Yaşıl gözlü aktrisa...
Müəllif: Meyxoş Abdullah


27.03.2020


Yaşıl gözlü aktrisa...
(roman)
1-ci hissə

... Min doqquz yüz həşdat beşinci il, iyul ayının onyeddisi... Yayın qızmar günəşi ətrafa od saçırdı. Nəfəsləri təngidən yayın bu qorabişirən ayında Zirə kəndində Rəfiqə adlı gəlinin birdən-birə ağrıları baş qaldırmışdı. Gənc qadının cancıdan qarnı doğram-doğram doğranırdı. O, canını qoymağa yer axtarırdı. Anası Leyla arvad isə bayaqdan öz dəfə-darağını hazırlayaraq, dünyaya körpə gətirəcək qızına təsəlli verirdi. Qızı isə bütün varlığını çulğalayan ağrının təsirindən ilan kimi qıvrılırdı.
Leyla arvad tanınmış mamaça idi. Uşaq tutar, abort edər, hətta xətası olan qızların bakirəliyini də ört-basdır edərdi. Bu arvadın əlindən gəlməyən iş yox idi, nə desən bacarırdı. Ona görə də, ətraf kəndlərdə bu arvadın hörmət-izzəti böyük idi, ona işi düşənlər çox olardı.
Həmin gün Rəfiqə dünyaya gözəl-göyçək bir qız uşağı gətirdi. Uşağın adını Tərgül qoydular. Uşağın doğulması gənc ailəyə sevinc bəxş etmişdi. Anası Rəfiqə, atası Fərrux sevinclərindən qanad açıb uçmaq istəyirdilər. Yeni doğulan körpə ailənin xoşbəxtliyinin üstünə bir az da xoşbəxtlik gətirmişdi.
Hər gün bir buğda boyu böyüyən, yup-yumuru almaya bənzər şirin sifəti, mənalı gözləri olan Tərgülü, təkcə ata-anası deyil, bütün qohumlar sevirdilər. Bu uşaq hamının sevimlisinə çevrilmişdi. Tərgül böyüdükcə, daha da gözəlləşirdi.
Fərrux balıq vətəgələrinin birində fəhlə işləyirdi. İşi ağır və yorucu olsa da, evə dönəndən sonra balaca qızını görən kimi yorğunluğunu unudardı. Ailə kasıb yaşasa da, mehriban idi. Fərruxun heç kəsi olmadığına görə, qaynatasıyla, qaynanası ona kömək əllərini uzatmışdılar. Torpaq sahəsi ayırıb ev-eşik tikmişdilər, çətin anlarında dayaq olub kimsəsizliyini unutdurmuşdular. İndinin özündə də bir əlləri onun, ailəsinin üstündə idi.
Tərgül də ata-ana qayğısı altında yavaş-yavaş böyüyürdü. Böyüdükcə də şip-şirin bir qız olurdu. Ailə xoşbəxt günlərini yaşayırdı, dərdsiz-qəmsiz. O vaxta kimi ailənin başçısı Fərrux dənizdə boğulub ölənə kimi...
Tərgülün bir yaşının tamam olmasına az qalmış ailəyə böyük bir bədbəxtlik üz verdi. Atası Fərrux dənizdə balıq toruna ilişərək boğulub öldü. Həmin gün dəniz çox küləkliydi. Fərrux axşam qayıqla toru yığmaq üçün dənizə çıxır. Dəli dalğalar qayıqı ağzıüstə çevirir və Fərruxun əl-ayağı qurduğu tora ilişərək ona üzüb, sahilə çıxmağa imkan vermir.
Həyat yoldaşı Rəfiqə də arxayın idi ki, əri işdədir. Çünki Fərrux ara-sıra tor süzülən vaxtı gecəni də evə gəlməyib işdə qalardı. Çünki dənizdən çıxarılan balıqları sonradan yerbəyer etmək lazım idi. Buna həyat yoldaşı, artıq öyrəncəli idi. O gecəsi də Rəfiqə ərinin evə dönmədiyini görcək, arxayın oldu ki, ərinin bu gecə də işi çoxdur. Ona görə də, qızı Tərgülü sinəsinə sıxıb, şirin yuxuya getmişdi.
Kiçik Tərgül doğulan gündən sakit bir uşaq olmuşdu, ağlamaqla işi yox idi. Qarnı tox oldu ki, səhərə kimi mışıl-mışıl yatardı. Amma nədənsə, həmişə sakit yatan balaca Tərgülə, elə bil həmin gecə nə isə olmuşdu. Uşaq ilk axşamdan narahat görünürdü. Gecənin bir aləmi isə yuxudan ayılan Tərgül bir daha yatmadı, o, birdüzümə kirimədən ağlamağa başladı. Anası onun o yan-bu yanına keçsə də onu sakitləşdirmək mümkün olmurdu, uşaq haray-həşir qoparıb ağladıqca ağlayırdı.
