Ümid işığı Hekayə
Müəllif: Əzizağa Elsevər


21.08.2020


Əzizağa Elsevər
Ümid işığı Hekayə
Dəyərli ziyalı, şair, jurnalist Aydın Hüseynzadəyə ithaf
Məlik Hüseynli həyətindəki bağçada qos-qoca çinar ağacının altında oturub samovar çayından içə-içə ötən günlərini xatırlayırdı. Əhvalının xoş vaxtı idi. Havadan payızın qoxusu gəlirdi. Səhərlər yarpaqların yanaqlarına şeh qonur, sarı-sarı zər düşürdü. Uzaqda, səmanın ənginliyində qərib durna qatarı görünürdü. Boz-bulanıq səmada külək xəfif-xəfif buludları qovurdu. Uzaqda, Burovar dağlarının başında qatılaşan buludlar, sanki dənizdə qaya parçasına toxunmuş gəmini xatırladırdı. Payız çoxlarına sıxıntılı görünsə də, nədənsə Məlikə xoş gəlirdi. Sanki ruhu qanadlanır, duyğuları oyanırdı.Yaxşı şeir yazmağı, tar çalmağı var idi. Elə bu səhər bir şeir qaralamışdı. “ Payız gələndə...” şeiri. Hələ də o şeirin ovqatında idi. Yaddaşı pis deyildi. Misraları ürəyində pıçıldayır, vəzndə pozulacaq, sətirlərdə ilişəcək yer axtarırdı. Pıçıltıları kəsəndə, sonuncu misranı təkrar-təkrar bir də deyəndə, dərindən bir köks ötürüb : “ Bax, buna deyərəm şeir!..” –deyib susdu. Onun çoxlu şeirləri, poemaları vardı. Əksəriyyəti də mərkəzi mətbuatda çap olunmuşdu. Ancaq nədənsə, səhlənkarlığı vardı. Onların hamısını yığıb- yumurlasaydı, qalın – qalın üç-dörd kitab çıxardı. Çıxartmamışdı. Kim bilir, bəlkə də çıxartmaq heç yadına düşməmişdi.
Aynabəndin qoşa laylı pəncərəsini açan Gülsüm xanım: - Telefona çağırırlar, ay Məlik!.. Qadan alım!..” – dedi.
-Kimdir?.. Soruşan kimdir? – dedi Məlik. Yerindən heç durmaq istəmirdi.
-Deyir, icra hakimiyyətindəndir. Rayonun başçısı səni görmək istəyir...
İcra başçısı rayona təzə gəlmişdi. Elə gəldiyi günün səhərisi rayonun sayılıb- seçilən ağsaqqalları, ziyalıları ilə görüşüb, açıq söhbət etmişdi. Düzü, söhbət o qədər maraqlı, səmimi keçmişdi ki, akt zalında beş saat necə oturduqlarını heç kəs belə ağlına gətirməmişdi. İcra başçısı təmiz, prinsipial, işgüzar adama oxşayırdı. Görüşün sonunda : “ Bura, Vətənimizin bir parçasıdır! Onu cənnətə döndərmək bizim vicdan borcumuzdur!..” deyib gülə-gülə zaldan ayrılmışdı. Rayonun inkişafı ilə bağlı deyilən rəylər, təkliflər, iradlar unudulmamışdı. Məlik də əlli səhifəlik bir layihə, təkliflər paketi hazırlayıb, şəxsən öz əliylə başçının özünə vermişdi. Başçının əvvəlkilərdən fərqi ondaydı ki, daha qapısını Ərəbzəngi kimi üç-dörd nəfər kəsdirib, gəlib-gedənlərin əsəbləriylə oynamırdı. Hamıyla canlı təmasda olub, elə yerindəcə məsələyə müdaxilə edib, yerindəcə də əncam çəkilirdi. Rayonda hamı heyrət içindəydi, hamının əlləri duaçıydı. Elə bil rayonun bəxtinə günəş doğmuşdu. Rayonun bütün məmurlarının kürkünə birə düşmüş, iştahları qaçmış, istirahətləri pozulmuşdu. İctimai qınaq güclənmiş, inzibatçılıqdan da qabağa keçmişdi. Vəzifəlilərin hamısı narahat idi, sanki rayona kəsici bir qılınc gəlmişdi. Başçının bir prinsipi var idi: Hər bir şikayət yerində həll olunmalıdır! Mənəm- mənəmlik dövrü daha bitdi, haqq-ədalət qapısı həmişə xalqın üzünə açıq olmalıdır...
-Layihənizlə çox diqqətlə tanış oldum. – İcra başçısı Məlikə çay təklif edə-edə dedi. Gülümsədi. Sifətinə işıqlı bir təbəssüm qondu. – Xoşum gəldi. Bu qədər rayonu gözəl tanımağınız məni təəccübləndirdi. Maraqlandım, rayonun qaynar, məsul vəzifələrində işləmisiniz. Haqqınızda kimdənsə giley-güzar, hansısa pis fikir eşitmədim, bədgümanlıq duymadım. Bəşirov məktəbinin yetirməsisiniz. Onu yaxşı tanıyırdım, rayonda qapı-qonşumuz idi. Uşaqlıqdan ona həsədlə baxar, ona oxşamağa çalışardım. Bilmirəm, şəhərə köçəndən əlaqəmiz kəsilib, indi sağdırmı görən?!
