UZUNDUR DÜNYANIN BU ƏFSANƏSİ / Şiringül Musayeva
Müəllif: Şiringül Musayeva


09.02.2019


Bilinməz nə vaxtdan hərlənir bu tas,
Nə zaman pozular bu gözəl əsas.
Belə nazik fikri dərindən duyub
Ağıl ölçüsüylə dərk etmək olmaz.

Keçmiş günlərə baş vuranda, xəyala dalanda öncə gözü önünə kəndlərinin kənarını əhatə etmiş yamaclar gəlirdi. Nədənsə, həmişə yaz vaxtları canlanırdı xəyalında; yamaclar yaşıl dona bürünmüş olurdu. Və ən qəribəsi o idi ki, yamaclar aralıdan dağa bənzəyirdi, yaxından isə elə yamac idi ki, vardı. Sonra uca Pirdirəki dağını xatırlayırdı. Anlayırdı ki, Pirdirəki dağı, sözsüz, dağdır, çünki ətrafdan, hətta çox uzaqdan belə görünürdü. Və ona çox təəccüblü gəlirdi, nədən aşağılar - dağın yamacları yaşıl, zümrüd rəngində, əsas özəyi — başı isə yumru və bozumtuldur: sanki sal qranit parçasıdır.
Uşaq vaxtı babası ilə dəfələrlə dağa getmiş və yəqinləşdirmişdi ki, dağ qranit parçası-filan deyil, amma daşlı-kəsəklidir. Yəqin, elə buna görə də ətraf yamyaşıl zümrüd rəngə boyananda o eləcə bozumtul qalır. Bozumtul...
Nədənsə, bu rəng həmişə ona kasıb gəlirdi, qoca gəlirdi və o, həmişə; o vaxt da, indi də düşünürdü ki, bu dağ nə isə qocadır, kasıbdır, dağ onda qəribə bir təəssürat yaradırdı.
…O, bu dağın bozumtul və dik təpəsində durub ətrafa baxırdı, babası da yanındaydı. İlk dəfə o, aralıdan daha bir dağ müşahidə etdi - ağappaq, qarla örtülü bir dağ. Heyrətlə babası Əkrəmdən soruşdu:
-Baba, o nədir elə?
-Qardır, bala.
-Bu vaxtı qar ?
-Bəli, canım, o dağın başı avqust ayında da qarla örtülü olur.
-O dağın adı nədir ?
-Qarlı baba.
-Qarlı baba?
-Bəli.
-Bəs bu dağa niyə baba demirlər?
-O dağ ziyarətgah sayılır, insanlar ora ziyarətə gedirlər.
Birdən-birə onun öz dağına, ona daha yaxın olan dağa yazığı gəldi. Əyilib xırdaca əlləri ilə dağın boz təpəsini sığalladı.
-Baba, nədən bizim dağın yaylağı, sıx meşəsi, qaynar çeşməsi, gur şəlaləsi yoxdur?
Əkrəm kişi gülümsündü.
-Hə, olur elə dağlar. Bu da belə dağdır. Sevmədinmi bu dağı?
-Sevdim. Amma istərdim, bu dağ da köksü sıx meşəlikli, gur çəlaləli, qaynar çeçməli bir dağ olsun.
-Yetər, canım, bu da belə dağdır. Hər dağın öz gözəlliyi var. Bunun da gözəlliyi qranitə bənzəməsindədir. Bu, dağ deyil, sal qranit parçasıdır.
...Ah, onun əziz, sevimli və həmişə ona yoxsul görünən sal qranit parçası – dağı.
...Amma yox, yaşamaq lazımdır. Yaşamaq üçün isə xatirələrdən bir qədər aralanmaq, bu günlə uyuşmaq lazımdır, bu günü yaşamaq lazımdır. Bu günü yaşamaq üçün müəyyən imtiyazlar lazımdır, amma onun bu imtiyazları yoxdur, nədənsə yoxdur. Bu hansı səbəblərlə bağlıdır, nədən o bu imtiyazlardan məhrumdur?
Bunu heç kəsə izah edə bilməz, özü üçün də aydınlaşdıra bilməz. Deyən, bu, elə taleyin qismətidir, hərəyə bir cür yazılır.
Hava da bu gün lap qiyamətdir. Televizor bar-bar bağırır ki, son otuz-qırx ilin ən sərt qışıdır. Otağı da buz kimidir, soba axşamdan sönüb. Sobaya atmağa odun da yoxdur.
Əvvəllər çoxlu üzüm bağı var idi kənddə; camaat budamadan sonra gətirib çırpısından, kötüyündən qapısında taya vururdu, qış yazatan yandırırdı, pulsuz-parasız. İndi hardadır kötük ki, yandırasan da… Bağlar elə qurudu ki... Təzək də qəhətə çıxıb.
Yox... bərk üşüyüb, deyəsən.
Bəlkə, getsin qardaşının qapısını döysün? Yəqin, küləyin, çovğunun səsinə oyanıblar. Bəlkə, elə indi onu düşünürlər? Bəlkə, rəhmləri gəlir ona? Bir də gördün uşağı göndərib onu çağırırlar ki, gəlib qaz peçinin kənarında qızınsın, çay içsin.
Yox, səs-səmir yoxdur, yəqin bərk-bərk bürünüblər yorğana. Qoy, o da girsin yorğanın altına.
Yorğanda da boş-boş uzanmaq olmur; keçmiş günlər öz-özünə gəlib halay vurur gözlərinin qarşısında.
