Üç güllə 2-ci hissə
Müəllif: Ülvi Hüseyn


2018-09-16 09:11:22


Gülya xanım artıq ağlamağını da dayandırmışdı, hıçqıraraq telefonu aldı, kodu açıb zəng etməyə başladı. Teymur doktor isə tapancanı qapıda dayanan polis zabitinə verərək, yenidən reanimasiya zalına girdi. Ağır şok yaşayan qızlar bir az özlərinə gəlmişdilər, amma sifətləri ağappaq idi. Müalicə davam edirdi, xəstənin monitordakı göstəriciləri sabitliyə doğru gedirdi.
İndi əsas məsələ ürək fəaliyyəti tam bərpa olandan sonra beyin funksiyalaının bərpasına nail olmaq idi. Hipoksiya vəziyyəti yaşamış beyin hüceyrələri cətinliklə də olsa bərpa olunmalı idilər. Teymur müalicə təyinatına əlavələr etdi, qızlar dərhal yerinə yetirməyə başladılar. Bir daha yenidən monitorda ürək fəaliyyətinə diqqət yetirdi, vəziyyət ağır olsa da sabitləşmə müşahidə olunurdu. İkinci reanimatoloq da özünü yetirmişdi, demək olar ki, xəstədən aralanmırdı, həm monitora diqqət edir, həm də tibb bacılarının işinə nəzarət edirdi.
Teymur öz otağına, Gülya xanımın yanına qayıtdı, Gülya bir əlində su stəkanı , digərində isə Teymurun telefonu ilə kiminləsə danışırdı. İçəri girən həkimi görcək, - “Budur, özü də gəldi, soruş gör necədir vəziyyət?” deyərək telefonu ona uzatdı.
-Sizin nazirdir, Araz müəllim, ona məlumat ver!
-Nə nazir, bizim nazirimiz Araz müəllim? Rəfizadə?
-Bəli , danış ona hər şeyi necədir anamın vəziyyəti?
Teymur telefonu qulağına yaxınlaşdırdı, “Bəli” dedi. Doğrudan da telefondan Araz Rəfizadənin hamıya məlum olan gər səsi gəldi:
-Salam , doktor, Araz müəllimdir.
-Salam Araz müəllim, mən Teymur Həsənli, 126 nömrəli klinikanın şöbə müdiri.
-Bildim, deyin görüm Gülya xanının anasının vəziyyəti necədir?
Bu yerdə Teymur xəstənin vəziyyətinin bütün təfərrüattlarını nazirə məruzə etdi, aparılan prosedurlar və dərman müalicələri haqqında da ətraflı danışdı.
-Oldu, Teymur doktor, çox sağ olun. Mən indi göstəriş verəcəm Mərkəzi Klinikaya, ordan kardio və neyro briqadalar gələcəklər, yəqin ki, götürəcəyik Leyli xanımı.
-Leyli xanım kimdir?
-Ay doktor, ay doktor, xəstəni müalicə edirsiniz, adını da bilmirsiniz. Leyli xanım Gülya xanımın anasıdır, müalicə etdiyiniz xəstənin adidır.
-Araz müəllim, ona imkan yoxdur ad soruşmağa, bir yandan da Gülya xanım bizi az qala öldürəcəkdi.
-Sizin bəxtiniz gətirb. Mən özüm də gəlirəm, bilirəm yollar tıxacdır, ola bilsin sanaviasiyanın vertolyotu ilə gəldim. Xəstəxananın yanında bir idman meydançası zad var, mən bilən orda məktəb olmalıdır.
-Bəli məktəb var, lap yanımızda.
-Oldu, yenə verin telefonu Gülya xanıma.
Gülya xanım telefonu Teymurdan aldı, diqqətlə nazirin dediklərinə qulaq asdı , - tez gəl gözləyirəm, bəlkə bir az onda toxdaya bilim, -dedi.
Teymur indi-indi qarşısında dayanan adamın nə hökm sahibi olduğunu anladı, amma yenə də konkret kim olduğunu xatırlaya bilmədi. Gülya xanım isə sanki birdən diksindi, indi fərqinə vardı ki, əynindəki çimərlik paltarıdır. Qeri-ixtiyari qollarını sinəsində çarpazlayaraq, sanki utandığını bildirdi. Həkim Gülyanın nə demək istədiyin duyaraq,
-Darıxmayın, indi deyərəm sizə xalat verərlər.
Teymur baş tibb bacısını çağırdı, hamı kimi ağır təlaşda olan baş tibb bacısı da qorxa-qorxa yaxınlaşdı.