-Hə, sağdır, yaşayır! Maşallah, hələ canı suludur, yazı –pozuyla da yorulmadan məşğul olur. Tez-tez olmasa da, zəngləşirik. Sağ olsun, keçmiş iş yoldaşlarımızın, dostlarımızın xeyir-şərini də unutmur. Xəbər tutan kimi, elə həmin gün də qapısını açır. Redaksiyada işləyəndə deyirdi ki, bura təkcə mənim iş yerim yox, həm də ailəmdir. Onun sevinci də, kədəri də ailəm qədər mənə yaxın, doğmadır.
-Məlik, bilirsən ki, “ Yeni gün” indi başsız qalıb. Neyləmək olar, taleyin işidir, gələn bir gün getməlidir. Allahın işinə qarışmaq, gedəni qaytarmaq olmaz. Ruhu şad olsun, haqq dünyasındadır. Bağırlı gözəl insan, gözəl yazıçı idi. Əfsus ki, bir yazıçı kimi, parlamadan tez soldu. Ömrü bir “Qu nəğməsi”nə bənzədi. “ Nar kolları” onun həyatı kimi çiçəkləmədi, “ Aynalı gölün payızı” aynasız qaldı... Heyif, çox heyif ki, dəyərli insanları belə vaxtsız itiririk. Onların işini davam etdirəndə, ölmürlər, ruhən bizlərə qoşulub yaşayırlar...
Ani sükut otağı bürüdü. Hər ikisi xəyallanıb, dalğınlıq içində qurtum-qurtum çayını içdi. Divardakı kəfkirli saatın çıkkıltısı nəbzin döyüntüsü qədər yaxın, doğma göründü.
-Məlik, “ Yeni gün” təkcə oxucu üçün qəzet deyil, o həm də bir tarixdir. Rayonun tarixi. Onun rolunu çox adam başa düşmür. Bazarda şor, pendir satanın malını bükmək üçün axtardığı kağız parçası qədər ucuz tuturlar. Vaxt gələcək, 50 ildən, yüz ildən sonra insanlar onu axtarıb, tutiyə kimi göz üstə qoyacaqlar. Bu gün o, böhranlı vaxtını yaşayır. Vaxt olub ki, gündəlik çıxan qəzet, indi ayda bir-iki nömrəyə möhtac olub. Bir zaman otuz nəfər işçisiylə bir tikə halal çörəyini bölən kollektiv indi üç işçisiylə dar, yarıqaranlıq bir otağa sığınıb. Sizi bu gündən “ Yeni gün”ə baş redaktor təyin edirəm. Nə deyirsiniz, ona sahib çıxmaq fikriniz varmı?!
-Siz deyirsinizsə, mənim heç bir etirazım yoxdur. Ora mənim üçün doğma yerdir... elə bil ki, ikinci dədə ocağımdır...
-Çox gözəl! Mən elə də bilirdim. Əvvəlki iş otaqlarınızı da, göstəriş vermişəm, özünüzə qaytaracaqlar. İlkin olaraq həftəlik, sonra gündəlik nəşrə başlarsınız. Mətbəə bazanızı yaradar, səviyyəli müxbirləri seçib götürərsiniz. Ayıbdır ki, bu böyüklükdə rayonun bu günə qədər müntəzəm çıxan qəzeti yoxdur. Maliyyə cəhətdən sıxıntınız da olmayacaq, işçilərinizin məvacibini lap elə bu gündən gedib qaldırın, qoy onlar da oranı ailələrini dolandıracaq iş yeri kimi görsünlər. Hələ redaksiyaya bir xidməti maşın da verəcəm. Sözün gərək qədrini biləsən. Sözdə ilahi bir qüdrət var. Sözün işığına güvənməyən cəmiyyətin sabahı da işıqlı olmaz...
Məlik Hüseynli icra başçısıyla sağollaşıb otağından çıxdıqdan sonra gördüklərinə inanmadı. “ Allahım, bu yuxu deyil ki, mən görürəm?! “ – deyə ürəyində öz-özündən soruşdu. Qolunu ağrıdacaq dərəcədə bərk-bərk çimdiklədi. Yoox, yuxu, qarabasma deyildi. “ Allahım, sənin böyüklüyünə, mərhəmətinə, qüdrətinə sığınıram! Sən nə qədər böyük mərhəmət, ədalət sahibisən. O, dar, qaranlıq otağa sığınan, bir ailənin dolanışığı qədər evinə ruzi apara bilməyənlər, axı mənim keçmiş iş yoldaşlarım idi. Görəndə də, xəcalətdən bir-birimizin üzünə baxa bilmirdik. Utandığımızdan, necə dolanırsan?- deyə bilmirdik. İndi mən bu şad xəbərlə onların könlünə işıq, ruh düşgünlüyü içərisində əzilən hərəkətlərinə qıvraqlıq gətirəcəm!..”