…-Gəl, Nəriman, gəl, gedək Kərəm Mürşüd bulağına. İndi oralar cənnətə bənzəyir lap; zanbaqlar, lalələr bir-birinə qarışıb, sənin sevdiyin cığcığalar da səslənir daha. Gəl, gedək şomu yığaq, turşəng yığaq, yemlik yığaq, nənən bir yaxşı şomu qovursun, yeyək, ağzımız dada gəlsin.
-Baba, Kərəm Mürşüdü kim inşa edib?
-Kərəm Mürşüd.
-Nədən bunun suyu belə boldur? Heç Ağ Bulaq, Qoca Bulaq belə deyil.
-Bu Quru dağın ətəyində yerləşir, bala, yəqin ki, dağdan qidalanır.
-Baba, bu quşlar nə gözəldir. Adları nədir?
-Qumru quşlarıdır.
-Bu quşları sevdim, baba, səsləri cığcığa gülünün səsinə oxşayır lap. Baba, bu çəmən çox gözəldir, bizim baxçamız da gözəldir. Bu çəmənin öz gözəlliyi, bizim baxçamızın da öz gözəlliyi var. Baxçamızdan baxanda Quru dağ görünür; quru yox, yamyaşıl görünür. Elə, doğrudan da, yamyaşıldır. Nədən, ona Quru dağ deyirlər?
-Yəqin, yamacları ətəklərinə nisbətən quru olub, ona görə. Əvvəllər bu düzlər bütün su olub.
-Gör a… Baba, əmimgilin baxçasındakı yapon almasından da ək də baxçamıza. Çox yekədir, xoşum gəlir. Cümşüd deyir ki, o almalar bir kilo gəlir.
-Gəlir.
-Onu kim əkib?
-Əmin əkib, calaq almadır. Mən sevmirəm calaq almanı. Hər meyvə öz tamında, dadında daha gözəldir, xeyirlidir. Məgər, bizim almalar, alçalar, armudlar, heyvalar pisdirmi?
-Şəhanədir, baba. Bircə yay gəlsəydi, lap ağzım sulandı.
Babası Əkrəm bığaltı-bığaltı gülümsəyir.
Amma yox, yaşamaq lazımdır. Yaşamaq üçün isə insana ailə, uşaq lazımdır. Onunsa ailə-uşağı yoxdur. Əvvəllər arvadı var idi, amma nagah badi-sərsər əsdi üstünə və arvadı öldü. Uşaqları isə olmamışdı. O da dərd-sərdən xəstələndi, bir müddət yatağa düşdü. Sonra qardaşı Rövşən baxımsız qaldığı üçün onu qəsəbədən həyətdəki daxmasına daşıdı ki, arvadı baxsın.
İndisə artıq əlli yaşı var, ömür-gün sürətlə gəlib keçdi. Əvvəllər qardaşı, qohumlar ona evlənmək təklif edirdilər. Evlənmədi. İndisə çətin ona gələn olar; nə varı var, nə də görkəmi.
Hərdən lap təəccüb edir; insanların, lap elə onun qardaşı arvadının qəlbində nə üçün rəhm, məhəbbət qalmayıb. Əvvəllər belə deyildi, deyəsən. Anası qonşuları Güllü xalanın səksən yaşlı anasını böyük bir ehtiramla süfrənin kənarında oturdardı, xiyarın özəyini, yeməyin ən dadlı, yumşaq tikələrini onun qarşısına düzərdi.
Fikirləri özündən uzaqlaşdırdı. Əvvəla, Güllü xalanın anasının səksən yaşı vardı, onunsa əlli yaşı var; Güllü xalanın anası belini büküb gəzirdi, osa dimdik gəzir. Deyəsən, onun möhtaclığı heç qocalıq möhtaclığı deyil, bədbəxtlik möhtaclığıdır.
Hə... o, bunu demək istəyirdi, amma deməyəcək. İstəyir həyata daha yumşaq nəzərlərlə baxsın-yumşaq... yupyumuşaq... Qoy, həyat da ona yumşaq nəzərlərlə baxsın - yumşaq... yupyumuşaq...
Amma həyat ona sərt nəzərlərlə baxıb, deyəsən. Onun taleyi çoxlarının taleyindən nə isə seçilir, fərqlənir. Məgər o, həyata gələndə başqa uşaqlardan fərqlənirdimi?
Uşaqlar onsuz da bir-birindən fərqlənir; biri qaraşın olur, biri sarışın; biri arıq olur, biri kök; biri tez böyüyür, birinin böyüməsi nisbətən ləng gedir. Bütün bunlar ta əzəldən belə olub. Böyüyüb insan olan cocuqların xoşbəxtliyinin, bədbəxtliyinin göstəricisi deyil bunlar. Düzdür, bəzən uşaqlarda müəyyən qüsurlar olur, amma bu əsas vermir ki, onların gələcəkdə bədbəxt olacağını söyləyəsən, çox vaxt hansısa bir qüsuru olan uşağın taleyində elə bir bədbəxtçilik olmur, deyəsən.
Bax... bax... yenə də sərt prizmaya keçdi. Olmaz, əzizim, olmaz, nsanları qüsurlu, qüsursuz cərgələrə bölmək düzgün deyil. İnsan insandır, insanın ruhu insandır, bədən isə bu ruhun hələlik yaşadığı biologi bir canlıdır. Ondan daha ağıllılar, sözü keçərlilər belə deyib...
Kənddə təkcə omu bədbəxtdir?
Yox, var belələri, - qonşuları Əlxan, - orta məktəbdə ona şair deməyə başladılar. Vardı hərdən bədahətən şeir deməyi. Kəndlərində oxumağa gələn Maygülü adlı gözəl bir qıza aşiq olmuşdu, ona şeir qoşmuşdu. Bir beyti yadındadır:

