Xiyal Taciyeva Murasker (Qırğızıstan) Şeirlər
Müəllif: Firuz Mustafa


20.11.2020


Yaxşılıq

Könlümdə cücərir şirin arzular,
Gözümdən getməyir sənin xəyalın.
Çöküb ürəyimə ürək sözlərin,
Bir sərhəd tanımır sorğu-sualın.

Duyuram könlündən gəlib keçəni,
Orada bayramdır, bilirəm bunu.
Heç kəs bilməyir ki, bu yer üzündə
Nə ilə bitəcək əzəlin sonu.

Olsun ki, dünyada sənin dünyana
Kimsə bələd deyil məndən savayı.
Hələ körpəlikdən düşünmüşük ki,
Günlər əkiz olur adamsayağı.

Mənim aydın günüm, solmaz baharım,
Mən sənə yaxınam, sən mənə uzaq.
Sənə əlim çatmır, eşidirsənmi,
Sənə ünüm yetmir, dön geriyə bax.

Elə bil sən mənə saray tikmisən,
Orada hamıdan xoşbəxtəm, şadam.
Bəzən xoşbəxtliyin düz qənşərində
Xoşbəxt olduğunu dərk etmir adam.

Bilinmir hardadır əvvəl ya axır,
Bir an bir ömür tək uzundur hərdən.
Bax indi uçuram sonsuzluqlara,
Uçuram, Aya da əl edirəm mən.

Səndən güc almışam, ilham almışam,
Daim dayaq oldun, mənim əzizim.
Sənin yaxşılığın, xeyirxahlığın
Önündə bir daha edirəm təzim.


Sən gələndə...

Bu dünya necəsə qoy elə qalsın,
Sanki ruhumdadır bütün kainat.
Günlərim gümüş tək alışıb yanır,
Ürəyim qapqaynar bir yaya həsrət.

Sənin təbəssümün Günəş yaradar,
Necə də gözəldir gülüşün sənin.
Bir ömür lazımdır bu təbəssümü
Duymaqçün, sevməkçün, əzizim, yəqin.

Min dəfə olmuşam sən olan yerdə
Könlümü üzübdür dərdlər, ələmlər.
İşıqla qaranlıq üz-üzə gəlib,
Bu yay da bu yandan bir işıq ələr.

Sən olmayan yerdə heç mən də yoxam,
Bu günəşli yay da yoxdur orada.
Elə yay özü də sevgi kimidir-
Sənsən, bir də mənəm bax bu arada.

Getmə, qınayarlar sən getsən məni,
Onsuz da bu ömür qısadır, qısa.
Düzdür, mən ölümdən qorxmuram qəti,
Məni sənsizliyim batırır yasa.

Sən olan yer mənə sonsuz kainar,
Sənsiz çox qorxuncdur mənə bu həyat.


Coşqu

Nədənsə ürəyim sığmır köksümə,
Boranlı qış belə gözəldir indi.
Mənə elə gəlir bütün kainat
Elə bizə görə bəyaz geyindi.

Sənin sevgi dolu baxışlarınmı
Məni də durultmuş təbiət təkin?
Elə təbiət də bizə baxaraq
Ağappaq paltara bürünüb sanki.

Mən içimdə doğan işığı gördüm,
Gözlədim göylərdən gələn mələyi.
Həmin an düşündüm: dünya mənimdir,
Və bildim: dünyaya gəlmişəm niyə.

-Qış gəldi!-deyirsən, üşünərək sən,
-Amma məndə yazdır!-demək istədim.
Mən bütün bunları bilmirəm düzü,
Necə izah edim sənə, qismətim.

Tərcümə edəni: Firuz Mustafa




30 dəfə oxundu

Axtarış