Yadımdan çıxıb
Müəllif: Nazir Ziya Talıstanlı


2017-12-28 12:08:55


Məni adımla çağır,
Adım yadımdan çıxıb.
Bu dünyada mən adda
Adam yadımdan çıxıb...

Dərman mənəm, həkim mən,
Dərd birdirmi çəkim mən?
Başıma daş töküm mən...
Atam yadımdan çıxıb…

Gah kal oldum, gah dəymiş,
Bilmədim sonu nəymiş.
Könlümə Tanrı dəymiş,
Xətam yadımdan çıxıb…

Bir qurulu dam idim,
Bir yaxşı adam idim.
Bölünməmiş tam idim,
O tam yadımdan çıxıb…

Dəydikcə daşa başım,
Azalır ağlım, huşum.
Yaddaşıbdı yaddaşım,
Yadım yadımdan çıxıb…

Daha ömrün yasıyam,
Köç edən durnasıyam.
Mən özümə asıyam,
Yadam, yadımdan çıxıb…

Eh, niyə qəmim olum,
Özümə qənim olum ?
Mən kiməm mənim olum,
Xudam yadımdan çıxıb…

Nazir Ziya Talıstanlı- " İsmayıllı xəbərər " qəzeti,№ 45- 48(337),18 noyabr- 26 dekabr 2017.

10 dəfə oxundu
user profile image
Tunc AY şərh etdi.
7 months ago

Çox təsirlidir.


Axtarış