Üç güllə 3-cü hissə
Müəllif: Ülvi Hüseyn


2018-09-16 09:12:09


Yatmaq istəmirdi, həm də həmkarlarına demişdi ki, bir az dincəlsinlər. Ona görə özü üçün qəhvə dəmlədi. Bir az qaymaq əlavə edib ləzzətlə içdi. Qəhvə həvəskarları onun hər qurtumundan xüsusi ləzzət alırlar. İkinci belə zövq verən içki yəqin ki, bəşəriyyət düşünməyəcək. Ələlxüsus da yaxşı dəmlənmiş keyfiyyətli qəhvə ola. Teymur sonra yenidən şöbəni dolaşdı. Bütün xəstələri, o cümlədən Leyli xanımın yenidən bütün göstəriciləri ilə tanış oldu. Sabit vəziyyət davam edirdi. O birisi palatada yatan Salman da oyaq idi. İki gün əvvəl infarkt diaqnozu ilə daxil olmuşdu. Gündüz baş verən qalmaqalda bir az qorxsa da vəziyyəti onun da sabit idi. Salman Teymur həkimi görəndə gülümsündü, başı ilə salam verib astadan dilləndi:
-Həkim, sən aləmsən e. Şir ürəyi yemisən. Adam da tapançanın üstünə gedər? O xanımı yaxşı tanıyıram, bağına yol bizim evin yanından gedir, bilirsən nə əjdaha qadındır?
-Salman, nə əjdaha, neyləyir ki?
-Əşi, bir dəfə yol polisi buna ilişib. Onun 4-5 maşını var, düzdür sürücü gəzdirir onu, amma hərdən özü də keçir sükan arxasına. Hə, yeni maşının nömrəsini tanımayıb polis, deyəsən bizim rayona başqa yerdən gəlibmiş, saxlayıb bu xanımın maşınını ki, şüşələrin rənginin tündlülüyü çoxdur, kiçik işıqların düz yanmır, sonra nə bilim nə. Polis departamentinin bütün rəisləri də bu Gülya xanımın tanışlarıdır axı. Gülya xanım da nə isə buna tanışlıq verməyib, deyib ki, buyurun, cənab polis, qanun necə tələb edir , eləcə də ölçü götürün. Amma onu da deyim ki, Gülya xanım bir az səbirsiz olmasına baxmayaraq, çox həqiqətsevən bir adamdır, kasıb-kusub tərəfdarıdır. Hər imkanlı şəxs də belə olmur axı. Hə, nə isə bu polis görüb ki, xanım heç əl-ayağa düşmür, əksinə çox soyuqqanlı və sakit cavab verir, deyib Gülya xanıma ki, aparıram səni həkimə, deyəsən sən narkotik istifadəçisisən. Gülya xanım da yenə tövrünü pozmayıb, deyib gedək, hara deyirsiniz. Bu məqamda polisin həmkarı gəlib çıxıb, o tanıyırmış Gülya xanımı, deyib yoldaşına ki, sən nə edirsən, bilirsən kimdir bu? Tez yaxınlaşıb ki, üzr istəyirəm, tanımayıb, yenidir burada, sizi tanımayıb. Gülya xanım deyib yox, üzr-zad lazım deyil, qoy bütün dediklərini yerinə yetirsin, məni həkimə da aparsın, maşınımın şüşələrinin tündlüyünü də də yoxlatsın, kişik işıqların düz yanmadığını da sübut eləsin. Əl çəkməyib axıracan bütün deyilənləri ediblər. Təbii ki, heç bir nöqsan tapılmayandan sonra deyib ki, indi özün rəisinə məlumat ver, amma demə ki, Gülnar xanım idi, de ki, bir vətəndaşı 1 saatdır saxlamışam, hər şeyi yerli yerindədir, deyir ki, vaxtımı aldığın üçün sən yox, sənin rəisin məndən üzr istəməlidir,mənim yanımda danış rəisinlə. Görüb ki, rəngi ağardı, əl-ayağı əsir, deyib səninlə bir şərtim var, bu rayonun adamları çox inanclı, əməli-saleh insanlardır, əgər bir qayda pozmaları olmasa, bunları incitsən, mənə xəbər çatsa, özündən küs.
