Üç güllə 1-ci hissə
Müəllif: Ülvi Hüseyn


2018-09-16 09:10:06



Təcili yardım maşınının uzaqdan eşidilən sirenası Teymur həkimi yerindən qaldırdi. O dərhal tibb bacılarına yaxınlaşdı:
-Qızlar, hazır olun, ağır xəstə gəlir, yəqin ki, suda boğulma olacaq. Arzu, sən oksigen verilmə sistemini yoxla, Esmira, sən reanimasiya zalına tam nəzarət elə, Mələk sən artıq qapıları aça bilərsən.
Qızlar dərhal hər kəs öz tapışrığının dalınca yüyürdü.
-Naba xanım, Siz isə sanitarlara nəzarət edin, hər şey hazır olmalıdır, dərman şkaflarına bir də baxın.
Artıq neçə illərin təcrübəsi bu gənc komandanı yüksək mənada professional etmişdi. Əlbəttə ki, bu işlərin başında Teymur həkim özü dayanırdı. Bir neçə il əvvəl bu yeni xəstəxana tikilib istifadəyə veriləndə kadrlar məsələsi baş həkim Ənvərzadəni çox narahat edirdi. Ona görə də Səhiyyə Nazirliyinə müraciət edərək şəhərin ən yaxşı mütəxəssislərini bura dəvət etmişdi. Ənvərzadəni yaxşı tanıyan həmkarları məmnuniyyətlə onunla işləməyə razılıq vermişdilər. Hər biri də öz sahəsində, daha dəqiq desək öz şöbələrində yeni avadanlıqlara mükəmməl yiyələnmiş, çox gözəl professional komanda toplamış və bir sanballı xidmət sistemi yaratmışdılar.
İlin yay fəsli olduğundan Teymurun gümanı düz çıxdı. Adətən yay aylarında məşhur Qumlu çimərliyinə çox adam gəldiyindən mütləq hər gün 1-2 suda boğulma halları baş verirdi. Yerli sakinlər bunu çimərliyin bu hissəsində tək-tək burulğanlar olması ilə izah edirdilər. Havalar küləkli olanda hündür dalğalar bəzi naşı üzgüçüləri öz ağuşuna alıb suların dərin məcrasına qərq edirdi. Bəzən elə gözlənilməz faciələr baş verirdi ki... Ötən il toya hazırlaşan gənc ailə cütlüyü də belə bir hadisəyə uğramışdılar, düzdür onları xilas etmək mümkün olmuşdu, amma suda çox qaldığından, klinik ölüm keçirmiş gələcək bəyin dərin beyin problemləri meydana çıxmışdı. Dərin beyin komasından günlər sonra özünə gələn oğlan gələcək həyat yoldaşını xatırlaya bilmirdi. Öncə anasını tanımışdı. Sonra yavaş-yavaş başqa qohum və dostları xatılaya bilmişdi. Lakin gələcək xanımını heç cür tanıya bilmirdi. Müalicəni Almaniyada davam etdirməyə getmişdilər.
Teymur bu hadisəni ani olaraq xatırlayaraq, reanimasiya şöbəsindən qəbul şıbəsinə tərəf keçdi. Cəmi 14 addım idi bu məsafə, amma bu addımlar bəzən bir göz qırpımında qət edilmişdi, bəzən isə sanki bir marafon məsafəsinə çevrilirdi, xüsusən ümidsiz xəstənin adamlarına məlumat verməyə çalışanda adamın ayağı dalınca gəlmirdi.
Elə də oldu, xəstə suda boğulmuş yaşlı bir qadın idi, çimərlikdə növbə çəkən təcili yardım karetası xilasedici dalğıcların sudan çıxartdıqları qadını dərhal xəstəxanaya çatdırmışdılar.
Xəstə təcili yardım karetasından birbaşa reainimasiya zalına verildi, dərhal tibb bacıları öz işlərinə başladılar, ilk növbədə intubasiya edib daimi oksigeni təmin etmək və monitorda ürək fəaliyyətinə nəzarət edərək damar daxilinə köçürmələrə başlamaq lazım idi. Marat doktorun komandası bir-birlərini danışmadan da başa düşürdülər, amma yenə də rəhbərlərinin qısa şəkildə verilən əmrləri izlənilirdi.
Xəstə ilə bərabər reanimasiya zalına bir gənc qadın da daxil oldu, baxmayaraq ki, tibb bacıları və sanitarlar onu saxlamağa cəhd etsələr də , demək olar ki zorla içəri soxuldu. Belə anlarda bü cür detallara çox fikir verməyən Teymur doktorun üstünə gələn bu xanım “Anamı sağaldın, o yaşamasa hamınızı məhv edərəm!” deyərək qışqırmağa başladı . Diqqəti xəstədə olan həkim otəri başını çevirərək “Xanım, mane olmayın, zəhmət olmasa, bayıra çıxin” dedi.