Ana uşağının bu narahatçılığından bir şey anlamayaraq, nə edəcəyini özü də bilmirdi. Ata-anasından bir xeyli aralı yaşayan Rəfiqə, gecəni səhərə kimi göz qırpmadan oyaq qaldı. Qışqırıb ağlamaqdan uşağın səsi də batmışdı. Uşaq sudan sahilə atılmış balıq kimi ağzını açıb-yumurdu. Uşağının öləcəyindən qorxan gənc ana Allaha yalvararaq kömək istəyirdi. Səhər isə açılmaq bilmirdi ki, bilmirdi.
Uşaq dan yeri söküləndə sakitləşdi. Artıq səhər açılırdı. Gecəni yuxusuz keçirən Rəfiqə başını uşağın beşiyinə söykəyərək gözünün acısını alırdı. Bir də o vaxt ayıldı ki, həyətlərində bərk səs-küy var, ağız deyəni qulaq eşitmir.
Bu hay-küyün nədən ibarət olduğunu anlamayan Rəfiqə, hələ də yuxulu gözlərini ovuşdura-ovuşdura nələrin baş verdiyini anlamaq üçün həyətdən gələn səsləri dinləməyə başladı. Kim isə deyirdi: - “Yazıq Fərrux, nə gün görmüşdü ki, Xəzərin duzlu suyunda qərq oldu”. Bir başqası isə fəryad şəkərək: -“Evi yıxılmışın gənc ailəsi və körpə uşağı qaldı. Bundan sonra onlar nə edəcəklər?”
Rəfiqə nələrin baş verdiyini hələ də anlaya bilmirdi. Başa düşə bilmirdi ki, bu sübh tezdən camaatın onların həyətində nə işləri vardır? Bu adamlar onların qapısında niyə görə belə şivən qoparırlar? Dənizdə boğulan bu biçarə kimdir görəsən? Kimin gənc ailəsi, körpə uşağı baxımsız qalacaqdır? O bir şey anlamadığından susub qalmışdı. Həyətdə isə çığır-bağırdan az qalırdı ki, qulaq tutulsun. Bu səslər azalmaqdan, get-gedə artıb-çoxalırdı. O, çarəsiz qalıb, körpə uşağını da qucağına alaraq, qapıya tərəf gəldi və pilləkənlərdən enib həyətə düşdü. Camaat onu görən kimi kiridi və donuq baxışlarını onun üzünə zillədilər. Rəfiqə yenə də bir şey başa düşmədən, bu camaatın ona niyə belə baxdıqlarını anlamayaraq donub yerində qalmışdı. Birdən qonşuları Vəsilə arvad dizlərinə vuraraq qıyya çəkdi:
- Bala, allahın altında yalan olaydı bu xəbər, allah onu bu tifil balasına bağışlayaydı, yazıqdı bu uşaq atasız böyüməsin. Mən yetim böyütmüşəm, bilirəm, atasız uşaq böyütmək nə deməkdir?
Rəfiqə yenə də heç nə anlamayaraq məlul-məlul camaatın üzünə durub baxmaqda davam edirdi. Bu dəfə kəndin yaşlı sakini Rəfiqəyə yaxınlaşıb, ehmalca onun qolundan yapışdı və:
- Qızım, özünü toxtaq tut, Allahın işidir, bəndə işi deyil ki, bir çarə qılasan. Axşam o bərk küləkdə sənin həyat yoldaşın Fərrux dənizdə batıbdır. Meyitini də bu gün səhər tapıblar, indilərdə gətirməlidirlər.
Rəfiqə indi anladı ki, bu camaat sabah-sabah onların qapısına niyə yığışıbdır? Sən demə, xeyirə gəlməyiblər bura, - deyə dərindən bir ah çəkdi. Onun gözləri qaraldı və körpə qızı Tərgül qucağından yumbalanıb həyətdəki daşın üstünə düşdü. Uşağın yerə dəyməyi ilə qışqırmağı bir oldu. Qonşu qadınlarından biri uşağı yerdən qaldıranda onun alnından qan axdığını gördü, uşaq daşa dəyib əzilmişdi.
