Yaltaqlıq mövsümi
Müəllif: Meyxoş Abdullah


2017-10-30 06:51:21


Yaltaqlıq mövsümi...
(hekayə)

... Zaldan uğultu səsləri qopdu. Narazı kütlənin boğuq səsi bir-birinə qarışmışdı. Hamı nifrətdolu baxışlarını tribunaya qalxan adama zilləmişdi. Kim isə əsəbi halda:
- Anlaya bilmirəm, bundan savayı çıxış etmək istəyən adam yoxdur, məgər?! Hər dəfə onu bura çıxarmaqda məqsədləri nədir, görəsən?! Yoxsa, bizi adam yerinə sayan yoxdur?!
Yanında oturan qırmızı qalustuklu adam dirsəyini ehmalca ona toxundurub pıçıldadı:
- Yavaş danış, görmürsən ayaqüstə dayanan o qıyıqgöz oğlan sənə baxır? İndi adını qara siyahıya salar.
- Ehh... Cəhənnəm olsun o da... Adam satmaqdan başqa özgə nə işi var?! Xeyirli iş deyil ki, əlindən gəlsin. - Məni yandıran odur e, - deyə gileyli adam tribunaya qalxan çalsaçlı adamı göstərdi. Onu görəndə, elə bil, anamın oynaşını görürəm. Ə, xəbərin var, o, bu camaatın yarıdan çoxunu yaltaq edib. Hər iclasda, erkək meymun ağaca dırmaşan kimi, o da dırmaşır bu tribunaya, səy-səy danışıb olan-qalan ətimizi də tökür. Vallah, onu görəndə iyrənirəm. Lənətə gəlmiş, bu adam allahı da danır. Allahın yaratdıqlarını da onun-bunun adına çıxır.
Tribunadakı adam isə, heç nəyi vecinə almadan yan cibindən çıxartdığı kağız vərəqləri tribunanın kiçik masasının üstünə düzə-düzə, burnunun ücuna qədər endirdiyi eynəyinin üstündən zala ötəri bir nəzər saldı.
Zaldakıların əksəriyyətı onun çıxışının nədən ibarət olduğunu, artıq, əzbərləmişdilər. Mənasız, yüz dəfələrlə deyilən çeynənmiş sözlər, çürümüş at peyinində eşələnən qurdlar kimi hamını ürəyini bulandırırdı.
O isə, heç kəsə fikir vermədən həmişə olduğu kimi çıxışına bu sözlərlə başladı:
- Vicdanıma and olsun...
Onun ağzından söz çıxan kimi gülüş səsləri zalı ağuşuna aldı. Bu dəfə arxa cərgədən kim isə:
-Vicdanın itə dönsün sənin, yenə başladın? Sənin vicdanın kirlənmiş alt tuman-köynək kimi bir şeydir, həftədə dəyişirsən – dedi.
Qabaq cərgədən kim isə geri qanrılıb, barmağını dodağının üstə qoydu və danışan adamın kim olduğunun fərqinə varmayaraq “sus” işarəsi verdi..
- Sən də elə onun tayısan, zibil. Ala qarğanın kirvəsi sağsağan olan kimi, sən də onun möhübünü düzürsən! - deyə, narazı adam ona irad tutanın qarasınca mızıldandı.
Tribunadakı çalbaş, sifəti kül rəngində olan adam gülüş səslərinin kəsildiyini görüb, azacıq qımışdı və sonra sözünə davam etdi:
- Vicdanıma and olsun, bu dəfə çıxış etmək fikrim yox idi. Amma içimdən bir səs mənə dedi ki, sən sözünü deməlisən, yoxsa ömrünboyu özünü günahkar hesab edəcəksən. Ona görə də, mən yeni rəhbərimizi salamlayır və ona bir-iki kəlmə öz ürək sözlərimi çatdırmaq istəyirəm:
- Hörmətli, Xasay müəllim, allah sizi bir ümid yeri olaraq bizə göndəribdir. Yolunuzu çoxdan gözləyirdik. Uşaqdan-böyüyə hamimız intizardaydıq. Fikirləşirdik, görəsən, tale bizim bəxtimizə hansı rəhbəri tuş salacaqdır. Kaş, beş-on il bundan qabaq təşrif buyuraydınız. Onda bu rayon cənnət nədi, ondan da üstün olardı. Əziz Xasay müəllim, bizim bu camaat çox fağır, sözəbaxan camaatdır. Vallah, durub dədələrini üzünə söyəsən belə, bir nəfər də olsun boynunu döndərib deməyəcək ki, nə olub, niyə məni söyürsən? Səhərdən axşama kimi başlarını aşağı salıb, eşşək kimi işləyəndilər. Lap üzlərinə tüp....
