Terrorçu...
Müəllif: Meyxoş Abdullah


16.02.2021


(hekayə)

Prezidentin qəsəbəyə səfəri gözlənilirdi. Səfərin tarixi dəqiq məlum idi, iyirmibeş avqust bazar ertəsi, saat oniki...
Ölkənin birinci şəxsini gözləyənlərdən də biri Qiyas Çələbi idi.
Qiyas Çələbi işsiz idi. Almaniyada yol mühəndisliyi sənətini oxusa da, onu heç bir yerdə işə götürmürdülər. Hara gedirdisə, dəvə nalbəndə baxan kimi ona baxırdılar. İdarələrin qapısında mürgü vurmaqdan, artıq, təngə gəlmişdi.
Prezidentin qəsəbəyə səfər etməsi xəbəri onun iş tapmaq ümidini artırmışdı. Bu müşkil işin yolunu o, prezidentlə görüşüb dərdini ona deməkdə görürdü. Amma yaxşı bilirdi ki, prezidentlə görüşmək o qədər də asan məsələ olmayacaq. Bəs, o nə etsin? – düşündü. - İşsiz olduğunu, iş axtardığını prezidentə necə çatdırsın? Bunun üçün prezidentə yaxınlaşmaq, onunla söhbət etmək lazım gələcəkdi. Buda ki, mümkün olan iş deyildi.
Qiyas Çələbi çox götür-qoydan sonra qərara gəldi ki, ən yaxşısı prezidentə məktub yazsın və məktubu da öz əliylə ona çatdırsın. Ağlına gələn bu fikri özü də bəyəndi. Bunun ən asan yolu, oturub yaxşıca bir məktub yazmaq və fürsət düşən kimi məktubu prezidentə verməkdir, - düşündü.
Gecə səhərə qədər yatmayıb məktubu axır ki, yazıb tamamlaya bildi.
Yazdıqlarını dönə-dönə oxuyub, məzmunundan tam arxayın olandan sonra, zərfə qoydu və ev ünvanını da zərfin üstündə dəqiq, dürüst göstərdi ki, onu axtaranda tapa bilsinlər.
Deyilən vaxt gəlib çatdı. Qəsəbənin böyükdən-kiciyə, ayağı yer tutan əhalisinin hamısı yolboyu düzülmüşdülər. İnsanların gözlərindəki yorğunluq, qəm-qüssə olmasaydı, deyərdin bunlar dünyanın ən xoşbəxt və bəxtəvər adamlardırlar.
Qəsəbəyə elə əl gəzdirilmişdi ki, baxanda gözlərinə inanmırdın. Bəzək ağaçları, gül kolları gətirilərək yol kənarlarında əkilmşdi. Maşınların illərdənbəri güclə hərəkət etdiyi çala-cuxur yolları bir-iki günün içində qırla elə yamaqlanmışdılar ki, qəsəbə əhli bunu allahın möcüzəsi kimi qəbul edirdi.
Kücələrin kənarındakı evlərin divarları tələm-tələsik ağardıldığından hər yer ala-bula görünürdü. Yayın qorabişirən bu ayında asfalt yolun kənarında əkilmiş gül-çiçəklər çoxlarını təəccübləndirirdi. Əslində, bu gül-çiçəklər dibçəklərdə becərdililmiş və rəhbərin gəlişi xatirinə bir günlüyə də olsa yol kənarlarında torpağa basdırılmışdı. Bunu qəsəbə sakinləri öz gözləriylə görmüşdülər.
Binaların balkonlarından prezidentin böyüdülmüş şəkilləri və onun şərəfinə yazılmış plakatlar asılmışdı. Qəsəbənin səlahiyyətli nümayəndələri, hələ dünəndən evbəev düşüb, camaata bərk-bərk tapşırmışdılar ki, sabah ailəliklə balkonlarda dayanıb prezidenti salamlasınlar. Küçəboyu düzülən adamların əllərində dövlət başcısının irili-xırdalı şəkilləri və dövlət bayrağı vardı.
