ÜRƏYİMLƏ SƏCDƏ EDİRƏM
Müəllif: Şirinxanım Kərimbəyli Şadiman


2019-01-03 10:15:56


Sənə ürəyimlə səcdə edirəm,
Ürəyin işini əl görə bilməz.
Hər gün dərgahına min yol gedirəm,
Canın səcdəsini dil görə bilməz.

Bütün kainatlar əlində çıraq,
Söndürüb yandıran sənsən çırağı.
Sənin varlığından ruh verir soraq,
Səni duymayanlar görmür irağı.

Vicdanı dinlədib danışdıran sən,
Vicdan dediyimiz Rəbbin özüdür.
Xeyiri şər ilə yarışdıran sən,
Canda kainatın yaşam közüdür.

Dinlərlə insana ağıl verənlər,
Beyin sandığına yerləşib ağıl.
Dini siyasətə ölçü görənlər,
Əsarət artıqca kütləşib ağıl.

Biz ki, Yaradanın zərrələriyik,
Zərrə çoxaldıqca enerji artır.
Zaman oyununda ömrün zəriyik,
Udan zirvələrdə, uduzan batır.

Bizi mövhümatla yatızdıranlar,
Hiylənin ipini kəsər Yaradan.
Adamı səcdəyə otuzduranlar,
Yalana son verin, küsər Yaradan.

Təbiət Yaradan özü deyilmi?
Onun varlığına çirkab atmayaq.
Canda İlahinin izi deyilmi?
Yalanı, fitnəni ona çatmayaq.

Hər varlıq içində yaşayan Tanrı,
Səni dərk edəndə aliləşirik.
Canda kimliyini daşıyan Tanrı,
Səni duymayanda aha düşürük.

Sənə ürəyimlə səcdə edirəm,
Ürəyin işini əl görə bilməz.
Hər gün dərgahına min yol gedirəm,
Canın səcdəsini dil görə bilməz.

03.01.2019
Şirinxanım Kərimbəyli ŞADİMAN



12 dəfə oxundu

Axtarış