Yolunu azan adam
Müəllif: Mükafat Yaqub


2018-07-10 07:49:23


Mükafat Yaqub
Yolunu azan adam

Bu qərib dünyanın
dolay yolları,
Aparar, ötürər
xəzana sarı,
Bu qərib dünyanın
qolay yolları,
Yolundan çıxarar
çox oğulları.

...Yolundan çıxmısan,
ay azan adam,
Gəl sənə göstərim
asan yolları.
Geriyə dönüş yox
bu yoldan, adam,
Göstərim nəfsini
asan yolları.

Əvvəlcə, bir dayan,
ay azan adam,
Söykən bir ağaca,
əlin köksündə.
Üzülmüş ümiddən
pay qazan, adam,
İmkan ver gümana,
dilin töksün də...

Alnından süzülən
soyuq təri sil,
Dinlə ümidi də,
bir gümanı da.
Son addım, son təpər,
hələ son deyil,
Dinlə, səndən dözüm
bir umanı da.

Fikirləş, bir düşün:
-harda oturum,
Qarşıma daş qoyum
papaq əvəzi?..
Geriyə dönüş yox,
qabaq uçurum,
Çəksin günahımı
bu daş tərəzi...

Sənin günahın çox,
ay azan adam,
O daş tərəzinin
qopma yalından.
Sənə əfv-aman yox,
ay azan adam,
O daş həqiqətin
qopma salından.

Səni insanlar da
bağışlamaz heç,
Yapış o qayanın
ayaqlarından.
Səni qanunlar da
bağışlamaz heç
Sarıl, o qayanın
sarıl, boynundan .

O daş həqiqətin,
o sal qayanın,
Əyil, ayaqlarının
altını qazı.
O daş ürəkli
Yalçın Qayanın,
Ayağı altından
tap alın yazın.

O səni suçlamaz,
bağrına basar,
Əgər tövbə etsən
günahlarından.
O daş muncuqları
boynundan asar.
Bir dərviş yaradar
günahlarından.

Əllərin asılar
göy qübbəsindən,
Saqqalın ağarar
Tanrı xofundan.
Daşlar da ağlayar
kövrək səsindən.
Titrəyər əllərin,
ay azan adam.

Tövbələr, dualar
çat dodağında,
Buzlaşıb qalarlar
sır-sıra kimi.
O Yalçın Qayanın
daş kipriyindən,
Asılar göz yaşın
yarasa kimi.

Tanrı günahından
keçər o zaman,
Qayanın süzülər
yaş kipriyindən...
Çəkilər pərdələr,
çökər toz-duman,
Təbəssüm asılar
qaş-kipriyindən.

Öyrən tərki dünyalığı, o şamanlardan,
Üz-üzə Tanrıyla qal,bu qaya altda.

Sən günahlarını
qara daşa yaz,
Bəlkə də göyərər
o qara daş da.
Yüz illik ibadət
çox uzun deyil,
sevinər bəxtinə
göyərən daş da.

Qaz, Yalçın Qayanın
ayağını qaz,
Uzun caynaqların
köməyə çatsın.
Daha insan deyil,
Dağ ayağı qaz,
Dizlərin çatlasın,
köksün qabarsın.

Qan istəyirsənsə,
dilin qanayar,
O Yalçın Qayanın
daş yalağında.
Əlləşib-arama,
əqrəb dalayar,
O Yalçın Qayanın
daş balağında.

Qaz, Yalçın Qayanın ayağını qaz,
Bir gün su fışqırar...
Bəlkə pir olar...

Allahım, zavallı,
azan adamın,
Ayaqlar altını
qazan adamın,
Yüz ilə qəbrini
qazan adamın,
Əgər mümkündürsə,
günahını yaz,
O Yalçın Qayanın...
...ayağına yaz...

Yaqubov Mükafat.

29 dəfə oxundu

Axtarış