Maygülü qonaq gəlib,
Əlxan, dur kəs quzunu.

Əlxan Maygülü ilə evlənə bilmədi. Maygülü kimi gözəli kasıb, sısqa, xəstə uşaq olan Əlxana verməzdilər. Maygülünün sonrakı taleyindən xəbəri olmadı. Əlxan isə özündən on yaş böyük xalası qızı ilə evləndi. Bir neçə il uşaqları olmadı. Sonra biri oldu. Uşağın adını Taleh qoydular. Talehin iki-üç yaşı olanda Əlxan öldü və s. və i.
Çoxdur bədbəxtlər. Və o, deyəsən, bu bədbəxtlərə baxıb təsəlli də tapır.
Təsəlli özü böyük şeydir, insan təsəllisiz yaşaya bilməz, insan çox şeysiz yaşaya bilməz. Amma insan yaşamalıdır, həyatdakı bütün çətinliklərə rəğmən yaşamalıdır. İnsanlar yaşamağa və ölməyə məhkumdurlar.
Yaşamaq və ölmək... Dünyaya gəlmək və getmək... Bu ikisinin arasında duran cəmiyyət. Deyəsən, insanın xoşbəxtliyini və bədbəxtliyini şərtləndirən elə bu cəmiyyətdir.
Qoy, getsin baxsın, bəlkə, Nailə, uşaqları durub yuxudan. Saat artıq on birdir.
Köhnə paltosunu çiyninə salıb qardaşı evinə yollandı. Qardaşı evdə olmamalı idi. Qardaşı evdə olanda həyat daha gözəl olur: Nailə Rövşəndən çəkinib qapını ona açır və o, isti otağa daxil olur, uşaqları min bir şirin dil ilə dindirərək isti peçin kənarında çay içir, kasada xoş ətir saçan, buğlanan zəfəranlı küftə yeyir.
Çoxları var, bəlkə də, bilmir çay necə gözəl nemətdir; çay bəzən insana həyat verir; onu içdikcə canına can gəlir. Böyründə mürəbbəsi, konfeti olsa lap qiyamətdir.
İçəridən şən gülüş səsləri gəlir, Nailə uşaqlara səslənir. Qapını döyür. Səslər xırp kəsilir. Yəqin, Nailə tapşırır ki, səsinizi çıxarmayın; guya, hələ yatıblar.
Nədənsə, Nailə onu sevmir. Bir o deyil, qonşular da onu sevmir. Sevilməməyinin səbəbi onun bədbəxtliyidir. Cəmiyyət bədbəxtliyi sevmir: heç kim istəmir ki, səhər-səhər qanı qaralsın. Eybi yox, qoy, səhər-səhər keflərinə soğan doğramasın, getsin Əsligilə. Əlxanın arvadı Əsli hərdən acıyıb ona çay təklif edir.
Əsli pərdəni gizlicə aralayıb baxır, amma qapını açmır. Axır vaxtlar o da çay dəsgahını kəsib: yəqin, camaatın dilinə düşməkdən qorxur. Camaat bəzən bədbəxtləri bəzəyib-düzəməkdən xüsusi zövq alır.
Nə Nailə qınanılasıdır, nə də Əsli. Qınanılası elə odur, ya da onun bədbəxtliyi qınanılasıdır. Hərçənd, ondan daha ağıllılar, sözü keçərlilər deyib ki, lağ etmə bədbəxtə, gülmə nakama.
Olmadı, yenə yumşaq, şəfqətli dairədən çox kənara çıxdı. Bu dairədən kənara çıxmaq insana heç vaxt xoşbəxtlik verməyib və verməyəcək. Bu dairənin içində hər-hər hərlənmək çox gözəldir. Anası çox gözəldi, babası, atası, Güllü xala, bütün kəndləri çox gözəldi. Amma o, gözəl deyil.
Hərdən rast gəldiyi qohumları onun gözəl nənəsini, babasını, ata-anasını, su sonası bibilərini xatırlayıb ağlayırlar. Elə o da ağlayır, çünki onun həyatda görüb götürdüyü elə o illər oldu. O illər də zamanın hansısa əl irişməz qatlarında, çox-çox dərinlərdə qaldı. Zamanın bu günkü qatlarında isə o və onun bədbəxtliyi durub. O və onun bədbəxtliyi zamanin çarxlarında fırlanır. Fırlandıqca dairə böyüyür və bədbəxtlik çoxalır. Bir müddət sonra o və onun bədbəxtliyi də zamanin əl irişməz qatlarında qalacaq.
Zamanın əl irişməz qatları... O qatların hansısa birində Ömər Xəyyam durub, hansısa birində Füzuli durub, hansısa birində Mirzə Ələkbər Sabir durub, daha birində babası durub, daha birində də o və onun bədbəxtliyi durub. Və bu gün nəsə ona xoş gəlir, deyəsən, özünün də hansısa bir qatda durmağı. Hər halda zaman camaat deyil; camaat onu qapı arxasında qoysa da, zaman onu qatlar arxasında qoymayacaq. Zamanın da möhtəşəmliyi elə bundadır.
Zaman... əl irişməz qatlar... Aparıb özünü Ömər Xəyyamla, Füzuli ilə müqayisə edir... Amma burada Ömər Xəyyamın təbirincə elə bir qəribəlik yoxdur. Ömər Xəyyama görə şah və gəda Allahın hüzurunda, ölümün qarşısında eynidir.

Yaşasan üç yüz il, beş yüz il, min il,
Bu köhnə dünyadan gedəcəksən, bil.
İstər dilənçi ol, istərsə şah ol,
Sonda qiymət birdir, iki cür deyil.