-Yaxşı, axı belə də olmaz, bu vəkillik edir bəyəm adamlara?
-Elə biz də ona dedik ki, gəl elə bizim millət vəkili ol, dedi ki, istəmirəm, işlərim kifayət qədər çoxdur, vaxtım olmayacaq. Bəlkə gələcəkdə işlərimi kiməsə həvalə eləsəm, onda baxaram.
Teymur Salmanın da vəziyyətinə baxış edib, qəbul şöbəsinə tərəf keçdi. Tibbi heyətdən başqa dəhlizdəki divanda 2 polis işçisi də oturmuşdu. Qəbul şəbəsinin növbətçi həkimi Teymuruı görəndə əvvəlcə Leyli xanımım vəziyyətini soruşdu:
-Necədir xəstəniz, Teymur müəllim?
-Düzdür, hələ ağırdır, amma sabitləşməyə doğru gedir.
-Bu cənablar da polis bölməsindəndirlər, tapşırıblar ki, burda olsunlar, baxma Nurulla Nurullayevin anasıdır, dövlət adamıdır, hələ Gülya xanımı demirik.
-Siz deyəsən burada artıq bütün informasiyaları toplamısınız, hər şeyi bilirsiniz.
-Teymur müəllim, bayaqdan bizim telefonları, özümüzü bəlkə yüz dəfələrlə zəng edib sorğu-suala tutublar, Leyli xanımın vəziyyətini soruşublar. Sizin o biri tərəf qapıdan gəlməyə cürət etmirlər, orada da polis dayanır, amma buraya gediş-gəliş var deyə bizi artıq girinc ediblər.
-Mən belə olduğunu bilsəm, Vüqar Abdullazadəyə də, nazir Rəfizadəyə də deyərdim, köçürsünlər Mərkəzi Xəstəxanaya, orada belə həngəmalar olmaz.
-Nə isə, necə məsləhətdir, amma yenə də bizim xəstəxanamızın adıdır, imicidir. Əminəm ki, tezliklə sağalacaq.
Teymur yenidən şöbəyə döndü. Artıq səhər açılır, yeni iş günü başlayırdı. Saat 14.00-a qədər işləyib, bir problem olmasa evə gedəcəkdi.
Yenidən adi iş günü başladı. Leyli xanımın vəziyyəti ağır olsa da , sabitlik davam edirdi. Hələ huşu özünə gəlməmişdi. Saat 11 radələrində yenidən baş həkim Ənvərzadənin müşayiətilə məşhur professorlar Şirin Şirinski və Abbas Şeyxzadə şöbəyə daxil oldular. Onlardan biri məşhur nevropatoloq, digəri isə reanimatoloq idi. Onlarla yanaşı bir nəfər də vardı. Ənvərzadə Teymuru qonaqlara təqdim etdi:
-Bu bizim şöbə müdiri , Leyli xanımın müalicə həkimidir. Teymur, yəqin ki, qonaqları tanıyırsan, professorlarımızdan cənab Rəfizadə xahiş edib. Bu qonaq isə Moskvadandır, gecə Nurulla müəllimin xahışı ilə Rusiya səhiyyə nazirliyindən göndərilib. İcazənizlə bir məşvərət edərdik.
-Əlbəttə, buyurun, amma yenə də deyirəm, yəqin ki siz gözləməli olacaqsınız. Hamımızın birgə oraya toplaşmasına gərək yoxdur. Burada hər şeyi müzakirə edərik.
-Teymur müəllim, sən bilirsən ki, mən özüm sizdən qanunlara, qaydalara əməl olunmasını tələb edirəm. Necə uyğundur elə də hərəkət edək.