-Gülya xanım üçün bir xalat verin, bir də başmaq verin ayağı da yalındır. Burda döşəmələr kafeldir, soyuq olar sonra.
Baş tibb bacısı “Oldu!” deyib getdi və dərhal ütülü ağ xalatla və ağ başmaqlarla qayıtdı.
-Buyurun, geyinin, indi hamı gələcək, çimərlik geyimində görünməyəcəksiniz ki...
Gülya xanım xalatı aldı, bir az maraqla və qəribə şəkildə o tərəf bu tərəfinə baxaraq, əyninə geyindi. Başmaqlar bir az böyük olsa da , onu da ayağına aldı.
Teymur dilləndi:
-İndi tanış olmaq olar, mən eşitdiyiniz kimi - Teymur həkim.
-Hə, olar, mən də Gülya xanım , eşitdiyiniz kimi, əsil adım Gülnardır.
-Yaxşı olar ki, ananızın da adı soyadını deyəsiniz ki, həm qeydiyyata salaq, həm də təcili yardım karetası da adını bilmir ananızın , onlara da məlumat verim .
-Yazın, Nurullayeva Leyli Sabit qızı, 1939–cu il təvəllüdlü, Bakı şəhər sakini, təqaüdçü. Ev ünvanı, Neftçilər prospekti 869, mənzil 968.
Ev ünvanı şəhərin ən məşhur binasının ünvanı idi. Bina tarixi olsa da , orada 20-yə yaxın ailə yaşayırdı, hamısı da elitar təbəqənin və nomenklaturanın üzvləri idi. Teymurun tələbə yoldaşlarından birinin atası indi parlamentdə komissiya sədri idi, onlar da əvvəllər orada qalırdılar. Amma Nurullayev soyadı artıq Teymura çox şey deyirdi. Nurulla Nurullayev baş nazirin müşavirlərindən biri idi, gənc olsa da çox böyük nüfuz sahibi və perspektivi görünən bir məmur idi. Gülya xanım sanki həkimin düşüncələrini oxudu:
-Nurulla müəllim mənim kiçik qardaşımdır. Mənim indi soyadım Ağazadədir. Gülnar Ağazadə, “Gül” media holdinq qrupunun rəhbəri.
Teymur indi qarşısındakının kim olduğunu anladı. Gülnar xanım olkə mediasının boz generallarından biri idi. Neçə illər idi ki, böyük bir holdinqə rəhbərlik edirdi. Eyni zamanda iki televiziya kanalı, bir neçə sayt, qəzet və ən əsası isə nəfis tərtibatlı 5 dildə çıxan bir jurnala rəhbərlik edirdi. Ölkə gündəmini bir saatda dəyişməyi bacaran bu qadın faktiki olaraq qeyri-rəsmi media kralı idi. Həmişə mediada ciddi geyimdə və sərt konservativ baxışları ilə seçilən bu xanımın həyat yoldaşı da tanınmış diplomat Əkbər Babazadə idi, Avropa ölkələrindən birində səfir idi.
-Çox gözəl, ananızın vəziyyəti bir az nisbətən sabitdir, amma ağır olaraq qalmaqdaır. Yəqin ki, vəziyyətdən çıxacayıq.
-Yəqin ki, nədir , doktor? Yenə tapança çıxardım? Anam sağalmalıdır, burdan durub öz ayağı ilə getməlidir evə.
-Amma Araz müəllim Klinik Mərkəzdən briqadalar çağırıb, güman ki , köçürdəcək oraya.
-Doktor, mən Mərkəzi Klinikanı buraya köçürdərəm, təki anama bir şey olmasın, bir də artıq sizə inanmağa başlayıram. Mən həkimlər haqqında çox şey eşitmişəm, görmüşəm, bilirəm, dünyanın bütün ölkələrində həkimlərlə tanış olmuşam . Amma sizə nəsə bir inam yarandı məndə bu 5-10 dəqiqədə. Ona görə bəlkə anamı heç tərpətmədim burdan. İndi gedək bir baş çəkim ona.
-Əgər mənə inanırsınızsa , siz burdan tərpənməyin. Lazım olacaq, mən özüm sizə deyəcəm gedək.
Gülnar xanım telefonla yenidən kimisə yığdı, əhvalatı qısaca danıdı, tapşırıq verdi. Teymur hiss etdi ki, sürücü ilə danışır.Belə bir şəxslərin adi çimərlikdə, mühafizəsiz gəzmələri ona maraqlı gəldi. Deyəsən Gülya xanım da bunu anladı.