Hə... belə-belə… işlər… Amma yox... yaşamaq lazımdır. Yaşamaq üçün isə bir isti bucaq lazımdır. İsti bucağısa dağıldı. Yenisini yaratmaq isə çətindir, bəzən mümkünsüzdür. İnsan gücdən düşür, ömür-gün, sağlamlıq əhdə vəfa etmir. Amma insan tək də yaşaya bilməz. İnsan vəhşi yalquzaq, şir deyil ki, tək yaşasın. Heç yalquzaq, şir də tək yaşayanda xoşbəxt olmur.
Hərçənd, bu an özünü lap vəhşi yalquzaq kimi hiss edir: içində nə isə bir vəhşinin qımıldandığını duyur: içində qımıldanan bu vəhşi ona pıçıldayır ki, arvadı xəstələnəndə qardaşları (o vaxt o, uzaqda idi) onu şəhər xəstəxanasına belə aparmayıblar, qəsəbə xəstəxanasındakı həkim də sevinclə onu yarıb, töküb(çünki filan qədər pul qazanacaqdı). Sonradan xəstənin sağalması şərt deyil, operasiyadan sonra o qədər ağırlaşmalar olur ki, yazar birinin ayağına. Sonra elə belə də oldu.
Hamı; onun qohumları da, arvadının qohumları da laqeyd-laqeyd tərpəşirdilər. Nitsşe deyib ki, yıxılanı heç vaxt qaldırma, itələ, qoy canı çıxsın. Onun qohumları da məhz belə etdi; xəstəxana döşəyinə yıxılmış arvadını itələdilər ki, canı çıxsın. Çıxdı da. Can nədir ki, birdən elə guppultu ilə çıxır ki...
Hə... belə-belə işlər… Ha deyir ki, yaxşıları xatırlayacaq, olmur ki, olmur: pislər onun dövrəsində halay vurub hərlənirlər.
Hərdən yuxusuna girir kəndləri; ikimərtəbəli daş evləri, Ağ Bulağa, Qoca Bulağa gedən cığırlar. Gündüzləri ha əlləşsə də xatırlamadığı küçələr yuxusuna elə xırdalığına qədər aydınlıqla girir ki; Ağ Bulağa gedən cığırın tinindəki daş skamyaya qədər, Nabat xalanın cığıra baxan qırmızı pərdəli pəncərəsinə qədər, qışda qışlağa, yayda yaylağa köçən Əsbət xalanın otlu-ələfli həyətinə qədər. Nədənsə, onların kəndində qadınlar lap mələyə bənzəyirdi, qocaların isə üzlərindən nur yağırdı. Niyə görən beləydi?
Üz-gözündən nur yağan nənəsi bir dəfə söhbət edirdi: “Anam o qədər gözəl idi ki, aya deyirdi, sən çıxma, mən çıxacam, günə deyirdi, sən çıxma, mən çıxacam. Atam da əsl igid idi, yeriyəndə yer tərpənirdi, qəbzəsindən qan damırdı. Qapımızda odunumuzu doğrayan, suyumuzu daşıyan bir nökərimiz var idi. Anam nökərdən yaşınmağı özünə ar bilib, yaşınmayıb. Bu nökər də bir gün belə, beş gün belə, vurulub anama. Atam da arif kişi olub, nökərin qırımını anlayıb. Bir gün nökər anama pis-pis baxanda daşı götürüb vurub nökərin başına, nökərin canı elə orada çıxıb”.
O vaxtı bu söhbəti eşidəndə də, indi bu söhbəti xatırlayanda da - hər dəfə elə bilir daş elə nökərin yerinə onun başına dəyir.
-Ay nənə, niyə axı, nökər də insandı da, vurulub da nənəmə.
-Kəs səsini, haramdı, olmaz axı.
Amma yox... yaşamaq lazımdır. Yaşamaq üşün isə həyatla bacarmaq lazımdır. Görən, həyat özü mürəkkəbdir, yoxsa insanlar onu mürəkkəbləşdirib? Deyən, elə həm həyat özü mürəkkəbdir, həm də insanlar onu mürəkkəbləşdirib. Yaşamaq üçün mübarizə aparmaq lazımdır. Necə ki, heyvanlar yaşamaq üçün mübarizə aparır, elə də insanlar yaşamaq üçün mübarizə aparırlar. Şirlər ceyranları, maralları zürafələri; tülkülər dovşanları, dələləri; quşlar da cücüləri, soxulcanları, balıqları, nə bilim nələri ovlayır. Heyvanlar bu gün nə tapdı, onu yeyir, insanlar isə həm bu günü yaşamalıdır, həm də sabahın qayğısına qalmalıdırlar.
Sabahın qayğısına qalmaq da bir az çətin məsələdir. İnsan bəzən heç bu günü əməlli dolana bilmir, gəl indi sabahın da qayğısına qalsın. Hələ mollalar, din xadimləri üçüncü bir məsələni - o dünyanı da atırlar ortaya. İnsan o dünyanı da fikirləşməlidir. Lap çətin məsələdir... Bu günü əməlli yaşaya bilməyən insan o dünyanın öhdəsindən necə gələcək?
Ömər Xəyyam da deyir ki:

Xoş həyat kədərlə vurulmaz başa.
Şad könül şüşəsi çırpılmaz daşa.
Kim bilir dünyada nələr olacaq!
Şərab iç, ay üzlü gözəl sev, yaşa.

Ömər Xəyyamın heç olmasa içməyə meyi, qucaqlamağa gözəli olub. Bəs o neyləsin?
Durub bir kəndə çıxsın. Hara getsin axı? Küləkdə, qarda-qiyamətdə kim var axı?
Arvad deyil ki, bulağa getsin. Heç indi bulaqda arvad da yoxdur, klubun yanında da adam olmaz.
Bir kisə kömür bəzən hər şeyi həll edir: qalayırsan peçə, qızınırsan özünçün. Bir kisə də kartof. Kartof külləməsi lap xanlara, bəylərə layiq yeməkdir.
Xanlar... Bəylər... Xandan bəydən söz düşən kimi Koroğlu da gəlib öz-özünə yadına düşür.
-Baba, Koroğlu harada yaşayıb?
-Çənlibeldə.
-Çənlibel haradadır?
-Deyilənə görə, Şamaxı tərəfdədir.
-Doğrudan oradadır? Gedək də bir dəfə.
-Qoy yaz açılsın, gedərik.
Bircə yaz açılsaydı; kasıbınki yenə də yazdır, yaydır; odun dərdi çəkmirsən, qaz dərdi çəkmirsən.
Bu Əlxan da ölməyə vaxt tapdı. Yenə yaxşı həmsöhbət idilər.

Bir məhlədə iki şair,
Yazır bir-birinə dair.