Rəfiqə isə gözlərini açıb, özünə gələndə, artıq həyət-baca adamla dolmuşdu. Onun ata-anası da gəlib çıxmışdılar. Hamı bu facıədən üzüldüyünü hiss etdirmək üçün həyətdə ora-bura vurxunurdular. Fərruxun iş yoldaşları isə onun ölümündən daha çox narahatçılıq keçirirdilər. Onların bəziləri onun ölümünə inanmayaraq; - o elə-belə oğul deyildi ki, dənizdə boğulsun, - deyirdilər. Görəsən, bu hadisə necə baş verib ki, o boğulub? Axı, o neçə ilərdi ki, bu işlə məşğul idi, öz işini yaxşı bilirdi. Dənizin hər üzünə bələd idi, bundan da sərt küləklər görmüşdü.
Hadisənin şahidlərindən kimsə izahat verdi ki, Fərruxun qayığı balıqçı torunun lap yaxınlığında olub və külək qayığı çevirəndə Fərrux suya düşərək tora ilişibdir. Ona görə də o tordan xilas ola bilməyərək boğulubdur. Çünki, bu tərəfin camaatı hər şeydən xəbərdar idilər. Dəniz onlar üçün dolanışıq mənbəyi olduğuna görə onlar dənizin dilini körpəlikdən öyrənmişdilər. Onlar bilirdilər ki, dəniz nə qədər səxavətli olsa da, hər il bir-iki qurbanı olmasa sakitləşməzdi. Dənizin səxavəti onlara baha başa gəlirdi, arada neçə-neçə cavanı qoynuna alıb aparırdı. Fərrux da bu qurbanlardan biri idi.
Bir azdan dənizdə boğullan Fərruxun meyidini gətirib çıxartdılar. Həyət-bacada qışqırıq, ağlaşma səsindən qulaq tutulurdu. Günortaya yaxın camaat meyiti qəbiristanlıqda dəfn edib dağılışdılar. Yeddi gündən sonra əl-ayaq çəkilib qurtardı. Nə qədər gəl-get vardı Rəfiqəyə təsəlli verən tapılırdı. Necə ki, camaatın əl-ayağı onların həyətindən yığışdı, ondan sonra Rəfiqə körpəsiylə tək-təhna qaldı. Ondan sonra onun əzabları başladı. Ara-sıra ata-anası gəlib ona baş çəkər, ərzaqdan, pay-püşdən gətirərdilər. Torpağın üzü soyuq olur deyirlər, vaxt ötdükcə yavaş-yavaş Fərrux da unudulmağa başladı. Onun ölmündən bir müddət gəlib keçmişdi. Tərgülün, artıq iki yaşı vardı.
Ata-anası nə qədər yardım etsələr də Rəfiqənin dolanışığı yenə də ağır idi. Ona görə də, o, işləmək istəyirdi. İstəyirdi ki, heç olmasa xırda bir iş tapıb azacıq da olsa, öz çulunu özü sudan çıxarmağı bacarsın. Nə vaxta qədər ata-anasının göndərdiyi tikə-para payla dolanacaqdı. Axı uşağının yemək-içməyi, geyim-kecimi vardı. Amma onun işləməsinə əngəl törədən bir səbəb vardı, o da körpə qızı Tərgül idi. O işləsəydi uşağa kim baxacaqdı? Ona görə də, ata-anasıyla məsləhətləşdilər ki, kənddəki evlərini satıb şəhərdə bir ev alsınlar və Rəfiqə həmin evə yığışsın. Hər halda şəhərdə iş tapmaq kənddəkindən asan olacaqdı ona. Ona görə də, kəndəki evi satıb şəhərin mərkəzindən kənar, qəsəbələrin birindən iki otaqlı ev aldılar Rəfiqəyə. Ana iki yaşlı qızı Tərgülü də götürüb şəhərdəki mənzilinə köçdü.
Rəfiqənin təzə mənzilində şəraiti yaxşı olsa da, dolanışığı çətin idi. Heç bir yerdən qazancı olmayan gənc qadın hələlik ata-anasının kənddən göndərdiyi xırda-para pay-püş hesabına dolanırdı. Ata-anasının vəziyyəti də yaxşı deyildi, onlar da qoca adamlar idilər, onların da qayğıya ehtiyacları vardı. Ona görə də, Səbiyyə bir yeməkxanada qabyuyan işinə düzəldi. Ona veriləcək məbləğ o qədər də yüksək olmasa da, hər halda yenə də ələbaxımlıqdan yaxşı idi. Amma bir məsələ çıxmışdı ortaya ki, bu məsələ də onun işini çətinləşdirmişdi. Rəfiqə səhər saat yeddidə işdə olmalıydı, gecə şəfəq qaralanda da işdən dönməliydi. Bəs, iki yaşlı Tərgülə kim baxacaqdı? Binaya yeni köçdüyü üçün də heç kəsi tanımırdı. İlk günlər iki yaşlı qızıni da qucağına alıb özüylə bərabər işə aparardı. Bir həftəyə qədər belə davam eləsə də, yeməkxananın sahibi ona tapşırdı ki, belə yaramaz, ya uşağını evdə qoy gəl, ya da işdən çıx. Bura uşaq baxçası-zadı deyil sənin üçün.