Professorlar Leyli xanımın yatdığı zala keçdilər. Teymur xəstəlk tarixindəki məlumatları məruzə etdi. Müayinə bitdikdən sonra yenidən Teymurun otağına toplaşdılar. Bəzi dərmanların əlavə olunması məsləhət görüldü. Xüsusən beyin fəaliyyətinin bərpası üçün lazım olan bir dərmanın təyin olunmasında rusiyalı professor xüsusilə təkid etdi. Bu rusiyalı hərbçi təbiblərin uzun müddət öz işlərində tətbiq etdikləri, lakin mülki tibbdə naməlum olan bir dərman idi. Rusiyalı professorun deməsinə görə bu dərman beyin mənşəli problemlərdə, xüsusən bərpa məsələlərində çox böyük effekt verirdi. Bu dərman Əfqanıstan savaşında kontuziya almış əsgər və zabitlərin beyin problemlərinin bərpasında müvəffəqiyyətlə tətbiq edilmişdi. Professor elə oradaca öz rusiyalı həmkarlarına zəng vurub dərmanın Bakiya göndərilməsini tapşırdı.
Ənvərzadə və qonaqları getdikdən sonra Teymur yenidən şöbəyə qayıtdı. Ümumi baxış keçirib yeni qəbul olunan xəstələrin də təyinatlarını yoxladı. Gülnar xanıma zəng vurdu, Leyli xanımın vəziyyəti haqqında məlumat verdi. Artıq evə getməyə hazırlaşırdı. Baş həkim Ənvərzadəyə zəng vurub evə getmək istədiyini bildirdi. Ənvərzadə etiraz etdi:
-Teymur, əzizim, bilirəm yorğunsan, qanunla da artıq saat 9.00-dan evə gedə bilərsən. Amma görürsən ki, bu Leyli xanıma görə bizi tez-tez narahat edirlər. Bütün suallara da sən cavab verirsən. Mümkünsə bir az səbr et, istəyirsən gəl bizim istirahət otağında dincəl bir az.
Ənvərzadə bütün günü saat 9.00-dan 18.00 –a qədər işdə olduğundan arada bir az dincəlmək üçün balaca otaq ayırmışdı. Bəzən müavinlər də , gecə ağır əməliyyatdan çıxan cərrahlara da həmin otaq dincəlmək üçün açıq idi.
-Təşəkkür edirəm, Mustafa həkim. Eybi yox, gözləyəcəm axşamacan.
Teymur iş fasiləsi zamanı dostu və keçmiş xəstəsi Adil əminin restoranına gedib nahar etmək istəyirdi. Şöbədə öz tapşırıqlarını verib çıxmaq istəyirdi ki, Gülnar xanımın sürücüsü ilə gəldiyini gördü.
-Salam, Teymur müəllim, hara getmək istəyirsən?
-Salam Gülnar xanım, nahar üçün gedəcəkdim, bu yaxına Adil əminin yanına.
-Elə mən Adil əminin yanından sizin üçün, həm də bütün işçiləriniz üçün qutab gətirmişəm. Burda həm ətlə, həm göyərti ilə, həm də balqabaqla var . Hamımıza çatar. İzin versəniz mən də sizinlə bərabər nahar edərdim. Qonaqlarımı köməkçimlə göndərdim Bakıya, şəhəri gəzəcəklər , həm də “Karvansara”da nahar edəcəklər. Mən isə sizin yanınıza gəldim. Deyin görüm anam necədir?
-Leyli xanımın vəziyyəti sabitdir. Rusiyalı professorun tapşırdığı dərman mənim üçün də maraqlı olacaq. Məncə tez və yaxşı effekt alacağıq.
-Bəs nə vaxt gələcək o dərman?
-İndi yəqin ki, ilk reyslə göndərərlər. Araz müəllim tapşırıb, kimsə həll edəcək dərman məsələsini. Zənn edirəm, axşama qədər gəlib çıxar və dərhal müalicəyə əlavə edəcəyik.