Əlxanın kəlamlarından idi. Bərk üşüməyinə baxmayaraq, dodağı da qaçdı. Hərcənd, o, şair deyildi, amma Əlxan qafiyə xatirinə deyirdi də.
Nə isə, yüz fikir bir borcu ödəməz, qoy, bir də gedib qapını döysün.
Qapını döyür. Nailə qapıya çıxır.
-Sabahın xeyir.
-Sabahın xeyir! - Nailə nə isə həmişə onun salamını dodağını büzərək alır.
-Bir çayın olmaz?
-Heç su var ki, çay da olsun. Get, bulaqdan su gətir, soyuqdur, gedə bilmirəm.
Hərçənd bulağa şox vaxt arvadlar gedir, amma eyb etməz, çünki adam qocalanda və onun kimi kasıb, bədbəxt olanda arvadlıq, kişilik də əhəmiyyətini itirir.
Yolda bibisi qızı Nigarla rastlaşır. Nigar ondan bir-iki yaş böyükdür.
-Ay qadan alım, bu soyuqda uşaq yox, köşək yox, niyə yıxılıb yatmırsan? - Bibisi qızı Nigar səslənir.
Cavab vermir.
-Bu qədər suyu neynirsən?
-Nailə üçün aparıram.
-Rövşən buradadır?
-Yox, Sumqayıtdadır.
-Odunun varmı yandırmağa?
-…- Bu zəhrimar yaslar da onu lap kişilikdən qoyub. Kişi də qadının qarşısında ağlayarmı?
-Yoxdur demək. Gəl bizə, bir kisə kömür apar. Yenə bir həftə yandırarsan.
Qabları doldurub elə Nigarla birlikdə evə dönür. Nailəni səsləyir.
Nailə içəridən:
-Çıxart eyvana! — deyir.
Tələsə-tələsə bidonları eyvana çıxarır. Nailə, deyəsən, heç onu içəri dəvət etməyəcəkdi. Amma bu indi elə də əhəmiyyət kəsb etmir, çünki onun ümıd mələyi — Nigar onu doqqazın ağzında gözləyir. Pillələri cəld düşüb Nigarla birlikdə uzaqlaşır və hiss edir ki, Nailə dodaqlarında həmin narazı ifadə onun Nigarla qoşa getməsini izləyir.
Nigar ona bir kisə kömür və içi yeməli şeylərlə dolu zənbil də verdi. Ayaqları bir-birinə dolaşaraq kömürü və zənbili daxmasına gətirdi. Tələsik peçi qaladı. Zənbildə kartof, soğan, vermişel, düyü, çay, yağ, konfet və bir qutu xurma var idi. Xurmadan bir neçəsini tələsik ağzına atdı.
Budur, çay da qaynadı. Hə, indi xurma ilə çay içmək, kartof soyutmasının bişməsini gözləmək və xəyallara dalmaq olar.
Xəyallar... İnsan qocaldıqca xəyala dalmağı daha çox sevir; əslində, insan cavan olanda da xəyala dalmağı çox sevir. Gənc olanda xəyallar daha vüsətli olur; gözlənilməz gedişlər, xoş sürprizlər, ən əsası da bunların baş verəcəyinə olan inam.
Qocalanda isə heç bir sürprüz qalmır, qarşıda sanılı qoz kimi yeknəsəq günlər durur; bəzən bədbəxtlik qocalmanı, deməli yeknəsəqliyi sürətləndirir. Ya da bədbəxtlik elə qocalıqdan da betər bir durumdur. İnsan nə üçün bədbəxt olur? Ümumiyyətlə, bədbəxtlik və xoşbəxtlik arasında fərq böyükdür, yoxsa kiçik? Və yaxud bir çox filosofların təbirincə deyilsə xoşbəxtlik və bədbəxtlik bəlkə nisbidir? Əslində bədbəxtlik və xoşbəxtlik yoxdur, insanın özünü bədbəxt və xoşbəxt hiss etməsi var.
Lap dolaşıb qalır: içində sanki şeytan oyanıb; yaxud bu şeytan həmişə onun içində olub, amma indi bədənin düşdüyü bu çətin vəziyyətdən, zəifləməsindən istifadə edib güclənib; elə hey onun içində qımıldanır, ora-bura vurnuxur, nələrisə çək-çevir edir.
Ətrafda minlərlə insan var, minlərlə insanın minlərlə dərdi-səri var: minlərlə insan yaşamaq istəyir və həm də gözəl yaşamaq istəyir. Keçmişdən bu günə qədər minlərlə quruluş dəyişib və bu minlərlə quruluşda çox vaxt əzilən və əzən təbəqə olub. Əzən təbəqə də bədbəxt olub, əzilən təbəqə də. Onların hər ikisi mövcudluqlarına görə müxtəlif bədəllər ödəyib, dərd-bəlalarla rastlaşıb.
Ah, insanın əzəli dərdləri – bitməz, tükənməz... Kimini şair edib bu dərdlər, kimini filosof, kimini də dəli, məcnun...
Amma yox, yaşamaq lazımdır. Yaşamaq üşün isə həyatda yapışacaq bir şeyin olmalıdır. Nədən o, indi öz tənha, kasıb, bozumtul otağında üşüdükcə minlərlə insanın da üşüməsini hiss edir? Bu ki, dəhşətdir... Nədən küçəyə çıxanda, qəsəbəyə çıxanda yüzlərlə insan ona üşümüş gəlir? Ah, pencəyinin açıq qalmış yaxasını bağlamayan eloğlu, nədən rəngin belə bozdur, şalvarın belə ütüsüz, ayaqqabın belə boz və burnu sürtülmüşdür, dabanı belə əzilmişdir?
Necə olmalıdır ki… Bütün yaradılmış ütülü şalvar – köynəkdə gəzə bilməz ki… Bu geyimlər göydən yerə zənbillə tökülmür. İnsanlar onları əldə etməlidir.
Bax da... nə isə azıb qalır, bir tərəfə çıxa bilmir. Dolaşıq fikirlər onu yorub. Və nədənsə ona elə gəlir ki, elə bütün bəşəriyyət dolaşıq fikirlərin əlində yorulub, bezikib, bəşəriyyət öz dediklərindən, öz yaratdıqlarından usanıb. Bəşəriyyətin dedikləri ilə yaratdıqları üst-üstə düşmür, heç nə üst-üstə düşmür.
Necə ki, o, öz arzuları ilə üst-üstə düşmür, elə də bəşəriyyət öz arzuları ilə üst-üstə düşmür. Necə ki, o, soyuq otaqda titrəyir, elə də bəşəriyyət titrəyir. Əfqanıstanda titrəşirlər, Liviyada, Suriyada, Çeçenistanda titrəşirlər... nə isə titrəşirlər. Və bu titrəmələri o, öz arıq vücudunda hiss edir. “Bəşəriyyət, bütün dünya bir atomdan yaradılıb” - deyəsən, doğru fikirdir. Onun bu atomun zərrəsinin zərrəsinin zərrəsi olan vücudu Qəddafinin ağrılarını canında hiss edir. Hərçənd, Qəddafi həmişə əzmişdi, amma axırda elə əzildi ki...
Nə isə...
Amma yox, yaşamaq lazımdır. Hərçənd, yaşamaq çox çətinləşib; fizikən də çətinləşib, mənən də çətinləşib. Dünyada maraqlanmalı bir şey qalmayıb, sanki. Yaman çətin məqamda dünyaya gəlib, deyəsən, bəşəriyyətin qocalıq məqamında. Bəşəriyyət də qocalıb, o da qocalıb. Fikirləri sanki nəyləsə toqquşub dayanır. Bəşəriyyətin də fikirləri nəyləsə toqquşub dayanır. Və o, ruhdan düşür. Bəşəriyyət də ruhdan düşür.
Hə... belə-belə… işlər… “Qocalığın depressiyası” - deyən, belə bir termin də var. O, artıq gələcəyə inana bilmir, bəşəriyyət də inana bilmir. Bəşəriyyət də bədbəxtdir, o da bədbəxtdir. “Bədbəxt bəşəriyyət” - demək olarmı?