Əlacı kəsilən Rəfiqə uşağı bir iki gün qonum-qonşuyq tapşırdı, amma bundan da iş aşmadı. Axı kim idi ona uşaq saxlayan, camaat öz uşağına əməlli-başlı baxa bilmirdi, onda qala özgə uşağına baxsın. Ona görə də, o məcburiyyət qarşısında qalıb evdən çıxanda uşağı yedizdirər və gətirib uşağın yerini solun altında salardı. Evdə ziyanlıq etməsin deyə qıçından da stola bağlayardı. Evə dönəndə gördüyü mənzərədən özü də dəhşətə gələrdi. Uşağın ağlamaqdan gözləri şişib, qızarmış olardı. Üst-başını batırmış uşaq elə bir gündə olardı ki, doğma anası onu tanımaqda çətinlik çəkərdi. Stoldan kənara gedə bilməyən işaq, qıçına bağlanmış ipə dolaşaraq qalardı. Belə vəziyyət ananın ürəyini göynətsə də başqa çarəsi yox idi. Həm də, qonum-qonşu ona bildirərdilər ki, sənin uşağın bütün gün ərzində qışqırır, ona baxan yoxdurmu?
Utandığından Rəfiqə onlara deyərdi ki, kiçik bacım bizdədir, amma uşaq nadinc olduğuna görə onu saxlamaqda çətinlik çəkir, ona görə də uşaq ağlayır.
Bir neçə gün də beləcə davam etdi. Amma hər gün qonşular ona iradlarını bildirirdilər ki, sizin evdən uşaq ağlamağının səsi gəlir, bu necə olan işdir? Çarəsi kəsilən Rəfiqə işə gedəndə Tərgülə yuxu dərmanı verib gedərdi. Evə qayıdanbaş uşağı mizin altında hələ də yatmış vəziyyətdə görəndə o hönkür-hönkür ağlardı. Hər gün uşağa yuxu dərmanı verdiyinə görə uşaq səmə halına düşmüşdü, elə hey gözləri axırdı. Axırda uşağın sinirlərinin pozulacağından qorxan ana, nə edəcəyini özü də bilmirdi. Əlacı hər şeydən üzülən ana, onu kəndə anasının yanına aparmağı qərara aldı. Bilirdi ki, anası da xəstədir, səhhətində problemlər var, amma nə etməliydi?
Kənddə balaca Tərgül üçün pis keçmirdi, nənəsi, babası ona yaxşı baxırdılar. Uşaq bir neçə həftənin içində xeyli əmələ gəlmişdi. Kəndə gələndə burnunu sıxsaydın canı çıxan Tərgül, indi uşağa oxşayırdı. Nənəsi hər gün səhərlər ona yumurtanı yağda bişirərək yedirərdi. Uşağın elə bil dili də açılmışdı kənddə. Şəhərdə heç kəsin dindirmədiyi Tərgül, elə bil indi-indi dil açırdı.
Beş yaşına kimi o kənddə nənəsinin yanında qaldı. Nənəsi sübh tezdən namaza duran kimi o da yuxudan oyanar və nənəsinin səsinə qulaq asardı. Nənəsinin əllərini göyə qovzayıb dua etməsi ona elə xoş gəlirdi ki. Nənəsi hər namazı qılıb qurtarandan sonra ona da dua edərdi. Allaha yalvarardı ki, nəvəsinə kömək etsin, onun bəxt-taleyini versin. Tərgülün yaddaşında nənəsinin duaları ilişib qalmışdı. Nənəsi Leyla arvad Allaha yalvarıb deyərdi: - “İlahi, səni and verirəm izzətü-cəlalına, mənim bu kəsirimə özün kömək ol, onun bəxt-taleyini ver, nisgillə boyütmə. Əziyyəti çox olub, qəlbi qandır, atasız böyüyür, onun gələcək günlərini xoş elə. Qarşısına yaxşı insanlar çıxart, onu öz qanadların altına al, ailə qursun, özünün ev-eşiyi olsun, oğul-uşaq dünyaya gətirsin, xoşbəxt yaşasın. Qız xeylağıdır, onun taleyini verginən, qoy anasının taleyi kimi bəd gətirməsin taleyi, barı, o yarısın taleyindən”. Nənəsi dua etdikcə gözlərindən yaş süzülərdi. Nənəsinin ağlaması Tərgülə qəribə gələrdi, anlamazdı ki, niyə görə nənəsi onunçün dua edəndə göz yaşları axıdır.