-Olarmı bir anama baş çəkim?
-Buyurun bərabər gedək.
Leyli xanımın vəziyyəti sabit idi. Amma yenə də süni tənəffüs aparatında idi. Teymur Gülnar xanıma bildirdi ki, çox qısa bir zamanda Leyli xanımı artıq aparatdan ayırmaq məsələsini həll edəcəklər.
Gülnar xanım anasıma yaxınlaşdı, alnından, üzündən, əllərindən öpdü. Yenə də göz yaşlarını saxlaya bilmədi. Bu dəfə Teymur ona heç bir söz demədi. Bərabər Teymurun otağına döndülər. Bu zaman baş tibb bacısı onlara yaxınlaşıb yemək otağına dəvət etdi. Qızlar hər şeyi hazırlamışdılar. Gülnar xanım azından 5-6 nəfərlik yemək gətirmişdi.
-Buyurun, siz də bizimlə əyləşin, dediniz ki, bərabər yeyəcəyik, -deyə baş tibb bacısı Naba xanım Gülnar xanıma müraciət etdi. –Siz bizim hörmətli ziyalımızsınız. Sizinlə bir süfrədə əyləşmək bizim üçün şərəfdir. Amma təəsüf ki, xəstəxana şəraitində və ananız üçün narahat olan bir zamanda görüşürük.
-Mən də Naba xanımın dediklərinə şərikəm. – Teymur əlavə etdi. –Amma bəzən bizim tələsik, qaça-qaça ayaqüstü burda yeməyimiz ən rahat kafelərdə, restoranlarda, hətta evdə belə yediyimizdən daha çox yadda qalan olur. Elə olur ki, bəzən 3-4 dəfə yemək qızdıdırırq, elə qabda qalır.
-Siz mənim haqqında başqa cür fikirləşməyin, -deyə Gülnar xanım cavab verdi, -əslində mən sadə həyat tərzinə öyrənən bir adamam. Qonaqlarımı da çox zaman köməkçim aparır yeməyə-filana. Sizinlə əyləşmək, söhbət etmək, qayğılarınızı bölüşmək əslində mənim üçün şərəfdir, çünki siz mənim ən əziz adamımı həyata yenidən qaytardınız, mənə bəxş etdiniz. Əmin ola bilrsiniz ki, mən daima buraya gələcəm, hər birinizlə ünsiyyətim olacaq. Sizin kollektivin səmimiliyi, insanpərvərliyi, ən əsası isə professionallığı məni heyran etdi. Bir daha üzr istəyirəm, mən sizləri tapança ilə hədələyəndə sanki ağlım başımdan çıxmışdı, o məqamda əlimdən xata da çıxa bilərdi. Amma mən bir şeyə fikir verdim ki, bir gözünüz məndə, tapançada olsa da, fikriniz xəstə ilə məşğul idi. Yəni sizlər öz həyatınız bahasına xəstələrinizin sağalması üçün hər şey edirsiniz.
-Bunlar Teymur müəllimin qurduğu sistemdir, biz onun təlimatı və dəstəyi ilə hərəkət edirik, -deyə Naba xanım cavab verdi.
- Teymur müəllim başqa aləmdir, onun haqqında ayrıca gərək mövzu açaq. İstənilən halda sizin şöbəniz, onun bütün işçiləri haqqında mənim televiziyamda da , saytlarımda da, jurnalımda da məlumatlar gedəcək.
Süfrə arxasına Teymur, Gülnar xanım, Nabadan başqa bir tibb bacısı, laborant və iki sanitar təmizləyicilər də əyləşdilər. Gülnar xanımın gətirdiyi qutablar çox dadlı idi. Süfrədə qutablardan başqa hərənin evdən özü üçün gətirdiyi başqa yeməklər də vardı. Gülnar xanım bütün yeməklərdən az-az yedi və hamısı üçün təşəkkürünü bildirdi. Sonra Teymurla bərabər onun otağına keçdilər. Onlara çay gətirdilər.