Bu yerdə Xasay müəllim boğazını arıtlayırmış kimi bir neçə dəfə kal öskürərək, gözünün ucuyla tribunadakı adama tərs-tərs baxdı. Baxışıyla ona qandırmaq istədi ki, ayə, ağsaqqal olanda nə olar, mədəniyyətin olsun, yava-yava danışıb camaatı təhqir eləmə.
Tribunadakı adam Xasay müəllimin tərs baxışlarını görəndə, pıtraq udmuş hinduşka kimi bir neçə dəfə udqundu və yaxşı danışmadığını indi anlayırmış kimi, gözlərini bərəldərək susub qaldı. Onun bu halı, tumanına batırmış uşağın halına oxşayırdı.
Xasay müəllimin incidiyini iclasın sədri də hiss etdiyindən, əlinin işarəsiylə danışanın sözünü kəsib dedi:
- Əlisəftər müəllim, Xasay müəllimin şəhərimiz və camaatımız haqqında məlumatı çox genişdir. Narahat olma, o kişi təyinatını alan günün gecəsi, başda mən olmaqla, rayonumuuzun dəyərli ağsaqqalları yığışıb müəllimi təbrik etmək üçün evinə getmişdik. Bir çox mətləblərdən onun xəbəri vardır. Artıq, o bilir ki, biz necə adamlarıq, bu rayonda kim-kimdir, kimlə işləmək lazımdır. Bu sarıdan sən narahat olma. Əgər başqa sözünüz yoxdursa, keçin əyləşin, çıxış edənlər çoxdur.
Əlisəftər müəllim eynəyinin üstündən sədrə baxdı və şəhadət barmağını yuxarı qaldırıb bir dəqiqə vaxt istədi.
- Buyur, amma fikirini qısa elə, vaxtımız azdır, danışmaq istəyən gör nə qədər adam var siyahıda. - deyə sədr narazı halda başını buladı.
- Hə, bircə dəqiqəyə sözümü bitirirəm, - deyə o, kağız-kuğuzunu dürgələyib cibinə basaraq əlavə etdi: - Sözümün sonunda onu demək istəyirəm ki, Xasay müəllimin, gəlişi münasibətiylə qurban demişəm. Xahiş edirəm, Xasay müəllim sözümü yerə salmasın.
Zalı yenidən uğultu səsi bürüdü. Orta cərgədə oturmuş yaşlı bir müəllim hamının eşidəcəyi səslə:
- Səni lənətə gələsən. Bununla beşinci qurbanıdır ki, kəsir. Şahidiyəm, hər rəhbər dəyişikliyi olanda bu adamm belə edir. Di gəl, ildə bir Qurban bayramı olur, utanmaz-utanmazz bu da əlacsız adamlar kimi adını siyahıya saldırıb müftə bir kilo qurban əti alır. Amma qarnına ağrı dolur ailəsinə, kasıb-küsub qohum-əqrabasına bir qurbanlıq qoyun alıb kəssə. Indi isə, səxavətli çıxıb, qurban kəsir. – Ə, bu özünə nə deyir görəsən? Vallah, ayıbdı, adam xəcalət çəkir. O, kəsilən qoyunların babalı tutacaq bu köpəyoğlunu.
İclasın sədri sözü “Uğurlu yol” qəzetinin baş redaktoruna verdi.
Balacaboy, qarnı dıbara quzuların qarnına oxşar kişinin tribunaya qalxmasıyla zalda pıçhapıçın düşməsi bir oldu.
Redaktor:
- Əziz həmyerlilər, bayaq siz zala daxil olarkən bayırda yağan yağışı gördünüz? Bu təsadüfü olan təbiət hadisəsi deyildir. Bu, allahın Xasay müəllimin gəlişinə bir xeyir-duasıdır. Yağış da bilirsiniz də, xeyir-bərəkətdi, nurdu, eləmi?
