Virtual məhəbbət
Müəllif: Mükafat Yaqub


2017-11-18 14:58:14


MÜKAFAT YAQUB
Virtual məhəbbət
Çəhrayı dumanın arxasından gülümsəyən qızın sarışın, girdə sifəti Rüstəmin bütün varlığını özünə tərəf çəkirdi. Yaxınlaşdıqca qız uzaqlaşırdı. Özü də çəhrayı dumanın əhatəsində uçurdu. Ancaq heç cürə bu gülümsər, ay işıqlı qıza yaxınlaşa bilmirdi. Əllərini ona tərəf uzadaraq uçur, qız isə uzaqlaşırdı. Çağırmaq istəyirdi, səsi çıxmırdı. Qız da nəsə pıçıldayırdı, amma Rüstəm heç nə eşitmirdi. Qız yavaş-yavaş uzaqlaşmağa başladı. Rüstəm ona çata bilmirdi. Narıncı buludlara yaxınlaşmağa az qalmış Rüstəm müdhiş bir hayqırtı ilə bağırdı...
Hər şey yoxa çıxmışdı. Açıq mavi səmada bir boşluq yaranmışdı. Haradansa həzin musiqi səsi eşidilirdi. Ətrafa baxanda çarpayısında olduğunu bildi. Öz səsinə oyanmışdı. Divar saatına baxdı. Doqquza on dəqiqə işləyirdi. İşə gecikmişdi. Tez durub əl-üzünü yumağa qaçdı. Mətbəxdə anası səhər yeməyini hazırlayırdı. Onu görüb nigarançılıqla başını buladı. Yəni ki, həmişəki kimi, yenə də gecikmisən. Bu gün nədənsə onu oyatmağa qıymamışdı. Anasının üzünü öpüb süfrəyə əyləşdi. Son vaxtlar lap qaradinməz olmuşdu. Fikri özündə deyildi. Bir şey soruşmasalar səsini çıxarmazdı. İşdə də belə idi, küçədə də, evdə də. Tələsik bir-iki tikə yeyib, ayağa qalxdı. İşə gecikdiyinə görə, günahkar uşaq kimi, başını aşağı salıb, anasının tənəli baxışlarını görməmək üçün, geyinib evdən çıxdı.
...Rüstəm Nərgizlə iki ilə yaxın idi ki, internetdə tanış olmuşdu. Əslində Rüstəmin qız tanışları çox idi. Real həyatdakı qızlardan əlavə, virtual tanışları da çox idi. Hamısı ilə olmasa da çoxu ilə əlaqə saxlayır, məktublaşır, görüşür,söhbət eləyirdilər. Amma Nərgiz onların hamısından fərqli idi Rüstəm üçün. Sonra daha onsuz yaşaya bilməyəcəyini başa düşdü. Nərgizə olan məhəbbəti maraqlı bir hadisə ilə bağlı idi...
İnboksda qızlarla yazışırdı. Eyni vaxtda bir-neçəsi ilə yazışmaq çətin olsa da Rüstəm üçün bu bir əyləncə idi. Paylaşdığı şəklini LoLo adlı bir qız da bəyənmişdi. LoLo ilə şəxsi tanışlığı yox idi. Amma internetdəki dostları arasında o da var idi. Həm də daha çox canfəşanlıq edirdi. Bütün paylaşmalarına mədəni və ehtiramla münasibət bildirirdi. Rüstəm də ona “ay Lolo”- deyə müraciət edirdi. Beləcə günlərini internet klubda və evdəki kompüterin arxasında keçirirdi. Buna görə də tez-tez işə gecikir, gecəni səhərə qədər monitorun qarşısında keçirdiyinə görə, ata-anasının töhmətini götürürdü. Amma bu vərdişindən əl çəkə bilmirdi. İşin nə vaxt qurtaracağını səbirsizliklə gözləyir, çıxan kimi internet kluba qaçırdı. Gecədən keçmiş evə gəlir, bir tikə çörək yeyib, yenə də kompüterin qarşısına keçirdi. Evdəkilər nə qədər danlayır, nə qədər töhmət vurur , nəsihət verirdilərsə bir xeyri olmurdu. Kompüter onu bir cazibəli gözəl kimi özünə çəkir və öz ağuşundan buraxmaq istəmirdi. Rüstəm də onun əsiri olmuşdu. Hətta, atası bir dəfə kompüteri bir-neçə günlüyə ondan gizlədərək demişdi ki, xarab oldu, ustaya verdim. Rüstəm də o gündən internet klubdan çıxmadı. Axırda anası uşağının üzünü görə bilmədiyinə görə “bu üzü sürtülmüş ... mirəsi” (anası kompüteri belə adlandırırdı.) evə gətirdib ona dedi ki, bala, “heç olmasa bu sooxa ilə (hərdən belə də deyirdi. Anası kompüterə nifrət edirdi) evdə mırtdaş, day o kafe-mafeyə getmə” Ondan sonra Rüstəmin “bu sooxaya” məhəbbəti birə on qat artdı. Daha ata-anası da ona mane olmurdu. Rüstəmin özündən böyük bir qardaşı da var idi. Amma o on bir ildi ki, Rusiyada yaşayırdı. Evlə çox az əlaqə saxlayırdı. Ona görə də valideynləri mehrini Rüstəmə salmışdılar. Xatirinə dəymək istəmirdilər ki, birdən o da qardaşının yanına gedər, daha qayıtmaz...
