Üçotaqlı mənzil
Müəllif: Adil ZAMAN


2017-10-08 19:06:42


Adil ZAMAN

Üçotaqlı mənzil
Üçpərdəli dördşəkilli dram


İŞTİRAK EDİRLƏR:

Ş a h i n, döyüşçü, 29 yaşında
Z ə r i f ə, onun anası, 47 yaşında
S e v i n c, onun qızı, 22 yaşında
S e v d a, onun rəfiqəsi, 22 yaşında
L a r i s a, tələbə, 21 yaşında
J u r n a l i s t
M ə m u r
Hadisə keçən əsrin 90-cı illərinin birinci yarısında Bakının şəhərətrafı qəsəbələrindən birində baş verir.


BİRİNCİ PƏRDƏ

Birmərtəbəli köhnə evin birotaqlı mənzili. Tamaşaçılardan sağda dəhlizə və mətbəxə qapı. Otaq qapı ilə üzbəüz yan-yana qoyulmuş kitab şkafı, köhnə güzgülü şifoner və bufetlə iki hissəyə bölünmüşdür. Sol tərəfdə Z ə r i f ə ilə S e v i n c i n səliqə ilə yığışdırılmış çarpayıları, sağ tərəfdə isə Ş a h i n i n çarpayısı.
Ön səhnədə tamaşaçılardan solda divan, ortada stol və dörd stul, sağda isə jurnal stolu, iki kreslo, döşəməyə qoyulmuş hündür gecə lampası, onun arxasında iri gül dibçəyi və televizor vardır.
Otağın divarlarından Ş a h i n i n atasının və babasının portretləri və həmişəyaşıl gül dibçəkləri asılmışdır
Arxadakı iri pəncərə tikinti meydançasına açılır. Bütün pyes boyu orada panel gətirən maşınları, onları qaldırıcı kranla boşaldıb bir tərəfə yığan, sonra isə lazım olandan-olana yuxarı mərtəbələrə verən fəhlələri görmək olur.
Hazırda quraşdırıcılar və qaynaqçılar birbloklu doqquzmərtəbəli binanın yeddinci mərtəbəsində işləyirlər.
Stolun arxasında üzü qapıya tərəf oturmuş Ş a h i n qabağındakı kiçik qutudan müxtəlif orden və medalları götürüb baxır və stolun üstünə düzür. Z ə r i f ə daxil olur.

Ş A H İ N(anasını görüb, gülümsəyərək). “Birja”da e’lan veriblər ki, hər cür orden və medallar alır¬lar. (O tərəf-bu tərəfə baxa-baxa) Hardasa burda idi... Dünən Sevinc gətirmişdi. Elə-belə vərəqləyirdim, birdən gözümə sataşdı...
Zərifə dayanıb oğluna baxır.
Bax gör nə qədərdir... (Təntənə və kinayə ilə). Sovet İttifaqı Qəhrəmanının ulduzu, medallar, Əfqanıstanın, demək olar ki, bütün orden və medalları...
Z Ə R İ F Ə(onun yanında əyləşir). Ay oğul, adam da heç orden-medallarını satarmı? Odur bax (əyninə hər iki tərəfi orden və medallarla dolu kitel geymiş 30-33 yaşlı kişinin divardan asılmış por-tretini göstərir), rəhmətlik baban onların hamısını əzizləyə-əzizləyə saxlayardı... Düzdür, onu tanı-yanlar deyirlər ki, bu kiteli yalnız bir dəfə - şəkil çəkdirəndə geymişdi. Hətta Sovet İttifaqı Qəhrəmanının Qızıl ulduzunu da taxmazmış. Yalnız 9 may günləri sinəsində “Berlinin alınmasına görə” medalı olardı. Yəqin ona görə ki, baban 19 yaşında könüllü olaraq cəbhəyə yola düşəndə qonum-qonşulara: “Reyxstaqa bayraq sancmasaq geri qayıtmayacağam”, - deyibmiş. Ən ağır güllə yaralarını da Berlində almışdı. Buna görə də qayıdandan sonra heç on il yaşamadı... (Köksünü ötürür). Rəhmətlik atan da 68-ci ildəki Çexoslovakiya hadisələrində iştirak elədiyinə görə hansısa medalla təltif olunmuşdu. Başqa medallar da almışdı. İndi onların hamsını əziz xatirə kimi qoru¬yuram. Məgər o illəri babanın və atanın ömründən qoparıb atmaq olarmı?.. Eləcə də bunlar (orden və medallara işarə edir) sənin ömrünün o qanlı-qadalı illərindən yadigardır... (Ayağa durub, bufetin üstündəki dəbilqəni götürür, geri qayıdır, məzəmmətlə). Bəlkə üzərində mücahid gülləsinin izi olan bu dəbilqəni də satasan?.. (Oturur)
Ş A H İ N(ayağa qalxıb, gəzişə-gəzişə). Ay ana, yəqin ki, o vaxt babam heç özü də bilmirdi ki nəyin naminə güllə qabağına gedir...
Z Ə R İ F Ə(onun sözünü kəsərək). Niyə bilmirdi, ay oğul? Faşizimlə vuruşurdu, Vətəni müdafiə eləyirdi!..
Ş A H İ N. Daha doğrusu, ona belə demişdilər. Amma indi məlum olur ki, onda iki faşist sistemi - qəhvəyi və qırmızı - milyonlarla adamı qurban verərək, bir-birilə haqq-hesab çəkibmiş.
Zərifə təəccüblə oğluna baxır.
Atamı da aldadıb, Çexoslovakiya xalqlarının azadlıq arzularını beşikdəcə boğmağa göndərmişdilər, necə ki 20 yanvarda bizim başımıza od ələdilər. (Qəzəblə). Yanımızda qucağında uşağı olan cavan bir qadın da vardı. Birdən rus tankı üstümüzə elə şığıdı ki, özümüzü birtəhər kənara ata bildik. O gəlinsə uşaqla birlikdə tankın altında qaldı. Onun son nəfəsdə qışqırdığı “Azadlıq”, “Azadlıq” ni-daları indi də qulaqlarımda səslənir... Bizə isə o vaxt demişdilər ki, guya Amerika imperialistləri tərəfindən qızışdırılan əksinqilabçılarla mübarizədə öz müstəqilliyini qoruyub saxlamağa can atan əfqan xalqına köməyə gedirik. Amma sən demə, özümüz müsəlman ola-ola, ruslara qoşulub müsəlmanları qırmışıq. Əgər (orden və medalları göstərir, istehza ilə) bu dəmir-dümürü də veriblərsə, deməli yaxşı çalışmışıq... (Əsəbi halda gəzişməkdə davam edir).
Z Ə R İ F Ə(qorxmuş halda ayağa durub, Şahinə yaxınlaşır). Ay oğul, gəldiyin iki-üç gündür, hələ yorğunluğun çıxmayıb. Sən bir az uzanıb dincəl, mən də yemək hazırlayım. Bir azdan Sevinc nahara gələcək.
Şahin yorğun halda divanda əyləşir. Zərifə qapıya tərəf gedir.
Ş A H İ N. Bəs sən işə getməmisən?
Z Ə R İ F Ə(dayanıb, geri çevrilir). Yox, a bala. Bizim zavodumuz işləmir. Hərdən gedib özümü göstərib gəlirəm. Neçə aydır ki heç maaş da vermirlər. Sevincin pulu ilə birtəhər dolanırıq. (Gəlib, oğlu ilə üzbəüz stulda əyləşir).
Ş A H İ N. Sevinc harda işləyir ki?
Z Ə R İ F Ə. Vallah, firmalarının heç adını da bilmirəm. Kompüterdə yazı mətnləri yığır.
Ş A H İ N(istehza ilə). Daha onun makinaçıdan fərqi nə oldu ki? Buna görə Moskvada universitetdə oxuyurdu? Elə buralarda kursdan-zaddan qurtaraydı da...
Z Ə R İ F Ə(mehribancasına). İndi ali təhsillilər üçün iş tapmaq çətindir, oğul. Hər yerdə ixtisar ge-dir. Diplomdur da, durub evdə. Bir vaxt lazım olar... Sevinc işindən razıdır, maaşı da pis deyil.
Ş A H İ N(nəsə xatırlayıbmış kimi).Yaxşı yadıma düşdü, dünən Sevinci bir gədə “Jiquli”də gətirmişdi. Mən çatana kimi sürüb getdi...
Z Ə R İ F Ə(sakit).Yəqin Xasay olub, ay oğul.
Ş A H İ N(soyuq). O kimdir elə?
Z Ə R İ F Ə. Şəhərdə komisionkada işləyir. Maşın da özününküdür. Elçi gəlmək istəyirdilər, dedim ki, Şahinin... Səndən bir xəbər çıxınca gözləsinlər... (Şahinin susduğunu görüb). Pis oğlana oxşamır. Sevinc ondan razıdır.
Ş A H İ N(gözü yol çəkə-çəkə). Bəs rəfiqəsi gəlib-gedirmi?
Z Ə R İ F Ə. Sevdamı? Hərdənbir Sevinclə gəlir. Sənin qayıtmağından xəbəri yoxdur. Sevincə demişəm, sabah gedib gətirəcək.
Ş A H İ N(tez). Lazım deyil.
Zərifə təccüblə onun üzünə baxır
Gətirmək lazım deyil. Elə-belə xəbər versin ki gəlmişəm, vəssəlam.
Z Ə R İ F Ə(təccüblə). Ay oğul, tək niyə gəlir ki?! Qoy bacınla gəlsinlər də...
Ş A H İ N(etiraza yol verməyən səslə). Mən getməmişdən qabaq Sevinc onu gətirib-aparırdı?.. Küçəmizi də tanıyır, qapımızı da...
Z Ə R İ F Ə(sakit). Nə deyirəm ki, ay oğul. Özün bilən məsləhətdir... (Ayağa durur). Təzə çay dəmləmişəm, bəlkə bir stəkan içəsən?..
Ş A H İ N(yorğun). Yox, kofe gətir, amma çox şirin eləmə.
Z Ə R İ F Ə(mülayimcə). Kofe yoxumuzdur, ay oğul. Həm az tapılır, həm də çox bahadır.
Ş A H İ N. Yaxşı, heç nə lazım deyil. (Əsnəyə-əsnəyə ayağa durur, gərnəşir).
Z Ə R İ F Ə. Onda sən yat, dincəl bir az, mən də yemək hazırlayım. İndicə Sevinc də gələcək. (Çıxır).
Şahin yorğun halda çarpayısına tərəf gedir, sonra nə fikirləşirsə geri qayıdır, o tərəf-bu tərəfə baxır, jurnal sto¬lunun üstündən bir qəzet götürüb, yenidən çarpayısına yaxınlaşır, qəzeti açıb çarpayının ayaq tərəfinə salır, pal-tarlarını və ayaqqablarını soyunmadan çarpayıya uzanıb, əllərini başının altına, ayaqlarını isə qəzetin üstünə qoyur.

X A T İ R Ə L Ə R D Ə N

Ön səhnədə dənizkənarı bulvar. İsti yay günlərindən biri. Axşam saat beş-altı radələridir. Ağaclar çiçəkləyib, güllər açılıb. Quşların könül oxşayan cəh-cəhi sahilə çırpılan dalğaların səsinə qarışıb yox olur və bir azdan yenə eşidilir və bu axıra qədər təkrar olunur. Şahin və Sevda əldən-ayaqdan uzaq bir yerdə qoyulmuş skamyada əyləşib, dənizə tamaşa edirlər.