-Bizim bağımız Şüvəlanda qaya üstündədir, birbaşa dənizə pilləkanımız var, lap sahildəyik.
Zuğulbadakı dovlət bağında da qala bilərik, amma anam həmişə bu Qumlu çimərliyinə gəlib deyə, məcburam mən də gəlim onunla. Sürücüm və mühafizəçim bir az aralıda saxlayırlar maşını, istəmirəm bilsinlər ki, kimdir bu. Onsuz da dənizdə kimin kim olduğu bilinmir. Məni isə çılpaq vəziyyətdə ümumiyyətlə görən olmayıb.
-Deməli bizə birinci dəfə bu səadət nəsib olub, - Teymur söhbətə zarafat qataraq bir az olayı yüngülləşdirmək istədi.
-Sizə çox şey nəsib oldu və olacaq. İndi gedin anama baş çəkin, sonra gəlin danışaq.
-Oldu, Gülnar xanım, burda şkafda kofe, çay var, istəsəniz ... Ya deyim qızlar hazırlasınlar.
-Siz anam ilə məşğul olun, heç nə istəmirəm.
Teymur yenidən reanimasiya zalına keçdi, hər şey öz qaydası ilə davam edirdi. Artıq şöbənin qapılarını da bağlamışdılar, hay-küy də azalmışdı. Teymur Leyli xanım haqda olan məlumatları bayaqdan gözləyən təcili yardım karetasına və qəbul şöbəsinin qeydiyyatçısına diqtə etdi, tibbi sənədləşdirmə işlərini həll edib, xəstəlik tarixini doldurmaq üçün aldı.Yenidən xəstənin yanına qayıtdı, bütün göstəricilərə bir daha nəzarət etdi, başqa fəsadlar meydana çıxmaması üçün daha yeni təyinatlar verdi. Gənc həmkarı İmdad Hümbətzadə bir anda olsa , xəstədən aralanmırdı, ona çox nəzakətlə iradını bildirdi:
-Doktor, o birisi xəstələrimizi unutmayın, onlar da bu hay-küyü eşidiblər, narahat ola bilərlər, burda artıq hər şey sabitləşir. Bir də laborantı çağırın, qanın tam müayinələrini elətdirin.
-Oldu, Teymur müəllim.
“Teymur müəllim” ifadəsi bu klinikada bir çox gənc həkimlərin dilində hər gün eşidilirdi. Teymurun özü üçün də qəribə səslənsə də, 40 yaşlı həkim üçün “müəllim”, “ustad” statusu artıq qazanılmışdı. Televiziya ekranlarında o zaman gedən məşhur “Doctor House” serialı ilə hərdən özlərini müqayisə edirdilər. Bəzən mürəkkəb diaqnozlu xəstələrdə sonda müsbət nəticə əldə olunan zaman “bu seriya da bitdi” deyə zarafatlaşırdılar.
Teymur otağına daxil olanda Gülnar xanım demək olar ki, artıq tam sakitləşmişdi. Amma telefonu əlindən yerə qoymurdu.
-Teymur doktor, mən deyəsən sənin telefonunun balansını bitirəcəyəm.
-O nə sözdür, zəng edin, məndə aylıq ödəmədir, nə qədər istəsəm danışa bilərəm.
-Qardaşıma xəbər vermək istədim, qapalı müşavirədədir, köməkçisi dedi ki, çıxan kimi xəbər verəcək. Mənim telefonum bu qarmaqarışıqlıqda hardasa düşdü itdi. Sonra araşdıraram. İndi necədir vəziyyəti anamın?
-Hələ ki ağır olaraq qalmaqdadır. Amma bir sabitliyi var. Əmin olun, yaxşı olacaq.
Bu zaman daxili telefona zəng gəldi. Teymur cavab verdi, qəbul şöbəsindən Araz Rəfizadənin dediyi briqadaların gəlməsi haqqında xəbər verdilər.
-Hə, indi gedək görək həmkarlarımız nə deyəcəklər. Siz burada gözləyin.
Qəbul şöbəsində Rəfizadənin göndərdiyi mütəxəssis briqadaları Teymuru gözləyirdilər. Hər iki briqada ilə gələn mütəxəssislər onu yaxşı tanıyırdılar, çünki bir neçə dəfə onun şöbəsindən öz klinikalarına xəstə köçürmüşdülər və hər dəfə də onlara qədər aparılan müalicələri müzakirə edərək bir irad tapmamışdılar. Hər dəfə də Teymur Həsənli haqqında söhbət düşəndə fəxrlə danışırdılar.