Rüstəm kompüterə elə vurulmuşdu ki, ətraf aləmdən belə, xəbəri yox idi. Bir-neçə dəfə işdən də qovulmaq təhlükəsi yaranmışdı. Atası bir təhər yoluna qoymuşdu. Ata-anası təqaüd alırdı. Əsasən onun məvacibi hesabına dolanırdılar. Ona görə də Rüstəmin “meydanı geniş idi”.
LoLo onu Türkiyəyə ad gününə dəvət eləmişdi. Rüstəm bunu bir zarafat kimi qəbul elədi. Amma doğum günündə ona təbrik məktubu göndərdi. Axşamçağı LoLo məktubunda yazırdı ki, səni gözləyirdik, amma məktubundan bildik ki, gəlmədin. Heç olmasa skaypla (videogörüntü ilə) bizə qoşul. Rüstəm digər yazışmalar və səhifələrə girməklə məşğul olduğuna görə, LoLonun çağırışına o qədər də məhəl qoymadı. Bir azdan LoLo skaypla yenə zəng etdi. Rüstəm videozəngə qoşulub dedi:
- Səni doğum günü münasibəti ilə təbrik edirəm, ay LoLo . Həyatda uğurlar və səadət arzulayıram.
- Sağ ol, Rüstəm bəy. Amma biz səni burda gözlədik.
-Gələ bilmədim, bağışla. Ay LoLo, birdə mən buradan Türkiyəyə necə gəlim axı, işdən çıxa bilmirəm.
-Eybi yox, Rüstəm bəy, elə skaypla bizə qoşul, sən də oyna, şənlən.
-Yaxşı...
LoLo kameranı elə qoymuşdu ki, stolun ətrafındakı bütün qonaqlar görünürdü.Hamısı cavan uşaqlardı. LoLonun tələbə yoldaşları idilər. Onlar da dedilər ki, Rüstəmi yaxşı görürlər. Sonra Rüstəm yenə bir təbrik dedi, qonaqları da salamladı. Qonaqlar da hamısı salamlaşdı, Azərbaycana salam göndərdilər. LoLo yoldaşlarının hamısını bircə-bircə Rüstəmə təqdim etdi. Bir qıza yaxınlaşanda o, bir əli ilə üzünü örtüb, o biri əli ilə Rüstəmə salam göndərdi. O biriləri təqdim edəndə Rüstəm həmin qıza –adı Nərgiz idi – diqqətlə nəzər yetirdi. Çox gözəl qız idi. Amma nədənsə yoldaşları kimi çox da deyib-gülmür, oynamır, şit hərəkətlər eləmirdi. Orda oğlanlar da var idi. Nərgiz oğlanlarla da az ünsiyyət saxlayırdı. Hamı yeyir-içir, deyir-gülür, Nərgiz isə az danışır, hətta yeməyi və içməyi də hiss olunmurdu. Bu qız Rüstəmi çox maraqlandırdı. Əvvəlcə etika xatirinə LoLogillə bir az deyib-gülüb, sonra isə skaypı bağlamaq fikrində idi, ancaq Nərgiz onu özünə yaman cəlb eləmişdi. Gözəlliyi bir yana, onun davranışı, susması və ən çox da diqqəti cəlb eləyən, heç bir şey yeməməsi idi. Əslində, Nərgiz də yeyib-içirdi. Ancaq Rüstəm bir dəfə də olsun, onun tikəni ağzına aparmasını görmədi. Elə bu xüsusiyyət də Rüstəmi ona daha çox bağladı. Gözünü ondan çəkə bilmirdi. Deyəsən vurulmuşdu.Yəni elə bir baxışdan, videogörüntü ilə də sevmək olardımı?.. Hərdən belə suallar da özünə verirdi. Cavabını isə axtarmırdı. Çünki bu fürsəti əldən buraxıb, hələ başqa şey düşünmək iqtidarında deyildi. Nərgizin nəsə yeməyinin fərqində deyildi. Onu daha çox həyəcanlandıran, riqqətə gətirən, təşvişə salıb maraqlandıran, ömrü boyu axtardığı qızı, indi bu kompüterin monitorunda görməsi, canlı seyr etməsi, əlçatmaz olsa da lap yanındakı kimi ünsiyyət saxlaya bilməsi və elə bil ki, itkisinin tapılması möcüzəsi idi. Rüstəm düşdüyü bu sehrli aləmdən ayrıla bilmir, ürəyinin dərinliklərində hiss etdiyi bu anlaşılmaz duyğunu hələ də özü üçün ayırd edə bilmirdi. Yəni doğrudan da bu məhəbbət idi? Bəs nə üçün gözünü Nərgizdən çəkə bilmir, bütün varlığı ilə, izah olunmayan hissləri ilə ona bağlanmış, diqqət kəsilmişdi? Yəni doğrudanmı xəyallarında , yuxularında gördüyü bu qıza indi, burada rast gəlməli idi?..