Ariflər yaratmış sözdən dürr, gövhər
Göylərin işindən qalmış bixəbər.
Cahanın sirrini aça bilmədən
Bir neçə söz deyib çıxıb getmişlər.

Görən, o, yumşaq, şəfqətli dairədən kənara çıxmır ki?
Yumşaq, şəfqətli dairə. Bəşəriyyət çox istəyir bu yumşaq, şəfqətli dairənin daxilində fırlansın. Amma bəşəriyyətin bəzi qütblərini bu dairədən elə fırıltı ilə kənara tolazlayırlar ki...
Kim tolazlayır? Elə bəşəriyyət özü. Gücü çatan gücü çatanı tolazlayir. Bəzən də bəşəriyyət özü –özünü tolazlayır, bəşəriyyət özü - özündən baş açmır. Necə ki, o, özü-özündən baş açmır, elə də bəşəriyyət özü-özündən baş açmır… necə ki, o, özünün haradan gəldiyini, nə üçün yaradıldığını, irəlidə onu nələrin gözlədiyini bilmir, elə də bəşəriyyət bilmir... necə ki, onun yaranması, yaşaması, günlərin birində də ölməsi öz əlində deyil, elə də bəşəriyyətin yaranması, yaşaması günlərin birində də məhv olması öz əlində deyil.
Heç vaxt olmamışdır və heç vaxt olmayacaqdır. Bunu belə söyləyirlər, yaxud bunu belə söyləyiblər. Heç özündən deyən fatehlərin də əlində belə bir imkan olmamışdır; Şah Abbasın əlində olmamışdır, Sultan Süleymanın əlində olmamışdır, Napeleon Bonapartın da əlində olmamışdır. Onlar sadəcə tarixə bir qədər təşəxxüs satıblar, lakin onlar da aram-aram tarixin əl irişməz qatlarına hörülüblər. Zamanı dəyişmək, dünyanın gərdişini dəyişmək mümkünsüzdür, heç bu küləyin istiqamətini belə dəyişmək mümkün deyil. Həyat mümkünsüzlüklərlə, paradokslarla doludur.
Paradoksal həyat...
Amma yox yaşamaq lazımdır. Yaşamaq üçün isə həyata tutulmaq lazımdır.
Həyatda yaxşı adam olmağa çalışmaq lazımdır, yaxşıların tərəfində dayanmaq lazımdır. İnsanlıq ölmür - bunu elə insanlar özləri deyiblər. Amma insanlar özləri daxilən, içdən yaxşı adam olmağa çalışırlarmı, bir-birlərini yaxşılıqla əhatə edirlərmi? Yoxsa, insanlar insani hissləri yalnız görk xatirinə dilə gətirirlər? Hamı da bilir ki, bunlar yalnız söylənmək xatirinə söylənilir. Əslində isə Liviya xalqı Liviyada, Suriya xalqı Suriyada, əfqanıstanlılar, iraqlılar da öz yerlərində, Yer üzü insanları da Yer üzündə əzilib məhv olurlar, ölürlər, haqsızlığa uğrayırlar. Anamız Yer də bəzən coşub daşır, silkələnir, od-alov püskürür, insanları daş, torpaq altında qoyur, qırıb çatır, suda batırır. Yaşar Nuri Öztürk də deyir ki, insanlar Quran ayələrindən kənar işlərlə məşğul olduğu üçün belə olur, insanlar əxlaqsızdırlar, tülküdürlər, bic-vələdüznadırlar. Bunu bütün cəmiyyətlərdə cəmiyyətin öndə gedən, sayılıb seçilənləri söyləyirlər. Nədənsə bu gün soyuq otaqda arıq vücudu ilə titrəyib əsən o da bu fikirdədir. Və həm də bu fikirdədir ki, bu sayılıb-seçilənlər özləri də elə Yaşar Nuri Öztürk deyənlərdəndirlər. Nədənsə, ona belə gəlir. Ona belə gəlməyi də, yəqin ki, cızığından çıxmaqdır. Kasıblar xoşlayır hərdən cızığından çıxmağı, əslində bütün bəşəriyyət xoşlayır cızığından çıxmağı. Cızığından çıxmaq ...
İlk əvvəl cənnətdə Adəm və Həvva cızığından çıxdı. Sonra minlər, milyonlar cızığından çıxdı. Bu gün o, öz soyuq otağında dəhşətlə tir-tir titrəyərək hiss edir ki, bəşəriyyəti öz cızığına qaytarmaq çox çətindir, mümkünsüzdür. Həyatda hər şey zəncirvaridir: inkişaf da, yaxşılıq da, pislik də, rəhmsizlik də və elə cızığından çıxmaq da zəncirvaridir. İnsanın xəyalları, arzuları da zəncirvaridir. İnsanın həyatda qarşılaşdıqları da nəyinsə zəncirvari davamıdır.
-Ah, baba, başım bərk ağrıyır, çox bərk ağrıyır.
-Niyə, bala?
-Ah, baba, sənin babanın nökərin başına vurduğu daş bu gün qayıdıb mənim başıma dəyib, çox pis dəyib. Bax, baba, buramdan qan axır, pis axır. Bu qanı kəsmək olmur. Nənəmə de, indi də yana-yana məni ağlasın. Daha nənəmin gözəlliyini, babamın igidliyini yox, məni danışsın,məni, baba, məni... məni…
Kaş, heç o, həyata gəlməyəydi, amma gəlib. Və gəlibsə, yaşamaq lazımdır. Yaşamaq üçün isə insana həyatda üz tuta biləcəyi, arxalanacağı, inanacağı bir şeylər lazımdır. Kişiyə sevə biləcəyi qadın, qadına sevə biləcəyi kişi lazımdır. İnsana yemək lazımdır, iş lazımdır, işləyə bilmək üçün güc, ruhuna işıq lazımdır. Və bütün bunların baş tutması üçün insana bəxt, tale lazımdır. Deməli, onun taleyində bütün bunlar: kasıblıq, bədbəxtlik var imiş. Niyə var imiş?
