Təslim
Müəllif: Ceylan Mumoğlu


2017-10-09 08:28:34


"Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır". (Fatir surəsi- 11)1
Lamiyə çoxuşaqlı ailənin böyük qızı idi. Xarici görünüşü ilə ətrafındakıları az qala sehrləyirdi. Saçları, füsunkar gözləri, qaşları, kirpikləri, yanaqları sanki mükəmməl bir rəsm əsərindən ilhamlanaraq yaradılmışdı. Universitetlərdən birində cəmiyyət üçün "lazımsız" ixtisasa yiyələnib müasirlik dəbi ənənəsinə sadiq qalmaqla katibə vəzifəsində işə düzəlmişdi. Gözəl xəyallar qurmuşdu özü üçün, yaraşıqlı biznesmen ər, şəhərin mərkəzində mənzil, əlavə olaraq şəhər kənarı villa, iki bahalı maşın, hər cür təmin olunmuş, ta yaşlı çağlarına qədər "neyləyim, necə edim?" dedirtməyən həyat. Bu arzuları tezliklə gerçəkləşdi. O, işlədiyi şirkətin direktoru ilə ailə qurdu. Arzusunda olduğu xoşbəxt günləri başladı. İş sonrası gəzintilər, səyahətlər, möhtəşəm gecə ziyafətləri, kafe-restoran, dostlarla əyləncə, insanlara hökm edən yaraşıqlı ər Lamiyəni başını gicəlləndirirdi. Ölkədə böhranlı dövrlərdə onların tanışları işsiz qalsa da, Lamiyəgilin ailəsini belə təhlükə gözləmirdi, əksinə bizim qəhrəmanımız daha yüksək vəzifəyə təyin olundu. Şirkət direktorunun ən yaxın köməkçisi, layihələrin inkişafı üzrə menecer, hətta şirkətin hüquqşünası oldu. Gündən-günə çiçəklənməyə başlayan Lamiyənin xarici görünüşündə xeyli dəyişiklik nəzərə çarpdı. Təbii gözəlliyi ilə yanaşı geyim, qiyafətində olan son dəbli dəyişiklik ətrafındakı xanımların ona artıq dilxor, dargöz nəzərlərlə baxmasına səbəb oldu. Onun demək olar hər bir istəyi yerinə yetmişdi. Özünü lap cənnətdəki kimi hiss edirdi. İş məsələsində hər şey ürəyincə idi.
Ailə tablosunun tamamlanması üçün isə bir təsvir çatmırdı: həyatın bəzəyi övlad. Yaraşıqlı ər istəyini bildirmişdi. Qərar verilmişdir! Ailədə uşaq doğulmalıdır! Lamiyə xəbərdən bir an şok keçirmiş kimi oldu.

- Hələ tez deyil ki? Bəlkə bir il də gözləyək, sonra uşaq olsun?

- Yox, mən gözləmək istəmirəm. Mən ata olmaq istəyirəm! Elə valideynlərim də nəvə görmək istəyirlər.

- Heç bilmirəm ana olmağa hazıram ya yox, belə bir məsuliyyətə tam hazır olmaq lazımdır.