Məlik Hüseynli çox böyük inamla redaksiyaya gəldi. Əvvəllər həmişə deyə-gülə işə gəlib-getdikləri ön qapı bağlanmışdı. İçəridə ümumi otaqları birləşdirən dəhlizin sonundakı pəncərə çıxarılıb azacıq genişləndirilməklə qapı qoyulmuşdu. Bunlara necə əlləri gəlmişdi, inana bilmirdi Məlik. Otaqlarda bufet- yeməkxana, bağçada, ağacların arasında stol- stullar düzülməklə çayxana, girəcək tərəfdə isə mağaza açılmışdı. Məlik bunları gördükdə az qala dəli olmaq dərəcəsinə çatmışdı. “ Allahım, bu nə zülümdür, bu nə əzabdır bizə çəkdirirsən?! “- deyə içini yeyir, qəzəbdən az qala dəli olmaq dərəcəsinə gəlirdi. Divara sürtünə- sürtünə dar səkidən ötüb binanın arxasına keçdi. Əvvəllər, redaksiyanın haylı-küylü vaxtı xadimə Nərgiz xala üçün ayrılmış bu balaca otaq redaksiya olmuşdu. Bir zaman Nərgiz xalanın süpürgəsini, pol əsgisini, zibil vedrəsini, daha nə bilim nəyini, nəyini yığıb, bərk-bərk də qıfılladığı otağa üç adam necə sığışırdı. Hələ yazmaq, işləmək üçün köhnə kompyuterləri də götürəndə, sanki nəfəs- nəfəsə oturmuşdular. Bunları elə bil bilə-bilə zülmün, əzabın içinə atmışdılar. Çabalasınlar, çırpınsınlar boğulsunlar, məhv olsunlar deyə. Bir yer boş idi. Rəhmətlik Bağırlının yeri. İndi Məlik Nüseynli orda oturmalı idi. Ürəyi də gəlmirdi. Uzun illərin iş yoldaşları idilər. Çörək kəsmişdilər, evlərində süfrə açıb, bir- birilərinə nə qədər sağlıq demişdilər. Nə etmək olar, bu da etibarsız dünyanın bir qanunudur, biri getməsə, biri gəlməz.
Məlik Hüseynli bu dar, qaranlıq otağa, elə bil ki, gur günəş işığı kimi düşdü. Sevinc sevindi, uçmağa qanad axtardı. Fərid qələmini stola atıb onu bərk-bərk qucaqladı. Dili sevincdən topuq vura-vura : “ Nə yaxşı, qardaş, nə yaxşı, sən gəldin! Vallah, axşam yuxu görmüşdüm. Durub anama danışdım. Gördüm, öndəki bağçadan bir qucaq gül dərib otağımıza gətirmişəm. Hər yer qıpqırmızı güldür. İyi adamı tutur. Anam gülə-gülə, oğul, sevinəcəksən, dedi. Analara qurban olum! Vallah, güldür, bərəkətdir, xeyir- duadır uğurlamaları da...”- dedi Fərid. Təkrar Məliki bir də qucaqladı. Sevinc elektrik çaydanını dövrəyə qoşdu. Fərid bir söz demədən özünü çölə atıb, çay içmək üçün konfet alıb gətirdi. Çay süzdülər, elə bil ki, çay yox, sevinc, fərəh içirdilər. Gözlənilməz qərar üçünü də xəyallandırıb göylərə qaldırmışdı. Deyəsən, redaksiyanın da bəxtinə gün doğmuşdu.
Məlik Hüseynlinin mobil telefonu zəng çaldı. İcra başçısının köməkçisi idi. – Malik müəllim... Muxtarlı soruşur ki, iş yerini təhvil aldınızmı? Bir problem yoxdur ki?! Alverxana açanlara yığışmaq üçün xəbərdarlıq etdinizmi?!
Məlik köməkçiyə təşəkkürünü bildirib, Fəridlə binanın qabaq tərəfinə çıxdılar. Çaydanın dibini, buğlanan tilifləri ağacın dibinə boşaldan çayçı onları görən kimi şirin dilini işə salıb: - Keçin, keçin, yaxşı bir yerdə oturun! İndi çay da gətirərəm Sizə...-dedi.
Gördüyü mənzərəyə dözməyən Fərid: - O, ağacı yandırmağa necə əliniz gəlir, oğul? – soruşdu. - Əkən sizin üçün əkmişdi ki, bir qırıq nəfsinizə qurban verəsiniz?
-Həə... noolacaq müəllim, bir ağac qurumaqnan bu dünya dağılacaqmı?! Qoy, lap qurusun, yerində birin də əkərik. Ağacdır də, noolacaq, kimin cibi boşalacaq?!..
Məlik bu laqeydliyə, biganəliyə, həyasızlığa dözmədi: - Müdirin hardadır, oğul, müdirini çağır!.. – dedi. Söhbətin tonunun dəyişdiyini görən cavan çayçı tez keçmiş redaksiyanın otaqlarından birinə qaçdı.
-Noolub, nə hay-küy salmısınız? Niyə işləməyə, bir tikə halal çörəyimizi qazanmağa qoymursunuz?! – deyə orta yaşlı, şişman gövdəli kişi əllərini ölçə-ölçə, qışqıra-qışqıra cavan çayçı oğlanla Məliklə , Fəridin üstünə yeridilər.
Fərid qabağa çıxıb onları sakitləşdirmək istədi. Onu kənara itələyib, Məlikin qabağında durdular: - Axı siz kimsiniz, kimsiniz ki, bizim işləməyimizə mane olursunuz?
-Mən kiməm?! Mən buranın sahibi!.. Bəs siz kimsiniz? Sizin buranı qamarlamağınız barədə bir qanuni sənədiniz varmı?!
-Nə sənəd, on ildən çoxdur ki, buranı işlədirəm! Bəs bu illərdə siz hardaydınız? Niyə üzə çıxmırdınız?.. Sənəd... sənəd deyirsiz! İndi göstərərəm, bundan da etibarlı, böyük sənəd olar?!
Əlləri əsə-əsə telefonun nömrəsini yığdı. Mikrofonu qoşdu ki, o birilər də eşitsin: - Əbili, xala oğlu, qadan alım,.. burada biriləri peyda olub, sənəd istəyirlər... deyirlər, buranın sahibi bizik, siz kimsiniz?..
-Ayə, Niftulla, bəs səni o yekə cəmdəynən ora niyə qoymuşam?! Niyə onlara gedib atdanın demirsən? Boş- boşuna yeyib, qarnını çaxır çəlləyi kimi şişirtməkdən başqa nə bilirsən? Heç utanmırsan? Soruş, soruş görək onlar kimdir ki, bizə ağıl öyrədirlər. Başlarından yekə qələt edirlər.