-Nə bayıra, tez elə, nə lazımdır eləməlisən, dayanma, de görüm necədir anam?
-Xanım, sakit olun, mane olmayın bizə, görürsüz ki, işləyirik. Bayıra çıxın, lütfən.
Teymur üzünü sanitara tutdu:
-Xanımı bayıra çıxardın.
Gənc xanım ona yaxınlaşmaq istəyən sanitarı necə itələdisə, yazıq qadın tirtap yerə sərələndi.
-Siz ağ elədiniz, xanım , çıxın bayıra, mane olmayın! Qızlar, biriniz qəbul şöbəsindən həkimlərdən birini çağırın bunu bayıra çıxartsın, belə olmaz.
Çimərlik geyimində gələn bu xanımın əlində kiçik bir çanta da vardı. Bir anda çantanı açaraq içərisindən kiçik bir tapança çıxartdı.
-Sizlərlə deyəsən başqa cür danışacam, yaxın gəlməyin mənə, anama bir şey olsa hamınızı öldürəcəm.
Tapançanı görən tibb bacıları dəhşətlə qışqırdılar, amma Teymur təmkinin saxlamağı bacardı.
-Xanım, axı siz bizə mane olursunuz, biz onsuz da hər şey edirik, bu qızları qorxutmaq nə lazım, sakit olun, lütfən.
-Mən heç nə bilmirəm, deyin necədir anam, yaşayacaq yoxsa yox?
-Axı imkan vermirsiniz bir baxaq görək necədir vəziyyət? Çəkilin kənara indi deyərəm sizə necədir vəziyyət.
Monitor artıq qoşulmuşdu, oksigen də daimi ağ ciyərə birbaşa verilirdi. Göstəricilər ağır vəziyyət olduğunu bildiridi, ürəyin fəaliyyətini təcili yardım briqadası bərpa etsə də , çox zəif vururdu. Dərhal Teymur həkim dərman təyinatlarına başladı. İri venalardan sürəkli şırnaqla kardiotoniklər, hormonlar yeridildi.
-Mən sizə demədim kimdir xəstə, o mənim anamdır.
-Xanım , bunu bildik də, lütfən qışqırmayın.
-Yox , bilmədiniz, məni hamı tanıyır, nazirlər mənim önümdə tit-tir əsir , mənim anam ölməməlidir.
Düzdür, gənc xanım əlində tapança çox isteriya göstərsə də, yarıçılpaq çimərlik geyimində olsa da , hərəkətlərindən çox hökmlü və iddialı olduğu bilinirdi.
Bu arada reanimasiya zalında baş verənləri sanitarlardan biri qəbul şöbəsindəki həmkarlarına, həmçinin eləcə də xəstəni gətirən və oturub xəstənin kimliyi haqqında özünü qızı kimi qələmə verən gənc xanımdan məlumat gözləyən təcili yardım karetasına bildirdi. Tapança ilə təbibləri hədələyən xanım haqqında polisə xəbər vermək lazım idi, çünki, bir hadisə baş versə, faciəli sonluqlara gətirib çıxarda bilərdi. Polis bölməsi xəstəxanaın yaxınlığında 150 metr məsafədə yerləşirdi, növbətçi qrup 3 dəqiqəyə özünü yetirirdi.
İndi də belə oldu, lakin bütün operativ qrupun yox, komandirin içəri daxil olması məsləhət idi, həkimlər hədə-qorxu altında da olsalar işlərini davam etdirdilər, çox adamın içəri girməsi mümkün deyildi.
Yaraqlı-yasaqlı polis zabitini görən gənc xanım nəinki qorxdu, əksinə silahı polisə birbaşa tuşlayaraq :
-Sən hardan gəldin, səni kim çağırdı bura, çıx mane olma, - deyə bağırdı.
-Xanım, lütfən silahı aşağı salın və bayıra çıxın, siz həkimlərə mane olursunuz, onları qorxudursunuz.
-Mən nə etdiyimi yaxşı bilirəm, mənə ağıl vermə, özün çıx bayıra. İndi sənə başa salaram mən kiməm , niyə belə edirəm. Admirala xəbər ver, 111-ə, de ki, Gülya xanım bizi qorxudur.
