, öldü".


TƏMSİL

Kənar gəzib-dolansan,
Udmaz səni bataqlıq.
Zibil üfunət yayar,
Sarsaqlarsa, yaltaqlıq.


TƏMSİL

Hində nə bir söz deyəni,
Nə də ondan səsi zil var
Xoruzun nə vecinə ki,
"Dəvədən də böyük fil var".


TƏMSİL

Yox idi bir məsləyi,
İçi boş, üzü badoş
Hamıya "yarayardı"
45 razmerlik qaloş.


SATİRİK ŞEİR

Mamedin öyünməyə
Yaman vardı həvəsi:
"Qonşu həyətdən gəlir
Xoruzumun ban səsi".

Bir gün Mamed kolluqdan
Tapdı onun başını.
Qonşu kəsib yemişdi
Xoruzunun aşını.


TƏMSİL

Xoruzdan soruşdular:
"Hamını mat edirsən.
Söylə, bunca toyuqla
Necə yola gedirsən?
Xoruz:
"Sevirəm", - deyib,
Boğazımı yırtmıram,
Sırğa, bazubənd alıb,
Yaxamı tanıtmıram".


TƏMSİL

Zooparkdan qaçan Aslan
vərdişini itirib,
nə bir ov edə bildi,
nə də bir şikar yırtdı.
Gördü acından ölür,
leş yeməkçün yenidən
qəfəsinə qayıtdı.




TƏMSİL

İnək hey düşünürdü:
“Bu quyruq nəyə gərək?
Hey anlaqsız yellənir,
Dincliyim tamam itmiş”.
Bir gün qopdu quyruğu,
Özündən razı inək
Yalnız indi anladı,
O nəyə lazım imiş...


TƏMSİL

At dedi döyüşçüyə:
“Qardaş, lap istəyirsən
Səni birbaş aparım
Meydanın ortasına.
Axı sənin yerinə
Döyüşə bilmərəm mən,
Gəl bunu anla sana!”


TƏMSİL

Qəfəsdə yatan ilan
Yem olan ağ siçanı
Tənbəl-tənbəl süzürdü.
Nə qədər ki, tox idi,
Onun hər kaprizinə
“Dəyanətlə” dözürdü.


TƏMSİL

Sonda olmasın deyə
nə yanlışlıq, nə kələk
Üzlərdəki ləkəni
göstərən güzgü özü
ləkəsiz olsun gərək!
***
Suyunu soyudurdu:
"Qızıb, sınmasın, təki".
Belə ömür sürürdü
stəkanla nəlbəki.

***
Bədəlini canıyla
ödəməliydi Zəli
Axı qanını müftə
verərdi hansı dəli?!

***
Yamanca razı idi
televizor özündən:
"Hamı məni dinləyir,
razı qalır sözümdən".
Əslində, insanların
Çox idi qınaqları.
Əfsuslar ki, TV-nin
Yox idi qulaqları.


TƏMSİLLƏR
(Həyat şahmat taxtasında)

Piyadadan dönən vəzir
Nədən güclü olur belə?
Çünki zəhmətlə yüksəlib,
Verməyibdir ömrü yelə.

***

Güclü görünsün deyə,
Şah güclü "kadr"ları
"Peşka"larla dəyişdi.
Rəqibi qarşısında
Zəif komanda ilə
Çətin duruma düşdü.

***

"Fil"lər "əyri" oynayır,
"Top"larsa sevir "düz"ü.
Vəzirin çoxdur zəhmi
Çün sirrdir yolu, fəhmi.

***

"Peşka" karyera üçün
İki xana "tullandı".
Arxadan bir səs gəldi:
"Vəzifələr pulnandı".


TƏMSİL

İynənin fəndgirliyi
ona uyan sapları
alışdırıb yaxırdı:
Salsa da dostlarını
İynə əyri yollara,
yolun sonunda özü
qüsursuz , düz çıxırdı.


TƏMSİL

Pişik meydana qoydu
Yağlı ət tikəsini.
Camaata göstərib,
Ərz etdi hikkəsini:
"Sonra söyləməyin ki,
"Ağzı çatmır", dillənir.
Yenə də inanmırsız?
Qardaş, bu ət iylənir!"




TƏMSİL

Ceyran anlasa da gözəlliyindən
Başına dərd gəlir, od ələnirdi,
Yenə hər görəndə suda əksini
Sığal-tumar çəkir, cilvələnirdi...


TƏMSİL

Sanma, alatoranların
Eynidir sifəti, donu
Biri işığa aparır,
Birinin zülmətdir sonu.

TƏMSİL

Saqqız kirşanlar çəkir,
Ətirlər çiləyirdi.
Qida kimi sevilmək,
Yeyilmək istəyirdi.

Əzib-əzib tamını,
Dadını sümürdülər.
Sonra da çıxdaş edib,
Bayıra tüpürdülər.



TƏMSİL

Odun təkcə qalmışdı
Qaranlıq odasında
Az-az tüstülənirdi
Həyatın sobasında.
Onu tək qoymamaq çün
Dost-tanışı yığışdı
Bir odunla baş-başa
Yanmaq üçün alışdı.


TƏMSİL

Meşədəki heyvanlar
Bir gün səhər yığışdı.
Hərə öz uğurundan
Bəhs edərək, danışdı.
Biri dedi:
- Diplomun ən yaxşısın almışam.
Biri dedi:
- Çalışıb, mən deputat olmuşam.
Biri dedi:
- Qalxmışam alim dərəcəsinə.
Biri dedi:
- Çatmışam rəhbər vəzifəsinə.

Tülkü gülüb, söylədi: "
- Mən alidən aliyəm
Siz sayan titulların
Hamısına maliyəm.
Soruşsaz səbəbini
Nə susub, nə danmışam:
Siz dərs oxuyan zaman
Mən pullar qazanmışam."




TƏMSİL

Baxma ki al Günəşin
Bəşəriyyət önündə
Xidmətləri çox nəhəng,
Başqa ulduzların da
Üzə çıxması üçün
Çıxıb getməsi gərək.




TƏMSİL

Başları üstə asıb,
Lampanı “nalladılar”.
Elə ki, teli düşdü,
Çıxarıb, tulladılar.


UNİTAZ

Təmir vaxtı üstünə
Qızıl suyu çəkilmiş
Unitaz sevincindən,
Fərəhindən “şişirdi”.
Amma bilmirdi niyə
İnsanların rəftarı
Nə başqa bir yön alır,
Nə də ki dəyişirdi.

634 dəfə oxundu

Axtarış