Məlik daha susa bilmədi. Səsinin eşidilə biləcəyi qədər bir az da yaxınlaşıb: - Əbili... Məlikdir! Məlik Hüseynli!..
-Həə, salam Məlik! Noolub, xeyir ola, indi də oboxeyislik edirsən? Olmaya yenə məliklik eşqinə düşmüsən?!
-Düz tapmısan, Əbili!.. Yoldaş Murtuzəliyev!
-Yoldaş Murtuzəliyev yox, canım, cənab Murtuzəliyev! Deyəsən, zamanədən bir az geri qalıbsan axı, ay Məlik?!
-Həə, noolar, Əbili, elə qoy sən deyən olsun. Cənab Murtuzəliyev, boynunu burub qapımın ağzını kəsdirməyin, saxta sənədlərə qol çəkdirmək üçün min sifətə girməyin nə tez yadından çıxıb? Bunlara görə otağımdan səni azmı qovmuşam, ay saxtakar, ay eqoist?! Xeyir ola, burdan sənin adın niyə çıxır, kənd təsərrüfatını düzəltmişdin ki, indi də ticarətin qayğısına qalırsan? Görəsən, on illərlə sənədsiz işlətdiyiniz bu obyektin vergisini dövlətə ödəmişsinizmi?! Yəqin ki, yox! Bunun cinayət olmağını bilməmiş olmazsan. Axı hüquq fakültəsini bitirmisən.
-Məlik Hüseynli, sən uduzmusan, adam uduzanda da cırnayıb özündən çıxmaz. Məndən sənə tövsiyə, ağlını başına yığ, burnunu hər yerə soxma! Yazıqsan, peşiman olarsan!..
-Əbili, mədəniyyətinə, aldığın ailə tərbiyənə görə də çox sağ ol! Məndən də sənə xəbərdarlıq, sabah bu vaxta qədər buranı boşaltdırmasan, redaksiyanın binasına, həyətinə vurulan ziyanı dövlətə ödətdirməsən, bu qulbeçələrinlə qanun qarşısında cavab verməli olacaqsan!.. Eşitdinmi, tərs üzüm dönəndə heç nəyə baxmıram. Xasiyyətimi də yaxşı bilirsən, inadıma da bələdsən. Rus qohumların demişkən, tak şto, olmayan ağlını da, başına yığ, sonra peşiman olarsan, qazandıqların da burnundan tökülər.
Əbili ilə söhbətdən heç bir saat keçməmişdi. Məlikin telefonu yenə zəng çaldı. Polis rəisi Nazim Mirşəkərli idi. – Salam, ay Məlik! Necəsən, heç görünmürsən. Bir stəkan kəklikotulu çayımnan necədir aran. Vallah, anam öz əlləriylə Daşkəsən yaylağından yığıb o otları, qurudub, ayrıca mənim üçün göndərib. Can dərmanıdır eyy, can dərmanı... İnandırım səni, ölü də içsə o çaydan ,ətrindən lap yerindən durar.
-Nazim, bilirsən ki, mən salam- kalamı itirən adam deyiləm. Xətrin də əziz olsun, dostluqda həmişə var olasan. O, ananın əllərindən öpürəm, o ana mənim də anamdır. Öz əlləriylə dağdan- daşdan o kəklikotuları dərib göndəribsə, demək öz ürəyinin sevgisini, odunu- közünü də onlara büküb göndərib. İnan, üzünü görməsəm də, o ananın xətrinə lap zəhər də olsa o çayı içərəm... Ancaq əlimdə bir az işim var, çox vacibdir, gələ bilmirəm, bağışlayasan gərək məni. Münasib bir vaxt...
Nazim Mirşəkərli Məlikin sözünü kəsib: - Ay kişi, nə iş, iş qaçmır, - dedi. Iş həmişə var. Rəhmətliyin oğlu, iş-miş elə təkcə sənə, mənəmi qalıb?! Bilirsən, ürəyim səndən ötrü lap darıxıb. Bir də sənə deyəsi bir-iki sözüm var. Telefonluq deyil, telefonluq olsaydı deyərdim. Danışdıq, hardasan, yerini de, bu dəqiqə sürücümü göndərirəm...
Polis rəisi Mirşəkərlinin zəngindən sonra Məlik barmağını dişlədi. Görünür, Əbili narahatdır, Məliki inadkarlığından çəkindirmək üçün rəisin ona təsir etməsini xahiş etmişdir. Onların bu yaxınlarda qız qohumluqları olduğunu Məlik eşitmişdi. Ancaq kim alıb, kim verdiyini yaxşı bilmirdi. Vəzifədə olarkən çağırılan bütün toylara gedər, adına görə də, heç kəsdən geri qalmazdı. Pulu olmayanda da kimdənsə, borc alıb gedərdi. Bu toya isə çağırmamışdılar. Görünür, vəzifədən uzaqlaşdırılmış birisini daha məclislərinə layiq bilməmişdilər. Daha gec idi, rəisə : “ Yaxşı, daha sən deyən olsun! “ –deyib, çay dəvətinə razılıq verməsəydi, getməyəcəkdi. Necə olsa, salam-kəlamları da vardı, bir-iki dəfə bir süfrə arxasında çörək də kəsmişdilər. Əbilinin də tayı deyildi, qanacaq- qabiliyyətindən də az-çox payı var idi.