Qiyas öz-özünə fikirləşdi, məktubu prezidentə çatdırmaq üçün, elə bir yer seçməlidir ki, ona mane olmasınlar. Çünki rəhbərin, az qala qəsəbə sakinlərinin sayına bərabər olan cangüdənlərinin qorxusundan ona yaxınlaşmaq o qədər də asan məsələ deyildi. Həm də, yerli məmurlar istəmirdilər kimsə onların işlərindən narazılıq etsin. Hətta, bəzi demoqoq qəsəbə sakinlərindən bir neçəsini qabaqcadan görüm-baxım etmişdilər ki, çaşıb “ağzıyırtıqlıq” etməsinlər.
Qiyas, qəsəbənin mərkəzindəki parkda qoyulmuş tribunanın yanında özünə yer seçib gözlədi. Az keçməmiş elə bir hay-küy qopdu ki, adamın lap əti ürpəşdi. Və bu hay-küy qoparan adamların arasından sürətlə ötüb kecən prezidentin avtomaşın karvanı meydanın mərkəzinə çatıb dayandı.
Qiyas kükrəyən bu insan selinin arasında ora-bura çırpılaraq, güc-bəla ilə ayaq üstə dayanırdı. Onun bir əli pencəyinin cibində gizlətdiyi məktubda idi. O, məktubun küncündən bərk-bərk yapışaraq, ora-bura boylanırdı ki, məqam tapan kimi onu prezidentə çatdırsın.
Bu dəqiqələrdə məktub ona hər şeydən üstün idi. Qiyasa elə gəlirdi ki, əgər məktubu prezidentə çatdırmasa hər şey məhv olub gedəcəkdir. Yeddiillik işsizliyin acısı, maddi sıxıntılar onu elə hala salmışdı ki, o, bu məktubu nəyin bahasına olursa olsun dövlət başçısına çatdırmalıydı. Divin çanı şüşədə olduğu kimi, Qiyasın da canı bu məktubda idi.
Tərslikdən prezident ondan bir xeyli aralıda dayanmışdı. Ora getmək üçün, ət-ətə dayanmış insanları yarıb keçmək lazım idi. Bu da çox müşkül məsələydi.
Yerli məmurlardan cərgələri gəzib, şikayət məktublarını yığanlar vardı. Amma onlar yığdıqları məktubları prezidentə vermək əvəzinə, o gedəndən sonra saf-cürük edib, bəzilərini cırıb zibil yeşiklərinə atar, bəzilərini də özləri üçün gəlir mənbəyinə çevirərdilər. Ona görə də, Qiyas məktubunu prezidentin yalnız özünə vermək qərarındaydı.
O, prezidentin gəldiyini görüb, cibində gizlətdiyi məktubunu çıxarıb, başı üstünə qaldırdı və qarşısındakı sıxlığı yara-yara irəli addımlamağa çalışdı.
Dəniz kimi dalğalanan adamların əlindən yerimək, ona çox cətin gəlirdi. Başqa çarəsi yox idi, getməliydi, lap ayaqlar altnda qalıb xurd-xəşil olsaydı da belə... O, var güçünü toplayıb bir az da irəli yeridi. Budur, prezidentlə onun arasında beş-altı metirlik məsafə vardı. - Vaxtdır, fürsəti əldən vermək olmaz!- deyə o, düşündü. Əlindəki məktubu irəli uzadıb, boğuq səslə qışqırdı:
- Cənab prezident.... bu məktubu da alın... Mən iş istəyirəm... İşsizəm...
Prezident onun nə səsini eşitdi, nə də ki, əlindəki məktubu gördü. Qiyasın səsi kütlənin səsinə qarışaraq, bir anın içindəcə əriyib yox oldu.
Elə bu vaxt mülkü geyimli bir şəxs ona yaxınlaşıb, pencəyinin yaxasından yapışdı:
- Vətəndaş!.. - deyəsən, sizin məktubunuz var?! – Verin bura, biz çatdırarıq!
Mülkü geyimli adamın bu kobud hərəkətindən acığı gəldiyi üçün, Qiyas dartıb pencəyini onun əlindən qopartdı və adamları yara-yara bir az irəli yeridi. O, elə yerdə dayanmışdı ki, prezidentlə onun arasında, artıq, iki-üç addımlıq məsafə qalmışdı. – Hə, əla məqamdır, bu dəfə fürsəti qaçırmaq olmaz, - düşündü. Məktubu prezidentə tərəf uzadaraq qışqırdı:
- Cənab prezident... bu məktubu da alı...