Tərgül kənddə nənəsiylə qaldığı müddətdə onun uşaq yaddaşına həkk olunan xatirələrdən də biri yaz vaxtı səhərlər onların əncir ağacına qonub oxuyan bir quşun ecazkar səsi idi. Bu quş boğuq bir səslə ahəstə fit çalardı. Bir-iki dəfə eşidilən bu səsdə elə bil sehr vardı.
Balaca Tərgül yaz vaxtı hər səhər pəncərənin qarşısında dayanıb quşun səsini dinlərdi. Bir dəfə nənəsindən bu quş barədə soruşanda nənəsi demişdi: - “Mənim balam, bu quşun adına İsaq-Musaq” quşu deyirlər. Rəvayətə görə İsaqla Musaq doğma qardaş olurlar. Bir gün qardaşlar meşəyə gedəndə bir birlərindən ayrı düşərək azırlar. Qardaşların hər ikisi evdə atalarına nə cavab verəcəklərindən qorxaraq Allahlarına yalvarırlar ki, onları quşa çevirsin. Allah da qardaşların səsini eşidərək onları quşa çevirir. O vaxtan indiyə qədər bir birlərini soraqlayaraq axtaran bu qardaşlar quş oalaraq: - “İsaq hardasan?”, “Musaq hardasan?” - deyibən bir-birlərini soraqlayırlar.
Nənəsi Leyla arvad Tərgülü çox istəyirdi. Arvad xəstə olmasına baxmayaraq onu qucağına alar və əzizləyib nazını çəkərdi. Bir gün Leyla arvad qapıya gələn alverçidən nəvəsinə bir oyuncaq almışdı. Bu oyuncaq “Fırfıra” deyilən bir oyuncaq idi. Fırfıranın üstündə rəngbərəng ulduzlar var idi. Külək əsəndə bu rəngbərəng ulduzlar fırlanıb qəribə səslər çıxarardı. Bu oyuncaq Tərgülün ən sevimli oyuncağı idi. O səhərdən axşamacan bu sevimli oyuncağını əlindən yerə qoymazdı. Yatanda da yastığının yanına qoyub yatardı. İndinin özündə də üstündən neçə illər keçməsinə baxmayaraq, o “fırfıra” oyuncağını uşaqlıq illərinin xoş bir xatirəsi kimi qoruyub saxlayırdı.
Anası əvvəllər həftədə bir dəfə qızına başçəkməyə gələrdi. Tərgül anasının gələcəyi günü dəqiq bilirdi, bilirdi ki, anası hər həftənin bazar günləri gəlir. Özü də anası hər onun yanına gələndə əlidolu gələrdi. Qızına yeməli şeylərdən tutmuş pal-paltara kimi alardı. Anasının kəndə onu görməyə gəlməsi Tərgül üçün toy-bayrama çevrilərdi. Anasını görən kimi onun qabağına qaçar və qollarını açıb onun boynuna sarılardı. Ana-bala bir xeyli bir-birlərinə sarınmış vəziyyətdə qalardılar. Ana qızının həftəbəhəftə necə böyüdüyünü görüncə çox sevinərdi.
Sonralar ananısının gəlişi bir qədər azaldı, Rəfiqə, artıq qızını həftədə deyil iki, bəzən də üç həftədən bir gəlib yoxlardı. Onda da səhər gəlib axşam geri, şəhərə evinə dönərdi. Tərgül anasından ayrılmaq istəməsə də, anası iş-gücünün çox olmasını bəhanə gətirərək ondan ayrılıb gedərdi. Son zamanlar anasının geyim-kecimində də dəyişikliyin olduğu hiss olunurdu. Üz-gözünü də əməllicə boyayardı. Əlbəttə, o vaxtlar Tərgül balaca olduğuna görə belə şeylərin nə olduğunu anlamazdı. Bilməzdi ki, anası niyə görə onu gec-gec görməyə gəlir? Və yaxud da niyə görə əvvəllər vaxt tapıb, onunla qaldığı halda indi axşam düşən kimi onu tərk edib gedir. Qabaqlar Tərgül heç olmasa bircə gün anasının boynuna sarılaraq, ana nəfəsinin istiliyini hiss edərək, ona sığınıb yatardı. Həmin o bir günün ləzzəti, rahatlığı onun bir həftə bədənindən çıxmazdı. İndi isə anasının iyi onun burununa dəyər-dəyməz o qızını tərk edib gedərdi.
Anasını ondan ayıran səbəbi Tərgül sonralar biləcəkdi. Amma indilərdə isə ona isti ana qucağı lazım idi.