Admiral və 111 sözünü eşıdən polis zabitinin rəngi dəyişdi. Bu Baş Polis Departamentinin rəhbər şəxslərindən birinin az adama məlum olan gizli parolu idi.
-Xanım, anladım, sadəcə gəlin mane olmayaq həkimlərə, lütfən çıxaq bir kənara.
-Nə deyirsən, mənə ağıl öyrətmə, bu mənim həyatımdır, anamdır, onsuz mən heç nəyəm.
İşləsinlər, amma anama bir şey olsa hamısını güllələyəcəm. Anamsız heç kimin yaşamağını istəmirəm, elə özümün də.
Bu zaman Teymur artıq aparılan proseduralara nəzarətdən başını qaldıraraq xanıma baxdı. İlk dəfə fikir verməsə də, indi xanım ona tanış gəlməyə başladı. Amma yenə də tanımadı.
-Xanım, siz bizə mane olursunuz, belə getsə siz səbəb olacaqsınız gözlənilməyən hallara.
-Sənin nazirin mənim yanımda danışmağa izin istəyir, mənə ağıl öyrədirsən? De görüm necədir vəziyyət, çıxa bilərmi vəziyyətdən, bir şey olsa sən onun yerində uzanacaqsan.
Həkimləri qorumağa gəlmiş polis zabitinin bayıra çıxması ilə daha da stressə düşən tibbi komanda dəhşətli vahimə ilə bir gözləri Gülya xanımda, bir gözləri isə xəstəyə baxırdılar. Lakin Teymur bu vəziyyətin çox davam edəcəyinə yol verə bilməzdi. Digər bir tərəfdən də belə stress xəstəni nəzarətdə saxlayan tibb işçilərinin çaşqınlığına, səhv edə biləcəklərinə və xəstənin ölümünə gətirib çıxara bilərdi. Odur ki, kəskin hərəkət etmək lazım idi.
Teymur xanımın üstünə tərəf yeridi:
-Çıxın bayıra deyirəm sizə, belə işləmək olmaz! Qızlar çaşıb səhv edə bilərlər. Ananız yaşayacaq, mane olmayın onu sağaltmağa , yoxsa günahkar siz olacaqsınız!
-Yaxın gəlmə, atəş açaram, öldürərəm səni, mən burdan çıxmayacam, anam ayılmayanacan, bir adam da tərpənməsin.
-Atəş açsanız , ananız yüz faiz oləcək, çünki güllə oksigen sisteminə dəyə bilər, partlasa hamımız öləcəyik. Çıxın bayira deyirəm sizə.
-Yaxın gəlmə dedim sənə, vuraram səni!
Teymur hədəyə baxmayaraq geri çəkilmək istəyən Gülya xanıma yaxınlaşdı, tapança tutan sağ əlini aşağı saldı, ehmalca qicaqlayaraq bayıra tərəf aparmağa çalışdı. Teymurn bu cürətli hərəkəti sanki Gülyanın coşqusunu sındırdı, bir anlığa onun sifəti qəribə bir ifadə aldı, elə bil ki, bir anlığa hökmlülük sifətindən silindi. Amma birdən yenə də Teymurun əlini kənara itələyib, -Toxunma mənə, sən nə cürət edirsən mənə toxunursan? – deyə qışqırdı. Teymur daha da sərt hərəkətlə onu qucaqlayaraq qapıya tərəf dartdı, “ Gəlin gedək mənim otağımda əyləşin, su için, özünüzə gəlin, bizə də mane olmayın!” dedi. Artıq bu dəfə Gülya xanım Teymura müqavimət göstərmədi , birdən hönkürərək “anama bir şey olsa , özündən küs” deyərək ona tabe oldu. Teymur onu buraxmayaraq öz otağına apardı, divanda əyləşdirərək , qrafindən su tökdü:
-İçin sakitləşin, burda əyləşin. 10 dəqiqədən bir özüm gəlib sizə məlumat verəcəm. Tapancanı da bura verin, əlinizdən xata çıxmasın.
Təəcüblü olsa da, Gülya xanım Teymura dinmədən tabe oldu, tapançanı da dinməzcə ona verdi.
-Bu telefon daxili telefondur, yoxsa şəhər telefonu?
-Şəhər telefonudur, amma alın mənim mobil telefonumu, hara istəyirsiniz zəng edin, mən gedirəm ananızın yanına , müalicələri davam etdirək, siz isə burdan heç yana çıxmayın, telefonumun ekran kodu 0303 –dür. Nə qədər istəyirsiz zəng edin. Amma biz tərəfə gəlməyin, mən tez-tez gələcəm, məlumat verəcəm.

12 dəfə oxundu

Axtarış