Xilasedici qurbağa öpüşü
Müəllif: Ceylan Mumoğlu


2018-07-10 19:42:49


Nə xoş idi kəndlərində keçirdiyi günlər. Qədrini indi bilməyə başlamışdı. Səhər tezdən axşama qədər çöldə-biyabanda, isti-soyuq, yağış-palçıq demədən, yorulmadan qaçırdı. Ən sevdiyi məşğuliyyət təpələrdəki daşları qaldırmaq, altından çıxan kərtənkələləri qovalamaq, kəndin ətəyindəki gölməçədə qurbağaları top kimi atıb-tutmaqdı. Axşam hava qaralana qədər oynayırdı. Eh, qayğısız, sevimli günlər... Elə ki böyüdü, meqapolis sevdası digər kənd növcavanları kimi onu da yaxaladı. Bu sevdayla ordan çıxa bilməyin ən yaxşı yolu kimi ali məktəbə qəbul olmaq yolunu seçdi. Çalışıb-vuruşub, imtahanlarda yüksək nəticə əldə etdi. Ancaq nə biləydi, can atdığı yekə şəhərdə həm də əzablarına çevriləcək azarını tapacaqdı.
Bu illət gəlib boğazına dirənmişdi. Hər gün yuyunur, yuyunur:
- İlahi, insan nə qədər yuyunar! - deyə, deyinirdi, - Heç bir dəyişiklik yoxdur. Kimi aldadıram? Beynimin içində nəsə baş verir. Nə olduğunu bilirəmmi? Yox, hardan bilim? Bu qədər oxumaqla guya bilirəm. Son ümidim də bataqlığa düşəndə, o dünyalıq olacağam. Yuyunmaqdan da canım qurtaracaq. Məndən sonra şəlalə altında yuyunan heykəlimi yaratmağa söz versələr, təsəllim olar. İllər öncə kəndimizdən özümlə gətirdiyim arzuların çürümüş xatirəsi ürəyimi bulandırır. Nə etsəm onları, bir vaxtlar şəhərin ən sevdiyim görməli yerlərindəki muzeyəmi qoysam, yaxud hansısa sevgi körpüsündə lövhə kimi assam. "Bu gənc oğlanın gözəl arzularıydı, həyata keçmədi, burda dursunlar, bəlkə başqaları nə vaxtsa yararlanar". Axı mən niyə belə oldum? Gərək elə mənim başıma gələydi bu mərəz? İnsanın bir gününün nə qədəri təmizliyə həsr olunar? Nə qədər yuyunmaq, özünlə bərabər paltarları da təmizləmək olar?"
Yorğunluqdan çöküb oturmuşdu. Önünə ayna qoysalar, halına baxıb ağlayacaq qədər bədbəxt göründüyünü görərdi. Dərd burasıdır ki, ağlaya da bilmirdi. Düşüncələrdən də bu qədər yorulmaq olarmış. İstəmədiyi halda beyninə girirlər, keflərini çəkirlər, nə qədər qovsa da, getmirlər, sadist arsızlar kimi əzab verməkdən zövq alırlar. Onlardan qaça da bilmirdi, o qədər üsullar düşündü, yollar axtardı ki, hər dəfə başqa formalarda yenidən qarşısına çıxır, sanki onu ələ salırdılar. Elə hey deyinirdi...
"İnsan özünü nə qədər didikləyər, parçalayar, haldan-hala, dondan-dona girib, "təcrübə dovşanı" kimi test edər?" Ən böyük dərd də burasıydı ki, bu deyindiklərinin fərqində olan bir xəstəydi. O qədər psixoloq, psixiatr gəzmişdi ki, axırda özü də bir "psixoloq"a çevriilmişdi.
Zəruri ehtiyacını qarşılamaq üçün hamamın qapısına yaxınlaşdı. Qapının dəstəyinə "bir, iki, üç" toxunaraq, içəri keçdi. Çıxanda yenə zəhrimara qalmış, zəhlətökən düşüncə yaxalamışdı onu:
- Ordan sanki üstümə bir şey sıçradı, axşam mütləq yuyunacağam. Nədə olmasa, ayaqyolunun boruları ümumi binanın boru xəttində birləşir, başqalarının pisliklərinin ora axması ehtimalı böyükdür. Axşam qəti yuyunacağam! Yox, yox, axşama qədər dözə bilmərəm, elə bu dəqiqə yuyunuram!
Yenidən hamama qayıtdı, sərsəmlər kimi şampunlanıb, sabunlanıb, bədəninin hər yerini bərk-bərk kisəylə sürtdü. Dərisi qıpqırmızı olanadək yuyundu. Sürtdüyü nahiyələrin bəzi yerləri sürtmənin şiddətindən sızıldayırdı. Hamam dəsmalına bürünüb çıxanda, öz-özünə "İlahi adam nə qədər yuyunar?", deyə-deyə donquldanırdı. Halı acınacaqlıydı, gözləri yenə doldu, artıq yuyunmaqdan da iyrənib, bezdiyini fərq etdi. Suyun təsirindən dərisi də qurumuşdu. Qaşınma narahat edirdi. Arvad kimi dərisini kremlə nəmləndirəndə, söyüş söyüb, yataq otağına keçdi. Yorğun halıyla yatağa yıxıldı. Tavana baxıb gözlərini yumdu. Yata bilmədi. Yerindən qalxıb, televizoru qoşdu. Kanalları dəyişdi, bir yerdə film göstərilirdi, orda saxladı.
