TƏZAD
Müəllif: Zaur USTAC


2018-06-11 17:08:48




Dünyanın işində nizama bax ki,
Bir anın ötməsi yaşadır bizi,
Bir an ötür, Günəş doğur,
O, batmağa tələsir...


Bir an ötür,
Mən səndən bir an da uzaqlaşıram,
Eyni zamanda yaxınlaşırıq...
Ən adi misalı seyr elə, Dilbər!
Ağac kökləriylə sorub torpaqdan,
Kiçik bir zərrəni çəkir budağa,
O zərrə torpaqdan uzaqlaşırmı?
Uzaqlaşırsa da, həm yaxınlaşır...
Budaqdan yarpağa keçən zərəcik,
Yarpaqla torpağa enəcək, Gülüm...


Əslində yaşayış bax elə, budur,
Əzəldən cızılmış çevrə cızırıq...
Həyat bu dövrədən ibarətdi, bil...
Nə sən məndən inci,
Nə mən kövrəlim,
Həyat davam edir, biz hərəkətdə...


Anlar ötdükcə yaranan günlər,
Bizi həm ayırır,
Həm qovuşdurur.
Demə, ötən günlər ayırır bizi,
Bu mümkün deyil, ola da bilməz!
Dünyanın nizamı elədir, Gülüm;


Cızılmış çevrədə fırlanırıq biz,
Bir vaxt gördüyümüz nöqtəni inan,
Fırlanıb haçansa görəciyik biz...
Biz ötüb keçəndə arxada qalan,
Bir zaman qarşıda dayanacaqdır,
İndi öz rəngini itirən anlar,
Bir vaxt öz rənginə boyanacaqdır...

Bakı - 1996.

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

“MƏHDUD HƏYATIN MƏCHUL DÜŞÜNCƏLƏRİ” kitabından.

3 dəfə oxundu

Axtarış