Vətən yaralanmış şir
Müəllif: Mükafat Yaqub


14.10.2019


Mükafat Yaqub

Vətən yaralanmış şir,
O tay-bu tay əlləşir.
Güman məlhəmdə bişir,
Torpaqlar alınmadı?...
Vətən bütöv olmadı???

Düşmənləri dost bildik,
Obamızda yer verdik.
Qarabağı... itirdik…
Bizə bu dərs olmadı?!!
Vətən bütöv olmadı...

“Dağlar dumana qaldı”,
Bağlar yamana qaldı.
Çöllər samana qaldı,
Dərvişə pay qalmadı?..
Vətən bütöv olmadı.

Torpağı düşmən aldı,
Küçələrdə çoxaldıq.
Təsəllini çox aldıq,
Həsrətə yer qalmadı.
Vətən bütöv olmadı.

Şahdan qalan torpaqdı,
Yad əlində yamaqdı.
Tarix, bənizin ağdı,
Yazmağa yer qalmadı?!.
Vətən bütöv olmadı!!!

Tavanda ayaq izi,
Göynədir qəlbimizi.
Divara hörün bizi,
Torpaqda yer qalmadı.
Vətən bütöv olmadı...

Yarpaqlar sarı gəlin,
Əsiridir küləyin.
Sular, köməyə gəlin,
Səbrimiz bir damladı!!!
Vətən bütöv olmadı!!!

Mükafat Yaqubov 27 avqust 2019-cu il. Lerik.

10 dəfə oxundu

Axtarış