Stolun üstünə müxtəlif şirniyyat, növbənöv çərəz, mer-meyvə, şirə, çox bahalı xarici içki şüşələri düzülmüşdü. Aşağıda, yeməkxanada kababçı Rəhim kişi cızhacızla qovrulan kabab şişlərini “ Gətirin!..”- deyəcək birisinin əmrini gözləyirdi. O, öz işini yaxşı bilirdi. Rəisin o qədər məclislərini yola vermişdi ki?!
Rəis Mirşəkərli əllərini belinə qoyub otaqda gəzinir, arabir jalüzün pərdələrini kənara çəkib ikinci mərtəbədəki otağından həyətə baxırdı. Məlikin tərsliyini, sözü çəkinmədən şax üzə deməyini eşitmişdi. Daha bu dərəcədə yox də, gələcəm deyibsə, gələcək də?!
-Ay kişi, ay rəhmətliyin oğlu, gözləməkdən gözümüzün kökü saraldı ki,..- deyə rəis Mirşəkərli hövsələsizlik edib, kabinetin gözləmə otağında Məliki qarşıladı. – Bura nədir ki, əlimi uzatsam çatar. Daha bu qədər də naz eləmək olar?!
-Naz nədir, ay Nazim?! Başçı sağ olsun, çox ləyaqətli bir addım atıb. Bir həftə vaxt verib, redaksiyanı əvvəlki görkəminə qaytarmalıyam. Əlavə işçi götürməliyik, əvvəlcə həftəlik, ayın sonundan isə gündəlik nəşrə başlamalıyıq. Tərs kimi, elə ilk gündən təzə qohumun Əbili buynuzlarını mənə çıxartdı.
Rəis hikkəsini içinə yığmışdı. Bomba kimi partlayacaqdı. Başçının adını eşidən kimi bir qədər yumşaldı, özünü yığışdırdı. Bir Əbilidən ötrü başçı ilə üz-üzə gəlib, özünü yandırmayacaqdı haa. Gözləntisi vardı, general paqonuyla nazir müavinliyinə söz vermişdilər. Görüşməli, danışmalı adamlarla da görüşüb, danışmışdı. Odur ki, intizarla çağıracaqları günü, ayı sayırdı.
-Təbrik edirəm! Yəqin ki, ilk yazını bizdən yazmayacaqsan? Baş redaktor qoyulduğunu bəs bayaqdan niyə demirsən?! Əbiliyə fikir vermə, ayrımdır, onu gərək qapazla, ayrım qapazıyla başa salasan. Köntöydür, zalım oğlu, yonulmayıb. Hüquq fakültəsini ölümə - zülümə, axsaya- axsaya bitirdi. Gedən icra başçısıyla, səndən nə gizlədim, aram çox yaxşı idi, zalım oğlu bir az da pul xəstəsiydi. Elə o düzəldən Əbilini ora düzəltdi. Ata tərəfdən uzaq qohumluğumuz da vardır. Bizdən oğluna qız alandan sonra da, özünü lap içkin qohum sayır. Qardaşım qızını alıb. Qardaşım da, sağ olmuş, inanırsan, hər zəng çalanda, ya rayona gələndə : “ Əbili əmanəti, ona yaxşı-yaxşı bax!..” – deyir. Əbili elə bil uşaqdır, onu mənə tapşırır. Əbili bir oddur, yalodur, imkanı olsa, yumurtadan da yun qırxar. İndi nə deyirsən, Məlik, iti yiyəsinə görə sayarlar. Əbiliyə görə, mənim nüfuzumu tapdayıb, çeynəyib keçməkmi istəyirsən. İcra başçısı deyib, deyəndə nə olar, onun dedikləri “ Quran” ayəsidir bəyəm?! Dəyişmək olmaz, o qədər yer var, gərək elə ora ola?
-Nazim, ora redaksiyanın binası deyildimi?! Heç bilirsən, orada neçə adam çalışırdı? Düz, nə az, nə çox otuz beş ailənin çörəyi ordan çıxırdı. Qəzet baxımsız qaldı, unuduldu. Özümüz öz əlimizlə dövlətçiliyimizə, tərbiyəmizə, gələcəyimizə zərbə vurduq. Bilirsən, demokratiyadır, qəzet bolluğudur, kim istəyir qəzet çıxarır. Kim nə istəyir, onu da yazır. Ancaq dövlətin dayaq sütunu var, o sütunu nəyəsə qurban vermək olmaz. Yaxşı ki, gec də olsa, aynıdılar ki, rayon qəzeti də, o dayaq sütunlarından biridir. Rəsmi orqan kimi, bu rayonda, bu bölgədə kütlələri arxasınca aparmalıdır. Mənəviyyatımız niyə zədələnib, ideologiyamız niyə axsayır, çünki iqtisadiyyat deyib, hər şeyi ona qurban veririk. İdeologiya yerində olanda, iqtisadiyyat da on qat artıq inkişaf edəcək. Dədə-babalarımız, axı deyib ki, Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Biz illərlə kökümüzdən, soyumuzdan gələn bu meyarları unutduq. Hər şeyə pulun gözüylə baxdıq. Vətənin bağrı parçalandı, uff demədik, namus, qeyrət ləkələndi ayılmadıq. Soyğunçu, çapğınçı, oğru dəstəsinə döndük. Əqidəmiz ancaq, nə olursa-olsun, pul, pul qazanmaq oldu. Halal yolla, alın təriylə qazansaydıq nə vardı ki?! Qazanmadıq, minlərin, milyonların ruzusunu əlindən almağı hünər saydıq. Bax, buna görə çox şeyi itirdik, elə bil, düşməncəsinə insanların inamını qumara qoyduq. Gec də olsa, düzəltməliyik səhvlərimizi, uçurumun ağzından qayıtmaq da hünərdir, ibrət dərsidir.!..