Elə bu vaxt telefon zəng çaldı. Yerindən qalxıb, dəstəyi götürdü. Rayondan qohumlardan biriydi. Əmisinin rəhmətə getdiyini, atasının ona xəbər etməsini bildirdi. Bilmədi, bu xəbərdən sonra hansı vəziyyətə kədərlənsin - əmisinin vəfatına, yoxsa bu qarlı-palçıqlı havada kəndə yasa getməyin vacibliyi məsələsinə. Səhərə qədər kəndə necə gedib çıxacağını və onu bu halda görən yaxınlarıma xəstəliyini necə izah edəcəyini düşündü. Getmək problem deyildi, maşınla yola çıxacaqdı. Ancaq orda... Orda nə edəcəkdi, yağış, palçıq, yaxud heyvan kəsilməsi görüntüsü görsəydi... Bunu düşündükdə belə dəli olurdu...
Səhər yeməyindən sonra maşınını səhmana salıb, yola çıxdı. Yol boyu musiqi dinləməyə çalışır, ətrafı seyr edərək azarlı düşüncələrdən uzaqlaşmağa cəhd edirdi. Musiqi onu keçmişə qaytarır, zehnində bəzən xoş, bəzən də naxoş xatirələri canlandırırdı. İçində başa düşmədiyi qəribə narahatlıq hissi vardı. Axı hər şey qaydasındaydı, maşının içi təmizdi, özü də yuyunub çıxmışdı, magistral yol da güzgü kimiydi. Bu, nəsə başqa bir hiss idi, dəhşətli bir şey olacağını xəbər verən ürəyədamma hissi kimi...
Narahatedici bu hiss haqqında düşünməyə dalarkən, sükan arxasında olduğunu da unutdu. Magistral yol bu gün gur deyildi, ona görə də arxayınlıqla yola davam edir, gözləri yolda olsa da, düşüncəsi anlaşılmayan həyəcanın və başına bəla xəstəliyinin yanındaydı. Məhz bu vəziyyəti təmir məqsədilə kənarda qoyulmuş yolun bitməsi və sağa dönüşü bildirən işarəni görə bilməsinə mane oldu. O, düşüncələrində itərək, saatda 120 km sürətlə hərəkət edirdi. "Real dünyasına qayıtdıqda" qarşısındakı beton barrikadanı gördü, ancaq... artıq gec idi. İndi sürətin azalması heç nəylə kömək etməyəcəkdi. Yolun bir hissəsi təmir üçün bağlanmışdı. İndi onun iki seçimi vardı - ya beton barrikadayla toqquşacaqdı, ya da sükanı döndərib, kənardakı gölməçəyə girəcəkdi. İki real seçim, barrikada - fiziki ölüm, gölməçə - psixoloji ölüm, düşünmək üçünsə cəmi 5 saniyə...
- İntihar üçün yaxşı fürsətdir, - desə də, fiziki ölümü gözə ala bilmədi və sükanı döndərdi. Lakin bir neçə saniyə gecikdi, maşın barrikadın kənarına toxunub kənara itələndi, oradan da gah sağa, gah sola səndələyə-səndələyə hərəkət edib düz gölməçənin ortasına düşdü. Zərbənin gücündən maşının salonu da palçıqla dolmuşdu. Onun gözlərində dəhşətli ifadə vardı. Bir neçə dəqiqəlik sükutdan sonra gözlərini qırpıb ətrafına baxdı. Əvvəlki həyəcan, qorxu, xəstəliklə bağlı narahatlıqlar sanki yox olmuşdu. Bu nəydi? Bir möcüzə baş vermişdi, yoxsa hansısa pəri öz sehrli çubuğu ilə onun başına toxunmuşdu? Anlamırdı. Maşının qapısını açıb, üstü-başı palçıq içində çölə çıxdı. Dərindən nəfəs alıb, gölməçə havasını içinə çəkərkən uzun illərdir hiss etmədiyi o rahatlıq hissi bütün bədəninə yayıldı. O qədər xoşbəxt idi ki... Doya-doya bu xoşbəxtliyin dadını çıxarmağa çalışdı. Yaxınlığında tullanan balaca qurbağanı əlinə alıb, palçıqlı-palçıqlı oxşadı və sevgi ilə öpdü. İllər sonra yenidən daddığı rahatlıq hissinə qovuşmağın verdiyi dinc ruh halıyla maşınına oturub yoluna davam etdi...
Ceylan Mumoğlu
30. 01. 2018.

5 dəfə oxundu

Axtarış