Milyonların taleyində var bu bədbəxtlik, kasıblıq. Niyə var? Bunun özü bir haqsızlıq deyilmi? Sual çox primitiv deyilmi? Ümumiyyətlə, insan həyatı primitiv deyilmi? İnsan özü primitiv deyilmi? İnsan... içində hər iki dünyanın sevgisini və əzabını daşıyan insan, birindən baş aça bilmədiyi halda o birindən baş açmağa çalışan insan, dünyaya ilk gəldiyində xəyalı göylə, yerlə çarpışan insan, dünyanı sevən insan.
-Baba, mən böyüyəndə Koroğlu olacam, böyük adam olacam, dünyanı gözəlləşdirəcəm.
-...
-Gözəl evlər tikəcəm, gözəl bağçalar salacam, - sənin bağçandan da gözəl. Mən elə ağaclar əkəcəyəm ki, armudlar da bir kilo gəlsin, heyvalar da, alçalar isə lap alma boyda olsun.
-...
-Baba, mən bağçamda güllər də əkəcəm: qızılgüllər, yasəmənlər, zanbaqlar, nərgizlər — güllərin hamısından. Bağım lap nağıllardakı kimi olacaq.
-...
-Baba, dünya həmişə olacaq?
-Həmişə.
-Baba, insanlar da həmişə olacaq?
-Həmişə.
-Baba həmişə yaz, yay, payız, qış olacaq?
-Həmişə.
-Baba, mən ən çox yazı sevirəm: güllər açır, bənövşələr, süsənlər, zanbaqlar, lalələr, cığcığalar.
Cığcığa güllərini lap çox sevirəm: elə səslənir ki, sanki zınqırovdur. Yox, baba, mən yayı da çox sevirəm: isti olur, meyvələr böyüyür, çoxu dəyir, səninlə gedib zəmidən qardaq da yığırıq. Mən günəbaxanı qardağda olanda daha çox sevirəm.
...Amma payız da gözəldir: nar, heyva, üzüm dəyir. Üzüm mənim ən çox xoşladığım meyvədir. Heyva da gözəldir. Bütün meyvələr gözəldir. Baba, niyə hamının bizimki kimi gözəl baxçası yoxdur ?
-Hamının babası yoxdur.
-Nə yaxşı ki, mən sənin nəvən olmuşam, baba.
-...
-Baba, qış da gözəldir. Mən sən düzəldən xizəyimlə sürüşürəm. Odun peçində bişirdiyimiz külləmə də gözəldir, nənəmin söylədiyi nağıllar da gözəldir, dünya gözəldir, dağlar gözəldir, çəmənlər gözəldir, Qoca Bulaq, Ağ Bulaq, Kərəm Mürşüd gözəldir. Sən də gözəlsən, baba.
“Mənsə gözəl deyiləm, baba!”
Qoca gülümsünərək xəyaldan ayrıldı. Əli ilə gözlərini sildi. Solğun, bozumtul, kasıb otağını seyr etdi.
Otaq çox kasıb idi: əşyalar köhnə, sınıq-salxaq və boz idi. Otaqda qəribə bir iy də var idi — kasıblıq iyi. Bu iyi həmişə kasıbların evində hiss etmişdi. İndi də onun evində var idi. Qoca gündə bir şey alsa da qocadır, gəl ki, on beş ildən bəri bir şey almayasan. Rövşənin uşaqları onun evinə girəndə ağızlarını büzüb “Cındırxana” deyərək gülüşürlər, o da gülür və hər dəfə babası və uşaqlıq xatirələri xəyalına gəlir, uşaqlara yazığı gəlir; onların xatirəsi yoxsul olacaq. Onlar gələcəkdə onu və onun yoxsul daxmasını xatırlayacaqlar.
...Amma yox, yaşamaq lazımdır.
Ayaq səsləri və gülüş... ardınca qapıya bir zərbə. Bu, yəqin ki, Salamdır, o həmişə qapını belə döyür. Uşaqlar otağa doluşurlar. Dördü də oğlan, dördü də qarabəniz, dəlisov, səsli-küylü.
-A-a-a, peç yanır!? - Salam heyrətlənir.
-Konfet də var! – Ondan kiçik Rüfət də onun kimi heyrətlənir.
-Mənim anamın da bu konfetdən var! – Davud deyir.
Balaca isə hələ əməlli danışmır.
Nailə də içəri daxil olur.
-Sənə yemək gətirmişəm. – Qazançanı peçin kənarına qoyub ətrafa baxınır. – Şərəf gəlmişdi, - deyir: gəlib odunları doğrasın. - Qaz pulu verməliyəm. (Yəni, odunu doğra, pulu mənə ver. Uşaqlar konfet və xurmanın axırına çıxır. Həmişəki kimi düşünür ki, uşaq yesə daha yaxşıdır, çünki uşağın gələcəyi var).
Uşaqlar gəldikləri kimi hay-küylə də gedirlər.
Arada kənddə belə xırda-mırda iş düşür. Amma bu bir sənət deyil, kişinin davamlı işi olar. Gərək yazda şəhərə getsin, bir iş tapsın, lap elə göy-göyərti, meyvə satsın. Hərçənd göy-göyərti, meyvə satmaq onun xoşuna gəlmir, amma eyb etməz, artıq bundan keçib. Ona qalsa, heç əlli yaş da və bu kasıblıq, bədbəxtlik də onun xoşuna gəlmir. Deməli, insan heç də xoşuna gələnləri əldə etmir, bəzən xoşuna gəlməyənlər də onun nəsibi olur. Görən, bu dünyaya gəlməsinin, ələlxüsus, belə bədbəxt olmasının bir mənası var idimi?

Gəlişimdən fayda görmədi həyat,
Getsəm də dəyişməz qoca kainat.
Bu gəliş-gedişin səbəbi nədir?
Eşidə bilmədim kimsədən heyhat.