Rüstəm həmişə yemək yeyəndə gördüyü qızlardan xoşu gəlməzdı. Xoşu gəlməzdi deyəndə, əslində nədənsə onlara yazığı gələrdi. Və ilk baxışdan da gözündən düşərdilər. Evdə, küçədə, metroda, toyda, harada olursa olsun, belə qızları görəndə onlara marağı birdəfəlik sönərdi. Bu xasiyyət ona hardan idi, bilmirdi. Bəlkə də ona görə idi ki, hələ rəhmətlık nənəsinin yaşmaq tutması yadından çıxmamışdı. Nənəsini bir dəfə də olsun yemək yeyəndə görməmişdi. Çünki nənəsi bütün kişilərı naməhrəm bilirdi. Hətta ərinin, oğlunun, nəvələrinin də yanında yemək, içmək onu utandırırdı. Hərdən babası evdə məcbur edəndə yaşmağın altından ağzina bir tikə qoyurdu. Amma onu necə yediyini, necə udduğunu heç kim görmürdü. Nənəsi həmişə yaşmaqlı gəzərdi. Evdə uşaqlarının, nəvələrinin yanında yaşmağı bir azca aşağı salardı, amma necə ki, babası, ələlxüsus da atasının əmisi evə gələrdi, arvadın yaşmağı burnundan aşağı düçməzdi. Küçədə, bayırda, yad kişilərin yanında isə nənəsi həmişə çalma və yaşmaqla gəzərdi. Belə adət onların kəndində dədə-baba adəti idi. Kəndin bir çox qoca qadınları bu adətə əməl edirdilər. Bəlkə də bu adət elə Adəmdən, Həvvadan gələn bir adət idi. Axı Həvva nənəni də yemək üstündə Adəm baba ilə birlikdə Cənnətdən qovmuşdular. Görünür, bu təəssüf hissi, qadınları bütün bəşər tarixi boyu təqib edəcək və anlayanlar da, yaşmaq və gizli yeməklə bu abırın, ətrafdakılara hörmətin əvəzini çıxacaq, peşimançılığın acısını çəkəcəklər. Elə anasını da yemək yeyəndə görməzdi. Yəqin ki, anası da min illərin adətini, peşimançılığını çəkənlərdən birisi idi. Əslində Rüstəm heç bir qadını yemək yeyərkən seyr eləməyi özünə sığışdırmırdı. Nədən ki, onlara yazığının gəlməyini istəmirdi. Ona görə də heç vaxt süfrə arxasında heç kimə, hətta kişilərə də baxmağa adət elməmişdi. Çünki təsadüfən yemək yeyəndə də gördüyü bir adama ürəyi yanır, yazığı gəlir, heyfslənirdi. Bu adətinə, bu hisslərinə görə özünün də özündən zəhləsi gedirdi. Amma bu əlamət onun özündən asılı olmayan bir keyfiyyət idi.Hərdən fikirləşirdi ki, axı bu qida, bu yemək insanlara nəyə gərək idi. Elə kaş, Adəmlə Həvva o almanı, ya buğdanı yeməyə idilər ki, Allah da onları Cənnətdən qovmaya idi də... Axı, bu yeməyi qazanmaq, sonra süfrəyə gətirmək, sonra da yeməklə məşğul olmaq nə qədər vaxt, enerji aparır. Elə onun əvəzinə Allahın buyurduğu kimi qidalanmaqla, nə qədər vaxta, enerjiyə, nemətə qənaət eləyib, digər səmərəli işlərlə məşğul olmaq olardı...Bəlkə elə bu da Allahın bir imtahanı, sınağı, insanlara verilən bir şansı idi. .. Heyf ki, insanlar, artıq, dünya nemətlərindən vaz keçə bilməzlər. Yoxsa acından ölərlər axı...
