TƏRANƏ MƏMMƏDDƏN BİR ŞEİR
Müəllif: Yazarlar.AZ


25.08.2019




Rəqibim

Səni qısqanıram mavi dənizə,
Onu məndən artıq sevidiyin üçün.
Alışa bilmirəm bu eşqinizə,
Dənizi sevgili seçdiyin üçün.

Bəs niyə onunla deyilsən bu gün?
Sənsiz mavi dəniz tənha görünür…
Axı baş əyirsən sən ona hər gün,
Ürəyin eşqiylə vurur, döyünür.

Dəniz adi deyil, bu gün başqadır,
Sənin görüşünə qaçmaq istəyir.
Bu geniş sahildə dəniz dardadır,
Dərdinə bir əlac tapmaq istəyir.

Darıxan hər ürək dönür şəm olur,
Yandıqca sahibi saralır,solur.
Dəniz darıxanda möhtəşəm olur,
Çırpınır, çağlayır, boşalır, dolur.

İçindən ah çəkib kükrəyir birdən,
Çırpır qollarını gumlu sahilə,
Sanki üz döndərir, inciyir hərdən,
Dönür bir amansız muzdlu qatilə.

Dənizi həsrətdə qoyma, amandır!
Onun fəryadına dözə bilmirəm.
Yetiş harayına, özünü çatdır!
Axan göz yaşını silə bilmirəm.

Dəniz insan deyil atıb gedəsən,
Dənizin bir dünya sevdası vardır.
Onu məcnun kimi gərək sevəsən
Dəniz sularında min ahı vardır

Bilirəm dənizin əsirisən sən,
Xeyir duanızı özüm verirəm.
Qovuş sevdiyinə! O dəniz, o sən!
Dənizin xətrinə səndən keçirəm,
Çünki… mən də onu səntək sevirəm.

Müəllif:TƏRANƏ MƏMMƏD

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

3 dəfə oxundu

Axtarış