Yuval Noah Harari "Homo deus. Sabahın qısa tarixi"
Müəllif: Ceylan Mumoğlu


2017-11-28 15:13:42


“Sapiens: bəşəriyyətin qısa tarixi” kitabının həmən ardından onun davamı olan "Homo deus. Sabahın qısa tarixi" kitabını oxumamaq, mənə görə natamamlıq hissi yaradardı. Çünki insan maraqda qalır, görəsən, keçmişimizi fərqli fikirləri ilə qələmə alan bu tarixçi gələcəyimizə necə baxır, necə proqnozlaşdırır, bugünümüzlə gələcəyi necə bağlayır, hansı nəticələri çıxarır və s. Kitabın ilk nəşri 2015-ci ildə İsraildə ivrit dilində yazılıb. Mən oxuduğum versiya 2016-cı ilin dekabr ayında türk dilinə çevrilmiş tərcümədir.
Hararinin "Homo Deusu" da "Sapiens" qədər maraqlıdır, hətta bəzi oxuculara hadisələrə yanaşma tərzinə görə daha maraqlı gələ bilər.
Kitabın mərkəzi tezisləri bunlardır:
- Orqanizm bir alqoritmdir, insan bölünməz fərd deyil, bir çox fərqli alqoritmin cəmidir. Alqoritmlər azad olmayıb genlər və ətraf aləmin təzyiqlərilə formalaşır.
- Verbal /dil inqilabları 70 000 il boyunca insanları müşayiət edir.
- İnsanlar "intersubyektiv reallıq" daxilində (ölkələr, sərhədlər, dinlər, pul) yaşayırlar.
- Ölümsüzlüyün hədəf seçilməsi, super insan qüdrətinə malik olmaq, Homo Deusa yönəlmək.
- Humanizm hakim din forması olacaq, XXI əsrdə humanizm insanları xoşbəxtlik, güc və əbədilik axtarmağa sövq edəcək.
- İnsanmərkəzçi dünyagörüş yerini məlumatmərkəzçi dünyagörüşə (dataizmə) verəcək.
Beləliklə, professor Harari tarixin gedişatını təftiş edərək, bəşəriyyətin (homo sapiens) əldə etdiyi təcrübələri təsvir edir, nailiyyətləri göstərir və gələcək insanın obrazını çəkir. Bir çox fəlsəfi aspektlər, insan təcrübəsi, individualizm, emosiyalar, şüur yoxlanmışdır. Sonda tarixçi yenə qarşımıza sual qoyur: zəka, yoxsa şüur daha qiymətlidir? Şüursuz, amma ali zəkalı alqoritmlərlə gündəlik həyat necə olacaq?
-------------------------✍️
Kitabdan altını cızdığım fikirlər:
- "Tarixdə ilk dəfə çox yeməkdən ölən insan sayı, qidasızlıqdan ölən insan sayından daha çoxdur".
- "Öləcəyini bilərək yaşamaq başdan-başa çətin olduğu kimi, ölümsüzlüyə inanıb ölümlə başa çıxmaq daha çətin olacaq".
- "Tarixi öyrənmək üçün ən yaxşı motivasiya gələcəyi təxmin etmək deyil, özünüzü keçmişdən qurtararaq başqa talelər təsəvvür edə bilməkdir".
- "Elm dünyanın necə işləməsinə fokuslanır, amma insanların necə davranması lazım olduğuna dair elmi metod yoxdur. Elm insanların oksigen olmadan həyatda yaşamayacağını söyləyər. Bəs cinayətkarları nəfəssiz buraxaraq edam etmək qəbul edilə bilərmi? Elm bu tipli suallara cavab verə bilməz. Sadəcə dinlər lazım olduğunda bizə rəhbərlik edir".
"Tarixdə ədalət yoxdur. Bir fəlakət yaşandıqda yoxsullar hər zaman zənginlərdən daha çox acı çəkər; fəlakətin səbəbi zənginlər olsa da, nəticələrinə yenə də yoxsullar qatlanacaqlar".
- "Müharibəni anlamaq istəyirsinizsə, təpədəki komandirlərə, ya da göydəki mələklərə deyil, adi əsgərlərin gözlərinin içinə baxın".
- "Bərabərlik keçmişdə qaldı, bugünün dəbi ölümsüzlükdür".

14 dəfə oxundu

Axtarış