Rüstəm Nərgizdən əl çəkə bilmədi. LoLo onları tanış etdi, dostluq yaratdılar, məktublaşdılar, zəngləşdilər, videogörüntü ilə baxışdılar və ikisi də biri birinə vuruldular. Daha onları heç kim ayıra bilməzdı, Allahdan başqa... İki il idi ki, onlar bir-birini sevirdilər. Amma Rüstəm bircə dəfə də olsun Nərgizi real həyatda görə bilməmişdi. Elə Nərgiz də... Rüstəm çox əlləşirdi ki, Türkiyəyə getsin, Nərgizlə görüşüb danışsın, toy məsələsini həll etsin. Maddi imkansızlıq hələ ki, buna yol vermirdi. Nərgiz də başa düşürdü bu vəziyyəti. Lakin onlar bir-birindən heç cürə ayrı yaşaya bilməzdilər. Yəni ki, heç biri başqa adamla ailə həyatı qura bilməzdi. Onları Allah biri-biri üçün yaratmışdı. Maneələri dəf etməli idilər.
Bu barədə bir-neçə dəfə desə də, anası daş atıb başını tutmuşdu. Demişdi ki, mən səni də Dilqəm kimi itirə bilmərəm. Dilqəm getdi urusyətdə evləndi, daha bizi yaddan çıxarıb. Bakıya da day gəlmir. İndi də səni biz türklərə verə bilmərik. Bəs bizi yerdən kim götürər. Sən o türk qızla evlənsən, gedəcəksən Türkiyəyə, biz də qalacağıq, burda yiyəsiz. Atan da qocalıb, mən də... Biz də nəvə görmək istəyirik. Gəlin qulluğu bizə indi lazımdı. Rüstəm onlara izah etmək istəyirdi ki, daha o uşaq deyil. Universiteti də qurtarıb, işləyir. Nərgizi də gətirib burada yaşayacaqlar. Amma kimə deyirsən. Anası da, atası da ona inanmırdı. Həm də anasının öz gözaltısı var idi. Ona görə razılaşmırdılar. Məsələ elə belə də qalmışdı. Ona görə də ata-anası ondan incik düşmüşdü.
Nərgiz də universiteti qurtardı. İşləməyə başlamışdı. Valideynləri Rüstəmlə nikah bağlamağın əleyhinə idilər. Onlar da Nərgizi İstanbulda bir iş adamına vermək istəyirdilər. Nərgiz onlarla razılaşmadığı üçün onun da ata-anası, bacı qaradşı Rüstəmi xoşlamırdılar. Nərgiz, hətta onlara Rüstəmdən başqa heç kimlə evlənməyəcəyini demiş və əks təqdirdə evdən gedəcəyini bəyan eləmişdi. ..
Günlər beləcə həsrət, nisgil və intizarla keçirdi. Nərgiz atasının şirkətində işləyirdi. Özünü çox bədbəxt hiss eləyirdi. Heç bir şeyə marağı yox idi. Bircə Rüstəmlə tez-tez əlaqə saxlayırdı. Bir-neçə dəfə Bakıya gəlmək üçün atasından rüsxət istəmişdi. Ata və anası da bunun əvəzində Nərgizi övladlıqdan çıxaracaqları ilə hədələmişdilər. Nərgizsə öz ata-baba qayda –qanunları ilə tərbiyə olunmuş, o qayda ilə də yaşayırdı. Heç cürə valideynlərinin iradəsinə qarşı hərəkət edə bilmirdi. Çünki atasının ürəyi xəstə idi. Nərgizi də o biri qızı və oğlu kimi çox istəyirdi. Hər-hansı bir naqolay hərəkət onun infaktına səbəb ola bilərdi.