Ş A H İ N(dalğalar növbəti dəfə sahilə çırpılıb qayıdanda nəsə tapmış kimi sevinəcək). Bax, ba-yaqdan mənim vəziyyətimi başa düşmək istəmirsən... Ya da mən lazımi sözlərlə izah eləyə bilmirəm... Bir qulaq as! Eşidirsənmi quşların səsini!
Sevda nəvazişlə ona baxaraq başı ilə təsdiq edir.
Lap yaxşı. İndi o dalğalara bax. Görürsən, sahilə tərəf gəlirlər... Diqqətli ol... Dalğalar sahilə çırpı-landa gör quşların səsini eşidəcəksənmi?..
Hər ikisi cınqırlarını belə çıxarmadan dənizə baxırlar. Dalğaların səsi get-gedə güclənir və onlar gurultu ilə sahilə çırpılaraq geri qayıdır. Şahin sualedici nəzərlərlə Sevdaya baxır.
S E V D A(təccüblə). Doğrudan a!.. Quşların səsi bir anlığa eşidilməz oldu. (Heç nə olmayıbmış kimi). Ancaq nə olsun ki?! Bunun bizim söhbətimizə nə dəxli?..
Ş A H İ N(yorğun). Məsələ də elə burasındadır ki, faciədən ay yarım keçməsinə baxmayaraq hara gedirəmsə, nə iş görürəmsə, Xocalıda vəhşicəsinə öldürülüb meyitləri eybəcər şəklə salınmış o uşaqlar, qocalar, qadınlar məni qarabaqara izləyirlər. Bax, o dalğalar sahilə çırpılanda quşların səsini necə udursa, eləcə də bu faciə gündə azı üç-dörd dəfə mənim görmək, eşitmək, qavramaq qabiliyyətimi elə bil əlimdən alır. Özü də ən arzuolunmaz vaxtlarda və yerlərdə. Uzağa getməyək, elə dünən şəhərdə bağça uşaqları küçəni keçirdi, mən də onlara tamaşa eləyirdim. Birdən heç bilmirəm nə oldu. Mənə elə gəldi ki, əlini qaldırıb maşınların qabağını saxlayan tərbiyəçi rus zabiti-dir, uşaqlar isə - rus və erməni əsgərləri, Xocalıya hücuma hazırlaşırlar. Bundan sonra nə olduğunu xatırlamıram. Deyirlər, nəsə qışqıra-qışqıra onların üstünə qaçırammış. Tutub yaxınlıqdakı bağa gətiriblər. Özümə gələndə isə başıma toplaşanlara demişəm: “Hanı əsgərlər?.. Qoymayın, öldürəcəklər”. Hamı elə bilib ki başıma hava gəlib. Ancaq bir azdan, bax bu dalğalar sahilə dəyib qayıdanda olduğu kimi, hər şey keçib gedib...
Sevda maraq və təccüblə Şahinə baxır.
Onsuz da başıma bir iş gələcək, təsadüfi ölümün qurbanı olacağam. (Acı-acı). Heç kim də bilməyəcək ki, bu dünyada Şahin adlı bir nəfər 27 il yol ölçüb, nəyəsə can atıb, kimisə sevib...
S E V D A. Elə niyə deyirsən? Sən artıq kifayət qədər iz qoymusan həyatda. Əfqanıstanda olmusan, dəfələrlə real ölümlə üzləşmisən, dəbilqən olmasaydı... Sovet İttifaqı Qəhrəmanısan...
Şahin istehza ilə gülümsəyir.
Gülmə, qulaq as!.. Mən ciddi deyirəm. 20 yanvara həsr olunmuş kitablarda sənin də neçə-neçə ada¬mı xilas etməyindən, yaralanmağından yazıblar. Sevinc qəzetlərdən birində şəkilini də göstərmişdi. Bəs deyil bunlar?.. (Mövzunu dəyişərək). Odur, evinizin arxasında doqquzmərtəbəli bir binanın özülünü qoyublar. Zərifə xala deyir ki, orada sizə üçotaqlı mənzil verəcəklər... (Sınayıcı nəzərlərlə Şahinə baxır). Mən də bu gün-sabah dördüncü kursa keçəcəyəm...
Ş A H İ N(ayağa durub gəzişərək). Ay qız, sən necə filoloqsan? Adi dillə də dedim, obrazlı şəkildə də göstərdim, yenə də mənim vəziyyətimi anlamırsan... (Zarafatla). Ay dəli, başa düş, orada ölsəm, heç olmazsa, Şəhidlər xiyabanında dəfn edərlər.
S E V D A(ayağa durur). Elə bilirsən Bakıdan gedənlərin hamısını ora gətirirlər? Bir də ki, o Xiya-banla adi qəbristanlığın nə fərqi var. (Çılğın). Niyə sən başa düşmürsən ki, bu, müharibə deyil, oyundur, oyun!?.. O “Xocalı” da kiməsə lazım idi!.. Keçən ay Pirşağıda xocalıların qaldığı sanatori-yaya yardım aparmışdıq. Hamısı bir ağızdan deyirdi ki, nəinki adamları çıxartmaq, hətta şəhəri də müdafiə etmək olardı. Ancaq günü-günə satdılar, bədbəxtləri güdaza verdilər... İndi sən də gedib belə oyunlardan birinin qurbanı olacaqsan!..
Ş A H İ N. Sən hər deyilənə qulaq asma. Ruslar olmasaydı, ermənilər heç nə eləyə bilməzdilər... Mənim qərarım qətidir. Uşaqlarla danışmışıq. Sabah yola düşürük. Könüllü batalyonlardan birinə qoşulacağıq. Üçümüz də and içmişik ki, Xankəndə bayrağımızı sancmamış geri qayıtmayacağıq. Belə yaşamaqdansa, şərəfli ölüm min dəfə yaxşıdır. (Yaxınlaşıb Sevdanın gözlərindən axan yaşı silir). Uşaq deyilsən ki ağlayırsan. (Zarafatla). Qorxma, mən bəxtli adamam. Bu dəfə də sağ-salamat qayıdacağam. (Sağ əli ilə qızın üzünə tökülmüş saçlarını səliqəyə sala-sala). Gedək, anam, yəqin ki, bizi gözləyir. (Sol əli ilə Sevdanın çiyinlərin qucaqlayıb, qızı sinəsinə sıxır).
Səhnə qaranlıqlaşıb, yavaş-yavaş işıqlanır.

Zərifə daxil olur və Şahinin çarpayısına yaxınlaşır.

Z Ə R İ F Ə. Yatmısan?
Ş A H İ N. Yox. (Durub, çarpayıda oturur). Nə olub?
Z Ə R İ F Ə. Bir nəfər səni soruşur.
Ş A H İ N(dalğın). Kimdir?
Z Ə R İ F Ə. Deyir ki qəzetdən gəlib.
Ş A H İ N. Nə lazımdır ki? (Ayağa durur).
Z Ə R İ F Ə. Bilmirəm, səninlə görüşmək istəyir.
Ş A H İ N(şifonerin güzgüsündə saçlarını, üst başını səliqəyə sala-sala). Qoy içəri gəlsin də... Bay-ırda niyə dayanıb.
Zərifə çıxır. Şahin şifonerdən aralanır, qəzeti çarpayının üstündən götürərək qatlayıb döşşəyin altına atır, stolun üstündəki orden və medalları tələm-tələsik qutuya yığır, dəbilqə ilə birlikdə aparıb bufetin üstünə qoyur. Sonra o tərəf-bu tərəfə göz gəzdirir, divanın örtüyünü düzəldəndə J u r n a l i s t qapıda görünür. Arxadan Z ə r i f ə n i n səsi gəlir: “Keçin, keçin!..”
Ş A H İ N(qapıya tərəf gedə-gedə). Gəlin. Xoş gəlmisiniz.
J U R N A L İ S T(yaxınlaşıb Şahinlə görüşür). “Vətən” qəzetindənəm. Adım İlqardır.
Ş A H İ N(divanı, stulları göstərir). Əyləşin.
J u r n a l I s t keçib stolun arxasında əyləşir. Şahin də oturur. Jurnalist portfelini stolun üstünə qoyub, nə isə demək istəyir, ancaq əlində çay məcməyisi içəri girən Z ə r i f ə n i görüb dayanır. Şahin anasına tərəf baxıb, üzünü J u r n a l i s t ə tutur.
Ş A H İ N. Buyurun, eşidirəm sizi.
Zərifə çay stəkanlarını, konfet qabını, mürəbbəni, kiçik nəlbəkiləri və qaşıqları stolun üstünə düzür.
J U R N A L İ S T(Ş a h i n ə). Sizi təbrik eləyirəm! Milli Qəhrəman adına təqdim ediblər.
Z Ə R İ F Ə(sevincək). Səni xoşxəbər olasan, ay qardaş! Nə yaxşı!.. (Əlində boş məcməyi dayanıb qulaq asır).
Ş A H İ N(təccüblə anasına, sonra J u r n a l i s t ə baxır). Başa düşmədim. Nə qəhrəman? Kimi təqdim eləyiblər, kim eləyib?..
J U R N A L İ S T(özündən razı halda). Mən dünən Müdafiə Nazirliyində idim. Beş nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına təqdim eləyiblər. Biri də sizsiniz.
Ş A H İ N (hələ də qulaqlarına inana bilmir). Nəyə görə?
J U R N A L İ S T (təəccüblə). Necə yəni nəyə görə? Qəhrəman adına nəyə görə təqdim edirlər?..
Ş a h i n gah anasına, gah da J u r n a l i s t ə baxır.
İndi yaxşı bir yazı hazırlayarıq, fərman çıxan kimi dərc olunar.
Ş A H İ N (J u r n a l i s t ə). Siz hansı qəzetdənsiniz dediniz?
J U R N A L İ S T. “Vətən” qəzetindən.
Şahin sualedici nəzərlərlə anasına baxır.
(Tez). Bilirsiniz, bizim qəzet təzədir, axırıncı nömrəsi 4-5 ay əvvəl çıxıb. Xəbəriniz var da, kağız tapılmır, maliyyə çətinləkləri ilə üzləşirik...
Ş A H İ N (J u r n a l i s t ə). Deyirsiniz siyahıda beş nəfərdir?
J U R N A L İ S T. Bəli.
Ş A H İ N. Bəs niyə mənim yanıma gəlmisiniz?
J U R N A L İ S T. Əvvəla, sizin adınız siyahıda birincidir. Amma əsas məsələ bundadır ki, siz iki il Xankəndidə əsirlikdə olmusunuz. Heç bilirsiniz necə maraqlı material hazırlamaq olar?!
Ş A H İ N(dalğın). Axı qəzetiniz çıxmır...
J U R N A L İ S T. Siz narahat olmayın. Mənim başqa qəzetlərdə tanışlarım var.
Ş A H İ N(durub gəzişir, sonra birdən dayanıb, J u r n a l i s t ə). Deyirsiniz mənə Milli Qəhrəman adı verəcəklər?
J U R N A L İ S T(tez). Əlbəttə!
Ş A H İ N(istehza ilə). Uzun müddət əsirlikdə olduğuma görə?
J U R N A L İ S T(müqəssircəsinə). Açığı, təqdimatda nə yazıldığını mən bilmirəm. Buna görə gəlmişəm ki, özünüz danışasınız. Axı siz Goranboydan Ağdərəyə qədər şərəfli döyüş yolu keçmisi¬niz.
Ş A H İ N(darıxır). Nə bilirsiniz ki, o yol şərəfli olub?
J U R N A L İ S T. Başqa cür olsaydı, sizin adınız siyahıya düşməzdi.
Ş A H İ N(səsini qaldırır). Mənim, sizin dilinizlə desək, əsas qəhrəmanlıqlarım, (istehza ilə) şərəfli döyüş yolumun zirvəsi Ağdərə uğrunda ölüm-dirim savaşlarında olub. Hanı indi Ağdərə? Əgər mən bu ada layiq idimsə, iki il qabaq niyə yada düşmürdüm? O vaxt ki, Ağdərədə bircə nəfər də olsa erməni yox idi. İndi bu nə oyunbazlıqdır?
Jurnalist kömək istəyirmiş kimi mağmın-mağmın Zərifəyə baxır.
Z Ə R İ F Ə (Şahinə). Ay oğul, Milli Qəhrəman adını tələm-tələsik vermək olmaz axı. Gərək hər şeyi yoxlayasan, dəqiqləşdirəsən...
Ş A H İ N(onun sözünü kəsərək, kinayə ilə) ...erməni Ağdərədə kef eləyəndə isə Şahin Cəlilliyə Ağdərənin alınmasında göstərdiyi igidliklərə görə Milli Qəhrəman adı verəsən... (Şifoneri açıb nəsə axtarır, anasına). Hanı mənim qara plaşım?
Z Ə R İ F Ə. Dəhlizdəki asılqandadır.
Şahin qapıya tərəf gedir.
Hara gedirsən, ay oğul? (Məzəmmətlə). Evdə qonaq var axı...
Ş A H İ N(dayanıb anasına). Müdafiə Nazirliyinə. Görək günahım nədir ki, məni el içində biabır eləmək istəyirlər. (J u r n a l i s t ə). Məni bağışlayın... Sağ olun ki, vaxtında xəbərdar etdiniz... (Öz-özünə, istehza ilə). O fərman dərc olunacaq qəzet gedib Ağdərəyə çatanda aləm olacaq. (Çıxır).
Z ə r i f ə gəlib J u r n a l i s t I n yanında oturur. Bir müddət heç biri dinmir.
Z Ə R İ F Ə(ayağa qalxır). Çayınızı təzələyimmi?
J U R N A L İ S T. Yox, sağ olun. (Öz-özünə). Heyf, yaxşı material hazırlayacaqdım... (Z ə r i f ə y ə). Bilirsiz, bir-iki gündən sonra o biri qəzetçilər duyuq düşüb gələcəklər. İki illik əsirlikdən nə desən, nə cür desən yazmaq olar. Lap povest, roman...
Zərifə heç nə demir.
Amma deyəsən bir az əsəbidir ha oğlunuz...
ZƏRİFƏ(dərindən ah çəkib oturur). O əvəllər çox sakit, mehriban uşaq idi. Məsləhətsiz heç bir iş tutmazdı. Ancaq orta məktəbi qurtaran ili, elə bil ki, birdən-birə dönüb başqa adam oldu. Artıq onun nə düşündüyünü, sabah hansı addımı atacağını nə mən bilirdim, nə də rəhmətlik atası...
J U R N A L İ S T. Allah rəhmət eləsin. (Divardan asılmış potretə baxır). Deyəsən cavan ölüb. (Təccüblə). Nə çox orden-medalı var?!..
Z Ə R İ F Ə(köksünü ötürür). Hə, 40 yaşın içində idi. (Qara haşiyəli potreti göstərir). Atası, bax, odur. Bu orden-medallı potret babasınınkıdır.
J U R N A L İ S T. Xəstəliyi nə olub ki?
Z Ə R İ F Ə. Heç bir xəstəliyi yox idi... Biz evlənəndə onun 18, mənim isə 17 yaşım vardı. Şahinin bir yaşı olanda orduya apardılar. Qayıdandan sonra gündüz işlədi, axşam oxudu. Başağrısı vermirəm ki?
J U R N A L İ S T(tez). Yox, yox. Buyurun. Görək Şahini yola gətirə bilərəmmi? Yaxşı material hazırlamaq olar. Lap povest, roman...
Z Ə R İ F Ə. Universitetin fizika-riyaziyyat fakültəsini qurtarandan ta 86-cı ilədək fizika institu-tunda işlədi. Nüvə energetikası ilə məşğul olurdu. Doktorluq dissertasiyasını tamamlamaq üzrə idi. 86-nın mayında, ayın 1-i ya 2-i idi, eşitdik ki, aprelin 26-da Çernoblda qəza baş verib. Mənə: “Moskvaya e’zamiyyətə göndərirlər” deyib, ora gedibmiş. 10 gündən sonra meyitini gətirdilər. Fəhlələrdən birinin səhlənkarlığı ucbatından güclü şüalanmaya məruz qalıbmış.
Pauza.
Şahin onda ikinci il idi ki Əfqanıstanda vuruşurdu. Yasa da gələ bilmədi.
J U R N A L İ S T. Buraxmadılar ya xəbər vermədiniz?
Z Ə R İ F Ə. Mən çağırtdırmaq istəyirdim. Hətta iki gün meyiti evdə saxladım. Ancaq adresini tapa bilmədim. Atası mənə demişdi ki, Almaniyada xidmət eləyir. Məktubları da onun iş yerinə yazırdı. Atasına yazdığı növbəti məktubu mənə gətirmişdilər. Oxuyanda hər şey aydın oldu...
Pauza.
Əfqanıstandan Qəhrəman kimi qayıtdı Şahin. Nümunəvi xidmətinə görə partiyaya qəbul eləmişdilər, biletini 20 yanvarda yandırdı. Çox ciddiləşmişdi, daim fikirli gəzib-dolanırdı. Atasının ölüm xəbərini eşidəndən sonra isə lap qaradinməz oldu...
Pauza.
Qoy gedim çayları dəyişim... (Stəkanları məcməyiyə qoyub çıxır).
Jurnalist ayağa durub gəzişir. Sonra pəncərəyə yaxınlaşıb, tikinti meydançasına tamaşa eləyir. Z ə r i f ə təzə çayla qayıdır.
J U R N A L İ S T(pəncərəyə tərəf işarə edib, Z ə r i f ə y ə). Qəşəng bina olacaq!
Z Ə R İ F Ə (çayları stolun üstünə qoyub, J u r n a l i s t ə). Bizə oradan üç otaqlı mənzil verməlidirlər.
J U R N A L İ S T(gəlib yerində oturur). Burada Şahinlə ikiniz olursunuz?
Z Ə R İ F Ə(oturur). Yox, qızım da var. (Saata baxır). Beş-on dəqiqəyə gəlməlidir.
J U R N A L İ S T(təccüblə). Bəs nə əcəb indiyə qədər sizə geniş mənzil verməyiblər? Babası bir yana, axı Şahin özü də Sovet İttifaqı Qəhrəmanıdır. (Çay içir).
Z Ə R İ F Ə. Şahin də babasına, atasına çəkib. Özü üçün heç vaxt heç kimdən heç nə xahiş eləmir. Deyir: “Növbəmiz çatanda çağırıb order verəcəklər”. Köhnə qonşuların hamısı çoxdan köçüb gedib. Biz isə 30 ildir bu mənzildə yaşayırıq. 91-in payızında Şahini evləndirməyə hazırlaşırdıq. Ondan xəbərsiz dokumentlərini aparıb İcra hakimiyyətində göstərdim. Dedilər ki, biz ümumi siyahıda növbədəyik. Amma gərək növbədənkənar mənzil alanların siyahısında olaydıq. Söz verdilər ki, bu bina hazır olan kimi üçotaqlı mənzillərdən birini biz alacağıq. Ancaq Şahin deyir ki, ağlı olan panel evdə yaşamaz; həm başdan ayağa xəstəlikdir, həm də möhkəm olmur - heç 5-6 bal zəlzələyə də da-vam gətirməz.
J U R N A L İ S T. Onu düz deyir. Mənim bir həmkarım evtikmə kombinatlarını yaxşıca tənqid eləmişdi. Təsəvvür eləyirsinizmi, o boyda binanın elə bir detalı yoxdur ki, onu hazırlayanda kələk gəlməsinlər. (Ayağa durur). Baxın, o panellərə xüsusi markalı sement tələb olunur. Ancaq onu satıb, əvəzində Qaradağ sementindən istifadə eləyirlər. Texnoloji qaydalara da əməl olunmur. Özü də həm panel hazırlananda, həm də qurudulanda. Hələ mən demirəm ki, onların daxilindəki metal karkas lazımi konstruksiyada deyil. Çünki armaturu kənar adamlara da verirlər, aydındır ki nağd pulla, bir forma üçün tələb olunan metalı isə iki-üç yerə bölürlər. Bu da panelin möhkəmliyini xeyli azaldır... (Əlini yelləyir). Eh, hansı birini deyəsən?.. Amma kənardan baxanda qəşəng görünür, eləmi? Kaş lap doqquzuncu mərtəbədə bircə otaq da mənə verəydilər...
Z Ə R İ F Ə. Hə, çox qəşəng bina olacaq!.. (Ayağa durur).
Zərifə və Jurnalist danışa-danışa pəncərəyə yaxınlaşıb, tikinti meydançasına tamaşa edirlər.
Pərdə.