Tərgülün nənəsi Leyla arvad qocalıb əldən düşməsinə baxmayaraq sevimli nəvəsinin əziyyətini çəkməkdın yorulmurdi.
Tərgülün babası Bahiyəddin kişi isə kəndə mal-qara saxlamaqla məşğul olardı. İş-gücü səhərdən axşamacan qapısındakı üç-dörd baş mal-qaranı bəsləmək və onların süd-qatığını satıb ailənin ehtiyaclarına sərf etmək idi. Tərgül də mal-qaranı sevirdi. Babası heyvanları yemləyəndə o da gəlib onun yanında dayanar və heyvanlara tamaşa edərdi.
Bir əhvalat Tərgülün yaddaşından heç çıxmazdı. Onun babası mal-qaraya xüsusu qulluq edirdi. Soyuq havalarda balaca buzovlar üçün kəpək qaynadaraq onları xüsusu yem qablarinda onlara verərdi. Bir gün səhər tezdən Bahəddin kişi bir vedrə kəpəyi qaynadıb qablara çəkdi və gətirib buzovların qabağına qoydu. Tərgül bayaqdan babasının bu hərəkətinə göz qoyurdu. Uşağa elə gəldi ki, babası balaca buzovlar üçün nə isə bişirir. Çünki belə yemək o görməmişdi. Tamahı çəkdi və babasının başı işə qarışdığı üçün o, vedrəni qabağına qoyub içində qalmış kəpəyi ovuclayaraq yeməyə başladı. Qabdakı yemək onun yediyi yeməklərin dadını verməsə də, amma babasının yemək bişirib ona yox, buzovlara verməsi balaca qıza toxunmuşdu.
Babası işini qurtarıb tövlədən bayıra çıxanda gözlərinə inanmadı, balaca Tərgül vedrədə qalmış kəpəyi xırdaca əliylə ovuclayıb ağzına təpirdi. Onun ağız-burnu kəpəyə bulaşmışdı. Baba tez gəlib uşağı yerdən qaldırdı və gülməkdən özünü zorla saxlayaraq uşağı həyətdəki su quyusunun yanına gətirib əl-üzünü yudu. Sonra diziüstə oturdub soruşdu:
- Ay şeytan, sən nə edirdin, o ki, adam yeməyi deyil?
- Bəs, nə yeməyidir, baba?
- Babası gülüb dedi:
- Görmürsən mən o yeməyi buzovlar üçün hazırlamışam? Sən zəhərlənə bilərdin axı?
Tərgül maraqla babasının üzünə baxıb, uşaq marağıyla soruşdu:
- Bəs, sən onu bişirmişdin, axı. Bir də ki heç buzovlar zəhərlənmirlər?
Babası bu nadinc və hazırcavab nəvəsinin bu suallarından həmişə xoşu gəldiyi üçün onunla danışmaqdan zövq alardı. Odur ki:
- Buzovlar heyvandırlar, onların yeməkləri kəpəkdir, ot-ələfdir, jımıxdır. Bir də onların mədələri belə şeylərə öyrəncəlidirlər, qızım.
- Baba sən buzovları çox sevirsən?
- Əlbəttə mənim balam, görmürsən onlara necə qulluq edirəm.
- Məndən də çox sevirsən onları?
- Yox, əziz balam, səni onların hamısından çox sevirəm, niyə görə belə deyirsən?
- Sən hər gün onlara neçə dəfə canım-gözüm deyirsən, amma mənə demirsən.
- Niyə demirəm, deyirəm axı.
-Yox, az deyirsən. Mən də istəyirəm buzov olum, ona görə ki, buzovlar məndən xoşbəxtdirlər.
Bahiyyədin kişi nəvəsinin bu sözlərinə bığaltı gülərək soruşdu:
- Niyə belə düşünürsən, mənim ağıllı balam. Sən dünyada hamıdan xoşbəxtsən.
- Yox, babacan mən xoşbəxt deyiləm, bədbəxtəm.
Uşağın bu cür danışması babasını təəccübləndirdiyindən:
- Niyə görə mənim ağıllı balam, niyə sən bədbəxtsən?
- Ona görə bədbəxtəm ki, hamının atası var mənim atam yoxdur. Bax görürsən, o buzovu, anası onun üzündən öpür, - deyə o əlini tövlənin qabağında bağlanmış mal-qaraya tərəf uzatdı. Orada inək öz balasını yalayırdı. - Bax baba, görürsən buzovun anası da onu çox istəyir. Amma mənim anam məni istəmir. İstəsəydi yanımda olardı, o da məni qucaqlayıb öpərdi. Mən də istəyirəm anamın qucağında olum, gecələr onun yanında yatım.