- Sən mənim canım, katibə zamanlarındakı nazlanmağı qoy bir kənara, artıq uşaq deyilsən ki. Həmin qərardan sonra cütlüyün uşaq üçün dəfələrcə etdikləri cəhdlər boşa çıxmağa başladı. Lamiyə heç cür hamilə qala bilmirdi. İş o yerə çatdı ki, gənc ailə müayinə üçün tibb mərkəzlərindən birinə getdi. Hər ikisi üçün təhlillər, testlər, lazımi tədbirlər görüldü, nəticə olaraq Lamiyədə immunoloji sonsuzluq aşkar edildi. Həkimlər müalicəyə ümid bəsləməyi tövsiyə etdilər. Ancaq müəlicələr heç bir müsbət nəticə vermədi. Lamiyənin xoşbəxt günlərini sıxıntılı günlər əvəz etdi. Yaraşıqlı əri də yavaş-yavaş ondan uzaqlaşmağa başlamışdı. Evə gec gəlir, işdən sonrakı zamanı dostları ilə restoran, kafelərdə keçirir, sərxoş olana qədər içki içib sonra evə qayıdırdı. Gec saatda bu halı ilə yoldaşının üzünə belə baxmadan yatağına yıxılıb yatırdı. Lamiyə bütün bunlardan dəli olmaq dərəcəsinə çatmışdı. Həm mütəmadi olaraq davam edən müalicələr, həm də ailə həyatında baş verən dəyişikliklər bədəninə batan tikanlar kimi onu incidirdi, üstəlik ana ola bilməyəcəyi fikri depressiya halı yaratmışdı. Səssiz qalmağı seçdi. Axı problem onda idi, yoldaşı isə durmadan uşaq istəyini dilə gətirməkdə davam edirdi. Amma bu cür istəksiz həyat sürə biləcəkdimi? Lamiyə sonsuz qadınların çəkdiyi daxili iztirabları dərindən anlamağa başlamışdı. Artıq xoşbəxtlik anları geridə qalmışdı. Çılğınlıq, coşğunluq, həyatsevərliklə dolu olan Lamiyə birdən-birə boşluğa düşmüşdü. Elə bir boşluq ki, onu ümidsizlik, çarəsizlik dolu bir quyuya çəkirdi. Bircə ümidi yaraşıqlı ərinin ona olan sevgisinə qalmışdı. Tam əmin olmasa da, yeganə təsəllisi bu fikir idi. Və günlərin bir günü gözlədiyi bədbəxt xəbəri aldı. Yaraşıqlı ər uşaqları olmadığı üçün boşanacağını bildirdi. Bu an sonsuzluq əzabı çəkən qadınlar üçün ən faciəvi anlardan biridir. Onlar özlərini yamyaşıl, bar verməyən bir ağac kimi hiss etməyə başlayırlar. Bütün əzaları yerində olan, heç bir işə yaramayan aciz, şikəst bir "xəstə"-yə çevrilirlər. Ətraflarına bunu hiss etdirməmək üçün simalarına yalançı bir "səadət" ifadəsi qondururlar. Sonsuzluq hissindən yaranan natamamlığına bir də ailə bağlarına son verilməsi hadisəsi əlavə olunursa, bədbəxtlik ikiqat artır.
Lamiyə yaranmış vəziyyətin ağırlığını anlayaraq yaraşıqlı əri ilə haradasa yalvarıcı tərzdə danışmağı sınadı. Heyhat! Bu cəhd də boşa çıxdı. Bu cür asanlıqla məğlubiyyətinə təslim olmaq istəmədi, müalicəni davam etdirmək üçün bir müddətlik zaman və səbr xahiş etdi, yaraşıqlı ər könülsüz bu son xahişə razı oldu. Lamiyə daxilində yoldaşının bu qərarına, ondan asanlıqla belə vaz keçməsinə əsəbiləşsə də, yenidən xəstəxananın yollarında var-gəl etməyə başladı.

Müalicə aldığı klinikada nurani üzlü yaşlı bir həkim vardı. O, hər dəfə xoş nəzərlərlə Lamiyəyə diqqət kəsilirdi. Lamiyə bunun fərqində deyildi. Son zamanlar heç kimə baxmırdı, heç nə ilə maraqlanmırdı da. Depressiya halı üst hədlərə çatmışdı. Güzgüdə özünə baxanda vahimələnmişdi. Əvvəlki görünüşündən əsər-əlamət qalmamışdı. Bəzi qorxu fimlərindəki kimi sanki bir il içində yaşlanıb qoca qarıya dönmüşdü . Müalicələrin aqibəti yenə də ürəkaçan olmadı. Bu halı ilə boşanma işlərini könülsüz, səssizcə yekunlaşdırırdı. Bədbəxtliyini qəbul etmişdi artıq. Yaşamaq həvəsi itmişdi. Son bir çarə kimi əri ilə danışıb yola gətirməyə cəhd etdi. Ona ailə münasibətlərini qoruyub saxlaya bilmələri üçün uşaq evindən uşaq götürüb saxlamağı təklif etdi.

- Əzizim, mənə qarşı necə belə qəddar ola bilirsən? Bu qədər zaman ərzində bizi bir-birimizə bağlayan heç bir tel olmayıbmı? Bəlkə uşaq evindən uşaq götürüb saxlayaq? Nə çox mənim kimi ümidsizlər, məgər çarə elə boşanmaq olmalıdır?

- Lamiyə, bu haqda da düşünmüşəm. Təklifini qəbul edə bilmərəm və səni məyus edəcəyəm. Təəssüf ki, mən başqasının uşağını istəmirəm. Öz belimdən gələn uşaq olmalıdır nəslimdə.

Yoldaşı bu ifadələrindən özü də utandı.