Yayda gedər şəhərə, ya da qəsəbəyə: işləyər, pul yığar, otağına qaz çəkdirər. Əsas məsələ istilikdir. İstilik ki, oldu, insanın kefi saz olar. Yoxsa, soyuq insanın əhədini kəsir.
Hə isə… gedib odunu doğrasın.
Odun çox idi. Bu, Nərimanı lap sevindirdi. Odun çoxsa, deməli, pul da, nahar da çox olacaq. Gündə bir dəfə yaxşı yesə, qalan öynələri çayla başa vurar.
Odunu üç günə doğradı. Şərəf ona tez-tez isti çay, konfet, kökə, nahara isə ətli xörək verirdi. Axırıncı gün Şərəf ona qırx manat pul və isti bir kürk verdi. Kürkü verərkən sədəf kimi ağ dişlərini göstərərək gülümsədi:
-Bu kürkü geyinib soyuq otaqda otursan da sənə soyuq olmaz.
Kürk elə Şərəfin dediyi qədər var idi. Hər şey yaxşılığa doğru dəyişir, bircə bu Nailənin xarakterindən başqa. Qırx manatı o, almasa bir on beş gün dolanar. Görən, qaza borcu nə qədərdir, niyə əri vermir? Əgər bircə kəlmə buna eyham atsa, qiyamət qopacaq. Pulu versə də bircə gün üzünə xoş baxacaq, sonra isə yenə qapı bağlanacaq, səslər kəsiləcək. Nə isə, yaman bəlaya düşüb.
Evinə gəldi. Nailə qazança ilə hazır oldu.
-Nə qədər verdi?
-Qaza nə qədər borcun var?
-Otuz manat.
-Niyə ərin vermir?
-Sən çimmirsən?
-On beş gündən bir çimirəm
-Axır çimirsən də.
-Al iyirmi manat.
Nailə pulu və qazançanı götürüb fırıltı ilə çıxdı.
Nə isə… Eybi yox, Nailəni də qınamalı deyil; o da yaxşı yaşamaq istəyir. Gərək o, özünə əməlli bir iş tapıb onlara kömək etsin. Əvvəllər xəstə idi, indi daha yaxşıdır, yəqin ki, bir iş tapar. Bərk yorulub, yıxılıb yatsın. Əvvəlcə peçi qalasın. İstidə yatmaq daha yaxşıdır. İş insanın cövhəridir – atalar düz deyib. Yoxsa bütün günü uzanıb dünyanın işlərini vərə-vürd etməkdən bir çey çıxmaz, onsuz da insan nə qədər vərə-vürd etsə də, əlləşsə də, çalxalansa da dünyanın işlərindən heç baş açmaz.

Açılmaz heç kəsə əsrar pərdəsi,
Çatmaz ki, göylərə kimsənin səsi.
Torpağın altından başqa mənzil yox,
Uzundur dünyanın bu əfsanəsi.

Dünyanın əfsanəsi… Haradadır babası, nənəsi, ata-anası, bibiləri, Güllü xala, keçmiş günlər...
Hələlik onun kimilərin xatirəsində yaşayırlar. Amma bir müddət sonra o, və onun yaşıdları ölüb gedəcək və onlar da xatirələrlə birlikdə yox olacaqlar. Sanki heç olmayıblar. Çətin məsələdir. İnsan bütün bunları dərk etmir. İnsan bu yoxluğu, bu boşluğu dərk etsə yaşaya bilməz, ayağı yerdən üzülər. İnsan bu yoxluğu bu boşluğu dərk ersə çəkdirərmi bir-birinə zülmü? İnsanın bir- birinə zülmü nəylə əlaqədardır? Çoxunu mənimsəmək, hər şeyi mənimsəmək, bu günü yaxşı yaşamaq, sabahı təmin etmək, ölümü düşünməmək, zamanın gərdişini düşünməmək. Nədən insan bunu unudur? Bəlkə, təbiətin insana qarşı rəhmsizliyi insanı bir-birinə qarşı rəhmsiz edir?
İnsan, sən nələrə qadirsən... İnsan, sən heç nəyə qadir deyilsən... İnsan...
İşıqlar da söndü. Zülmət qaranlıq... Qaranlıq… Qaranlıqdan qorxardı əvvəllər, ölümdən qorxardı əvvəllər. İndi isə qaranlıq və ölüm ona elə doğmadır ki...
Həyatın ki yarısı qaranlıqdır... həyatın ki davamı ölümdür...
…Bu ki babasıdır. Ah, babası necə doğmadır ...necə qüvvətlidir ...necə gözəldir...
-Baba, sən Koroğlumu olmusan?
-Niyə belə deyirsən?
-Axı ağ at minmisən.
-Ağ at muraddır, deyərlər. Gəl, əzizim, gəl gedək Kərəm Mürşüd bulağına. Orada indi bahardır; sənin sevdiyin cığcığa gülləri açıb, zanbaqlar, lalələr bir-birinə qarışıb.
-Ah, baba, yemlik də, turşəng də bitibmi?
-Bitib, bitib, şomu da bitib. Gəl gedək, şomu da dərək, nənən bir yaxşı qovursun yeyək, ağzımız dada gəlsin.
-Baba, baharı şomusuz təsəvvür etmək olmaz, eləmi? – Nəriman babasına söz atır.
-Elədir. Gəl, gəl gedək.
...-Atın nə bərk gedir, baba?
-At deyil, bu küləkdir, külək.
-Kərəm Mürşüd lap gurlaşıb, baba, lalələr lap gözəlləşib, zanbaqlar heyrətamizdir, cığcığalar isə möcüzədir. Sanki qumru quşu oxuyur, heç cığcığa səslənmir. Qumrular da var, bir bax bulağın başına. Nə gözəldir, baba. Baba, məni burdan yollama, qoy burda səninlə qalım. Qumrular lap çiynimə qonublar.
-Səni görüb sevinirlər.
-Bunlar həmin quşlardımı?
-Həmin quşlardır, bala.
-Həyat nə gözəldir, baba.

Qeyd: Hekayədə istifadə olunan rübailər Ömər Xəyyamındır.

26 dəfə oxundu

Axtarış