-Salam, Teymur müəllim! Yenə nə olub? Bütün şəhər təbibləri ayaqdadır. Deyirlər suda boğulma var, kimdir elə o vacib şəxs ki, nazir şəxsən hamını ayağa qaldırıb?
-Salam , Vüqar doktor! Bilirsiniz ki, mənim üçün xəstənin kim olmasının fərqi yoxdur, dünən də gələ bilərdi, sabah da belə xəstə gələcək, yaydır, olur belə şeylər. Amma bu Gülya xanımın anasıdır, Gülnar Babazadənin, ona görə hamı maraqlanır. Özü də burdadır deyə bir az hay-küy qalxıb.
Vüqar Abdullazadə gələn briqadalardan birinin, daha doğrusu neyroreanimasiya qrupunun rəhbəri idi. Uzun müddət döyüş bölgələrində, odun-alovun içində xidmət etmişdi. İstefada olmasına baxmayaraq həm hərbçi təbiblərin, həm də mülki mütəxəssislərin daim məsləhət üçün müraciət etdikləri bir həkim idi.
Hər iki briqada üzvləri və Teymur həkim bərabər Leyli xanımım yanına keçdilər.Süni tənəffüs aparatı ağır-ağır işləyir, monitor isə ürək göstəricilərinin sabitliyini göstərirdi. Konsilium uzun sürmədi, hər mütəxəssis öz rəyini bildirdi.
-Buyurun gedək kabinetə, Gülnar xanım da ordadır, rəyinizi bildirərsiniz, o da dinləyər.
Gülnar xanım yenə telefonla danışırdı. Gələn həkimlər bu xanımdan, o da ağ xalatda, bir az qeyri-adi olduğundan həkimlərdən çəkinə-çəkinə tanış oldular.
- Hə, necədir anamın vəziyyəri? Amma düzünü deyin, gizlətməyin məndən.
Həkimlər bir-birinin üzünə baxıb, sanki kimin danışacağına qərar vermək istəyirdilər. Sükutu Vüqar pozdu.
-Əvvəla onu deyim ki, Gülya xanım, sizə keçmış olsun demək istəyirəm. Yenə də tale üzünüzə gülüb. Leyli xanımın vəziyyəti artıq sabitdir. Biz güman edirik ki, təhlükə artıq arxada qalıb, Teymur həkim lazım olan hər şeyi vaxtında və mükəmməl edib.
-Teymur həkimin işi ayrıca mövzudur.
Bu anda reanimasiya şöbəsinin əsas qapısının zəngi çalındı. Baş tibb bacısı özü belə hallarda qapını nəzarətə götürüdü. Lakin qapıda baş həkimi və onu müşayiəti ilə gələn səhiyyə nazirini görəndə, heyrətdən az qala özünü itirdi. Qonaqlar Teymurun kabinetinə keçdilər. Baş həkim Ənvərzadənin müşayiəti ilə gələnlərdən biri səhiyyə naziri Araz Rəfizadə, digəri isə Gülya xanımın qardaşı Nurulla Nurullayev idi. Qardaşını və Araz Rəfizadəni görən Gülya xanım özünü saxlaya bilmədi, hönkürüb ağlamağa başlamaq istəsə də Teymurun məzəmmətedici baxışları onu sakitləşməyə vadar etdi. Bacısının ağlaması Nurullayevi də əməlli-başlı kövrəltdi, lakin özünü tez ələ almağı bacardı.
Rəfizadə üzünü Teymura çevirdi:
-Bir daha deyin görək, xəstəmiz necədir? Mənə bayaq telefonda dediklərinizi Nurulla müəllimə danışmışam. Yeni nə əlavə dəyişilik var?
Teymur da yüksək çinli qonaqların gəlişindən bir az karıxsa da, özünü toplayıb xəstənin bütün vəziyyəti haqda məlumat verdi. Sonda üzünü Vüqar Abdullazadə tərəfə tutub:
-Araz müəllim, əlavə olaraq bizim mərkəzi klinikanın briqadalarının həkimləri də öz fikirlərini deyə bilərlər.
Vüqar Abdullazadə həmkarlarına nisbətən daha təcrübəli və yaşlı olduğundan dilləndi:
-Məncə Teymur həkim lazım olan hər şeyi edib, qalan məsələlər haqda qərarı ailə üzvləri və siz verə bilərsiniz, qalsın müalicəsi davam etsin, yoxsa hara deyirsiniz ora köçürdək?