O, sözünü axıracan deməyə macal tapmamış, qarşısındakı adam dirsəyi ilə onun qarnına möhkəm bir zərbə ilişdirdi. Bu gözlənilməz bir zərbə idi, çünki qarşısındakı adam arxası ona tərəf dayanmışdı. O dirsəyini necə işə saldısa heç kəs, heç Qiyas Çələbinin özü də bundan xəbər tutmadı.
Ağrının təsirindən Qiyas ilan kimi qıvrılaraq yavaş-yavaş yerə çökməyə başladı.
Dalğalanan gur insan seli içində, o, elə bil, batırdı. Batdıqca da, gözlərini prezidentdən çəkmirdi. Ona elə gəldi ki, prezident də onu görür... hətta, gülümsəyə-gülümsəyə ona əl də eləyir....
O dizləri üstə yerə çökdü. Onu vuran mülkü geyimli şəxs cəld geri dönüb Qiyası qucaqladı və zorla məktubu onun əlindən dartıb alaraq, yaxınlaşan polis işçilərinə:
- Götürün onu burdan!.. – deyə əmr etdi.
Polis işçiləri bir andaca Qiyası qol-qıç edib, parkın yanında dayanmış maşınlardan birinin içinə basdılar. Maşın sürətlə oradan uzaqlaşdı.
Qiyasın ağlı başından çıxmışdı, hara aparıldığını özü də bilmirdi. Bir müddətdən sonra o, yavaş-yavaş özünə gəlib göz qapaqlarını qaldırdı. Harda olduğunu xatırlaya bilmədiyindən, yan-yörəsinə göz gəzdirdi. Ətraf sıx kol-kosdan ibarət idi. Lap uzaqlıqda, yan-yana əkilmiş palıd ağaclarının pırtlaşıq qol-budaqları közə dəyirdi.
Qalxıb oturdu. Ağrıları bir qədər ötüb keçmişdi. Nabələd yer olduğuna görə, tanış heç nə gözünə dəymədi. Bərk həyacanlanmışdı. – Niyə belə oldu?- deyə düşündü. Birdən, tez əlini cibinə soxdu. Məktub yox idi. O yumruğunu yerə çırparaq:
- Tfu, əclaflar!... Məktubu cibimdən götürüblər!- deyə acıqla yerə tüpürdü. Bir xeyli beləcə susub qaldı. Nə edəcəyini özü də bilmirdi.
-İndi nə edim, hara gedim?!- Bu lənətə gəlmiş yer haradır görəsən? - deyə o, ətrafına
boylandı. Yaxınlıqda eşidilən maşınların səsindən hiss elədi ki, bura haradırsa, magistiral yolun yaxınlığıdır. Bir azca ürəyində sakitlik tapdı. Ayağa qalxıb səs gələn tərəfə yeridi. Zənni onu aldatmamışdı, bura şosse yolunun kənarıydı.- “Demək, məni qəsəbədən xeyli kənara gətiriblər”- deyə düşündü.
Asfalt yolunun sol tərəfində meyvə bağları uzanıb gedirdi. O, yola çıxıb maşın saxlatdırdı və oturub qəsəbəyə gəldi.
Qəsəbəyə çatanda hava, artıq, qaralırdı. Bayaqkı hay-küydən əsər-əlamət belə yox idi. Elə bil, qurbağa gölünə daş atılmışdı. Asfalt üzərində kağız-kuğuz qırıntıları, qırmızı parçaların üzərinə yazılmış şüarlar düşüb qalmışdı. Axşamüstünün sərin mehi həmin kağız qırıntılarını səkinin həndəvərinə doğru qovurdu.
Qiyas Çələbi ətrafa göz gəzdirdi, o, kağız qırıntıları içərisində öz məktubunu axtardı, hansı ki, prezidentə yazdığı məktubu. Amma küçəboyu səpələnmiş bu kağız qırıntıları içərisində məktub tapmaq, bu boyda ölkədə iş tapmaqdan çətin gəldi ona. Çarəsiz qalıb evinə döndü.
Uşaqları onun yolunu gözləyirdilər. Arvadı ərini yorgun, və qayğılı görüb soruşdu:
- Nə olub sənə, haradaydın? Xata-zad çıxmayıb ki, əlindən?!
Qiyas bir söz deməyib, gözlərini döydü.
