TƏRANƏ ARİFQIZI - BİLMİRƏM
Müəllif: YAZARLAR.AZ


25.02.2021



Gözümdən həsrətin elə axır ki,
İnci tək dağılır,yığa bilmirəm.
Ölmüş ürəyimin daş divarını,
Sevgiylə əridib, yıxa bilmirəm.
* * *
Ovunmaq istədim, telə dolmuşam,
Mizrabı yandırıb, zilə dolmuşam,
Elə kövrəlmişəm, elə dolmuşam,
Daha yağış olub yağa bilmirəm.
* * *
Qan damır sən dolu bəbəklərimdən,
Elə ələnmişəm ələklərimdən,
Qismətim yox imiş çörəklərindən,
Küt oldum, təndirdən çıxa bilmirəm.
* * *
Misra göyərtmişəm, şeir bitibdi,
Bir pəri könlündə şair itibdi,
Tanrının əlinə əlim yetibdi,
Neyləyim, başqa əl sıxa bilmirəm.
* * *
Çıxmazda qalmışam, əlac gəzirəm,
Sevgi dəryasında mən aç gəzirəm,
Tanrı, möhtacınam, Merac gəzirəm,
Qəlbindən başqasın yuxa bilmirəm.
Müəllif: Təranə Arifqızı

2 dəfə oxundu

Axtarış