Rəfizadə özünəməxsus təmkinlə ağır-ağır dilləndi:
-Həkimlər, mənə icazə versəniz , mən də bir xəstəmizə baş çəkərdim, ixtisasım başqa olsa da bilirsiniz ki, bizim həmkursların hamısı reanimatoloqlardır. Mümkünsə mən də baxım sonra bir qərara gələrik.
Səhiyyə nazirinin xəstəyə baxmaq üçün adi həkimlərdən və şöbə müdirindən izin istəməsi qəribə olsa da, Teymur yenə öz sözünü dedi:
-Əlbəttə , buyurun, deyərəm indi sizə xalat verərlər, amma məndən başqa ancaq bir, uzağı 2 nəfər xəstənin yanına girə bilər.
Nurulla müəllim özünü irəli verdi:
-Mənə də xalat verin, mən də bir anamı görüm.
-Bəlkə siz bir az gözləyəsiz, Gülya xanım da gözləyir, mane olacaqsınız bizə.
-Məni düşündürən Gülyanın burda sakit dayanmasıdır, nə əcəb ?
-Nurulla müəllim, bura bizim ərazimizdir, həkimlər nə deyir ona əməl edək. Mən nazir olsam da müalicə həkiminin işinə müdaxilə edə bilmərəm. Qaldı ki, Gülya xanıma, yəqin artıq sakitləşdirib özünü.
Təbii ki, Teymur həkimin burda tapança haqda danışması yersiz olardı, elə Gülya xanımın da baxışları bilidirirdi ki, söhbət açılmasın.
Nazirin iştirakı ilə keçirilən son məşvərətdən sonra qərara alındı ki, Leyli xanım müalicəsini burda davam etdirəcək, beyin fəaliyyəti bərpa oluncaya qədər nevroloqlar tərəfindən nəzarət altında olacaq. Teymur 2 dəqiqəliyə izin verdi ki, Gülya xanım və qardaşı Nurulla müəllim ayaqüstü Leyli xanıma baş çəksinlər. Gülnar xanım evə gedib yenidən gələcəyini bildirdi. Lakin Teymur həkim onu kənara çəkib tapançanı verdiyi polis zabitinin Gülnar xanımı gözlədiyini bildirdi.
-Həkim, sən narahat olma, mənim tapançam qanunidir, indi artıq sakitləşmişəm. Evə gedim gəlim, bütün işçilərinizdən üzr istəyəcəm. Bir üst-başımı qaydaya salım, telefonunumu tapım. 2 saata gələcəm.
Artıq saatlar axşam 23.00-ı göstərirdi, Teymur evə zəng edib gəlməyəcəyini, işdə qalacağını bildirdi. Həkimin ailəsində bunu adi hal kimi qəbul edirdilər. Şöbədə növbətçi həkim olsa da, bəzən belə hallarda özü də qalırdı, uzun illər bu cür vəziyyətə öyrənmişdi. Adəti üzrə yatmazdan əvvəl nəsə oxumağı adət etmişdi, indi də tibbi məqalələrdən birini götürdü, oxumaq istədi. Yorğunluq özünü göstərdi, elə kreslodaca yuxu tutdu. Teymur kabinetin qapısını heç vaxt bağlamırdı, bəzən tibb bacılarından kimsə içəri girib kresloda yuxulayan həkimin üstünə bir örtük-adyal atırdılar ki, soyuqlamasın.
Şöbənin qapısının zəngi çalınanda Teymur oyandı. “Kim ola görəsən? “ – deyə düşündü. Adətən xəstəxanada başqa şöbələrdə yatan xəstələrin vəziyyəti pisləşəndə kimsə zəng edir, yaxud da elə bu qapıdan gəlib çağırırdılar.Tibb bacısı qapını açdı , Teymur həkim gələnin kim olduğunu bilmək üçün dəhlizə çıxdı. Qapıda dayanan Gülnar xanım idi.
Gülnar xanım indi əsil işgüzar xanım geyimində idi. Kərpic rəngli yüngül kətan kostyum geyinmişdi, əlində kiçik çanta var idi. Arxadan gələn bir cavan oğlanın əlində bir neçə böyük bağlamalar vardı.
-Salam bir daha, əziz həkimim! Mən gəldim, gec olduğuna görə üzr istəyirəm. Anam necədir?
-Salam Gülya xanım, gərək sabah səhər gələrdiniz, indi bu gecə yarısı nə vacib idi.
-Yox, yox, anam necədir onu deyin görüm əvvəlcə...