Şəhər orta məktəblərinin birində riyaziyyat müəllimi işləyən Ağasadıq müəllim redaktorun bu sözünə dözməyib:
- Hə, başladı də yenə yaltaqlıq mövsümi. Bu nə səy-səy danışır, ə... Bu adam görmür ki, yağış bir aydır ara vermədən yağır? Şəhəri sel-su götürüb aparır, uşaqlar su gölməçələrini keçib dərsə gedə bilmirlər, bu da deyir ki, allah Xasay müəllimə xeyir-dua verir, nə bilim dalısınca su səpir. Ağlına keçə yamayım sənin. Bu da mənim ziyalım. Sənin kimi ziyalıdan, dalı yox vedrə min dəfə yaxşıdır. Durub, rayonun problemlərindən, işsizlikdən, bərbad yollarından, çatışmayan işlərindən danışmaqdansa, camaata hava proqnozundan danışır, səfeyköpəyoğlu.
Redaktor yerdən atılan atmacaları eşitsə də, onları qulaqardına vuraraq, sözünə davam etdi:
- Xasay müəllim, sizin təyinatınız düşünülmüş və mən deyərdim ki, bir qədər də gecikmiş təyinatdır. Yolunuzu çoxdan gözləyirdik. Mən mərkəzdən gecəyarısı dönmüşəm. Fərmanınız oxunan kimi redaktoru olduğum qəzetin birinci səhifəsinə sizin şəklinizi dərc etdirdim və bu gün çox xoşbəxtəm ki, sizi təbrik edənlər sırasında mən də varam, - deyə o, əlindəki qəzetin ön səhifəsini zala tərəf çevirdi.
Zalda qabaq cərgədə oturanlar, hətta, ayaqüstə durub əl çalmağa başladılar.
Iclasın sədri əlindəki qələmin arxasını stola bir-iki dəfə yavaşca döyəcələyərək ehmalca öskürdü. Sonra üzünü qəzet redaktoruna tutub dedi:
- Ağamusa müəllim, qəzet adamısınız, bilirəm danışmağa sözünüz çoxdur. Yəqin ki, qalan fikirlərinizi də qəzetinizin növbəti saylarında bizimlə bölüşəcəksiniz.
Bizim burada hörmətli insanlarımız, şəhərimizin tanınmış şəxsiyyətləri, ağsaqqallar, din adamları əyləşiblər, onlar da danışmaq istəyirlər. Xahiş edirəm, gəlin onlara da danışmağa imkan yaradaq.
Sədr qabaq cərgədə oturmuş, başında buxarapapaq olan sarısaqqal kişiyə işarə edərək:
- İndi də söz verilir ağamız, axund, Hacı Mirbəşir ağaya. Buyurun ağa.
Hacı Mirbəşir ağa tribunaya yaxınlaşaraq əlini sinəsinə qoyub, əvvəlcə başda oturanlara, sonra da zaldakılara təzim edərək:
- Cammat, allahın möcüzələrinə hər birimiz şahidik. Bu gün o möcüzələrdən birini də biz öz gözlərimizlə gördük və allahın böyüklüyünün bir daha şahidi olduq. O möcüzə Xasay müəllimin bizə rəhbər göndərilməsidir. Bəli, bu allahın bizə ən böyük hədiyyəsidir.
Müqəddəs Qurani-Kərimdə biz bəndələrə buyurulur ki, göydə Allaha, yerdə də rəhbərinizə itaət edin. Hətta, Qurani-Kərimdə deyilir ki, bəzi hallarda allaha yalandan and içmək olar, bunu allah günaha yazmaz. Amma rəhbərə yalan demək, ona yalandan and içmək, onun sözünün qabağına söz demək günahdır. - Mən çox danışıb başınızı ağrıtmaq istəmirəm. Gəlin, əl-ələ verib bu kişiyə kömək edək, onu qoruyaq, ona itaət edək, onun qədrini bilək. Sonra axirətdə, cəhənnəm odunda yananda, günahı bir-birimizin boynuna atmayaq. Deməyək ki, bunu bizə Mirbəşir ağa demədi.
Zalda gərginlik yarandı, adamlar narahat halda bir-birlərin üzünə baxıb başlarını buladılar.