İ K İ N C İ P Ə R D Ə

Yenə orada. Z ə r i f ə divanda oturub, fikirli-fikirli nəsə toxuyur. S e v i n c daxil olur.
S E V İ N C(şən). Salam, ana!
Z Ə R İ F Ə. Salam, qızım. Niyə belə gec gəldin?
Sevinc şifonerə yaxınlaşıb, sir-sifətini gözdən keçirir. Özündən razı halda güzgüdən aralanıb, anasına tərəf gəlir.
S E V İ N C. Çörək yemisən?
Z Ə R İ F Ə(yumaqları bir tərəfə qoyub, ayağa durur). Elə indicə fikirləşirdim ki, daha sən gəlməzsən. (Saata baxır). Saat ikidir.
S E V İ N C. Xasaygil mal qəbul eləyirdi. Ona görə ləngidim. Bu gün işim də bir elə çox deyil. Çat-dıra bilməsəm, bir az artıq qalaram... (Məzəmmətlə). Bu fikir səni üzəcək, ay ana. (Mehribanlıqla onu qucaqlayır). İki ildir havalı kimi gəzirdin. İndi budur, oğlun sağ-salamat gəlib çıxıb...
Z Ə R İ F Ə(ah çəkir). Eh, ay qızım, Şahin çox dəyişilib, çox... O əvəllər sakit, mehriban bir uşaq idi. Amma hələ onda hiss eləmişdim ki, kiçik uğursuzluq belə onu çox bərk mə’yus eləyir...
S E V İ N C(onun sözünü kəsir). Elə niyə deyirsən, ay ana? Allaha şükür, əl-ayağı yerindədir, yara-ları yavaş-yavaş sağalır, bu gün-sabah da Milli Qəhrəman olacaq. Adama daha nə lazımdır?.. Əgər əsir düşməyinə görə perejivat eləyirsə, indi Azərbaycanın özü əsir kimi bir şeydir. Odur, Xasaygilin Fizulidə neçə göz ev-eşiyi, bağ-bağçası qalıb...
Z Ə R İ F Ə(köks ötürür). Eh, a bala, birini bilirsən, beşini yox. Şahin gedəndə and içmişdi ki, Xankəndinə bayraq sancmasa geri qayıtmayacaq. Onu isə o şeytan yuvasına əsir kimi aparıblar. İndi oturub-durub deyir ki, o vaxt özümüzünkülər qoymadı müharibəni qurtaraq. Elə şeylər danışır ki... Bu tərəfdən də o siyahı məsələsi çıxıb ortaya. Müdafiyə nazirliyində deyiblər ki, təqdimatları Prezident Aparatına göndəriblər. Orada bir şöbə var, təltif-zad məsələsi ilə məşğul olur, ora. O şöbənin də müdirinin qəbulu ayda bir dəfədir, bu ay - 27-də olacaq, düz 15 gündən sonra. Şahin də qorxur ki, qəbula kimi prezident fərmanı imzalayar. Bir həftədir ora-bura qaçır...
S E V İ N C. İmzalayır imzalasın! Ölüm fərmanı-zad deyil ki?! Odur, Vasifin də adı həmin siyahıda var.
Zərifə Sevincə baxır.
Dayımgilin qonşusu da... Şahinlə getmişdi...
Zərifə xatırlamağa çalışır.
Bir qıçı da protezdir ey...
Z Ə R İ F Ə(tanıyır). Həə... Həə...
S E V İ N C. Bu yaxınlarda bacısını görmüşdüm. ”Vasif yaman sevinir”, - deyir. Yazıq iki il idi ki dokument toplayırdı...
Z Ə R İ F Ə(yorğun). Nə deyim, vallah. Lap başımı itirmişəm. (Saata baxır). Gedək, çörəyini ye, yoxsa işə gecikərsən.
Z ə r i f ə və S e v i n c qapıya tərəf gedirlər. Ş a h i n daxil olur. Üz-gözündən, hərəkətlərindən möhkəm dilxor olduğu aydın sezilir. S e v i n c çıxır. Z ə r i f ə də qızının ardınca başını bulaya-bulaya gedir. Ş a h i n çarpayıya yaxınlaşır, döşşəyin altından qəzeti götürüb, çarpayının ayaq tərəfinə salır, paltarlarını və ayaqqabılarını soyun-madan çarpayıya uzanıb, əllərini başının altına, ayaqlarını isə qəzetin üstünə qoyur.



X A T İ R Ə L Ə R D Ə N

Ön səhnədə kiçik bir otaq. Döşəmə, divarlar və tavan betondandır. Tavana yaxın yerdə dəmirbarmaqlıqlı kiçik pəncərə var. Sol tərəfdəki çarpayıda qolları və başı sarıqlı Ş a h i n uzanıb, gözlərini harasa bir nöqtəyə zilləmişdir. İlk baxışdan onu tanımaq çətindir. Çarpayının yanındakı kətilin üstündə içərisində kofe olan fincan vardır. Kətildən bir az aralıdakı stuldan başqa otaqda daha heç nə yoxdur. Bir-iki dəqiqədən sonra otağın dəmir qapısı açılır və L a r i s a daxil olur.