Teymur istədi desin ki, “gedək, bərabər baxaq” , tibb bacısı dilləndi:
-Yaxşıdır, az öncə Hümbətzadə bərabər baxdıq, hər şey sabitdir.
-İcazə verərsiniz bir yanına keçim, bu oğlan da mənim sürücümdür.
Teymur dilləndi:
-Qoy bu cavan oğlan mənim otağımda gözləsin, indi sizə xalat verərlər, gedək bərabər bir də baxaq.
Onlar bərabər Leyli xanım yatan zala keçdilər. Hər şey sakit bir tərzdə davam edirdi, süni tənəffüs aparatı işləyir, hər iki tərəfdən venalara qoşulmuş dərmanlar yeridilir, tibb bacısı isə monitoru nəzarətdə saxlayırdı. Monitorun ekranındakı bütün göstəricilər sabitlikdən xəbər verirdi.
-Həkim, bəs huşu necədir, düzələcəkmi, nə zaman ayıla bilər? – deyə Gülya xanım soruşdu.
-Hələ demək olmaz, indi bu dərmanların tərkibində sakitləşdiricilər də var. Yəqin ki, 1-2 günə baxarıq, amma nə dərəcədə bərpa olunacağını demək indi çətindir.
Gülya xanım yaxınlaşıb anasına tərəf əyildi, onun yanağından və alnından öpdü, yenidən qəhər onu boğdu, lakin özünü tox saxlamağı bacardı.
-Gedək, Teymur həkim.
Onlar yenidən həkimin otağına döndülər. Cavan oğlan Gülya xanımın sürücüsü onlar içəri girəndə ayağa durdu.
-Həkim, bu bağlamalarda sizin qızlar üçün hədiyyələr gətirmişəm. Elə evdə əlimə keçəndən yığdım. Təki anam sağalsın, hamınızın önündə təzim edəcəm. Rica edirəm, kimin üstünə bayaq qışqırdımsa bura dəvət edin, üzrxahlıq edim.
-Gülya xanım, bu nə deməkdir, siz nə danışırsınız, bu bizim vəzifə borcumuzdur. Onsuz da həkimlər haqqında hər yerdə hər sözü istədikləri kimi danışırlar, amma elə deyil. Biz öz peşə borcumuzu yerinə yetirmişik.
-Onu da deyim ki, mənim qəzetlərim və saytlarım da həmişə yazıblar.Biz bəzi rüşvətxor həmkarlarınızla mübarizə aparırırıq. Elə Rəfizadə də deyir ki, yazın. Amma indi bu hadisədən sonra ancaq yaxşı məqalələr yazılacaq həkimlər haqqında.
-Bax, Gülya xanım, bu əsil təşəkkürdür, mənim elə dostlarım haqqında bəzən elə yazılar , xəbərlər verilir ki, özümüz də mat-məətəl qalırıq.
-Həkim, bizim də işin öz tərəfləri var, biz də populyar olmaq üçün sensasiya yaymalıyıq, xırda iş də olsa onu qabartmalıyıq ki, oxucu cəlb edə bilək. Nə isə, qızlar çoxmu məşğuldurlar, buraya gələ bilərlərmi?
-Gülya xanım, yenə deyirəm, bunlar lazım deyil.
Gülnar xanım üzünü bayaqdan kənardan söhbəti dinləyən baş tibb bacısına tutdu. O da evə getməmişdi. Belə vəziyyətlərdə o da işdə qalıb qızlara kömək edir, əyər-əksiklərinə yardım olurdu.
-Xanım, mən əvvəlan şəxsən sizdən axşamkı hərəkətlərimə görə üzr istəyirəm. Yəqin ki, məni başa düşərsiniz, həyatımda ilk dəfədir ki, belə vəziyyətlə üzləşirəm, özü də anamın başına gələn işlə bağlı.
Gülnar sürücünün əlindəki bağlamalardan birini açdı.
-Bu mənim anamın adına fransız ortağımla yaratdığım ətir nümunələrindəndir, xanımlar üçün götürmüşəm, hər birinə hədiyyə etmək istəyirəm. Adı da “Leyli”dır. Peşəkarlar deyirlər ki, yaxşı ətirlərdir. Amma burda zövq məsələsi var, hərənin öz istəyi var. Güman edirəm ki, qızlarınızın xoşuna gələcək.