Gülnar xanım üzbəüz əyləşdiyi Teymurdan nəzərlərini bir an belə ayırmırdı. Bu Teymuru çox narahat edirdi. Bu baxışlarda artıq ümumi münasibətlərdən fərqlənən gizli bir yanaşma duyulurdu. Teymura belə hallar tanış idi. Əvvəla qəti olaraq bir prinsip kimi öz-özünə söz vermişdi ki, iş və şəxsi münasibətlər heç zaman bir-birinə qarışmayacaq. İkincisi də evləndiyindən artıq illər keçmişdi. Xanımı ilə bərabər 2 qız və 1 oğlan böyüdürdülər. Evlənənə qədər sevgi macəraları çox olsa da, toylarından sonra başqa xanımlara hətta gözünün ucu ilə də baxmırdı. Müxtəlif şəraitlərdə və müxtəlif zamanlarda xanımlarla birlikdə müəyyən cəlbedici anlar olsa da ailə sədaqəti hər şeyi üstələyirdi. Hətta bir dəfə yaxın dostu onu Ukraynaya böyük bir elmi konfransa dəvət etmişdi. Konfransı sonuncu günü böyük banket təşkil olunmuşdu. İştirakçıların çoxu xanım həmkarları olan gecədə Teymuru dəfələrlə rəqsə dəvət edən ukraynalı gözəllər nə qədər eyhamlı işarələr etsələr də, Teymur öz prinsipinə sadiq qalmışdı. Bütün bunlara görə indi Gülnar xanımın baxışlarından çox şeylər duyulsa da, Teymur fikrini başqa yerə yönəltməyə çalışdı.
-Gülnar xanım, Leyli xanımın müalicəsi üçün daha yeni bir təklifim də var. Mən istərdim ki, hər gün 1-2 saat siz və ya qardaşınız arada onun yanında oturasınız, hətta ağır vəziyyətdə olan insan belə doğmalarının ünsiyyətini,sevgi ilə yanaşmasını hiss edir, duyur, ona cavab verməyə çalışır. Bu da beyinin özünü bərpa funksiyasına müsbət təsir edir. Burda hələ biz bilmədiyimiz çox müammalar var.
-Nə danışırsan, Teymur doktor, əlbəttə, böyük məmnuniyyətlə. Nurulladan fərqli olaraq mən daha çox vaxt ayıra bilərəm. Amma siz də yanımda olacaqsınızmı?
-Xeyr, mən hətta tibb bacılarını da otaqdan çıxaracam. Siz onunla təmasda olacaqsınız birbaşa.
-Nə zaman bunu planlaşdırırsınız?
-Elə az sonra, əgər inyeksiyalar yerinə yetirilibsə, xalat geyinib yanında əyləşə bilərsiniz, hələlik 1 saat kifayətdir.
-Teymur, əziz doktorum, mən dünəndən səni tanıyandan özümü tamam başqa bir dünyada hiss edirəm. Çox şeyləri hələ deyə bilmirəm, bu gün anamdan başqa məni heç nə düşündürmür. Amma anamı mənə bəxş edən insan indi onun qədər əziz olub mənim üçün. Əvvəldə az qalmışdı ki, öldürüm səni.
-Araz müəlim dedi də, bəxtimiz gətirdi.
-Araz müəllim gözəl insandır, nazirlərin içində bəlkə də ən ləyaqətli şəxsdir. Mən hamısını yeddi qatına kimi tanıyıram. Ən əsası çox səmimi bir adamdır.
-Gülnar xanım, o zaman mən baxım bir işlər nə yerdədir, sonra sizi dəvət edərəm ananızın yanına. İndi Nabaya deyərəm xalat və başmaq verər.
-Teymur, əzizim, mən yanılmadım anamı burda sənin yanında saxlamağa qərar verəndə. Fəhmim məni aldatmadı.

24 dəfə oxundu

Axtarış