YORULDUQ OYNAMAQDAN
Müəllif: Şirinxanım Kərimbəyli Şadiman


11.02.2019


Havanı dəyişməyin vaxtı çoxdan çatıbdı,
Zili, bəmi nə vaxtdı biri-birinə qatıbdı,
Baxma ki, bir çoxunun səs-sədası batıbdı,
Bu hava yordu bizi, qırıldıq oynamaqdan,
Bu çalınan havaya yorulduq oynamaqdan.

Əllər dikəlib göyə fələyə yalvarırıq,
Hər ağrıdan yorulan ürəyə yalvarırıq,
İçimizdə ağlayan diləyə yalvarırıq,
Parasız cibimizə sarıldıq oynamaqdan,
Bu çalınan havaya yorulduq oynamaqdan.

Yerdə əsəbləşibdi nərə çəkib hayqırır,
Kimi qapıb qılıncın nəfəs kəsir, vay qırır,
Allah verən ömürdən, il qoparır, ay qırır,
Öz-özünün dərdinə vurulduq oynamaqdan,
Bu çalınan havaya yorulduq oynamaqdan.

Hamı dönüb yağıya bir-birinə daraşır,
Oğru, əyri çoxalıb, ev soyur, barı aşır,
İlan təki sürünmək bəlkə bizə yaraşır?!
Qazılan məzarlara sorulduq oynamaqdan,
Bu çalınan havaya yorulduq oynamaqdan.

Əsir düşən yurdların sədası qanda gəzir,
Həyatdan doymamışlar canını veirir nəzir,
Məğlub olan tərəfik məyusluq eli əzir,
Ümid gurşad olanda durulduq oynamqdan,
Bu çalınan havaya yorulduq oynamaqdan.

Bəsdir, vicdan hönkürür, kəs bu havanın səsin,
Bu hava söndürübdü vallah həyat həvəsin,
Əzrayılı çoxalıb bir udumluq nəfəsin!...
Saat təki zamana qurulduq oynamaqdan,
Bu çalınan havaya yorulduq oynamaqdan.

Zənn etməyin, sözlərim pıçıldayır pəstədi,
Misralar haray salıb ağrıma ahəstədi,
Şadimanın ruhunu qırmağa həvəsdədi,
Dərdimizlə sevişib yar olduq oynamqdan,
Bu çalınan havaya yorulduq oynamaqdan.

10.02.2019
Şirinxanım Kərimbəyli ŞADİMAN



8 dəfə oxundu

Axtarış