Günlər elə-belə də gedəcəkdi, əgər Avrovijn mahnı müsabiqəsi olmasaydı. Atasının ən yaxın dostunun oğlu olan Türkiyəli Avrovijn təmsilçisi Orxan həm də onların ailəsinin bir uşağı kimi idi. Evdəkilərin hamısı onun xətrini çox istəyirdilər. Orxan da onların ailəsinə dərin hörmət bəsləyirdi.
Atası Harun bəy bir gün evə gəlib sevinclə dedi ki, Orxan Avrovijn Mahnı Müsabiqəsində onu canlı izləmək üçün beş bilet göndərib. Hamımızı dəvət eləyir. Bu xəbər hamını sevindirdi. Ən çox da Nərgizi. Nərgiz sevincini büruzə vermək istımıdi. Ailəsini duyuq salmadan öz otağına keçib, Rüstəmə zəng vurdu və məsələdən agah elədi. Belə bir sevinc hələ onıarın tanışlığından indiyədək heç birinə nəsib olmamışdı. Nərgiz bunu büruzə vermək istəməsədə, Rüstəm şadlığından evdə atılıb-düşür, qışqırırdı. Anası onu belə görəndə dəli olduğunu hesab elədi. Türkəçarə qılmaq üçün mətbəxə qaçıb, üzərlik, duz gətirdi. Rüstəm anasını qucaqlayıb göyə qaldıraraq, fırlanmağa başladı. Anası, “vıy, bissimillah... vıy bissimillah...” deyərək onun başına fırlanmağa başladı. Rüstəm də onunla birgə fırlanaraq, sevindiyindən atılıb-düşürdü. Sonra arvadı bir daha qucaqlayıb dedi:
- Nərgizgil Bakıya gəlirlər, ana...
-Vıy başıma xeyir, bəyəm biz onları çağırmışıq, özbaşlarına gəlirlər. Qız evində toydur, oğlan evinin xəbəri yoxdur...
- Ay ana, ay ana. Onlar avrovijnə gəlirlər. Konsertə... Səni aparacağam onları qarşılamağa, əgər sənin Nərgizdən xoşun gəlməsə, mənə nə desən, deyərsən.
-Yox, bala mənim orada nə işim var... Anası ağzını büzüb, başını çevirdi. Demək istəyirdi ki, mənim onlarla işim yoxdur. Rüstəm onu yenidən qucaqlayıb, fırlatmağa başladı:
- Ay ana, sən istəmirsən ki, gəlinin olsun, sənin qulluğunda dursun? Sən istəmirsən ki, nəvələrin olsun, sənə kömək eləsinlər?..
-Vıy başıma xeyir, niyə istəmirəm, ay oğul. İstəyirəm. Ancaq... Anası sözünün ardını daha demək istəmədi. Çünki əvvəllər çox demişdi.
- Ay ana, qurban olum sənə, biz onları qarşılayaq, sonra sən özün qərar verərsən də... Axı onlar qonaq gəlir, yaxşı çıxmaz, bəs bizim qonaqpərvərliyimiz hara getdi. Bizə nə deyərlər? Onların Bakıda bizdən başqa tanışları yoxdur, axı...Atamı da razı sal, onları qarşılayaq...
Anasının əlacı hər yerdən üzülmüşdü. Bilirdi ki, atası da çəm-xəm edəcək Ancaq arvad onu razı sala bilərdi. Anası fikirləşdi ki, Allaha təvəkgül, baxaq, görək, tanış olaq, nə bilmək olar, hər şey Allahın qismətindədi. Onsuz da bu oğlan, yola gələnə oxşamır. Hələ bir görək, bu qız necə qızdır. Xoşuma gəlməsə, öldür, razılıq verən deyiləm.
Avrovijn Mahnı Müsabiqəsinin başlanmasına hələ iyirmi dörd gün qalırdı. Nərgiz və Rüstəm intizarla günləri sayırdılar. Hər gün bir-neçə dəfə danışır, plan qurur, tədbir tökürdülər. Onların Bakıya gələcəyi gün, hər ikisi üçün illərlə həsrətində olduqları vüsal günü də ola bilərdi. Bu görüş, həm də böyük bir sınaq olacaqdı, hər iki ailə üçün. Bu görüş, əbədi bir ayrılıq da ola bilərdi... Nərgiz ailəsinə Rüstəmin onları qarşılayacağını hələ demək istəmirdi. Çünki vəziyyət dəyişə də bilərdi. Atası, anası, bacı və qardaşı bu barədə heç söhbət də salmırdılar. Onlar qəti istəmirdilər ki, Nərgiz Rüstəmlə evlənsin. Düzdür, atası Rüstəm haqqında bəzi məlumatları öyrənmişdi. Ancaq nədənsə, onun ulduzu ilə barışmaq istəmirdi.
