Vətən iman işığıdır
Müəllif: Əzizağa Elsevər


2018-05-12 21:01:58


Vətən! Varlığımız, əbədiyyət ünvanımız.Gözümüzün işığı, qəlbimizin nuru. Bütün sevgilərin əzəli, beşiyi. Anaların öyüdü, nəsihəti. İgidlərin, ərənlərin hünər söykəyi, Şəhidlərin ölməzlik ruhu. Qəriblərin qürbət yanğısı, bayatısı, ağısı. Qəlbi dağları yerindən oynadan ahı, amanı.
Əzizim kətan yaxşı,
Geyməyə kətan yaxşı,
Qürbət yer cənnət olsa,
Yenə də vətən yaxşı.
Vətən! Yolları sərhəddə bitən.Həsrətlisinin həsrətində əriyib itən. Vüsal günündə dizin-dizin ayağına gətirib torpağını öpdürən, yanaqları yandıran göz yaşlarına məlhəm olub, sevincinin çiçəyini çırtladan. Bir durna qatarının kövrək düzümündə həzin bir nəğməyə dönüb göylərin yaddaşına yazılan, bədirlənmiş Ayın gümüşü nağılına baş qoyub ulduzlar kəhkəşanının diliylə danışan.
Vətən! Qobustanda qaya yaddaşım, Azıxda, Damcılıda, Gəmiqayada, Tağlarda ulu keçmişim, "Qız qalası"nda bakirəliyim, ismətim," İçəri şəhər"də içim, həsrətim, Bəzzdə, Əlincədə, Çənlibeldə dəyanətim, qürurum, Şuşada əyilməzliyim ( indi bu əyilməzliyi əydilər, Allah!), Gəncədə, Şəkidə, Bakıda, Şirvanda xan vüqarım, Gülüstanda büsatı pozulan Gülüstanım, Türkmənçayda sinəmi göynədən ağrılarım, acılarım, Arazda bulana-bulana axan nisgilim, "Möminə Xatun"da əzəmətim, qüdrətim, Gelatda darlxan, sıxılan Gəncə qapım, dünya muzeylərinə səpələnmiş əlvan naxışlı xalılarım, xalçalarım.
Vətən! Müdriklik dastanı "Kitabi Dədə Qorqud"um, Nizami qüdrətim, Füzuli kədərim, Hələbdə dərisi diri -diri soyulan əqidə şairi Nəsimim, yad ellərə qovulan gözü yaşlı Məhsətim, öz balasıyla bir məzara kömülən Vaqifim, "Bir gün olur, Vətən deyib ağlarsan"- deyən dost matəmli Vidadim, Zakirim, Ələsgərim, xan nəsilli Abasqulum, ölməz ruhlu Üzeyirim, Vurğunum, saya gəlməz daha kimlərim, kimlərim.
Vətən! Xan Arazım, dəli Kürüm, torpağına baş qoyub, oynaq ləpələrinin diliylə laylasını pıçıldayan mavi gözlü Xəzərim, göylərin qübbəsini sanki çiyinlərində saxlayan Şahdağım, Murovdağım, Burovarım, Kəpəzin qoynuna sığınan durna gözlü Göy gölüm...
Vətən ana qucağı kimi doğmadır. Vətəndən ayrı düşən, imandan ayrı düşər. Vətən imanlı olasınız, əzizlərim. Qizsmətinizə qəriblik yazılmasın. Qəriblik qürbət tozudur, qürbət pəncərəsindən boylanan dərddir. Qəribin özü qürbətdə olar, gözü Vətəndə. Qürbət yerdən Vətən olmaz! Qürbət görən Vətən qədirli olar. Ürəyini şam kimi yandırıb, bütün varlığını Vətən pərvanəsinə döndərib alışar, alışar. Bir şair qətiyyətinə, Sabir Almaz ruhuna qoşulub şeirləşər, sözləşər:
Gəzsəm də dünyanı, çıxsam da sona,
Nə Vətən taparam, nə də ki, ana.
Yenə də qayıdıb Azərbaycana
Daşına baş qoyub ölərəm dedim.

Əzizağa Elsevər
Bakı şəhəri.

14 dəfə oxundu

Axtarış