VAXTINA DÜŞƏR
Müəllif: Sultan Mərzİli


16.10.2017


VAXTINA DÜŞƏR

Payız oğrun-oğrun, sinə-sinəmi,
Gəlib baxca-bağın yolunu açıb?
Baxıb bir gözəlin sinəsinəmi
Güloyşə narın da dodağı qaçıb?

Heyvalar saralıb günləri sayır,
Hələ çəkilməmiş naza bənzəyir.
Bir üzü günəşdir,
bir üzü aydır,
Almalar nişanlı qıza bənzəyir.

Səfər üstündədir telli durnalar,
Arzular, ümidlər xonçalanacaq.
Yanıb-yaxıldıqca qara zurnalar,
Bir eldə min könül qönçələnəcək.

Bənövşəbığlılar bilməz həddini
Aşıqlar avazı zilə qaldırar.
Yumaq nənələr də açıb qəddini
On beş pilləkənli ilə qaldırar.

Ellər xoşbəxt olar oğullar kimi,
Gələr subaylıq da vaxtına düşər.
Göydən ulduz yağar nağıllar kimi
Subay oğlanların baxtına düşər.

27.12.76

15 dəfə oxundu

Axtarış