Uşağın bu sözləri Bahəddin kişiyə yaman yer eləmişdi. Qocanın dodaqları əsdi. Yanaqlarında gözyaşları gilələndi, bir parça uşağın bu sözləri onun içini göynətdi. O, nəvəsi Tərgülü dilli-dilavər bir qız kimi tanısa da, bu qədər ağıllı olduğunu bilmirdi. O gündən sonra babası nəvəsinə qarşı qayğısını bir az da artırdı.
Tərgülün nənəsi Leyla arvadın vəziyyəti get-gedə ağırlaşırdı. O xəstə idi, xərçəng xəstəliyinə tutulmuşdu. Zorla həyət-bacada dolaşan Leyla arvadın ayaqlarında şiş tapılandan sonra yeriyə də bilmədi. O yorğan-döşəyə düşərək əri Bahəddin ümidinə qaldı. Onsuz da iş-gücü başındam aşan, həyət-bacanın, mal-qaranın bütün ağırlığı çiyinlərinə düşən Bahəddin kişi bir yandan da nəvəsi Tərgülün götür-qoyunu edirdi. Beş yaşa keçmiş bu uşağın qulluğunu tutmaq, onun yemək-içməyini hazırlamaq, təmizliyini etmək ona ağır gəlirdi.
Nənəsinin ölümü onun heç yadından çıxmırdı. Tərgül onların yanında qalan gündən o nənəsinin yanında yatardı. Gecələr körpə uşaq nənəsinə elə sığınıb yatardı ki, arvad bəzən qorxardı ehtiyatsızlıq edib uşağı altında qoymaqdan. Ona görə də, əziyyət olsa da səhərə qədər bir böyürü üstə yatardı. Üç il idi ki, Tərgül onlarda qalırdı. Bu üç ilin ərzində hər gecə onlar beləcə qucaqlaşıb yatardılar. Son günlər Leyla arvadın xəstəliyi şiddətləndiyindən öz canının hayında idi. Ağrıdan dişlərini bir-birinə sıxıb zarıdığı vaxtlarda da, o nəvəsindən qayğısını əsirgəməzdi. Şalışardı ki, nəvəsi onun ağladığını, əziyyət çəkdiyini hiss etməsin. Leyla arvad qızı Rəfiqənin qarasınca da, deyinərdi. Onu daşqəlblilikdə günahlandırardı. Necə anadır ki, bir tikə körpəsi yadına düşmür, - deyərdi. Amma, neyləməliydi. O da onun öz balasıydı, taleyi qara gəlmişdi, əri ölməsəydi, - deyərdi, - yığardı ailəsini qanadının altına özləri bilərdi necə yaşayardılar.
Leyla arvad qızı Rəfiqənin taleyini düşünsə də, bunu özünə o qədər də dərd etməzdi, cavan, gözəl gəlindir, nə vaxtsa birini tapıb xoşbəxt olacaqdır. Onu bu son məqamlarında düşündürən nəvəsi Tərgülün taleyi idi. Bu biçarə qızcığza nə edəcəkdir? – düşünürdü. Bu gün biz varıq onun qayğısını çəkirik, hayında-harayında oluruq, sabah biz olmayandan sonra kimdir onun qeydinə qalan, taleyini düşünən. Belə-belə ağrılar, əzablardı ki, axırda bu yaşlı qadını xəstələndirib yorğan-döşəyə salmışdı.
... Həmin gecə Tərgül yenə də nənəsinin yanında yatmışdı. Arvadın son günlər vəziyyətinin ağır olmasını nəzərə alan əri Bahəddin nəvəsinin yerini ayrıca salardı ki, xəsə arvadına əziyyət verməsin. Amma Tərgül gecənin hansı bir vaxtı yuxudan ayılıb görsəydi ki, nənəsiylə deyil, ayrı yataqda yatıb, tez yerindən durar və gəlib nənəsinin yatağına soxularaq, ona qısılıb yatardı.
Bu gecə də belə olmuşdu, ertədən yuxu tutub yatan Tərgülü babsı ayrıca yerdə yatırtsa da, qızcığaz gecənin bir yarısı oyanıb özünü nənəsinin yanında görməyəndə darıxdı və tez yataqdan qalxıb nənəsinin yatağına girərək həmişəki kimi ona sığındı. Amma elə bil uşaq bu dəm buz parçasına toxundu. Nənəsinin bədəni şaxtadan gəlmiş adamın bədəni kimi soyuq idi. Nənəsinin sinəsi qalxıb, enirdi, arvad elə bil bərk tövşüyürdü. Uşaq üşüdüyünü hiss etdiyindən bir az da nənəsinə qısılıb yavaş səslə:
- Nənəcan, deyəsən, üstümüz açıqdır, mənə soyuqdur axı. Bax, sən də üşüyürsən, üstümüzü ört.