L A R İ S A(gülümsəyərək). Hələ kofenizi içməmisiniz?
Ş A H İ N(hirsli). İçməyəcəyəm də!..
L A R İ S A(qayğıkeşliklə). Axı sizə hirslənmək olmaz...
Ş A H İ N(qəzəb və kinayəqarışıq səslə). Elə buna görə neçə gündür mənim əsəblərimlə oynayır¬sınız?!
L A R İ S A(nəvazişlə). Doğrudanmı mənimlə ünsiyyətdə olmaq sizin üçün darıxdırıcıdır?
Ş A H İ N(bir qədər yumuşaq səslə). Başa düşün, siz neçə gündür mənə qulluq eləyirsiniz...
L A R İ S A(onun sözünü kəsərək, incik halda). Siz isə mənimlə ikicə kəlmə də olsa danışmaq istəmirsiniz.
Ş A H İ N(səsini qaldırır). Axı mən tanımadığım adamla nə danışacağam?! Bizim dili yaxşı bilsəniz də sir-sifətinizdən, saçlarınızdan rusa oxşayırsınız. Buna görə də mən bilmirəm ki, siz azərbaycanlısınız yoxsa rus.
L A R İ S A(səmimi).Yəni bu elə vacibdir? (Özünün bütün gözəlliyini nümayiş etdirərək, mehriban-casına). Canlı adamam da, durmuşam qabağınızda...
Ş a h i n bir müddət gözlərini ondan çəkə bilmir. L a r i s a gülümsəyərək stulu çəkib, çarpayının yaxınlığında əyləşir və nüfuzedici nəzərlərlə mehriban-mehriban oğlana baxır.
Ş A H İ N(gözlərini məchul bir nöqtəyə zilləyərək həsrətli səslə). Bilirsiniz, son iki ildə siz mənim gördüyüm ilk qadınsız... qızsız...Hər dəfə sizin nəvazişlə gülümsəyən gözlərinizə baxanda qəlbimdə anlaşılmaz hisslər baş qaldırır, özümdən aslı olmadan sizə get-gedə daha çox isinişirəm. İlk dəfə sizi görəndə... Təsəvvür eləyin ki, başdan-başa alaq otları ilə örtülmüş bir yerdə birdən-birə gözəl bir... çiçək... laləmi deyim, bənövşəmi deyim, peyda olur. Bax, o sizə necə təsir bağışlayarsa, siz də mənə elə təsir bağışladınız. Sizin şirin-şirin dediyiniz: “Axır ki gözlərinizi açdınız!..” sözləri qəlbimi yerindən oynatdı. Mən heç vaxt təsəvvür eləməzdim ki, qadın səsində bu qədər ecazkar qüvvə ola bilər.
L A R İ S A(gözlənilməz etirafdan özünü bir qədər itirmiş halda). Amma mən sizi ilk dəfə görəndə qorxmuşdum; üz-gözünüz qan içində idi. Huşunuzu itirənəcən döydükdən sonra gətirib elə bura (göstərir), betonun üstünə atıbmışlar. Əvvəlcə elə bildim ölmüsüz. Qorxa-qorxa, geriyə baxa-baxa yaxınlaşıb, nəbzinizi yoxladım. Ürəyiniz yavaş-yavaş döyünürdü... Pambıq, su gətirib, laxtalanmış qan ləkələrini təmizlədim... Ancaq siz ayılmadınız...
Ş A H İ N(onun sözünü kəsərək, səbirsiz). Bəs siz bura necə gəldiz, məni necə tapdız?.. Kimsiz axı siz?!..
L A R İ S A(oğlanın sözlərini eşitmirmiş kimi). Siz yatırdız, mən isə sizə baxıb düşünürdüm: “Yəqin ki orta əslərin cəngavərləri də elə belə olublar.”Sokol” ki “Sokol”...” (Gülümsəyir). Xəbəriniz var da, burada hamı sizə “Sokol” deyir, haqqınızda elə şeylər danışırlar ki, bilmirsən əfsanədir, nağıldır yoxsa həqiqət...
Ş A H İ N(qəzəblə). Deməli, hələ də hörmət eləyirlər həşəratlar!.. (Acı təəssüflə) Heyf ki, tez əsir aldılar... Sağlıq olsun, mənim onlarla, elə bizimkilərlə də, haqq-hesabım hələ qabaqdadır.
L A R İ S A. Bəs onda niyə özünüzü öldürmək istəmişdiniz?
Ş A H İ N. Bilirsiniz, mən bununla ikinci dəfədir qaçıram, ancaq bu yerləri yaxşı tanımıram deyə uzağa gedə bilmirəm. Birinci dəfə lap tez tutmuşdular...
L A R İ S A. Bəs bilmirdiniz ki, qaçan əsirləri adətən güllələyirlər?
Ş A H İ N. Döyməklərinə baxma, bilirdim ki, məni öldürməyəcəklər. Çünki ölüm cəzası almış bir cinayətkarla dəyişmək istəyirlər.
L A R İ S A. Başqasını dəyişərdilər. Odur, şəhər əsirlə doludur.
Ş A H İ N. Həmin erməniyə, deyilənə görə, 50 əsir təklif eləmişdilər, ancaq bizimkilər razılaş-mamışdılar. Mənim burada olduğumu biləndə fikirlərini dəyişdilər... Hə, onu deyirdim də, bu dəfə bir az ehtiyatlı davranırdım, ancaq gecələr yol gedirdim. Bir həftədən çox gəzib dolaşdım, lakin bizimkiləri tapa bilmədim. Hara gedirdimsə ermənicə danışıq eşidirdim. Onda da səhər təzəcə açılırdı. Axşama kimi gizlənmək üçün bir yer axtarırdım. Bir də gördüm dörd nəfər silahlı erməni! Elə bil yerin altından çıxdılar. Geri çevrilib qaçmağa başladım. Ancaq yol uçurumun başında qur-tardı. Aşağı baxdım. Şiş qayalardan başqa heç nə görmədim. Hirsimdən gözlərim yaşarmışdı. Yadıma düşəndə ki məni tutsalar o cinayətkarla dəyişəcəklər, daha tərəddüd etmədim. Ermənilər də çata-çatda idilər. Heç bilmədim ki, özümü nə vaxt aşağı atdım. Ancaq əllərimlə gözlərimi tutmuş-dum ki, qayaya necə çırpıldığımı görməyim. Bir xeyli vaxt keçdi. Elə gözümü açmaq istəyirdim ki, şappıltı səsi eşitdim. Sən demə, iki şiş qayanın arası ilə dərənin dibindəki çaya düşmüşəmmiş. Mən özümə gəlib, sudan çıxınca ermənilər başımın üstünü kəsdirdilər... Kaş onda öləydim, bu biabırçılıqdan canım qurtaraydı. Eşidən-bilən mənə deyəcək. Mən o əclafın məhkəməsində də ol-muşam. Vilayət milis rəisinin müavini imiş. Bizim teleoperatorlardan biri xarici jurnalist adı ilə bura gəlib, o da, necə olubsa, onu tanıyıb. Kamerasını əlindən alıb, özünü də elə əzab-əziyyətlə, əməllərindən ləzzət ala-ala öldürüb ki, heç danışılası deyil. Milislər olmasaydı camaat o daşnaq köpəkoğlunu didim-didim eləyərdi... Buna görə də məhkəməni qapalı keçirməyə məcbur oldular... (Yorğun və əsəbi). İndi məni həmin cəlladla dəyişmək istəyirlər...
L A R İ S A. O bir nəfəri öldürüb, siz isə, hələ vurduğunuz tankları, zirehli maşınları demirəm, yüzdən çoxunu. Onu orada, sizi də burada güllələsələr kim nə udacaq?
Ş A H İ N. Əvvəla, o, jurnalisti öldürüb, mən isə öz torpağımda mənə qarşı vuruşan quldurları, ikin-cisi də mən əsirəm.
L A R İ S A. Onu da Xocalıda əsir alıb, vertalyotla Ağdama, ordan isə Bakıya aparmışdılar.
Ş A H İ N(təəccüblə). Bunları siz hardan bilirsiniz?
L A R İ S A(sakit və aydın səslə). O mənim qardaşımdır.
Ş A H İ N(heyrətdən çarpayıda dikəlir, qulaqlarına inanmırmış kimi). Nə?!.. Sən ermənisən?!..
L A R İ S A(səsinin ahəngini pozmadan). Pasportumda belə yazılıb.
Ş A H İ N. Necə?..
L A R İ S A. Aloyan Larisa Aramovna.
Ş A H İ N(qəzəb və kinayə qarışıq). Daha erməninin buynuzu olmur, quyruğu olmur. Elə belə olur da erməni. Onun da familiyası Aloyandır.
L A R İ S A(mümkün qədər sakit). Ana tərəfdən mənim babam azərbaycanlı, nənəm - rusdur.
Şahin sınayıcı nəzərlərlə qıza baxır.
Ata tərəfdən isə babam ermənidir, nənəm - gürcü. Dördü də Moskvada oxuyub. Beş il bir yataqxa¬nada, üzbəüz otaqlarda - birində oğlanlar, birində qızlar - qalıblar. Hətta kiçik bir klub düzəldib, adını da qoymuşdular BETA - doğma şəhərlərinin - Bakı-Erevan-Tbilisi-Arxangelsk - adlarının baş hərflərinə əsasən. İmza əvəzinə bu simvolik adı parol kimi işlədirlərmiş. Dörd dost, dörd millətin nümayəndəsi... (Şahinə baxıb, sadəlövhcəsinə gülümsəyir). Mən isə heç özüm də bilmirəm kiməm.
Ş A H İ N(acıqlı). Necə olur ki, David Aloyan qatı daşnaq tör-töküntüsü olduğunu danmır, onun doğma bacısı isə özünü avam yerinə qoyur?
L A R İ S A. David Yerevanda babasının yanında böyüyüb, mən isə Bakıda ata-anamla yaşamışam.
Şahin bilmir ki nə desin, nə etsin. Pauza.
Ş A H İ N(handan-hana).Yaxşı, bəs siz nə işlə məşğul olursuz indi?
L A R İ S A. Sentyabrda Moskvaya gedəcəyəm. MDU-nun fəlsəfə fakültəsində oxuyuram. Beşinci kursa keçmişəm.
Pauza.
Ş A H İ N. Deməli, Aram kişi sizin atanızdır, eləmi?
Larisa başı ilə təsdiq edir
(Fikirli-fikirli). Əgər il yarım əvvəl o məni milis idarəsindəki təkadamlıq kameradan çıxartdırıb bura gətirməsəydi, bəlkə də döyməkdən öldürmüşdülər.
L A R İ S A. Atamın özünü də 90-cı ilin yanvarında azərbaycanlılar ölümün ağzından güclə qur-tarıb, paromla Krasnovodska yola salıblar. Onun yeganə istəyi sizi sağ-salamat təhvil verib, oğlunu geri almaqdır. Bakıya kiməsə bir torba pul da göndərib.
Ş A H İ N. Bəs ananız hardadır?
L A R İ S A. Bakıda.
Ş A H İ N. Gedib-gəlirsinizmi?
L A R İ S A. Hə. Moskvadan birbaşa ora gəlmişdim. Sonra Tbilisidə oldum, oradan da Yeravana getdim. (Gülümsəyir). İndi də burdayam.
Ş A H İ N. Bəs o pasportla qorxulu deyil?
L A R İ S A(gülümsəyir). Yox. Qızlardan hər deyəndə sənəd soruşmurlar. Amma bu dəfə metroda saxlamışdılar. (Gülür).
Şahin maraqla qulaq asır.
Cavan bir serjant idi. Elə-belə, bekarçılıqdan əl çantama baxmaq istədi. Tərslikdən pasportum da orada idi. Familiyamı görən kimi əvvəlki mehribançılığından əsər-əlamət qalmadı. Məni otaqlardan birinə apardı. Özünü elə dartırdı ki, elə bil qatı cinayətkarı ifşa edib. Tələbə biletimi alıb diqqətlə baxdı. Babam akademikdir, onun familiyasını dedim, telofonunu verdim, pasportumdakı Bakı qey-diyyatını göstərdim. Deyəsən, inandı ki təxribatçı deyiləm. Stolun siyirtməsindən bir əl qumbarası çıxardıb mənə dedi ki, o qumbara mənim çantamdan da çıxa bilər. Ancaq heç bir reaksiya vermədiyimi görüb əlavə elədi ki, protokol-zad yazmadan məni sabah buraxacaq, bu şərtlə ki mən bu gün onunla gedim. Mən artıq hərəkət etməyin vaxtı çatdığını başa düşüb: “Razıyam, - dedim. - Ancaq icazə verin zəng eləyim, rəfiqəm də mənimlə getsin”. O da sevincək dedi ki, uşaqlardan bir-ini özü ilə götürəcək. “Sən zəng elə, mən də mayordan icazə alıb gəlirəm”, - deyib çıxdı. Mən tez dayıma, o, Milli Təhlükəsizlik Nazirliyinin polkovnikidir, birbaşa telefonla zəng elədim. Vəziyyəti başa saldım. Serjant içəri girəndə: “Rəfiqəm sizinlə danışmaq istəyir”, - deyib, dəstəyi ona verdim. O da özündənrazı halda dəstəyi aldı, elə ağzını açmağı ilə rənginin ağarması bir oldu. Qaça-qaça ge-dib mayoru çağırdı və bir neçə dəqiqədən sonra məni maşınla evimizə apardılar.
Şahin qulaqlarına inanmırmış kimi heyrətlə Larisaya baxmaqda davam edir. Larisa ayağa durub, o tərəf bu tərəfə gəzişir. Şahinin onu gözdən keçirdiyini görüb, nəvazişlə gülümsəyərək, gəlib stulda oturur.
Ş A H İ N. Mən sizə lap mat-məəttəl qalmışam. O boyda biabırçı hadisəni gülə-gülə danışdınız və indi də heç nə baş verməyibmiş kimi gülümsəyirsiniz.
L A R İ S A. Bilirsiniz, mən o serjantı qınamıram. Onun mənə, pis, yaxşı, söhbət indi bundan get-mir, müəyyən iddiası vardı. Məndən isə tələb olunurdu ki, mövcud imkanlarımdan istifadə eləyib, həmin iddianın konfliktə çevrilməsinə yol verməyim. (Gülümsəyir). Vəssalam. Özümün isə heç vaxt heç kimə heç bir iddiam olmur. Bütün baş verə biləcək konfliktləri rüşeym halında boğmağa vərdiş eləmişəm. Buna görə yaşamaq mənim üçün çox asandır. Haçan hara istəsəm ora gedirəm. Hər yerdə də mənimlə ünsiyyətdən həzz alırlar.
Ş A H İ N. Axı tək vərdişlə iş bitmir. Gərək bunu bacarsan və başlıcası - istəyəsən.
L A R İ S A. Tamamilə doğrudur. Əsas məsələ hər bir tərəfin iddiasının, mövqeyinin mahiyyətinə varmaq, kimin nəyə nail olmaq istədiyini başa düşməkdir. Bu zaman nəinki kompromis, hətta əlavə variant da tapmaq mümkündür. Yadımdadır, bir dəfə oxu zalında bir oğlan pəncərəni açmaq istəyirdi, yaşlı bir kişi isə buna imkan vermirdi; skvoznyakdan soyuqlayacağından qorxurdu. Əlbəttə, kompromis variant kimi pəncərəni yarıya qədər açmaq da olardı və mən də bunu təklif eləmək istəyirdim. Ancaq kitabxanaçı onlara diqqətlə qulaq asdıqdan sonra gedib bitişik otaqdakı iri pəncərəni tam açdı - həm təmiz hava gəldi, həm də skvoznyak olmadı. (Gülümsəyib ayağa durur). Deyəsən yordum sizi... (Fincanı götürür). İsti kofe içəcəksizmi?
Ş A H İ N(dalğın). Hə...
L A R İ S A. Bu saat. (Qapıya tərəf gedir)
Ş A H İ N(L a r i s a qapıya çatanda). Özünüz üçün də gətirin... (Çarpayıda yerini rahatlayır).
Larisa geri çevrilib oğlana baxır, məmun-məmun gülümsəyərək çıxır.
Səhnə qaranlıqlaşıb, yavaş-yavaş işıqlanır.