Ərinin susduğunu görən qadın əlavə etdi:
- Polis idarəsindən gəlmişdilər, səni axtarırdılar. Xeyir ola, neynirlər səni?! - Gedəndə də tapşırdılar ki, nə vaxt evə gəlib çıxsa, deyin, polis idarəsinə gəlsin, vacib iş var, - deyə arvadı təəccüblə ərinin üzünə baxdı.
Qiyas soyuqdan qurumuş boynunun ardını ovuşdura-ovuşdura: - Onsuz da sabah gedəcəkdim. Gedim görüm nə deyirlər. Həm də, baş vermiş hadisə barədə rəisə şikayət edərəm. Görüm, bu nə özbaşınalıqdır, - deyə o, öz-özünə mızıldandı.
Arvadı onun bu sözlərindən heç nə başa düşmədi. Amma cürət edib bir söz də soruşmadı.
Qiyas polis idarəsinə gəldi. Növbətçiyə ad, familyasını deyən kimi onu rəisin yanına apardılar.
Otağa girən kimi onun gözləri bərələ qaldı. Yuxarı başda, özünü kresloya yayaraq oturan adam, onu meydanda vurub yerə sərən və məktubu zorla əlindən alan həmən mülki geyimli şəxs idi. O, bu dəfə hərbi geyimdəydi.
Qiyas o dəqiqə anladı ki, bu şəxs polis rəisidir.
Rəis onu görən kimi kreslodan dikəldi və:
- Ə, sən nə oyun çıxarırdın orda?!
Qiyas, əsəblərini zorla cilovlayaraq, acıqlı-acıqlı dilləndi:
- Nə oyun cıxardırdım, prezidentdən iş istəyirdim də...
- Nə iş, ə?!- deyə polis rəisi bağırdı.
- İş də... iş... İşləmək istəyirəm, balalarım acdır...
- Verdi?!
- Nə?!.. – deyə Qiyas soruşdu.
- Işi deyirəm. Deyirəm, iş verdi sənə? Polis rəisi bağırdı.
Qiyas qaş-qabağını turşutdu.
- Qoydunuz ki!... Sizin bu hərəkətiniz barədə prezidentə mütləq teleqramma vuraçağam, baxarsız! Görün, sizin başınıza nə oyun açacağam! Onda bilərsiniz, adam döymək, insan hüquqlarını tapdalamaq necə olurmuş? Mən ölkə başçısına işsiz olduğum barədə məktub yazmışdım. Siz isə, mənimlə görün necə rəftar etdiniz? Bu hansı qanunda yazılıb? - deyə Qiyas Çələbi vəhşi heyvan kimi fısıldadı.
Polis rəisi onun bu sözlərinə əhəmiyyət verməyərək irəli yeriyib stolun üstündəki məktubu götürdü və onu Qiyasın gözıəri bərabərində tutaraq qışqırdı:
- Bu sənin məktubundur?!
Qiyas zərfin üstündəki ad, familiyasını görən kimi:
- Hə, mənim məktubumdu. Nə olsun ki?!..
- Bu məktubun içində nə vardı?! – deyə polis rəisi şişman qarnını qaşıya-qaşıya soruşdu.
- Nə olacaqdı, quruca kağız? Prezidentə yazmışdım ki, mənə iş versin.
Rəis əllərini arxasında cütləyib, şkafa söykəndi və düz Qiyasın gözlərinin icinə baxaraq dedi:
- Doğurdan?!
- Əlbəttə... Başqa nə ola bilər ki... - deyə Qiyas, arxayın-arxayın dilləndi.
- Yalan deyirsən, bizə fırıldaq gəlirsən. Sənin məktubun şübhə doğurduğu üçün, dərhal ekspertizaya göndərdik. Ekspertizanın rəyinə görə, zərfin içində zəhərli kimyəvi maddənin olduğu aşkarlanıb. - İndi səndən soruşuram, fikrin nəydi, sən nə etmək istəyirdin?!
“Zəhərli maddə” adı eşidən kimi Qiyasın dil-dodağı əsməyə başladı. Elə bil o, yuxudaymış ayıldı. Harda olduğunu indi-indi anlayırmış kimi, yan-yörəsinə boylandı.
- Siz nə danışırsını nə zəhər, nə kimyəvi maddə?! Deyəsən, indi də məni şərləmək istəyirsiniz, hə? Mən... mən belə şeyləri bilmirəm Mən mühəndisəm!.. Bildin, mühəndis!.. İş axtarıram... Eşidirsən?!.. İş axtarıram... Balalarım acdır...