- Əlbəttə, necə də asandır sənə bu cür danışmaq! Səni məyus edəcəyəm! Məni onsuz da həyat məyus etdi, səndən bir ümid gözlədiyim də yoxdur, sadəcə son bir çarə olaraq yoxlayım dedim.

- Cavabımı bilirdinsə, təklifini də etməməli idin!

- Səninki budur ki, elə bu cür yıxıl, öl, Lamiyə! Sevgi də boş şey imiş! Dərd bölüşməyin bir mənası yoxdur, çünki sənin gözündə şikəst kimi bir şeyəm artıq!

- Yetər artıq, yenidən başlama! Bu söhbətin nə ilə bitəcəyini ikimiz də yaxşı bilirik.

Yaraşıqlı ər son sözünü deyib əsəbi halda bir güllə kimi evdən çıxdı.

Lamiyə divana əyləşib kədərli-kədərli başını arxaya dayadı. Televizorda verilişlərdən birində Cavanşir Quliyevin "Tənha qadın" mahnısı səsləndirilirdi. Bu musiqi onun bütün ruhunu sızlatdı. Beynində iki qərar qarşı-qarşıya durdu. Ya valideynlərinin yanına qayıdıb istəmədiyi, əzablı həyata davam edəcəkdi, ya da intihar edib bu həyatdan rədd olub gedəcəkdi. Xəstəxanaya getməyi də kəsdi, çünki mənasız hesab edirdi. Oturduğu yerdə dizlərini qucaqladı, başını dizlərinin üstünə qoyub için-için ağladı. Mahnı hələ bitməmişdi, "Sınaqlardan necə keçdin, sınaqlardan necə keçdin? Nələr gördün, nələr çəkdin? Tənha qadın, susma danış..."

Lamiyənin müalicəsinin başa çatmadan xəstəxanaya gəlməməsi yaşlı həkimi nigaran qoymuşdu. O, ətrafındakı bütün insanlara qarşı bu cür təşvişli və diqqətli idi. Uzaqdan-uzağa onlarla danışmasa belə, müşahidələri ilə daxillərində tüğyan edən hallarından agah idi. Allaha olan sonsuz sevgisi və layiqli ibadəti ilə dünyanın xeyirxah insanlarından birinə çevrilmişdi. Gecikmədən xəstə Lamiyənin qeydlərinə nəzər saldı, oradan telefon nömrəsini götürüb zəng etdi.

- Salam, Lamiyə xanım. Sizi narahat edən müalicə aldığınız xəstəxanadan olan həkimlərdən biridir. Müalicənizi niyə davam etdirmirsiniz, hər şey qaydasındadırmı?

Lamiyə gözlənilməz zəngdən təəccübünü gizlətməyə çalışsa da, titrək səslə cavab verdi:

- Artıq müalicəyə davam etməkdə bir lüzum görmürəm. Müalicəmi bitmiş hesab edirəm, sənədlərimi də bağlaya bilərsiniz.

- Lamiyə xanım, bu cür olmaz. Siz xəstəxanaya gəlməlisiniz. Üstəlik də test nəticələriniz haqqında yeni məlumatlar öyrənmişik ( Bu məlumat doğru deyildi).

Yaşlı həkim belə yalanlardan çox danışmışdı. Məqsədi çıxılmaz durumda olan insanlara kömək etmək, onları düşdükləri qaranlıq çuxurdan dartıb çıxarmaq, ümidsizliyə qapılmalarının qarşısını almaq idi. Həyat təcrübəsindən bilirdi ki, belə yalanları yaxşılıq üçün danışdığına görə bu kimi hallarda ümumi dürüstlük qaydalarda istisnaların faydası olur.

- Nə məlumatlardır, zəhmət olmasa, telefonla deyin, heç yerə çıxmaq həvəsində, istəyində deyiləm.

- Telefonla uzun-uzadı izah etməyə vaxt yoxdur, həm də digər xəstələrim gözləyir. İstəyirsiz, iş saatım bitdikdən sonra sizinlə görüşüb ətraflı danışaram bu barədə.

Lamiyə bir qədər duruxdu. Görüşmək? Bəlkə, doğurdan da, ümid yeri var hələ? Bu həkim kimdirsə, mənə kömək etməkdə israrlıdır. Görəsən, yoxlayım? Amma bu gedişim son olacaq, əgər yenə düzəlməsə, bir də müalicə üçün xəstəxanaya ayaq basan deyiləm!

- Yaxşı, o zaman axşama qədər.

