Yazmaq
Müəllif: Zaur Ümumbəşər


2018-03-13 07:29:09


Bəzən elə olur ki, oturursan heç nə olmur yazmağa. Özünü məcbur etsən də, bir şey çıxmır. Bəzən də olur ki, gecə 5 dəfə qalxıb gedib kağız-qələm götürürsən. Ümumiyyətlə, yazının hansısa əhval-ruhiyyə məqamında gəldiyini düşünürəm. Bu, bir növ ilhamdır. Beyindən keçən təsəvvürlər, elə sürətlə, işıq sürətiylə keçir ki, əlini həmin hərəkət cərəyanına ataraq çox kiçik bir hissə qoparıb vərəqə tökə bilirsən. Bu olur yazının skeleti. Bu, tamamilə içdən gəlir. Bunu bir növ kökəltmək, üzərinə “ət” yığmaq isə bir qədər süni prosesdir. Bu işi o qədər ustalıqla etməlisən ki, həmin bu sünilik, yəni sonradan yavaş-yavaş düşünərək əlavə etdiyin parçalar (“ətlər”), təbii olan və beyindəki təsəvvürlər cərəyanından qopardığın kiçik səmimi hissəni, yəni yazının skeletini kölgədə qoymasın. Yazıda əsas bacarıq, zənnimcə budur. Skelet hissəni yazarkən isə durub düşünmək çox çətin olur. Zira səndən asılı olmadan, axın şəklində gəldiyi üçün dayanaraq, gələn təsəvvürlərə forma verməyə, əlavələr etməyə vaxt edə bilmirsən. Yoxsa, axını dayandırmış olursan və növbətilər unudulur.

Yazının skeleti xammal kimidir. Saf şəkildə düşüncə axınından qopur və özündə heç bir qatışığı barındırmır və insan təxəyyülünü tam olaraq əks etdirir. Amma bunu bəzəməsən, digər insanlar bundan çox şey anlamaz. Çox şit bəzəsən isə mahiyyətdən yayınmış olarsan ki, bu gün əsasən bunu edirlər. İldırım sürətiylə, sanki insanın başının üstündə bir tərəfdən, digər tərəfə axan düşüncə cərəyanından qoparıla bilən skeletin ölçüsü yazanın bacarığını əks etdirir. Bu birmənalı olaraq belədir. Bu hissə, yəni skelet süni ola bilmədiyi və yazının kökünü əks etdirdiyi üçün necə deyərlər, “nə varsa, elə onda var”. O, yalan bir şeyi, süni düşüncələri əks etdirə bilməz. Bunun üzərində işləyərək “kökəltmə” etdiyin proses isə belə deyil. Üstünlük bu prosesə verildikdə - ki, hal-hazırda yazanların çoxu bunu edir – səfsətədən başqa bir şey alınmır.

Skelet hissəni götürmək çox çətin prosesdir. “Əlin yanmalıdır”, çünki onu, müəyyən parça qoparmaq üçün düşüncə cərəyanına soxursan. Bu elə belə alınmır. Sanki balasını dünyaya gətirən məməlinin əziyyətini çəkirsən. Böyük bala daha əziyyətlidir. Böyük parçalar götürənlər var, bunlar artıq öyrəşiblər, aza qane olmurlar. Az miqdar götürdükdə və ya heç götürmədikdə, bədənlərinin müxtəlif nahiyələri ağrayır, sıxılırlar. Bu düşüncə sıxıntısıdır. Hər cür material sıxıntıdan daha əzablıdır.

10 dəfə oxundu

Axtarış