Qiyas bərk əsəbləşdiyindən özünü itirmişdi. Həm də, hirsindən dil-dodağı titrəyirdi. Onun bu çaşqınlığı polis rəisinin gözlərindən yayınmadı. Qurduğu kələyin baş tutduğunu görüb, azca qımışdı. Amma ciddiliyini pozmayaraq sərt şəkildə dilləndi:
- Dayan bir görüm ə, özüvü artistliyə vurma. Mühəndisimə bir bax. Sən mühəndis deyilsən, kişi, bizə kələk gəlmə. Sən bilirsən kimsən?
- Kiməm? – deyə Qiyas gözlərini döyə-döyə onun üzünə baxdı.
- Sən... sən... Sən terrorçusan!.. Terr-rorr-çuu!.. Bildin!..
- Nəə...ə?! – deyə Qiyas Çələbi təəccübləndiyindən lap qoyun kimi mələdi.
- Nə... Terrorçu?!.. Terrorçu nədir? Mən mühəndisəm. Mənim ailəm, dörd uşağım var, onlar ac-susuzdurlar. Mən iş gəzirəm. İşləmək istəyirəm, eşidirsən? Mən daha belə yaşaya bilmirəm... Utanıram. Başa düşürsən, ballalarımın üzünə baxmağa utanıram. Sən də atasan, sənin də övladların var. Özünü mənim yerimdə hiss et, sənin balaların ac-susuz olsaydı nə edərdin? -deyə Qiyas ağladı.
Polis rəisi onun bu halına məhəl qoymayaraq:
- Sənin nə istədiyin bizə, artıq, məlumdur, narahat olma. İndi, səni elə bir işlə təmin edəcəyik ki, səhərdən axşamacan, dəvə kimi, lap nıx yerə qoyunca işləyəcəksən.
Qiyas yaman yerdə axşamlamışdı. Onun ağlından çox şeylər gəlib keçdi. Harada olduğunu indi anlayırmış kimi qorxdu. – Hələ, cibimə bir şey atmayıblarsa, buna da şükür. – Lənət sənə kor şeytan, gör başıma nə oyun gəldi... – deyə o, bərk narahat olmağa başladı. - Oturmuşdum, xarabamda qarnım ac, qulağım dinc. Mənə deyən olmadı ki, məktubla da adama iş verərlər, a səfeh. O yazıq bir görkəm alaraq polis rəisinə yalvardı:
- Xahiş edirəm məni bağışlayın, bir səfdir eləmişəm. Dedim işsizəm, bəlkə bir işdən-zaddan oldu, ona görə məktub yazdım. Bilsəydim belə alınacaq, vallah etməzdim. Dedim, bəlkə...
- Səhv yox, sən çox böyük qələt eləmisən, kişi! – deyə polis rəisi onun sözünü kəsdi. İndi ataram səni içəri, beş-on il qoyarlar belinə, sonra ağlın başına gələr. Onda bilərsən şikayət ərizəsi yazmaq nə cür olurmuş. O, bunu deyib zəngin düyməsini basdı, içəri növbətçi polis girəndə:
- Apar bu terrorçunu bas içəri, qoy ağlı başına gəlsin.
Qiyas istədi ki, nə isə desin, amma lazım bilmədi. Başını aşağı salıb susdu.
Polis işçisi Qiyasın qolundan tutub bayıra çıxartdı. Qapını örtmək istəyəndə rəis barmağının işarəsiylə onu otağa çağırdı və astaca:
- Burax o terror... Tfu... – O, əlini havada yelləyərək gülümsədi. - Ə, burax, o mühəndis zırramanı, qoy rədd olub getsin xarabasına.
... Qiyas otaqdan bayıra çıxanda sinədolusu nəfəs aldı. Eşikdə təmiz hava vardı... Havanın isti olmasına baxmayaraq bərk külək əsirdi. Külək küçəboyunca səpələnmiş kağız-kuğuz qırıntılarını havada o yan-bu yana sovuraraq yenidən yerə endirirdi. Qiyas Çələbiyə elə gəldi ki, bu kağız qırıntılarının hamısı prezidentə yazılan şikayət məktublarıdır... Külək bu cansız məktubları yerlə sürüdükcə, onlar da sahibləri kimi imdad diləyib, inildəyirdilər.




7 dəfə oxundu

Axtarış