-Sənin dediklərin düzdür, Məlik! – deyə, Nazim onun sözünü kəsdi. Qolundan tutub süfrə başında oturtdu. – Söhbət dananı qurda verər. Yüz faiz düz deyirsən. Ancaq sənin, mənim düz olmağımızla dünya düzəlmir axı. Deyir, avazın gözəldir, oxuduğun quran olsa. Dünya elə başdan – binadan belə xarab qurulub. Adəm dədəmizlə, Həvva nənəmiz oğurluq etməsəydi, cənnətdən qovulardımı?! Qovuldular, bizi də elə o vaxtdan yanar oda atdılar. Ancaq mənim sənə bir tövsiyəm, sən gəl, bu Əbili işindən vaz keç. Ona çox bənd olma. Bu, Əbilinin yox, mənim hörmətsiz vəziyyətə düşməyim deməkdir. Necə olsa, dost var, düşmən var, bilən bilir, bilməyəni də ayıltma.
-Bu günə qədər yeyib, neynək, halal xoşu olsun! Ancaq bundan sonra daha yeməsin. Şəpini-şüpünü götürüb ordan çıxsın. Bilirsən ki, o, təpədən- dırnağa qədər cinayət işlədib. Binanı qanunsuz olaraq zəbt edib, görünüşünü öz məqsədinə uyğun dəyişdirib. Əlində bir qanuni sənədlə bunu edibmi, yox! Vəzifə səlahiyyətini aşıb, özbaşınalıq edib. Hələ bunlar qalsın bir yana, qanunsuz işlətdiyi obyektdən dövlətə bir qəpik gəlir vergisi keçiribmi, yenə yox!
-Məlik, pislik heç kəsə fayda vermir. Gözlərini yaxşı – yaxşı aç, bunu da qulaqlarında sırğa elə. Yazıqsan, uşaqların da var. Heç kəs bilmir ki, sabah başına nə gələcək. Dostcasına süfrə açdım üzünə, əlini dostcasına, qardaşcasına sıxdım, sənsə hər şeyi alt-üst etdin. Nə olar, canın sağ olsun, bir gün bu qapıya yenə işin düşər...
-Çox sağ ol, Nazim! Mənə ananın göndərdiyi kəklikotundan dəmlənmiş yaxşı çay verdin. O, müqəddəs bildiyin ananın adına bura gəldim. O çayı içməsəm də, o çörəyi yeməsəm də, təhdidlərini, hədə - qorxularını da heç vaxt unutmaram. Bu gündən sonra, mənim nəzərimdə, elə sən də bir Əbilisən. Əlindən nə pislik gəlirsə, etməkdən çəkinmə, Ancaq bir şeyi heç vaxt unutma, haqq nazilər, qırılmaz. Haqqın, ədalətin yolu uzun, əzabı acı olsa da, meyvəsi şirindir. Bir gün o meyvəni dərəndə, deməyəsən ki, məni bu hala niyə saldın?!
İcra başçısı Namiq Muxtarlı bir həftənin tamamında Məlik Hüseynlini otağına çağırdı. Ondan heç bir söz soruşmadan, nə olubsa, təfərrüatı ilə Məlikə danışdı. Məlik barmağını dişlədi. “ Bunları hardan bilir? Axı mən kiməsə bir söz deməmişəm?! “ –deyə düşündü. Namiq Muxtarlı əsəbiləşmədən, çox sakit, razı görünüşlü halını da pozmadan selektorun düyməsini basıb köməkçisini çağırdı: - Sabah günortadan sonra, saat 3-ə geniş büro iclası təyin edin, bu barədə hamını məlumatlandırın. İclasa rayon ziyalıları və ağsaqqallarından ibarət Şuranın bütün üzvlərini də dəvət edin!.. – göstərişini verdi. Sonra yaddaşını yoxlayırmış kimi, şəhadət barmağını gözləri qarşısında oynada- oynada : - Həə... redaksiyanın binasını, həyətini qamarlayan o Niftulladı, nədi, onu da çağıtdırmağı unutmayın!.. – dedi.
Məlik icra başçısının soyuqqanlı, sakit, ağayana görünüşünə qibtə etdi. Onun heç əsəbiləşməməsi və hər şeydən xəbərdar olması Məliki lap təəccübləndirdi. İçindən, nəyisə kəşf edirmiş kimi, bir fikir keçirdi : “ Sakit sular həmişə dərində axır!..”
Genişləndirilmiş büro iclası təzəcə başlamışdı. Hamı maraq içindəydi. Gündəlik paylanmadığından nədən söhbət gedəcəyini heç kəs bilmirdi. Qəfil toplantılar həmişə kimlərisə silkələdiyindən, bunu da çoxları böyük həyacan və narahatçılıq içərisində izləyirdi.