Bayaqkı adam yenə də dilini dinc qoymadı:
- Ağaya bax. Bir qoyun dərisi də keçirib başına mənə mollalıq edir. Səkkiz yerdə arvad saxlayır, zinəkarlıq edir, qurumsaq, indi də çıxıb, allahdan, qurandan danışır. Allah sənə qənim olsun yalansa. Beş-altı il bundan qabaq kömrüyü keçəndə, başına qoyduğu əmmaməsinin içindən tiryək çıxan, elə bil, bu deyildi. Özünün o qələt işlə məşğul olması bir yana, hələ kəbinli arvadının da güngörməz yerindən tiryək tapıb çıxartmışdılar. Sənin o başına qoyduğun papağın içinə tüpürüm, biqeyrət. Dini, islamı da gözdən salmısınız, allah sizin kökünüzü kəssin...
Sədr ayağa qalxıb üzünü danışan adama tutub hirslə:
- Dur, çıx bayıra. Ölkəni qarışdırmağınız bəs deyil, indi də gəlib iclasımızı pozursunuz, müsavatçı köpəyoğlu. - Hardadır polislər, çıxarın bu dələduzu bayıra! - deyə o, bağırdı.
Müsavatçı kimi qələmə verilən adam ayağa qalxıb üzünü zaldakılara tutaraq, əl-qol ata-ata:
- A kişilər, nə olub, guya siz bunları tanımırsınız? Küçədə, çayxanada ağız-ağıza verib onların qarasınca söyən siz deyilsinizmi? İndi nə oldu, onlar burada mələk oldular, ya da birinci dəfədir belə danışırlar? Siz nə ikiüzlü adamsınız? Heç olmasa balalarınızdan, ailənizdən utanın. Onların sabahkı taleləri necə olacaq? Bu gün bunların burada səpdikləri yaltaqlıq toxumu sabah cücərib boy atanda, o cücərtilər sarmaşıq otu kimi sənin, mənim, onun balasının ayağına, boğazına dolaşmayacaqmı?! Onda övladlarımız dədəmizin goruna söyəcəklər. Sonra o, üzünü onu bayıra itələyən polislərə tutub dedi:
- Ey polislər, nə olub? Elə bil, məni tanımırsınız, düşmən-zad deyiləm ki, orta məktəb müəlliminizəm də, Ağasadıq müəllim? Düzgünlüyü, vətəni sevməyi mən sizə öyrətmədimmi? - Atın məni bayıra, vurun, vurun öldürün məni. Günah sizdə deyil, günah bizdədir. Biz sizi yaxşı tərbiyyələndirə bilmədik, biz özümüz kimi sizləri də yaltaq, müti böyütdük. Eşitdiyiniz sözlərin sahibləri deyilmi, bu cəmiyyəti, bizləri geridə qoyan? Bunlar vəzifələrindən ötrü vətəni də düşmənə satarlar.
İclasın sədri:
- Atın onu bayıra, bu hələ çox çərənləyib zəhləmizi tökəcəkdir. Bunun bəy-bəy danışmağına baxın. Gecə-gündüz xarici kanallara müsahibələr verib, ölkəmizi gözdən salaraq, tulapayı alırlar, sonra da gəlib burada camaatın beynini zəhərləyirlər.
Polislər danışan adama məhəl qoymayıb, onu zaldan çıxartdılar.
Axund Hacı Mirbəşir ağa tribunadan düşə-düşə bir gözü Xasay müəllimdə zaldan çıxarılan adamın qarasınca:
- Bu hökumətin çörəyi sizin gözünüzdən gəlsin, satqınlar. O vaxt bir il də bayrağımızı əllərində saxlaya bilməyib, endirdilər, dinsizlər. İndi bu hökuməti bəyənmirlər. Allah sizin kökünüzü kəssin! - dedi.
Sədr əliylə axunda işarə etdi ki, keçib yerində otursun, aranı təzədın qarışdırmasın.
Sonra o:
- Hörmətli tədbir iştirakçıları çıxış etmək istəyənlər çox, vaxtımız isə azdır, - dedi. Gəlin belə edək, indi də sözü çox hörmətli başçıımız Xasay müəllimə verək, sonra iclasımızı yekunlaşdıraq.
Elə bu vaxt zaldan gənc bir oğlan ayağa qalxıb:
- Xahiş edirəm, mənə də söz verin, mənim də deməyə sözüm var, - deyərək, tribunaya tərəf gəldi.
İclası sədri ayağa qalxaraq:
- Sən kimsən? Otur yerində, sənin bu siyahıda adın yoxdur. Sonra o, üzünü zalda oturanlara tutub:
- Bunu tanıyan varmı, kimdir bu? Sir-sifətindən araqarışdırana oxşayır?