Axşamüstü Lamiyə və yaşlı həkim planladıqları çay evlərindən birində görüşdülər. Lamiyə həyəcanla həkimin ona açıqlayacağı test nəticələrindəki yeniliklər haqqında danışmasını gözləyirdi. Həkim özünəməxsus aramla söhbətə başladı. Ümumi Lamiyənin durumu haqqında danışdıqdan sonra uydurduğu yalanı təkrar edərək test nəticələrinə ümidlə baxmağı və müalicəyə davam etməyi məsləhət gördü. Bunun ardınca bir neçə ümidverici real xəstə hekayələrini də danışmağı unutmadı. Lamiyə həkimin söhbətindən o qədər tilsimlənmişdi ki, ağzını açıb bir kəlmə də danışa bilmirdi. İlk dəfə idi ki, belə səmimi və təsirli insanla rastlaşırdı. Bu cür insanlar barədə o kitablarda oxumuş, filmlərdə izləmişdi. İndi isə belə biri real həyatında, qarşısında oturmuş və köksündən gələn işığı ümidsiz və çarəsiz birinə ötürməklə məşğul idi. Lamiyə həkimin hikmət dolu söhbətindən sonra doluxsunmuşdu. Ağlamamaq üçün mütəəssir baxışlarını ətrafa yayındırırdı. Söhbətlərinin sonunda müalicəsini davam etdirəcəyinə söz verdi. Həkim də ona müqəddəs kitab Qurani-Kərimdən iki ayə oxudu və mənalarını başa saldı. 2
Bir neçə ay sonra Lamiyənin solğun və kədərli üzü dəyişmişdi. Qəlbi sevinc və inamla dolmuşdu, siması xoşbəxtlik saçırdı. Onun həyata baxışını dəyişən həkim vasitəsilə Allahı tanımağa, namaz qılmağa başlamışdı. Artıq dərk etmişdi ki, Zumər surəsi, əlli üçüncü ayədəki "Allahın rəhmindən ümidinizi üzməyin", nə deməkdir, artıq anlamışdı ki, Əhzab surəsindəki qırx üçüncü ayədə deyilən "Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur",3 fikrinin mənası nədir. Lamiyə ona yaxından kömək edən, könlünü, ruhunu fərahladan yaşlı həkimə minnətdar idi. Çünki, onun vasitəsilə özü üçün vacib olan həqiqəti öyrənmişdi. "Bir qapını bağlayan Allah, digərini açar".

Lamiyənin gündəlik ibadətləri və Allaha duaları cavabsız qalmadı. Yoldaşı başqa biri ilə evlənə bilməmişdi, çünki Lamiyəni sevirdi, ürəyi ilə bacara bilmirdi, onu itirmək istəmirdi. Elə Lamiyə özü də yoldaşını böyük məhəbbətlə sevirdi. Könlü qırılsa da, onu unuda bilməmişdi. Bu səbəbdən onlar yenidən talelərini birləşdirdilər. Lamiyə yoldaşının təkidi ilə yeni müalicəyə başladı. Bu dəfə daha inamla, daha ürəklə gedirdi müalicələrə. Bir neçə aydan sonra Lamiyə və yoldaşı nəhayət ki, şad xəbəri aldılar. Lamiyə hamilə qalmışdı, onların körpələri doğulacaqdı. Həmin anda Lamiyənin sevincinin həddi yox idi, az qala ürəyi yerindən hoplayıb çıxacaqdı. Bu qədər uzun sıxıntı və əziyyətlərdən sonra ilk dəfə idi ki, könüldən sevinirdi. Allahın varlığını ilk dəfə yaşlı həkimin məsləhətləri zamanı hiss etmişdi, indi isə möcüzəli xəbəri alarkən bir daha yenidən hiss etdi. Söhbətlərinin birində Lamiyə yoldaşına Fatir surəsinin 11-ci və Fussilət surəsinin 47-ci ayəsini izah etdi. 4 Yoldaşı səssizcə başını Lamiyənin çiyinlərinə söykəyib sevincindən ağladı. O gündən sonra Lamiyənin yoldaşı da imana gələrək Yaradana özünü təslim etdi.
_____________________________________________________________________________

1. Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da ancaq Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır. (Fatir surəsi- 11)

2. Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman - 22)

Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə - 112)

3. Allahın rəhmindən ümidinizi üzməyin. (Zumər- 53)

Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. (Əhzab-43)

4. O Saat haqqında bilgi yalnız Ona məxsusdur. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir dişi hamilə olmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz. (Fussilət- 47)

6 dəfə oxundu

Axtarış