-İşə başladığımın onuncu günü bu siyahını mənə verdilər. – deyə icra başçısı əlində tutduğu kağızları azacıq yuxarı qaldırıb, göstərə-göstərə dedi : - Kim verdi, niyə verdi, qoy bu sirr , elə hamımız üçün sirr olaraq qalsın. Cəmi otuz səhifədir. Düzü, çox diqqətlə, ürək ağrısıyla tanış oldum. Soruşa bilərsiniz, axı bu , nə siyahıdır, niyə bu qədər maraqlı görünür? Dəhşət məni bürüyür, öz-özümə hövllənirəm. Düşünürəm, dövlətə axıra qədər niyə sədaqətli ola bilmirik? Niyə şəxsi maraqlarımızın əsiri olub, sabahımızı düşünmürük? Dövlət sənə, mənə güvənməsə, görəsən, axırı necə olar? Şəhidlər, məgər bundan ötrü qanlarını tökdülər ki, kimsə gəlib hazırına yiyə dursun, onun-bunun haqqını yeyib özünə gün – güzəran qursun? Bu, hansı məntiqə, hansı ədalətə sığar? Bəs biz kimə , kimə güvənməliyik, kimə üzümüzü tutub, dərdimizə çarə qılmalıyıq? Yəqin söhbətin nədən getdiyini təxmin etdiniz?! Söhbət dövlətin ona verdiyi vəzifə stolunda oturub, onu unudan natəmiz, əliəyri məmurlarımızdan gedir. Gizlətmirəm, ilk əvvəl, siyahıya şübhə ilə yanaşır, kiminsə qəsdi-qərəzçiliyindən o yana keçməyən qarayaxması hesab edirdim. Ancaq yüz ölçüb, bir biçəndən sonra bunun həqiqət olduğuna tam arxayın oldum. Bu gün iki məmurun əməlləri ilə sizi tanış edəcəm. O birilər də darıxmasın, onlara da növbə çatacaq... – Namiq Muxtarlı zalda gözlənilmədən əmələ gələn oyanışın, həyəcanın, titrəyişin artmasını görüb, elə bil ki, hamıda intizarı gücləndirsin deyə, qəsdən bir anlığa susdu. Zalda sevinc, həyəcan qarışıq uğultu başladı. Çəkinmədən yerindən qalxıb: “ Danışın, Namiq müəllim, danışın!..” – deyə qışqırıb, ucadan onu alqışlayanlar, dəstək verənlər də tapıldı.
-Bir həftə bundan qabaq hamınızın yaxşı tanıdığı Məlik Hüseynlini rayon qəzetinə baş redaktor təyin edib, rəhmətlik Bağırlıdan sonra redaksiyada durğunluq halına düşən işləri canlandırmağı tapşırdım. Bilməyiniz üçün deyim ki, qəzetimiz bu aydan həftəlik, gələn aydan isə gündəlik çıxacaq. Dağılmış işçi heyətini də toplamağı ona tapşırdım. Mətbəə işini də qaydaya salacağıq, daha gedib qəzeti kənarda çap edib rayona gətirməyəcəyik. Bu, əlavə xərc, həm də vaxt itkisi deməkdir. Bəs bu gün o böyüklükdə redaksiyadan nə qalıb?! Üç nəfər işçi dar bir otağa sığınıb. Onu da qabaq tərəfdən yox, arxa tərəfdən qapı açıb, elə bil ki, gizli, oğurluq iş görürlərmiş kimi, oradan gəlmələri tapşırılıb. O biri otaqlar bəs hanı?! Kim onları zəbt edib, hansı əsasla zəbt edib?! Bax, mən bunları bilirdim. Siyahıda olanlardandır. Bilirdim ki, mane olacaq, müqavimət göstərəcəklər. Gözləyirdim ki, elə öz əlləriylə özləri ortalığa çıxsınlar. Çıxdılar da! – İcra başçısı zala göz gəzdirib : - Niftulla kimdir? – deyə soruşdu. – Hanı o Niftulla, bir ayağa qalx görək!.. Sənsənmi? Gəl,.. gəl qabağa! De görək niyə, niyə Ərəbzəngi kimi yol kəsib redaksiya işçilərinə hücum edirsən? Qolunun gücünə, zırpı bədəninəmi güvənirsən? Oranın sənə məxsusluğu barədə əlində bir sənədin, sübutun varmı?
-Bbil...lmmirəm. -deyə, Niftulla dili topuğ vura-vura cavab verdi.
-Bəs kim bilməlidir? On ildən çoxdur ki, işlədirsən, ancaq niyə düşünmürsən ki, bir gün kimsə, qabağına çıxıb: “ Sənin olmayan yerdə ,axı sənin nə işin var? “ sualını verən tapılar?
-Mən kiməm ki, Namiq müəllim! Mən buyruq quluyam! Aylıq maaşa qulluq edirəm. Səhərdən axşama qədər canım orda çıxır. Ailəmin üzünü də, düz-axıllı görə bilmirəm. Üzüm qaradır, ehtiyaclarını, bazarlıqlarını da vaxlı – vaxtında çatdıra bilmirəm. Uşaqlar necə böyüyür, hardan gəlib – hara gedir, necə dərs oxuyur, vallah xəbərim də olmur. Kənardan baxan da deyir ki, kişi obyekt işlədir, əli yağ-bal içindədir. Ən azı beş kərə xahiş etmişəm, yalvarmışam ki, bu qədər qazancınız olur, mənim də ehtiyacım, ailəm, qayğılarım var, abırlı bir maaş versəniz dünya dağılmaz ki?! Ancaq kimdir ki, mənimlə hesablaşan, məni də insan yerinə qoyan?! Görürəm, hər şeyi yaxşı başa düşürsünüz, cidanı daha çuvalda gizlətmək olmaz. Qoy yerdə qalan suallara Əbiliylə, qohumu Nazim Mirşəkərli cavab versin!..
- Əbiliylə Nazimi yaxşı bilirəm. Bilirəm ki, bu iş sənlik deyil, sənin gücün bu işləri görməyə çatmaz!
-Siz nə deyirsiniz, Namiq müəllim?! Mənim oraynan nə bağlılığım!.. – deyə Əbili yerindən dik qalxdı.
-Hər deyilən sözə inanacaqsınızmı, Namiq müəllim! Görmürsünüz ki, o, öyrədilmiş adamdır?! – Nazim də özünü təmizə çıxartmağa çalışdı. – Mən dövlət adamıyam, heç mənə yaraşarmı belə çirkin işlər?!