Xasay müəllim, əlini havaya qaldırıb sədrin sözünü kəsdi və:
- Mane olmayın, qoy görək nə deyir, - dedi.
Gənc oğlan tribunaya qalxdı və bir azca həyəcanla:
- Hörmətli Xasay müəllim mən müəlliməm. Onbeş ildən artıqdır ki, orta məktəblərin birində dərs deyirəm. Sizi tam əmin edirəm ki,burada çıxış edənlərin həm özləri, həm də çıxışları bizim üçün yeni deyildir. Biz bu söhbətlərin bu zalda dəfələrlə şahidi olmuşuq. Bu adamların nə rayon üçün nə də dövlətimiz üçün elə bir faydalı əməyi olmamışdır. Camaat bunların əlindən, artıq cana doyubdur. Bunlarda qan, qeyrət deyiləsi bir şey yoxdur. Bunlar vətən xainləridirlər.
Zalda çaxnaşma qopdu. Birinci olaraq iclasa sədrlik edən Mürşüd müəllim dilləndi:
- Ə, kəs səsini, yaramazın biri yaramaz. Bunun danışığına bir bax. Vətən xaini sənin dədəndir, köpəyoğlu. – Gör, bu nə danışır, ə?.. Sən ölmüyəsən bilirsən səni neyliyərəm. O üzünü zalın qapısında dayanmış polislərə tərəf tutub bağırdı:
– Polis!..
Xasay müəllim:
- Mane olmayın, qoy danışsın, görək nə deyir?
İclasın sədri əllərini ovuçduraraq boynunu qısdı və astaca:
- Xasay müəllim, bunlara çox da boy verməyin, sonra əl-ayaqların yığışdırmaq olmayacaq.
- Görək nə deyir!.. - deyə Xasay müəllim səsini ucaltdı.
Gənc müəllim sözünə davam etdi:
- Bunlarda vətən təəssübkeşliyi yoxdur, Xasay müəllim. Onları var-dövlət toplamaqdan başqa heç nə düşündürmür. Onlar vəzifədə qalmaq üçün nəyə desən gedərlər. Bu millət, bu camaat yazıqdır, Xasay müəllim, əgər siz də bunların sözlərinə qulaq asıb, bu camaatdan uzqlaşacaqsınızsa, onda daş düşəcək bu camaatın başına. Sizdən xahiş edirik, şərait yaradın ki, biz işləyək və insan kimi yaşaya bilək. Bizə kömək lazım deyil, deyin bizə mane olmasınlar.
Gəncin çııxışından sonra zalı boğuq uğultu səsləri bürüdü.
İndi hər kəsin gözü rayona yeni rəhbər təyin olunmuş Xasay müəllimdə idi. Hamı onun nə deyəcəyi, hansı qərarı verəcəyi ilə maraqlanırdı. Xasay müəllim isə susurdu. O, handan-hana üzünü zala tutub astaca:
- Camaat, biz hamımız dövlətin əsgərləriyik. Dövlətimiz, rəhbərimiz bizə vicdanla işləməyi, vətənə, dövlətə şərəflə xidmət etməyi tapşırıbdır. Mən hələ heç kəsi tanımıram. Tanıdığım şəxs təkcə özüməm. Özüm də, sizə söz verirəm ki, namusla, qeyrətlə işləyəcək və mənə göstərilən etimadı layiqincə doğruldacağam. Mənə bər-bəzəkli sözlər, pafoslu çıxışlar yox, mənə iş lazımdır, iş.
Zalda hamı ayağa qalxdı və sürəkli, gurultulu alqışlarla Xasay müəllimi alqışladılar...

***
... Rəbərliyin iş fəaliyyətinə başlamasının bir ili ilə əlaqədar iclas keçirilrdi. Zal ağzınacan adamla dolu idi. İclasa sədrlik edən yenə də Mürşüd müəllim idi. O, birinci olaraq, yenə də, sözü Əlisəftər müəllimə verdi. Əlisəftər müəllimin çıxışı gurultulu alqışlar yadda qaldı.
Ondan sonra çıxış etmək istəyənlərin siyahısında, “Uğurlu yol” qəzetini baş redaktoru Ağamusa müəllim, Axund Hacı Mirbəşir ağa və onlarla başqaları da vardı...
Zalda, keçən dəfə etiraz edənlərdən isə heç kəs gözə dəymirdi... Sanki onlar, elə bil, qeybə çəkilmişdilər...

5 dəfə oxundu

Axtarış