Zərifə əlindəki kiçik məcməyidə bir fincan kofe daxil olur.
Z Ə R İ F Ə(çarpayıda uzanmış Şahinə). Dur, ay oğul, kofe gətirmişəm. İsti-isti iç.
Pauza.
Ş A H İ N(dalğın). Bəs sən?
Z Ə R İ F Ə. Mənə olmaz, a bala, təzyiqim var.
Şahin ayaqlarını yerə qoyub çarpayıda oturur. Başını ovuclarının içinə alıb, bir müddət tərpənməz dayanır.
(Stola yaxınlaşıb geri çevrilir). Dur da, ay oğul, dur, görək harda içəcəksən.
Ş A H İ N(vəziyyətini dəyişmədən). Qoy da ora bir tərəfə. (Sonra nə isə yadına düşübmüş kimi başını qaldırıb zəndlə anasına baxır). Bəs deyirdin kofe yoxdur.
Z Ə R İ F Ə. Bayaq Sevinc gətirib. Xasay göndərib. (Fincanı jurnal stolunun üstünə qoyur). Dur gəl.
Ş A H İ N(ayağa durur, narazı). Nə qədər ondan-bundan pay alacaqsan, ay ana?
Z Ə R İ F Ə(sakit-sakit). Neyləyim, ay oğul? Sən hələ işləmirsən. Mən öz hesabıma məzuniyyətdəyəm. Təkcə Sevincin pulu ilə dolanmaq olmur. Bir də ki Xasay özgəsi deyil? Bu gün-sabah elçi gələcəklər...
Şahin nə isə demək istəyir. Qapının zəngi çalınır. Zərifə çıxır. Şahin gedib kreslolardan birində oturaraq kofedən bir qurtum alır, fincanı qoymaq istəyir, lakin fikrindən daşınır. Bir neçə qurtum da alıb, kofenin hamısını içir. J u r n a l i s t, onun ardınca isə Z ə r i f ə daxil olurlar. Şahin onları görüb ayağa durur.
J U R N A L İ S T(Ş a h i n ə yaxınlaşır). Xoş gördük, qəhrəman! Necəsən? (Əlini uzadır).
Ş A H İ N(nəzakət xatirinə əl verib görüşür). Gördüyünüz kimi. (Kreslonu göstərir). Əyləşin.
J u r n a l i s t və Ş a h i n əyləşirlər. Z ə r i f ə çıxır.
J U R N A L İ S T(işguzarcasına). İşlər necədir?
Ş A H İ N(dilxor). Pis.
J U R N A L İ S T. Pis niyə?
Ş A H İ N(acıqlı). Tutuquşu kimi elə hey təkrar eləyirlər ki qəbul 27-də olacaq. (Kinayə ilə). Çox çək-çevirdən sonra söz veriblər ki, bu gün şöbənin əməkdaşlarından biri mənimlə qeyri-rəsmi söhbət edəcək. (Saata baxır). Dörddə orada olmalıyam. Bəlkə onu inandıra bildim.
J U R N A L İ S T(təəccüblə). Bəs axşam televizora baxmamısınız?
Ş A H İ N Yox. Nə olub ki?
J U R N A L İ S T. Bu günki qəzetləri də oxumamısan?
Z ə r i f ə daxil olub, əlindəki bir fincan kofeni jurnalistin qabağına qoyur.
Ş A H İ N(narahat). Yox. Fərmanı dərc eləyiblər?
J U R N A L İ S T(portfelini götürüb nəsə axtarır, tapmayıb, Zərifəyə) Bugünkü “Azərbaycan” qəzeti yoxdur sizdə?
Z Ə R İ F Ə(divana tərəf gedir). Var. Ancaq oxumağa bir şey yoxdur. Hamısı çıxışlardır. (Divanın üstündən qəzeti götür). Budur.
J U R N A L İ S T(ayağa durub, ona tərəf gedə-gedə). Srağagün Prezidentin İmişlidə qaçqınlarla görüşü olub. (Qəzeti alır). Orada Şahindən də danışıb. (Lazımi yeri axtarır)... Qulaq asın!..
Ş a h i n ayağa durur. Həyəcanlıdır. Z ə r i f ə maraqla J u r n a l i s t ə baxır.
(Xüsusi ifadə ilə oxuyur). “... Bizim igid döyüşçülərimiz əsirlikdə də özlərini ləyaqətlə aparırlar. Məsələn, bu günlərdə azad elədiyimiz praporşik... indi gizir deyirsiz, Şahin Cəlilli, mən Müdafiə nazirinə tapşırmışam ki, ona zabit rütbəsi versin, cəbhəyə könüllü gedib, igidliklə vuruşub, düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib, ancaq, təəssüf ki, müharibədir, hər şey olur, əsir düşüb. Buna baxmayaraq özünü ləyaqətlə aparıb, iki dəfə qaçmağa çalışıb... Biz onu bir erməni ilə dəyişdik. Bütün bunlar Azərbaycan əsgərinin döyüş ruhunun sarsılmadığını, onun qələbəyə sonsuz inamını əks etdirir. Mənə xəbər verdilər ki, Şahin Cəlilli bir neçə başqa döyüşçü ilə birlikdə Milli Qəhrəman adına təqdim olunub. Sənədlər artıq Prezident Aparatındadır. Onları hazır-layıb mənə vermək lazımdır ki, bu həftə həmin fərmanı imzalayım...”
Z ə r i f ə sevinir, lakin biruzə vermir. Ş a h I n, elə bil ki, ayaqlarından yerə mismarlanıb. Key-key gah anasına, gah da J u r n a l i s t ə baxır.
(Qəzeti stolun üstünə qoyub, Zərifəyə). Bu gün “Azərbaycan” qəzetinin redaksiyasında idim. Eşit-dim ki, Şahin haqqında təcili bir yazı hazırlamaq istəyirlər. Mən də fürsətdən istifadə eləyib, dedim ki yazaram. İki illik əsirlikdən nə desən, nə cür desən yazmaq olar. Lap povest, roman...
Ş a h ш n hərəkətsiz dayanıb. Fikri tamam başqa yerdədir.
Z Ə R İ F Ə(Şahinə, mülayim səslə). Ay oğul, niyə özünü belə üzürsən? Sevinc deyir ki, o siyahıda Vasifin də adı var. O da sizinlə getmişdi də...
J U R N A L İ S T(özündənrazı). Vasif İsazadəni deyirsiz?... Mən onun barəsində irihəcmli portret oçerki üçün xeyli fakt toplamışam. Fərman dərc olunan kimi yazıb verəcəm çapa.
Ş A H İ N(acı-acı). Onda çox gözləməli olacaqsız.
J U R N A L İ S T(təəccüblə). Çox niyə? (Ctolun üstündəki qəzetə işarə edir). Bir həftəyə siyahı dərc olunacaq.
Ş A H İ N . Orada Vasifin adı olmayacaq.
J u r n a l i s t və Z ə r i f ə təəccüblə Şahinə baxırlar.
(Yorğun). Bu gün onun məhkəməsi idi.
J U R N A L İ S T (qulaqlarına inanmır). Məhkəməsi?!..
Z Ə R İ F Ə (Ş a h i n ə). Neyləyib ki, ay oğul? Əlil adamdır o.
Ş A H İ N(acıqlı). Əslinə baxanda heç nə!.. Avtobusla qəsəbəyə gəlirmiş. Şofer yolda trafareti götürüb ki “alabaş” kimi gedir. Heç kimin də səsi çıxmayıb...
Z Ə R İ F Ə . A bala, adamları qınamalı deyil. Soyuqda, küləkdə bir saat, iki saat avtobus gözləyirlər. Şoferlərin çoxu belə eləyir. Dayanacağa nömrəli gəlir, avtobusu ağzınacan doldurur, sonra da deyirlər: “Vaxtım qurtarıb, pul verəcəksizsə gedirəm”. Əlacımız nədir...
Ş A H İ N ... Gəlib çatıblar qəsəbəyə. Düşəndə “knijka”sını göstərib. Şoferin yanındakı pul yığan oğlan da deyib ki, “knijka”ya baxmırlar, pulunu versin. Vasif deyib: “Marşrut avtobusudur”, o da deyib: “Nə olsun marşrutdur, “alabaş” kimi gəlib”. Sonra da lağa qoyub: “Yekə ceylsən, alə, sənin tayların Qarabağda vururşur”. Vasif də protezini göstərib: “Səninkimilər burda ciblərini dolduranda mən orada qıçımı qoymuşam. Bədənim də deşik-deşikdir. Amma üç aydır nə maaşımı ala bilirəm, nə də pensiyamı. Evdə heç çörək pulu da yoxdur... ”O da qayıdıb ki: “Arvad kimi nöş ağlayırsan, alə. Pul istəyirsən pul verək”. Bir ovuc xirda pulu xışmalayıb atıb üstünə: “Al xərclə!..” Vasif də əlindəki ağacı onun başına necə çırpıbsa, ucundakı dəmirlə sol gözünü vurub çıxardıb... (Qəzəblə). Ancaq yaxşı canını qurtarıb əclaf. Mən orada olsaydım, çoxdan it kimi gəbərmişdi!.. (Əsəbi gəzişir).
Pauza.
J U R N A L İ S T(handan-hana). Hə, bu heç yaxşı olmadı. İş verdilərmi?
Ş A H İ N(gəzə-gəzə). Hə... Prezident aparatına məktub da göndərəcəklər.
J U R N A L İ S T . Heyf! Oçerki başlamaq üçün bir aydan çox qeydlər eləmişdim... (Kənara). Son vaxtlar keçmiş döyüşçülər yaman tez-tez məhkəməyə düşürlər. Bu mövzuda yaxşı bir publisistik məqalə yazmaq olar...
Ş a h i n çıxır. Z ə r i f ə qayğılı-qayğılı onun ardınca baxır.
(Gəzə-gəzə). Özü də yazını belə bir cümlə ilə tamamlamaq... (Ş a h i n i görməyib Z ə r i f ə y ə, həyacanla). Şahin hara getdi?
Z Ə R İ F Ə(ah çəkir). Bilmirəm. Əlindən bir xata çıxmasa yaxşıdır. (Çıxır).
J U R N A L İ S T(yazıq-yazıq). Bəs yazı?!.. (Qapıya tərəf gedə-gedə) Heyf! İki illik əsirlikdən nə desən, nə cür desən yazmaq olardı. Lap povest, roman... (Çıxır).

Pərdə.


ÜÇÜNCÜ PƏRDƏ

Birinci şəkil

Yenə orada. Z ə r i f ə ilə M əm u r söhbət edə-edə stolun yanındakı kreslolarda otururlar.

