VAHİD ÇƏMƏNLİNİN SÖZ DÜNYASI
Müəllif: Yazarlar.AZ


21.11.2019



GÜNLƏRİN

Əlindən qum kimi süzülüb axdı,
Hesabı qum qədər olan günlərin…
Ağrısı, acısı canını yaxdı,
Vədəsiz açılıb solan günlərin.

Üzürsən, dəryanın qırağı gəlmir,
Ağaran saçların darağı gəlmir…
Hardadı dostların?
Sorağı gəlmir
Yağlı vədlər ilə dolan günlərin…

Ay Vahid, and içir saxta adamlar,
Üşüdür canını şaxta adamlar.
Macal vermirlər ki, taxta adamlar,
Kəsirlər ucundan qalan günlərin…

18.11.2019

<<<VAHİD ÇƏMƏNLİNİN SÖZ DÜNYASI>>>

KİŞİ

Yığıb bir qazana yığıntıları,
Nehrə çalxayırsan qatıqdan, kişi.
Ayranın üzünə çıxmayıb yağı,
Axır nehrəndəki yırtıqdan, kişi.

Dolaşıq, dolanbac yollar keçirsən,
Aranda əkirsən, dağda biçirsən…
Hər dəfə təm-təzə üzə köçürsən,
Çıxırsan kirli bir batıqdan, kişi.

Uzanır qeyrətə uzanan yolun,
Gah dizin ağrıyır, gah belin, qolun…
Hamıya deyirsən abırlı olun,
Özün oynayırsan çırtıqdan, kişi.

Çəkmədi adını Vahid bu dəfə,
Amma gələn dəfə… düşərsən səfə.
Hərdən yolunu sal insaf tərəfə,
Yetər, çıx girdiyin qoltuqdan, kişi…
18.11.2019

<<<VAHİD ÇƏMƏNLİNİN SÖZ DÜNYASI>>>

SEVGİDƏN YAZ

Sevgi sözdə qalsa idi,
Kim sevərdi boşananı?
Kim duyardı köç edəni,
Özgə yurda daşınanı?..

Sevgi Haqqa olur, dədə!
Hər gün Haqqın haqqın ödə…
Öz nəfsini güdə-güdə,
Sevib, seçmə aşınanı.

Sevgi ilə xoşdur avaz.
Könül olar sədəfli saz…
Vahid, sən də sevgidən yaz,
Çox qaşıma qaşınanı…
15.11.2019

<<<VAHİD ÇƏMƏNLİNİN SÖZ DÜNYASI>>>

BAYRAQ

Vətən göylərində yanan umudum,
Hünər meydanında sirdaşım Bayraq.
Öz eşqim, öz canım…
Canımda odum,
Atam, anam Bayraq, qardaşım Bayraq.

Rəngin üç olsa da, qan rəngindəsən,
Qaçqın, köçkün də sən, didərgin də sən…
Zəfər döyüşündə ürəimdəsən,
Sənsən cəsarətim, savaşım Bayraq.

Vahidəm, hər zaman dilimdə sənsən,
Yurdumda, yuvamda, elimdə sənsən.
Nə qədər mən sağam, əlimdə sənsən,
Öləndə, ol mənim başdaşım, Bayraq!

09.11.2019

Müəllif: VAHİD ÇƏMƏNLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

3 dəfə oxundu

Axtarış