“Leyli” ətirləri xanımlara çox yaxşı tanış idi. 5 ilə yaxın idi ətriyyat aləminə çıxmışdı. Amma böyük populyarlıq qazanmışdı. Qiyməti də bahalı idi, hər kəsin alacağı imkanda deyildi. Baş tibb bacısı belə bahalı hədiyyəni görəndə duruxdu, gündüzdən səhiyyə nazirindən belə hamının maraqlandığı bir xəstəyə görə belə bahalı hədiyyə almaq, əlbəttə ki, onun aləmində çox şaşırdıcı bir hal idi. Odur ki, dərhal etiraz etdi:
-Xeyr, xeyr, siz nə danışırsınız, biz sadəcə öz vəzifə borcumuzu yerinə yetirmişik.
-Xanım, mən güman edirəm ki, siz dünən əsil qəhrəmanlıq mümunəsi göstərdiniz və bu hadisə öz dəyərini almalıdır. Mən bunu öz daxilimdən gələn təşəkkür hissi ilə verirəm. Əgər almasanız, mən özümü çox pis hiss edəcəm.
-Siz narahat olmayın, biz sizi başa düşürük. Ananızın sağalması da bizim üçün ən böyük minnətdarlıqdır.
Baş tibb baçısının hədiyyədən imtina etməsi Gülya xanımı bir az karıxdırdı, sualedici nəzərlə Teymurun üzünə baxdı, əlində tutduğu ətri haraya qoyacağını bilmədi. Həkim vəziyyəti dəyişməyə çalışdı:
-Gülya xanım, haraya tələsirsiniz, hələ Leyli xanım burdadır, biz hələ onu ayağa qaldırmalıyıq, Sizə sağlam şəkildə təhvil verməliyik. Sonra bu məsələlərə qayıtmaq olar. Bizim üçün bir tort da kifayət edər.
-Mən bunu sizə anam üçün deyil, öz hərəkətlərimin üzrxahlığı kimi gətirdim, burada ayıb olacaq bir şey yoxdur, amma götürməsəniz zənn edəcəm ki, məni bağışlamırsınız və sizin hamınızın qarşısında bir günahkar olaraq qalıram.
-Biz Sizi gözəl anladıq, belə hallar olub, ona görə də artıq unutduq o şeyləri. Gəlin belə danışaq, bu hədiyyələr qalsın burada, indi qızlar gələrlər, yəqin ki, bir az da vaxt keçər, sizinlə yaxından tanış olarlar, onda kimə istəsəniz verə bilərsiniz.
Bu zaman tibb bacılarından da ikisi otağa yaxınlaşdı. Gülya xanım bir daha hər birinə üzrxahlıq etdi.
-Xanımlar, hər birinizdən bayaqkı hərəkətimə görə üzr istəyirəm.Yəqin ki, məni anlayarsınız, ilk dəfədir belə halla üzləşirəm, anam isə mənim üçün hər şeydən əzizdir. Siz böyük fədakarlıq etdiniz, şöbə müdiriniz isə əsil qəhrəmandır. Mən hər birinizə “Leyli” ətri hədiyyə edəcəm, bu mənim anamın adına yaratdığım brenddir. Burda bu bağlamalardaır, Teymur həkimin otağına qoyacam. Hiss edirəm ki, baş tibb bacısı məndən çəkinir, eybi yox mən gedəndən sonra özünüz həll edərsiniz.
Tibb bacıları da bir səslə “Biz əlimizdən gələni etdik və edəcəyik, narahat olmayın, heç nəyə ehtiyac yoxdur!” dedilər.
Gülya yenidən üzünü Teymur həkimə tutdu.
-Mən sadəcə sizin işçilərə də heyran oldum. Yəqin ki, sizin tərbiyənizdir. Mən bu bağlamalrı buraya buraxıram. Özünüz kimə istəsəniz, necə istəsəniz verə bilərsiniz. Anamım sağalmasında əməyi olan hər kəsə təşəkkür etmək mənim borcumdur və bunu edəcəm.
Sonra üzünü sürücüyə tutdu.
-Sən bayırda gözlə, indi gəlirəm.
Sürücü otaqdan bayıra çıxdı. Gülnar xanım qapını onun ardınca özü örtdü.
-Mən müşahidə etdim ki, sizin qapı demək olar ki, örtülü, bağlı olmur.
-Elədir, gizli bir sirrimiz yoxdur, həm də şöbənin qapıları həmişə bağlı olur, özümüz bir ailə kimiyik.
-Yaxşı, belə deyək, əziz Teymur həkim, mən sizə bir neçə kəlmə söz demək istəyirəm. Güman edirəm ki, bu ancaq ikimizə aid sözlərdir.
-Buyurun, bu nə sözdür.