Z Ə R İ F Ə(niskilli səslə). O əvvəllər sakit, mehriban uşaq idi. Heç kimlə işi olmazdı, heç kimə qibtə, paxıllıq etməzdi. Sinifdə hamıdan yaxşı oxusa da, tay-tuşları kimi gözəl geyinib keçinməyə can atmazdı. İmkanımız pis deyildi, ancaq o heç nə tələb etmədiyindən biz də fərqinə varmazdıq... Atestatındakı bütün qiymətlər “ə’la” idi, ancaq qızıl medal verməmişdilər: ərimdən xəbərsiz borc da aldım, lakin tələb olunan pulun heç yarısını düzəldə bilmədim. Ondan pis oxuyan iki nəfərə isə valideynləri medal almışdı... Sənədlərini Universitetin hüquq fakultəsinə vermək istədiyini bildikdə onu bu fikirdən daşındırmaq istədik. Çünki nə adamı vardı, nə də pulu. Amma o ilk dəfə bizə qulaq asmadı. Bu medal məsələsindən sonra tez-tez deyərdi ki, elə bir nəzarət sistemi yaratmaq lazımdır ki, heç kim layiq olduğundan çox şey əldə etmək iddiasında ola bilməsin. Prokurorları müqəddəs in-sanlar hesab eləyirdi. Daim can atdığı yalansız cəmiyyət qurmağın başlıca yolunu prokuror nəzarətini gücləndirməkdə görürdü. Eh... İki il dalbadal imtahan verdi, qiymət aldı, ancaq konkursa saldılar. Könüllü Əfqanıstana getdi, hazırlıq fakültəsinə göndəriş gətirdi... Axrıncı kursda olanda isə Xocalı faciəsi baş verdi. Nə qədər dilə tutdumsa ki, diplom alıb sonra getsin, onsuz da fikrindən daş-ındıra bilməyəcəkdim, razılaşmadı. 20 günə yaxın Müşfiqabad qəsəbəsi tərəfdəki köhnə kazarma-larda qaldı. Hər həftə evə gələndə şikayətlənirdi ki, boş-bekar vaxt keçirlər, nə silah verən var, nə də onlarla maraqlanan... Şuşanın verilməsi xəbərini eşidən kimi Vasifə demişdi: “Mən getdim. Anama xəbər verərsən”. Elə-silahsız-zadsız da çıxıb getmişdi. İnadkarlıqda (portretləri göstərir) babasını da, atasını da ötüb keçib...
M ə m u r ayağa durub, portretləri bir-bir gözdən keçirir. Sonra pəncərəyə yaxınlaşır. Z ə r i f ə də ayağa durur.
M Ə M U R(geri çevrilib, başı ilə pəncərəyə tərəf işarə edərək). Görürsüz, nə gözəl bina tikirik. Amma bəziləri deyirlər ki, biz heç nə bacarmırıq.
Z Ə R İ F Ə(pəncərəyə yaxınlaşır). Hə, çox qəşəng bina olacaq!.. Artıq yeddinci mərtəbəni qurtarır-lar. Bizə oradan üçotaqlı mənzil söz veriblər...
M Ə M U R. Order almısız?
Z Ə R İ F Ə. Hələ yox.
M Ə M U R(təccüblə). Axı bu binanın orderlərini iki il əvvəl paylayıblar. Bizim sürücü də buradan mənzil alacaq. İndi gələndə göstərdi mənə. Baxın, dördüncü mərtəbədəki bəzəkli eyvanı görürsüz?..
Z Ə R İ F Ə. Hələ Şahin getməmişdən qabaq İcra hakimiyyətində olmuşdum. Dedilər ki, biz növbədənkənar mənzil almalıyıq. Amma order vermədilər. Bina təhvil veriləndən sonra, yəqin ki, çağıracaqlar...
M Ə M U R(jurnal stoluna tərəf gələrək, kənara). Elə bil heç zəmanə adamı deyillər... (Kresloda oturub, bloknotunu çıxararaq nəsə qeyd edir).
Z Ə R İ F Ə(M ə m u r a). Xəlil müəllim, siz qəzetlərə, jurnallara baxın, mən də çay dəmləyim. (Qapıya tərəf gedir).
M Ə M U R(bloknotonu örtüb, cibinə qoyaraq ayağa durur). Zəhmət olmasa, deyin, telefon ha-radadır, ona qədər mən də zəng eləyərdim...
Z Ə R İ F Ə(geri çevrilib). Telefonumuz yoxdur.
M Ə M U R. Yoxdur yoxsa işləmir?
Z Ə R İ F Ə. Yoxdur... Təcili lazımdırsa, qonşuların birindən xahiş eləyim...
M Ə M U R(çaşqın). Axı sizə (əvvəlcə portretlərə, sonra Z ə r i f ə y ə baxır)... çoxdan telefon çəkməli idilər.
Z Ə R İ F Ə. Deyirlər boş xətt yoxdur.
M Ə M U R(hələ də nə baş verdiyini anlamırmış kimi, kənara). Heç cütləşdirilmiş telefon da çəkməyiblər… (Başını yelləyir).
Z Ə R İ F Ə. Qonşudan zəng eləyirsinizmi?
M Ə M U R(fikirli). Yox, sağ olun. (Bloknotunu çıxarıb, nəsə qeyd eləyir).
Z ə r i f ə çıxır. Bir azdan Ş a h i n daxil olur. Başı yazmağa qarışdığından M ə m u r onu görmür. Ş a h i n dayanıb, maraq və təccübqarışıq bir ifadə ilə ona baxır. M ə m u r bloknotunu örtüb, pencəyinin döş cibinə qoyur. Başını qaldıranda Ş a h i n i görür.
M Ə M U R. Hə, gəldiz... (Ayağa durur).
Ş A H İ N(özünü ələ alıb). Xoş gəlmişsiniz.
M Ə M U R. Sağ olun. (Şahini başdan ayağa süzüb, gülümsəyərək). Tanış olaq. Mənim familiyam Səmədovdur. Sizin Prezidentə göndərdiyiniz təcili teleqramla əlaqədar gəlmişəm ki söhbət edək.
Ş A H İ N(əsəbi). Mən iki həftədir ora gəlib-gedirəm, ancaq sizin cinovniklərdən heç biri mənə məhəl qoymur...
M Ə M U R(təmkinlə). Bəlkə əyləşək?..
Ş A H İ N. Əvvəlcə deyin görək sizin mənə köməyiniz dəyəcək ya yox? O vaxt mənə deyirdilər ki, 27-də Fəridə xanımın qəbulunda olmalıyam.
M Ə M U R. Mənə belə gəlir ki, bizim söhbətimizdən sonra sizin mənim köməyimə ehtiyacınız ol-mayacaq.
Ş A H İ N. Mənə yalnız bir şey lazımdır: adımı o siyahıdan çıxartmaq. Bunu eləyə bilərsiz ya yox?
M Ə M U R. Sənədlər Prezidentdədir...
Ş A H İ N. Ona görə də həmin teleqramı göndərmişəm ki, məni təcili qəbul eləsin.
M Ə M U R(mümkün qədər sakit). Aparata gündə onlarla o cür teleqram daxil olur. Prezidentin iş saatları isə bir neçə gün qabaqcadan planlaşdırılır. Özü də dəqiqəsinə qədər.
Ş A H İ N(acığından dodağını gəmirərək). Siz necə adamlarsız?! Niyə başa düşmürsüz ki, mənim məsələm təcili həll olunmalıdır?..
M Ə M U R(sakit). Mən sizi çox gözəl başa düşürəm. Siz də çalışın məni başa düşəsiz. Mən Prezidentin yanına ancaq o özü məni çağıranda gedirəm. Sizin sənədləriniz ondadır. Mən onları necə geri ala bilərəm?
Ş A H İ N(səsini qaldırır). Bəs Vasifinkiləri necə aldınız?
M Ə’ M U R. Onda “ÇP” baş vermişdi. Cinayətkara Milli Qəhrəman adı vermək olmazdı ki!..
Ş A H İ N. Mən onun hərəkətində heç bir cinayət hadisəsi görmürəm!
Z ə r i f ə əlindəki məcməyidə iki stəkan çayla daxil olur, çayları jurnal stolunun üstünə qoyub, kənarda dayanır.
M Ə M U R(Z ə r i f ə y ə). Sağ olun. (Ş a h i n ə). Siz sabahın hüquqşünasısınız. Bilirsiniz ki, biz hüquqi dövlət qururuq. Hüquqi dövlətdə isə şəxsiyyətin cinayətkar olub-olmadığını yalnız məhkəmə müəyyənləşdirir. Məhkum Vasif İsazədə haqqında Prezident aparatına məhkəmədən məktub daxil olub. Biz də onun əsasında hərəkət etmişik.
Ş A H İ N. Məsələnin mahiyyətindən xəbərdar olmaya-olmaya, eləmi?
M Ə M U R. Biz məhkəmənin səlahiyyətlərinə müdaxilə etmirik.
Ş A H İ N(acı kinayə ilə). Əgər mən sizi düz başa düşdümsə, təqdimatı geri almaq üçün hökmən cinayət etməliyəm. Özü də təcili!
Z Ə R İ F Ə(qorxmuş). Şahin!..
M Ə M U R(ciddi). Söhbət sizdən getmir, yoldaş Cəlilli. Unutmayın ki, hər adamın adı prezidentin çıxışına düşmür.
Ş A H İ N(demək olar ki qışqırır). Axı siz məndən nə istəyirsiz?!.
Z Ə R İ F Ə(Ş a h i n i n qolundan tutur). Sakit ol... Özünü ələ al... (Məzəmmətlə). Yekə oğlansan!.. Ayıbdır axı... (M ə m u r a). Xəlil müəllim, siz allah fikir verməyin... Əyləşin, bir stəkan çay için.
M Ə M U R(Z ə r i f ə y ə, təmkinlə). Sağ olun, indi içəcəyəm. (Ş a h i n ə). Biz sizə layiq olduğunuz qiyməti vermək istəyirik. Prezident tamamilə haqlı olaraq demişdir ki, siz...
Ş A H İ N(qəzəblə onun sözünü kəsir). Əgər mənə ürəyiniz yanırdısa, niyə arzumu ürəyimdə qoyur-dunuz?! Onda biz Çıldranı almış, Drmbon yüksəkliyini ələ keçirmişdik. Xankəndini götürməyə hər cür imkanımız vardı. Həlledici hücumlara hazırlaşırdıq. Gözlənilmədən tələb elədilər ki, geri qayı-daq. Müdafiə naziri özü Goranboya gəlmişdi. Biz, əlbəttə ki, bu mənasız əmrə tabe olmadıq. Axı həmin yüksəklik uğrunda döyüşlərdə şir kimi dörd əsgərimizi qurban vermişdik. Nəticəsi nə oldu?.. Öz təyyarələrimiz başımıza bomba tökdü, öz vertolyotumuz, topumuz bizi atəşə tutdu. Hücum planı pozuldu, o boyda üstünlüyü əldən verdik, neçə-neçə əsgərimiz yaralandı, öldü, mən isə kontuziya oldum. Özümə gələndə gördüm ki... (Hirsindən ağlamaq dərəcəsinə gəlir). Axı mən əsir kimi yox, qalib kimi girəcəkdim o şeytan yuvasına...
M Ə M U R(sakit). O vaxt ölkəni başqa adamlar idarə eləyirdi...
Ş A H İ N(onun sözünü kəsərək). Yenə elə həmin siyasətdir. Onda da deyirdilər ki, guya bizim hücumlarımız sülh danışıqlarını pozub, indi də məsələni dinc yolla həll etmək istəyirsiniz. Birdəfəlik bilmək lazımdır ki, istənilən müharibənin sülh şərtləri əsgər süngüsü ilə yazılır.
M Ə M U R(Ş a h i n ə). Siz məndən yaxşı bilirsiniz ki, döyüşlərdə hər gün nə qədər adam həlak olurdu. Hörmətli prezidentimizin səmərəli fəaliyyəti nəticəsində atəşkəsə nail olandan sonra neçə aydır cəbhədə sakitlikdir.
Ş A H İ N. Əlbəttə, (kinayə ilə) böyük nailiyyətdir. Amma nədənsə bu neçə ayda erməni bircə addım da olsa geri çəkilməyib. Sabah axı sizdən soruşacaqlar ki, bəs o (xüsusi vurğu ilə) nailiyyət bizə nə verdi. Buna görə də camaatda qələbə ilğımı yaratmaq üçün vaxtaşırı müxtəlif fəxri adlar, orden-medallar verirsiz...
Məmur nə isə demək istəyir, ancaq Ş a h i n sözünə davam edir.
Deyirsiniz mən belə vuruşmuşam, nə bilim, özümü belə aparmışam... Onda icazə verin soruşum sizdən, cənab Səmədov. Bəs mənim ləyaqətlə aldığım Ağdərəni, ətrafdakı kəndləri, yüksəklikləri siz niyə ləyaqətlə müdafiə etmədiniz?.. Ağdərədə köhnə raykomun binasına mən iki Azərbaycan bay-rağı sancmışdım. İndi kim oturub o binada?!.. Mən hələ Qarabağdan kənardakı (xüsusi vurğu-layaraq) artıq sizin vaxtınızda itirilmiş, əslində isə düşmənə hədiyyə edilmiş o beş rayonu demirəm. İndi nəyimə yaraşır mənim Milli Qəhrəman adı?!.. (Əsəbi gəzişir).
M ə m u r heç nə deməyərək, fikirli-fikirli gedib kresloda oturub çay içir, Z ə r i f ə divanda əyləşib, qayğılı-qayğılı Ş a h i n ə baxır.
M Ə M U R(stəkanı jurnal stolunun üstünə qoyub, kənara). Elə bil heç zəmanə adamı deyillər... (Gah Ş a h i n ə, gah da Z ə r I f ə y ə baxır).
Səhnə yavaş-yavaş qaranlıqlaşır.

İ k i n c i ş ə k i l

Yenə orada. Yeganə dəyişiklik budur ki, jurnal stolunun üstündə düyməli telefon apratı var. Ş a h i n çarpayının üstündə oturub, başını ovucları içərisinə almışdır. Bir-iki dəqiqə belə oturur. Sonra ağır-ağır ayağa qalxır. Şifonerə yaxınlaşıb sir-sifətinə tamaşa edir. Sonra bufetin qapısını açıb baxır. Kiçik bir sellafon torba tapır, qapını örtüb, bufetin üstündən içndə mükafatları olan qutunu götürür, orden və medalları torbanın içinə boşaldıb qutunu yerinə, torbanı isə səliqə ilə qatlayıb, pencəyinin döş cibinə qoyur. Telefon zəng çalır. Şifonerə yaxınlaşıb, pencəyinin bir qədər şişmiş cibini hamarlayır. Telefon zəng çalır.