-Xeyir ola, bu cür mövqe heç sizə yaraşırmı? – deyə, Namiq Muxtarlı hələ də əsəbi vəziyyətdə ayaq üstə dayanan Əbiliylə , polis rəisi Nazimi məzəmmətlədi: - Bircə güllə atılan kimi səngəri qoyub qaçırsınız. Bu, bədbəxt oğlu, neyləyib ki? İllərlə sizə qazanc gətirib, quru maaşdan başqa ona nəsə veribsinizmi? Onun səhvi o olub ki, illərlə sizin üçün yanıb, istisi sizə, tüstüsü ailəsinə qalıb. O, iqtisadçıdır, sizə mühasiblik edib. Hər həftə obyektlərinizdən yığılan pulları qəpiyinəcən sizlərə qaytarıb. Yoldaş yox, cənab Əbili kənd təsərrüfatı şöbəsinə baxırsınız. Məgər, rayonda axsıyan kənd təsərrüfatımızı düzəldibsiniz ki, indi də ticarətə girişibsiniz? Restoran, şadlıq evlərini nəyin hesabına işlədirsiniz? Qanunsuz olaraq qamarladığınız torpaqların sahiblərindən, örüş yerləri əllərindən çıxmış kənd camaatından gələn məktublara nə cavab verəcəksiniz? Gözləriniz o qədər qızıb ki, hətta qəbirstanlığı da əkinəcək yerinə çevirmisiniz. Səsini çıxardanı təzə qohumunuz Nazimlə qorxuzursunuz. Bu harda görünüb ki, qanunu qorumalı olan təşkilat, qanunsuzun dəyənəyinə çevrilə. Evlərinə, ciblərinə narkotika atdırmaqla, üstlərinə maşın sürdürməklə qorxudula? Ayıb deyilmi sizlərə. Dövlət vəzifəni buna görə verib ki, özbaşınalıq edəsiniz, at oynadasınız? Bəs bu çirkaba sən niyə qoşulmusan, o böyüklükdə təşkilatı sən niyə hörmətsiz günə salmısan, ay Nazim? Harda görünüb ki, mağaza, restoran, şadlıq evləri işlədəsən, özü də dövlət stolunda otura-otura? Bir mağaza yox , on mağaza! İşçilərini yığıb, qəti şəkildə də tapşırıbsan ki, ordan alış- veriş etməyən gözümə görünməsin, cəzalanacaq, çox gəlir gətirənin maaşına isə ayda yüz manat əlavə olunacaq. Bunu Niftulla inkarmı edəcək, ya yazıb doldurduğu sənədləri itdi – batdıyamı salacaq. Siz onu yandıranda, bəs bilmirsiniz ki, o da sizi yandıracaq?! Daha mənim bu gündən Siz Əbiliyə, Nazimə heç bir etibarım qalmadı. Hamının gözünün qabağında səmimi olmadığınızı təsdiq etdiniz. Deyirsiniz o, sizə böhtan atır, yalan danışır, öyrədilmiş adamdır. Nə olar, onda araşdırarıq, həqiqəti də hamı bilər. Cənab Rüstəmov, rayon prokuroru kimi şəxsən Sizə tapşırıram. Polisə demirəm ki, necə olsa, müdiridir , təsir altına düşə bilər. Bir nəfər fəal əməkdaşınızı ayırarsınız, bax, elə bu iclasda iki nəfər ziyalılardan, iki nəfər də ağsaqqallardan olmaqla, bir araşdırıcı tərkib yaradırıq. Məlik Hüseynli də, mətbuat işçisi kimi o tərkibdə müşahidəçi olacaq, araşdırılmış nəticə bir həftə ərzində tamamlanıb mətbuata çıxarılacaq. Niftulla işin içindədir, rayondan qaçmaması və başına bir iş gəlməməsi üçün nəzarətxanaya salınmaqla, onun təhlükəsizliyinə şəxsən özünüz nəzarət edirsiniz. Onun sənədlərinin saxlandığı otağın açarını alıb, qapısını da möhürləyirsiniz. Nəzarətxanada ona hansısa təzyiq, zorakılıq halı olsa, məndən inciməyin, şəxsən özüm maraqlanacam. Məmurların obyektlərinin siyahısını da, hələlik özümdə saxlayıram. Araşdırıcı qrupun obyektivliyini tərtib edəcəkləri arayışdan da biləcəm. Mənə elə gəlir ki, bir həftə bu işin araşdırılmasına bəs edər.
Bir həftədən sonra çox utancverici bir mənzərə ortalığa çıxdı. Bu müddət ərzində “yuxarıdan” çox zənglər çalındı, çox təzyiqlər, çox xahiş-minnətlər oldu, ancaq heç biri yeni icra başçısının mövqeyini dəyişdirə bilmədi. Onun prinsipiallığı ona olan sevgini, inamı daha da artırdı. Əbili və qohumu Nazim işdən götürüldü. Ciddi qanun pozuntularına yol verdiklərinə görə, barələrində cinayət işi qaldırıldı. Redaksiyanın otaqları təmir edilib özünə qaytarıldı. Yeni işçilər qəzetə qaynar ab- hava gətirdilər.Məlik Hüseynlinin qəzetdə dərc olunmuş “ Yeni gün”də yeni gün...” bütöv bir səhifə yazısı rayonda uşaqlı-böyüklü hamının marağına səbəb olmuşdu. Hamı əlimyandıda “Yeni gün”ü axtarırdı...
Baki şəhəri, 07 – 16. 08 . 2020.

43 dəfə oxundu

Axtarış