-Bayaqdan tanımadan “sən” deyə müraciət edirdim. İndi isə istəyirəm ki, sən də mənə “sən” deyəsən.
-Bacarmaram bu çox çətindir, mən sizinlə tanış deyiləm, statusunuz imkan vermir, həm də ananız sağalıb gedəndən sonra bizim tanışlığımıza bir əsas qalmır, sizin öz işiniz-gücünüz, mənim öz işim gücüm.
-Teymur həkim, dinlə məni, anam mənim üçün hər şeydir, mən 10 ildir ailə qurmuşam, övladım yoxdur, səbəbini sonra nə zamansa deyərəm. Qardaşımın övladları var, onlar da nənələrini çox sevirlər, indi İspaniyadadırlar, Nurulla deyib onlara yəqin ki bu gecə gələcəklər.Amma anam mənim üçün həyatda hər şeydir. Mən onunla nəfəs alıram. Bilirəm, hər şeyin bir sonu var, onun da yaşı az deyil, amma bu gün o mənim üçün çox əziz bir varlıqdır. Sən onu mənə yenidən bəxş etdin.
-Mən kiməm ki, Gülnar xanım, yəqin ki, qismətində bu varmış.
-Mən Allaha inanıram, amma dinlərlə çox bağlılığım yoxdur, bu bir təsadüf idi başımıza gəldi, amma deyirlər ki, təsadüf əslində etiraf etmədiyimiz zərurətdir. İndi bu gecənin bu vaxtı anamı mənə qaytaran adama mən nə deyə bilərəm. Görürəm gözü tox adamsan, ehtiyacın olsa da, bildirməyəcək birisisən. Belə adamlar az-az rast gəlir təəssüf ki, cəmiyyətimizdə. Burda bu bağlamada sənin üçün hədiyyələr qoymuşam, xırda-para şeylərdir, rica edirəm, imtina etmə. Amma bu gün mən sənə onu demək istəyirəm ki, həyatda artıq sənin üçün bir Gülnar xanım var. Hər şeyə qadir bir Gülnar xanım. Nə zaman nə problemin olsa zəng edə bilərsən. Anam burdan çıxandan sonra da mənim üçün yenə varsan, əzizsən, doğmasan. Mən bu sözləri heç kimə deməmişəm. İndi gedirəm, sabah qonaqlarım gələcək Fransadan, bir az onlarla bərabər olub gələcəm. Anamı sənə əmanət edirəm. Bu mənim vizit kartım , amma bu nömrəni ayrıca yaz, onu 10-15 adam bilir, ən yaxın adamlarım.
Teymurun artıq deyəcək bir sözü qalmamışdı. Yenə də özünü toplayıb dilləndi:
-Ananızdan arxayın olun, istəsəniz vaxtaşırı məlumat verə bilərəm. Dediyiniz nömrəyə hər zaman zəng edə bilərəmmi?
-Dedim ki, bütün vaxt. Ancaq dövlət tədbirləri ola bilər ki, onda da ən uzağı 1-2 saata cavab verəcəyəm. İndi gecən xeyrə qalsın.
Gülnar xanım Teymurun onu ötürməsinə imkan vermədi. Teymur otağa döndü. Yenidən şöbədə xəstələrə baş çəkdi, tibb bacıları və növbətçi həkim yorulsalar da, biruzə vermirdilər.
-Hə, əziz kolleqalar, hər şey normaldır, bir-birinizi əvəz edə-edə 1-2 saat dincəlin. Arada yenə xəstə gələ bilər. Hümbətzadə, get sən də bir-iki saat dincəl, mən hələ yatmıram, 2 saatdan sonra mən bir az dincələrəm, sən işləyərsən. Bir də qızlar, Gülya xanımın hədiyyələrini alın özünüz bölüşün, adam sidqi-ürəkdən pay gətirib, burda qorxulu bir şey yoxdur, özü də öz fabrikinin istehsal etdiyi şeylərdir.
Baş tibb bacısı dilləndi:
-Teymur müəllim, qoyun hələ hamısı qalsın sizin otaqda, hələ bir görək necə olur , Leyli xanımı tam sağaldarıq, sonra baxarıq.
Qızlar da yer-yerdən dilləndilər:
-Teymur müəllim, Naba xanım düz deyir, qoy elə olsun.
Teymur öz otağına qayıtdı. Gülnar xanımın bağlamalarını açmadan kreslonun üstündən boş şkaflardan birinə yığdı. Onun üçün ayrıca qoyulmuş bağlamanı da bağlı şəkildə şkafa qoydu.

9 dəfə oxundu

Axtarış