Həmin gün... bütün dünya al-əlvan xalıya bürünmüşdü, elə bil. Hava xoş rayihəli, ətrafda hamı elə bil ki, Nərgizlə Rüstəm üçün mahnı oxuyur, həzin, şən ovqatlı musiqi çalırdılar. Dünya bir ülvi sevginin tamaşasına çıxmışdı. Rüstəm ən gözəl, istəkli paltarlarını geyib, dünyada ən gözəl, ən xoş ətirli bir dəstə nərgiz gülünü əlində tutaraq, atası və anası ilə sevimli Nərgizinin pişvazına çıxmışdı. Çox həyəcanlı idi. Anası da sakit deyildi, hiss olunurdu ki, o da həyəcanlıdı. Atası isə sakit görünürdü. Elə bil ki, heç bir şey vecinə deyildi.
Rüstəm qorxurdu ki, ilk baxışdan Nərgizi tanımasın. Axı hər necə də olsa, real həyat ayrı, virtual görünüş ayrı. Bir də ki, Nərgiz Rüstəmin onları qarşılayacağını ailəsinə deməyə ürək eləməmişdi. Bu görüş necə olacaqdı, bircə Allah bilirdi...
Artıq təyyarə enmişdi. Nərgiz çıxışa yaxınlaşdıqları barədə Rüstəmə ismarıc göndərdi. Rüstəm özünü yığışdırıb, ata-anasını xəbərdar elədi. Hamısı gözlərini çıxışa dikmişdi. Rüstəm Nərgizin tünd mavi donunu uzaqdan tanıdı. Skaypda Nərgiz geyəcəyi paltarı ona göstərmişdi. Nərgiz də Rüstəmi tanımışdı. Çünki Nərgiz düz onun üstünə qaçmağa başladı. Rüstəm də özünü tam yaddan çıxararaq, Nərgizə tərəf qaçmağa başladı. İki sevgili ailələrinin təəccübünə rəğmən, onların gözü qarşısında, bütün aeroportdakı insanların maraqlı baxışları altında illərin həsrətliləri kimi bir-birlərinə dolaşdılar. Bu səhnəyə heç kim mane ola bilmədi. İkisinin də gözlərindən damla-damla, gildir-gildir yaş axırdı. Nərgiz hönkürtü ilə ağlayır, Rüstəm onu ovundurmaq üçün kirpiklərinin, gözlərinin yaşını içir, onu əlindən buraxmaq istəmirdi. Valideynləri mat-məəttəl onlara baxırdı. Digərləri də,- təəccüblənən kim, sevinən kim, əl calan kim,- hamı bu təsirli, romantik tamaşaya axıracan baxmaq istəyir, heç kimin bu iki həsrətlini bir-birindən ayırmaq fikri ağıllarından, belə, keçmirdi. Beləcə bir-neçə dəqiqə keçdi. Sonra iki sevgili əl-ələ tutaraq heç bir şeyi görmədən, heç kimi hiss etmədən geniş yol boyu irəliləməyə başladılar. Onlar gedir, ailələri bir-birinə çiyin çəkərək, ardınca addımlayır, ətrafdakı insanlar da sanki bir bəylə-gəlini toya yola salırmışlar kimi, onları müşaiyət edirdilər. Böyük bir toplantı əmələ gəlmişdi. Burada xarici turistlər də var idi, türkiyəli qonaqlar da, yerli adamlar da... Bütün kütlə bu iki xoşbəxt cütlüyün ardınca gedirdi. Bu xoş anları hamı özününkü kimi hiss edir, heç kim bu xoş illüziyadan ayrılmaq istəmirdi...
...Nərgizlə Rüstəmin planı baş tutmadı... Avrovijn səhnəsində olacaq elani-eşq, elə o gün aeroport meydanında yerinə yetirildi...


Mükafat Yaqub. Lerik. 2013-cü il.

5 dəfə oxundu

Axtarış