Ş A H İ N(başını qapıya tərəf çevirib, bərkdən). Ay ana, gör kimdir gələn. (Kinayə ilə). Deyəsən, Xasay qapımızın zəngini də dəyişdirib.
Z ə r i f ə qapıda görünür. Telefon zəng çalır.
Z Ə R İ F Ə. Telefondur. (Yaxınlaşıb dəstəyi götürür).
Ş a h i n təccüblə gah anasına, gah da telefona baxır.
Bəli... Hə.. (Şahinə tərəf baxır). Hə.. Heç nə.. Yaxşı... Hələlik. (Dəstəyi yerinə qoyur).
Ş A H İ N(telefona işarə edərək, anasına). Bu nə məsələdir?
Z Ə R İ F Ə. Heç özüm də bilmirəm. Nahardan bir az qabaq iki nəfər gəldi ki telefon çəkəcəklər. Bir azdan Xasaygil də gəldilər. Bacın yaman sevindi. Ustalar işlərini görüb qurtarana qədər Xasay da gedib bu aparatı alıb gətirdi. (Məmnun-məmnun). Yaxşı aparatdır, elə deyilmi? O birilərinin diskini fırlatmaqdan adamın barmağı ağrayır... (Çıxmaq istəyir, birdən nəyi isə xatırlayıb, sevincək). Bu gün order də gətiriblər. 22-ci mənzili bizə veriblər. (Pəncərəyə yaxınlaşır). Səkkizinci mərtəbədə. Üço-taqlı. Odur, yeddinci mərtəbəni qurtarırlar. Üçotaqlıların üç tərəfi də eyvandır. Gedib ikinci mərtəbədəkinə baxmışam... (Ş a h i n ə). Ay oğul, bir güzgüyə bax, gör nəyə oxşayırsan. Keç üzünü qırx, yun kostyumunu gey, get gör Sevda neyləyir. Sevinc sənin gəldiyini ona deyib. Bu gün-sabah ev də tikilib qurtaracaq. Bir gör nə qəşəng binadır!.. Xəlil müəllim də deyir ki, ilk vaxtlar ordan gələnlərin hamısı belə olur, sonra keçib gedəcək... (Birdən). Dayan, dayan... Dünən Xəlil müəllim mənzillə, telefonla maraqlanırdı... Görürsən, nə yaxşı adamdır. 30 ildir mənzil gözləyirdik. Telefon məsələsi də indi çox çətindir. Yarım günə ikisini də həll elədi.
Ş A H İ N. Səncə bu normal haldır?.. Əgər order də, telefon da bizə verilməlidirsə, niyə bunun üçün hansısa bir çinovnik zəng eləməlidir?
Z Ə R İ F Ə(yorğun). Ay oğul, sənin üçün nə fərqi var...
Ş A H İ N(onun sözünü kəsərək). Fərqi çoxdur! Özlərini elə aparırlar ki, guya bütün bunların hamısı mənə lazımdır. (Kinayə ilə). Guya məni qiymətləndirirlər, qayğı göstərirlər...
Z Ə R İ F Ə. Niyə elə deyirsən, ay oğul? Gör səni nə çətinliklə o erməni ilə dəyişiblər?!
Ş A H İ N(qışqırır). Əvvəla, erməni ilə yox, cəlladla! İkincisi də onun atasından bir ətək pul alıblar. Dollar!... O teleoperatorun arvadı, iki uşağı var. Əgər o qadın bilsə ki, məni onun ərinin qatili ilə dəyişdiriblər, üzümə tüpürməzmi? Bundansa ölüm min dəfə şərəflidir! (Əsəbi halda var-gəl edərək, acı-acı gülür). Sabah da Milli Qəhrəman eləyəcəklər... (Ha-ha-ha). Milli Qəhrəman.. Mil-li Qəh-rə-man!.. (Ha-ha-ha).
Zərifə başını bulaya-bulaya çıxır.
(Divanda oturub, qıçını-qıçının üstünə aşıraraq, qollarını və başını divanın söykənəcəyinə qoyub, tavana baxır. Bir neçə dəqiqə hərəkətsiz dayanır. Sonra ağır-ağır alnını ovuşdura-ovuşdura ayağa durur. Gözü telefona sataşır. Gəlib kresloda oturur. Telefonu özünə tərəf çəkib nömrəni yığır, qulaq asır). Salam... Sevdanı zəhmət olmasa... (Əsəbi). Evdədir yoxsa yox?.. Lazım olsa özü deyəcək... (Nömrəni yenidən yığır, gözləyir. Dəstəyi acıqla telefonun üstünə atır). Bunun forsuna bir bax! Hələ sənin minnətin olsun ki, mən sənin qızınla gəzirəm... (Ayağa durub var-gəl edir). Əcəb işə düş-müşük də. Salıblar mürəkkəb bir labirintin ortasına, deyirlər: “Çıx”. Mən ömrümdə heç krossvord həll eləməmişəm, indi labirintin yolunu necə tapım?.. Erməni ilə vuruşmaq bundan asan idi... Kaş o gün mən də Vasifin yanında olaydım... Bir keçi də yoxdur ki, gəlib çobanın dəyənəyinə sürtünsün... (Çıxır).
Səhnə qaranlıqlaşır.

Üçüncü şəkil

Yenə orada. Yeganə dəyişiklik budur ki, inşaatçılar arxa pəncərədən görünən binanın səkkizinci mərtəbəsində quraşdırma işlərinə başlayıblar. S e v i n c şən bir mahnı zümzümə edə-edə şifonerin qabağında təzəcə ənlik-kirşan çəkilmiş sir-sifətini, dodaqlarını gözdən keçirir. Hiss olunur ki, gözəlliyindən həzz alır. Dala-qabağa çəkilir, yerində fırlana-fırlana güzgüyə baxır, birdən dayanıb, bufetə tərəf gedir. Büllur qablardan birinin içərisindən bir dəstə pul götürür, saymaq istəyir, lakin əl saxlayıb, qapıya tərəf çevrilir.

S E V İ N C (bərkdən). Ana, ay ana!..
Z ə r i f ə daxil olur.
Z Ə R İ F Ə(mehribanlıqla). Nədir qızım?
S E V İ N C(pulları göstərir). Bu pullar hardandır?
Z Ə R İ F Ə(təəccüblə). Bilmirəm... (Birdən nə isə yadına düşübmüş kimi bufetin üstündən mükafat-lar olan qutunu götürüb baxır, təəssüfedici səslə). Şahin orden-medalları satıb.
S E V İ N C. Hmm... Çudak!..
Telefon səslənir. Zərifə telefona tərəf gedir. Sevinc tələm-tələsik pulları bufetə qoyub, anasına tərəf qaçır.
S E V İ N C(sevinclə). Xasaydır! (Dəstəyi Zərifənin əlindən alıb, özünü kresloya yıxır). Allo... Salam... (Üz-gözünü turşudur). Sizə kim lazımdır?.. Yox, səhv düşmüsünüz. (Dəstəyi qoyur).
Z Ə R İ F Ə(o biri kresloda oturur). Ay qızım, Şahinin başını nə iləsə qatmaq lazımdır. Neçə gündür nə özünü bilir, nə də sözünü. Qorxuram əlindən bir xata çıxsın...
S E V İ N C. Onunla heç danışmaq mümkündür ki! Yaxşı da deyəndə pis başa düşür, pis də...
Z Ə R İ F Ə. Hər halda dil tapmaq lazımdır...
Ş a h i n qapıda görünür. Z ə r i f ə və S e v i n c onu görmürlər.
Dünən getmişdim prezident aparatına.
Ş a h i n anasının sözlərini eşidib dayanır. Gül dibçəyinin arxasından söhbətə qulaq asır.
Xəlil müəllimlə xeyli söhbət elədik... Sağ olsun, yaxşı adamdır. Mədəni, nəzakətli... “Bir kömək lazım olsa, müraciət eləyin”, - dedi. Yalvardım ki, Şahinin adını pozsunlar o siyahıdan. Dedi: “Heç cür mümkün deyil. Fərman iki-üç günə dərc olunacaq. Bəlkə də artıq imzalanıb...” (Qınayıcı səslə). Bəs Sevda niyə görünmür?
Ş a h i n yaxınlaşmaq istəyir, lakin S e v d a n ı n adını eşidib dayanır.
S E V İ N C. Şahin bir neçə dəfə zəng eləyib, amma dəstəyi anası götürüb...
Z Ə R İ F Ə(onun sözünü kəsərək). İşə düzəlib?
S E V İ N C. Elə düzələn kimdir. Xasayın bir dostu var, Qubadlıdandır, ticarət kompaniyasında kommerçeski direktor işləyir, indi Kiyevdə komandirovkadadır. Gələn kimi onu sekretar-referent götürəcək özünə.
Z Ə R İ F Ə. Bəs indi nə iş görür?
S E V İ N C. Heç nə. Evdə oturur.
Z Ə R İ F Ə. Bizə niyə gəlmir?
S E V İ N C. Bilirsən, ay ana, Şahinlə dolanmaq çətin məsələdir. Onunla Sevdanınkı tutmaz. Heç mən özüm də eləsinə ərə getmərəm ki, günümü göy əskiyə düysün.
Ş a h i n özünü zorla saxlayır.
Z Ə R İ F Ə. Sən nə danışırsan, ay qızım?! Şahinə nə olub ki? (Niskilli səslə). O çox sakit, mehriban uşaq idi... Bu gün-sabah hüquq fakültəsini bitirəcək.
S E V İ N C(istehza ilə). Nə olsun? Prokurorlar, müstəntiqlər var ki, topdağıtmaz ev-eşiyi, maşını, daçası... Bu isə quru maaşla bir ucdan düşmən qazanacaq... Sevda da deyir ki, indikindən yaxşı gey-inib-keçinməyəcəksə, daha ərə niyə gedir, elə evdə oturar da...
Z Ə R İ F Ə(həyəcanla). Bıy, a bala, xörək yandı!..
Ş a h i n tez səssizcə dəhlizə keçib, anasının otaqdan çıxmasını gözləyir.
(Tələsik addımlarla qapıya tərəf gedir. Çıxmaq istəyəndə dəhlizdən ona tərəf gələn Ş a h i n i görüb dayanır). Gəl, ay oğul.
Ş a h i n daxil olur. S e v i n c anasının səsini eşidib ayağa qalxır.
Nə gec gəldin? (Cavab gözləmədən). Keç otur, indi yemək hazır olacaq.
(Tələsik çıxır).
Ş a h i n o tərəf-bu tərəfə gəzişir. Hiss olunur ki, indicə eşitdiyi söhbətin tə’siri altındadır. S e v i n c altdan-altdan ona baxır.
S E V İ N C(olduqca mülayim səslə). Kofe gətirimmi?
Ş A H İ N(gəzə-gəzə, başını çevirib qıza ani nəzər salır). Yox.
S E V İ N C. Qəbir üstünə də getmişdiz?
Ş A H İ N(dayanır). Hə...Mən elə bilirdim Sərdarın məzarı Şəhidlər xiyabanındadır.
S E V İ N C. Sənin itkin düşməyin xəbəri gələndə onun da meyitini gətirdilər. Şəhidlər xiyabanına aparmaq üçün Müdafiə nazirliyindən nəsə bir kağız almaq lazım idi. Salman əmi də, dostları da getdilər, xahiş elədilər, yalvardılar, ancaq ala bilmədilər. Məcbur olub kənddə dəfn etdilər. İndi “JEK” dən arayışı da pulsuz vermirlər...
Ş A H İ N. Sərdar hamımızdan yaxşı vuruşurdu. Əsl qəhrəman elə o idi. (Dalğın). Drmbon ətrafında bir qrup ermənini mühasirəyə almışdıq. Atışma başladı. Biz elə hey atırdıq, amma ermənilər ayaq üstə üstümüzə gəlirdilər. Sən demə, bizə guya səhvən anbardan verilən patronlar kəşfiyyat üçün nəzərdə tutulubmuş; havada 20 metr gedib yerə düşürmüş. Yaxşı ki yanımızda əl qumbaraları var idi. Birtəhər erməniləri uzaqlaşdırdıq. On-on beş nəfərimiz yaralandı, Sərdarın isə meyitini çıxardıq. İki erməni onu diri tutmağa çalışırdı. O isə gülləsiz-qumbarasız nəinki geri çəkilmiş, əksinə ermənilərlə əlbəyaxa döyüşə girərək, avtomatın qundağı ilə vurub ikisini də gəbərtmişdi... Gör necə oğulları heç nədən güdaza verdilər!.. Öz satqınlarımız bizi tutduğumuz yüksəklikdən geri çəkilməyə məcbur etmək üçün hamımızı ölümlə üzbəüz qoymuşdular… (Hirsindən ağlamaq dərəcəsinə gəlir, ağır-ağır keçib divanda oturur).
Telefon səslənir.
S E V İ N C(yaxınlaşıb dəstəyi götürür). Allo... Hə, mənəm... Heç nə... Hə... Hansı rəngdir... Götür... Hələlik bir cüt... Yəqin evdə olar... Bilmirəm, bəlkə o rəngdən istəmədi... Yox, dəstəyi anası götürür, qoy Fikrət Kiyevdən gəlsin... (Sevinclə). Doğrudan? Nə gətirib?.. Yaxşı... Nə bilim, qoy özündən soruşum. (Ş a h i n ə). Şahin, Xasay deyir ki, yaxşı importnı köynəklər var. Götürsün səninçin iki-üç dənə?
Ş A H İ N(bayaqdan istər-istəməz S e v i n c i n danışığına qulaq asır. Hirslə ayağa durub). Bir o qalmışdı ki, hər gədə-güdə məni geyindirsin!.. Namussuz oğraş! Torpağında erməni kef eləyir, bu isə burda alverlə məşğuldur...
S e v i n c i n rəngi ağarır. “Sonra zəng eləyərsən” deyib, tələm-tələsik dəstəyi qoyur.
S E V İ N C(əsə-əsə). Bura bax, adama hörmət eləyəndə çıxıb başında oturmazlar. Tanklı-toplu ordu erməninin qabağından qaçanda Xasay neyləməliydi?
Ş A H İ N(onu eşitmirmiş kimi). Biz orada qan tökəndə bunlar burada ciblərini doldururdu, həşəratlar!..
Telefon zəng çalır.
S E V İ N C. Ağlın var idi getməyəydin. Heç kim səni zorla göndərməmişdi.
Ş A H İ N(qəzəblə). Onda erməni gəlib Bakıda oturacaqdı, sənin o gədən də siçan deşiyini satın ala-caqdı...
Telefon zəng çalır.
S E V İ N C Xahiş eləyirəm danışığını bil. Xasay sabah mənə elçi göndərəcək... O sən deyən kişilərdən deyil.
Ş A H İ N(əvvəlki tonda). Tüpürüm onun özünə də, kişiliyinə də! (Acı istehza ilə). Ana-bacı, torpaq namusu çəkə bilməyəndən sənə gözəl ər olacaq!..
Telefon zəng çalır.
S E V İ N C(dəstəyi götürüb hirslə yerinə qoyur, ağlamsınaraq). Axı sən nə vermisən bizə ala bilmirsən? Gələn dəqiqədən günümüzü qara eləmisən. Camaatın da qardaşı var!.. Utandığımdan adam arasına da çıxa bilmirəm. (Danışdıqca ağlamağı güclənir)...
Z ə r i f ə daxil olur. Təccüblə gah hıçqıran S e v i n c ə, gah da əsəbi var-gəl edən Ş a h i n ə baxır.
Z Ə R İ F Ə(S e v i n c ə). Bu nədir, ay qız, yenə? Bu nə hay-küydür salmısan?
S E V İ N C(ağlaya-ağlaya). Bircə tez gəlib aparsaydı, canım qurtarardı... (Çıxır).
Z Ə R İ F Ə(S e v i n c i n ardınca baxa-baxa, təəccüblə). Nəyi aparsaydı?.. Kim aparsaydı?.. (Ş a h i n ə). Nə olub, ay oğul?
Ş a h i n cavab vermir.
(Öz-özünə). Elə bil düşməndirlər bir-birlərinə. (Əsəbi gəzişən Ş a h i n ə baxıb başını bulayaraq qapıya tərəf gedə-gedə). Ay allah, axı mənim günahım nədir?.. (Çıxır).
Ş a h i n bir qədər var-gəl edib, atasının portreti önündə dayanır. Sonra babasının portretinə tərəf gedir. Bir xeyli baxır. Yadına nə düşürsə yaxınlaşıb, bufetin başından dəbilqəni götürür. Güllə izini gözdən keçirir. Sonra dəbilqəni başına qoyub, şifonerin güzgüsünə yaxınlaşır. Özünə tamaşa edir. Gətirib dəbilqəni yerinə qoyur. Çar-payıda oturub, başını ovucları arasına alır. Birdən ayağa durub, kitab şkafından nazik dəftər, diyircəkli qələm götürərək stola yaxınlaşır. Stul çəkib oturur. Nəsə yazır. Sonra pozur. Vərəqi cırıb, ovcunda əzişdirir, o tərəf-bu tərəfə baxır. Kağızı atmağa bir yer tapmayıb əlində saxlayır, bir neçə dəqiqə düşünüb, yenə tez-tez yazır. Dəftəri örtür, qələmi stolun üstünə qoyub, ayağa qalxır. Çarpayıya tərəf gedə-gedə əlindəki əzilmiş kağızı pəncərənin yarıaçıq nəfəsliyindən bayıra atır. Çarpayıya çatanda nə fikirləşirsə geri qayıdır. Dəftəri açıb, yazdığı vərəqi səliqə ilə cırır, dörd qatlayır və qələmlə birlikdə aparıb kitab şkafınına qoyur. Yenidən çarpayıya yaxınlaşır. Balı¬şın altından əskiyə bükülmüş nəsə çıxarır. Çarpayıda oturub yavaş-yavaş açır. Əskini çarpayının altına atır. Tapançanı atəşə hazır vəziyyətə gətirib, gicgahına dirəyir, barmağını tətiyə yaxınlaşdırır. Telefon zəng çalır. Ş a -h i n telefona tərəf baxır. Atəş səsi eşidilir. Tapança döşəmənin üstünə düşür, Ş a h i n çarpayıya yıxılır. Telefon zəng çalır. Səhnənin arxasından Z ə r i f ə n i n “Ş a – h i n!..” nidası eşidilir. Bir an sonra Z ə r i f ə qaça-qaça otağa daxil olur. Özünü saxlaya bilməyib yıxılır. Onun ardınca girən S e v i n c anasını qaldırmağa çalışır. Telefon zəng çalır. S e v i n c telefona tərəf baxır.
Z Ə R İ F Ə(yanıqlı-yanıqlı). Şa-hiiin!.. Oğuuul!.. (Ayağa qalxıb, özünü çarpayıya atır).
Səhnə qaranlıqlaşır.