Leyla arvad nəvəsinin səsini, eşitsə də ona cavab verməkdə çətinlik çəkirdi. Uşağın isti bədəni onun buz parçası kimi soyuq bədəninə toxunduqca, vücudunda xoş bir gizilti keçirdi. O əlini qaldırıb, ona sığınmış nəvəsini qucaqlamaq, ölümqabağı son dəfə onu bağrına basmaq istəsə də bacarmadı. Elə bil hər bir qolundan ağır daşlar asılmışdı. Leyla arvadın bircə gözləri tərpənirdi, onun bütün bədəni qurumuş ağac kötüyü kimi cansız idi. Dili də söz tutmurdu ki, heç olmasa, bu yazıq qızcığaza bir kəlmə xoş söz desin.
Tərgül isə nənəsinin cansız bədənini silkələməkdə davam edərək deyirdi:
- Nənəcan... ölürəm axı soyuqdan, üstümüzü ört də, sənə soyuq deyil.
Bir anlıq Leyla arvada elə gəldi ki, doğurdan da nəvəsinin üstü açıq qalıb, ona soyuqdur. Amma nə etsin bircə barmağını belə tərpətməyə kücü çatmayan bu qoca arvad ancaq göz yaşlarını axıtmağa gücü çatırdı.
Bahəddin kişi sübh namazına oyanmışdı. O, arvadının yatağına yaxınlaşanda donub yerindəcə qaldı. Arvadı artıq keçinmişdi. Onun geniş açılmış ağzı, elə bil son dəfə ciyərlərinə çəkməkdə olan havanın intizarındaydı. Çuxura düşmüş göz bəbəklərində isə iri göz yaşları görünürdü...
Babanı ən çox yandıran da nəvəsi Tərgülün nənəsinin cansız bədənini bərk-bərk qucaqlayıb yatması idi. Nəvə elə şirin-şirin yatırdı ki, elə bil ona da ayən olmuşdu ki, bu nənəsiylə sonuncu yatışığıdır.
Bahəddin kişi gözyaşları içərisində nəvəsini qucağına alıb, onu öz yatağına apardı. Tərgül səhər yuxudan ayılanda isə artıq həyət-baca adamlarla dolmuşdu. O günü hamıdan çox ona qayğı göstərirdilər, hamının ürəyi yanırdı onunçün. Amma deyəsən bu qaygı, bu qeydə qalma elə sonuncu dəfəydi ona göstərirdilər. O gündən sonra, Tərgülü əzizləyən onun qeydinə qalan tapılmadı. Həyat özü ona analıq, atalıq etdi. Amma doğma ata-ana kimi yox, ögey ata-ana kimi...
Yasda Tərgülün anası Rəfiqə də iştirak edirdi. O anasının ölümündən iki gün keçəndən sonra xəbər tutmuşdu. Yalandan haray-həşir salıb, özünü ara-bura vursa da, hiss olunurdu ki, bu hərəkətləri ürəkdən gələn hərəkətlər deyildir. El gözünə özünü belə aparırdı.
Nənəsi Leylanın ölümündən sonra Tərgülün ağrılı həyatı başladı. Babasının yanında qalan Tərgül qonum-qonşunun, yaxın-uzaq qohumların balalrının əlində bir oyuncağa çevrilmişdi. Kim gəlirdi onu qapazlayırdı. Yazıq uşaq anasız cücə kimi harda bir qaraltı görürdüsə onu özünə yaxın bilib isinmək istəyirdisə dimdiklənib qovulurdu. Həyət- bacadakı tay-tuşları da ona qənim kəsilmişdilər elə bil, gücü çatan çatmayan zorunu ona göstərirdilər. O da boynunu qısıb küncdə-bucaqda büzüşüb qalardı. Bircə babası onu çox istəyirdi. Babasının qorxusundan məhəllədəki uşaqlar çox da hədlərini aşmazdılar. Bilərdilər ki, Tərgülün babası eşidib bilsə onların cəzasını verəcəkdir.
Amma kişinin başı iş-gücə qarışdığından bircə şər qarışanda nəvəsi yadına düşərdi. Uşağın əl-üzünü yuyar gün ərzində bulaşıb çirklənmiş pal-paltarını soyundurub dəyişər, yeməyini yedizdirərdi. Babsı onu çox istəyirdi, həmişə ona cərəz, meyvə qurusu verərdi. - Ye böyük qız ol, balaca olsan səni incidəcəklər, - deyirdi. Həm də ona deyirdi ki, sən tez böyüsən ağ atın belində olan şahzadə oğlan gəlib səni özüylə aparacaqdır.

7 dəfə oxundu

Axtarış