Tüstülən...
Müəllif: Mükafat Yaqub


2017-11-18 16:45:08


Mükafat Yaqub
Tüstülən...
Uca Savalanın zirvəsində qar,
Həsrətin tüstüsü təpəmdən çıxar,
Qüssədən inləyir sinəmdəki tar.
Tüstülən, tüstülən, tarım, tüstülən,
Zirvədə qarıyan, qarım, tüstülən.

Arazdan boylanan Səttar vur, deyir.
Şəhriyar vur deyir, Sərdar vur deyir,
Qəzəbdən Şah babam zəncir çeynəyir.
Tüstülən, tüstülən, zorum, tüstülən,
Qartalım tüstülən, sarım, tüstülən.

Qaldı Qarabağda, varımız qaldı,
Dərmədik, ağacda barımız qaldı,
Şəhidlər qanından torpaq qızardı.
Tüstülən, tüstülən varım, tüstülən,
Şəhidlər uyuyan gorum, tüstülən.

Vətənə əyilən başa xar, demə,
Düşmənə atılan daşa ar, demə,
Qürbətə çevrilsə, yaşayar demə,
Tüstülən, tüstülən arım, tüstülən,
Şuşada bülbülüm, xarım tüstülən.


Yarı o taydayıq, yarı bu tayda,
Ahu-zar etməkdən yoxdur bir fayda,
Dünyanı alarıq indi bu sayda.
Tüstülən, tüstülən, zarım, tüstülən
İmdada yetməyən yarım, tüstülən...

Mükafat Yaqubov.

10 dəfə oxundu

Axtarış