D ö r d ü n c ü ş ə k i l

Yenə orada. Yeganə dəyişiklik budur ki, çarpayısının üstündən Şahinin qara haşiyəyə alınmış portreti asılmışdır. Portretin və çarpayının üstündə güllər vardır. Başdan-ayağa qara geyinmiş Z ə r i f ə dərdli-dərdli divanda otur-muşdur. J u r n a l i s t pəncərədən tikinti meydançasına tamaşa edir.

J U R N A L İ S T(Z ə r i f ə y ə tərəf çevrilib, yaranmış gərginliyi aradan qaldırmaq üçün). Səkkizinci mərtəbəni başlayıblar...
Z ə r i f ə dinmir.
(Kənara). Gözəl bina olacaq. Kaş lap doqquzuncu mərtəbədə bircə otaq da mənə verəydilər... (Gəlib stolun arxasında əyləşir). Nəsə bir xatirə yazısı hazırlamaq lazımdır. Heyf ki, özü ilə ətraflı danış-maq imkanı olmadı. İki illik əsirlikdən nə desən, nə cür desən yazmaq olardı. Lap povest, roman... (Z ə r i f ə y ə). Gündəlik-zad yazmırdı?
Z ə r i f ə başını tərpədir: “Yox”.
(Kənara, qayğılı). Elə bir maraqlı fakt da yoxdur ki, ondan yapışıb qəhrəmanın xarakterini, daxili aləmini açasan... Adətən vida məktubu-zad yazırlar...
Z Ə R İ F Ə(nəsə yadına düşübmüş kimi). Sevinc deyirdi oradan bir kağız tapıb.
J u r n a l i s t sevincək Z ə r i f ə y ə tərəf çevrilir.
Kitab şkafındadır deyəsən...
J u r n a l i s t cəld ayağa durub kitab şkafına yaxınlaşır. O tərəf-bu tərəfə baxıb, iki qatlanmış bir kağız götürür. Oxuya-oxuya qayıdır.
J U R N A L İ S T(gələ-gələ, gözü kağızda). Hə, balaca bir məktubdur... Amma heç nə başa düşmədim. Larisaya yazıb.
Z Ə R İ F Ə(təəccüblə). Kimə?
J U R N A L İ S T. Larisaya.
Z Ə R İ F Ə(təəccüblə). O kimdir elə?
J u r n a l i s t çiyinlərini çəkir.
Nə yazıb ki?
J U R N A L İ S T(oturur). Qəribə də imza qoyub. (Oxuyur). “Larisa! Kəsif hava məni boğurdu. Çox axtardım, lakin bitişik otağın pəncərəsini tapa bilmədim. Buna görə də içəridəkilər soyuqla-masınlar deyə dəftər-kitabımı yığışdırıb getməyi qərara aldım... Məni qınama. Əlvida!.. Sənin “Sokol”un. (Z ə r i f ə y ə). Əsl rebusdur.
Zərifə maraq və təəccübqarışıq bir ifadə ilə J u r n a l i s t ə baxır.
(Məktubu Zərifəyə uzadır). Hər halda qoyun qalsın sənədlərinin arasında.
Z Ə R İ F Ə(məktubu alıb). Dünən orta məktəbdəki müəllimləri gəlmişdi. Ümumi iclasda qərara alıblar ki, məktəbə Şahinin adının verilməsi haqqında məsələ qaldırsınlar. Həm də deyirlər ki, təzə mənzildə (pəncərəyə işarə edir) otaqların birini muzey eləmək lazımdır. Söz veriblər ki, Müdafiə Nazirliyinə, Prezident Aparatına gedib, Şahinin satdığı orden-medallardan da tapacaqlar. Yaxşı ki, hamısının kitabçası durur.
J U R N A L İ S T. Yaxşı fikirdir. Özü də muzeyi üç guşəyə bölmək olar. Birində baba, birində oğul, birində nəvə. Əla bir yazı hazırlayacağam. Adını da belə qoyacağam; “Qəhrəmanlıq məktəbi”. (Pauza). Ya da ki: “Nəsillərə nümunə”. (Fikirli). Yox, “nümunə”dənsə... “örnək” yaxşıdır: “Nəsillərə örnək”. (Z ə r i f ə y ə). Yəqin ki, təzə mənzildə kürəkəninizlə birlikdə yaşayacaqsınız...
Z Ə R İ F Ə. Yox, Xasay şəhərdə ikiotaqlı mənzil alıb. Daş binada, ikinci mərtəbədə. Şahinin qırxını verəndən sonra elçi gələcəklər. (Ağlamsınır). Keçən bazar gəlmək istəyirdilər. Bu müsibət gəldi başımıza.
S e v i n c başında qara örpək daxil olur.
S E V İ N C (J u r n a l i s t ə). Xoş gəlmisiz.
J u r n a l i s t başı ilə salamlaşır
(Yaxınlaşıb anasını öpür). Yəqin səhərdən ac-susuz oturmusan. İndi bir şey hazırlayaram.
Qapının zəngi çalınır. S e v i n c çıxır. J u r n a l i s t getməyə hazırlaşır. S e v i n c əlindəki “Azərbaycan” qəzetinə baxa-baxa daxil olur.
S E V İ N C(birdən). Fərman dərc olunub! (Dayanıb qəzetə baxa-baxa). Dörd nəfərə Milli Qəhrəman adı veriblər. Başda da Şahinin adı... (İti addımlarla anasına yaxınlaşıb, Fərmanı göstərir). Bax... (Oxuyur). “Leytenant Cəlilli Şahin Fuad oğlu (ölmündən sonra)”.
Bayırda tükürpədici qışqırıq səsləri eşidilir. Hər üçü diksinib, pəncərəyə tərəf baxırlar. Səkkizinci mərtəbəsində quraşdırıcılar, aşağı mərtəbəsində isə tamamlayıcılar işləyən bina yavş-yavaş qabağa əyilir. J u r n a l i s t, S e v i n c və Z ə r i f ə heyrət içində pəncərəyə yaxınlaşırlar. Bina birdən gurultu ilə uçub tökülür.
S E V İ N C(geri çevrilib telefona tərf qaçaraq, həyəcanla). Ay ana, tez zəng eləmək lazımdır. Fəhlələr panellərin altında qalıblar.
Z Ə R İ F Ə(qızına tərəf gedərək, qəzəblə). Vicdansızlar! Bilə-bilə ki bina başdansovdu tikilir, utanmaz-utanmaz gətirib order də verirlər... (Acı təəssüf hissi ilə). Neçə ildir o mənzili gözləyirdim... Heyf, qəşəng bina olacaqdı...
S E V İ N C. Yaxşı ki vaxtında uçdu, ay ana. (Telefonun dəstəyini anasına uzadır).
Z Ə R İ F Ə (dəstəyi alıb). Heç inanmıram ki orada sağ qalan olsun. (Nömrəni yığır).

J u r n a l i s t otağın ortasında dayanıb, gah S e v i n c l ə Z ə r i f ə y ə, gah da pəncərəyə baxaraq başını yelləyir.

Pərdə

Bakı, 23-30 yanvar, 1995.

325 dəfə oxundu

Axtarış