ZAUR USTAC - ONUNCU YAZI
Müəllif: Zaur USTAC


08.08.2019




İBTİDAİ SİNİFLƏRDƏ VƏSAİT ÇATIŞMAZLIĞI

Salam, dəyərli oxucum! İndi düşünəcəksiz ki, müasir dövürdə xüsusi ilə də aşağı siniflərdə uşaqların bu qədər dərsliklərlə, iş dəftərləri ilə və digər əlavə vəsaitlərlə yükləndiyi halda vəsait çatışmazlığından söhbət açmaq yersiz, həm də bir az gülüncdür. Bəri başdan nəzərinizə çatdırım ki, bu heç də düşündüyümüz kimi deyil. Söhbətin sonunda yekdilliklə belə bir qərara gələcəyik ki, həqiqətən çatışmazlıq var, eyni zamanda qaldırılan məsələ son dərəcə aktual və ciddidir. Onu da qeyd edim ki, bu yazı – İBTİDAİ SİNİFLƏRDƏ VƏSAİT ÇATIŞMAZLIĞI – belə adlansa da təkcə ibtidai siniflərin, daha da konkret etsək, hazırlıq qruplarının, birinci və ya ikinci siniflərin problemi deyil, ümumuiyyətlə dilimizdə oxumağa başlayan, hərfləri öyrənmiş, oxu vərdişlərini formalaşdırmaq, təkmilləşdirmək istəyən hər bir kəsin- istər yerli dil daşıyıcılarının (nəzərə alsaq ki, uşaqları böyük əksəriyyəti lap körpəlikdən Osmanlı ləhcəsində cizgi flimləri və serealların təsiri altında böyüyür, üstəgəl Vətənimiz etnik cəhətdən də zəngin olduğuna görə uşaqların çoxu məktəbə qədər ya lokal dildə, ya da çox fərqli şivədə danışırlar) istərsə də xarici vətəndaşların üzləşdiyi ümumu çatışmazlıqdır. Bu yerdə hələ 2011 – ci ildə çapdan çıxmış “GÜLÜNÜN ŞEİRLƏRİ” kitabının girişində yazdığım sözləri xatırladım. O sətirləri aşağıda olduğu kimi verirəm: – “Belə ki, Gülü xanım təzə-təzə birinci sinfə gedirdi. Mən də həmişəki kimi işdə idim. Evdən zəng gəldi, cavab verəndə Gülü mənə sevinə-sevinə dedi ki, Ata, “ A ” hərfini keçdik. Müəllim evə “A” – ya aid şeir tapşırıb, gələndə hərflərə aid şeir kitabı al gətir. Dedim ki, oldu Gülü xanım. Məhdud vaxt içərisində ora – bura baxdım. Belə bir kitab tapa bilmədim. Çox maraqlıdır ki, bütün köşklərdə (kiosklərdə) başqa dillərdə belə maraqlı, əyləncəli uşaq şeir kitabları olsa da bizim dilimizdə yox idi. ” – Nəzərinizə çatdırım ki, bir xeyli vaxt ötsə də vəziyyət dəyişməyib. Bu yazını oxuyandan sanra da çıxıb şəhərimizdə (hələ mən bölgələri demirəm) kitab dükanlarını, köşkləri (kioskləri) gəzsəz eyni mənzərənin şahidi olacaqsız. İngilis dilindəki vəsaitləri çıxmaq şərti ilə heç bir dildə ilkin oxumağa başlayan üçün sistemli pillə-pillə ardıcıllığı, oxunaqlığı, rahatlığı, asanlığı təmin edən oxu vəsaitləri yoxdur. İstər dərslik, istər sinifdənxaric oxu vəsaiti olsun, mənzərə dəyişmir. Mənimlə razılaşarsız ki, nəinki orta statistik ibtidai sinif şagirdi, hətta valideyinlərin böyük əksəriyyəti tapşırıqları həll etmək bir yana dursun, heç şərtləri oxuyub, anlaya bilmirlər. Bu hal isə öz növbəsində təhsilimizdə mövcud ikinci böyük problemi – REPİTİTORLUĞU – kitabla tanışlığın ilk günündən labüd edir ki, bu da uşağı qədəm qoyduğu təhsil sistemində ələbaxım öyrədir və sonrakı bütün pillələrində – doktorluğa qədər – izləyir. Böyük əksəriyyətin müstəqil düşünmək, araşdırmaq, öyrənmək qabilliyyətin birdəfəlik əlindən alır. Halbuki, bütün bu problemləri çox yox, bir-neçə seriya – təxminən üç səviyyəli – sadə bir və iki hecalı sözlərdən ibarət qısa, həm də uşaqlar, eləcə də dili yeni öyrənənlər üçün maraqlı olacaq hekayələrdən ibarət təxminən üç yüz adda kitabla həll etmək olar. Bunun üçün sadəcə bir – neçə il hansısa özəl və ya dövlət qurumu sistemli şəkildə məşğul olub, sonra da ilər boyu həm zəhmətinin nəticəsini – xeyrini görər, həm də hamıya faydası olar. Bu yazının mövzusu, məqsədi sadəcə oxu vərdişinin formalaşdırmaqdan ibarət olduğuna görə biz dərsliklərin ümumu və çoxlu problemlərinə toxunmuruq. Bu mövzuda yetəri qədər yazırlar, danışırlar. Yuxarıdakı qısa haşiyyə sadəcə onula əlaqədər idi ki, birinci, ikinci sinif şagirdlərinin böyük əksəriyyəti hərfləri ayrı-ayrılıqda tanısalar da ilkin vaxtda hecadan sözə keçəndə böyük çətinliklə üzləşirlər. Sayı çox, sanbalı yox dərsliklər və iş dəftərləri uşaqları həddindən artıq yükləsə də bu təlabatı qarşılamır. Üstəgəl ilk gündən başlayaraq hər gün ildırım sürətli proqramla irəliləyən tədris yükü uşaqları sıxır, yorur. Bunun kökündə isə onun sətbəst oxuya bilməməsi dayanır. Bəlkə də ən ciddi problem tapşırıqların özlərinin deyil, şərtlərinin olduqca çətin anlaşılan və alternativdə asan bir-iki hecalı sözlər olsa da çətin üç-dörd hecalı sözlərdən ibarət olmasıdır. Aydın məsələdir ki, belə olduqda istər oxu olsun, istər hesab uşaqların vəziyyəti çətinləşir. Bir daha qeyd edirəm ki, ayrı-ayrı şəxslərin – işin içində olan pedaqoqların – məhdud sayda, əlbətdə öz imkanları daxilində etdiklərini nəzərə almasaq, bu sahədə heç bir iş görülmür. Halbuki, göründüyü kimi bütün təhsil sisteminin, ümumi götürsək bir fərdin ətraf aləmlə, dünya ilə tanışlığının təməlində dayanan, onun bütün gələcək həyatını sözün əsl mənasında müəyyən edən çox ciddi problemdir. Zənnimcə, bu məsələ ciddi araşdırılmalı, müsabiqələr təşkil olunmalı, bir –iki hecalı sözlərdən ibarət sadə, qısa hekayələr kitabları yazılmalı və kütləvi tirajlarla nəşri, satışı təşkil olunmalıdır. Sonda onu da qeyd etmək istəyirəm ki, hal-hazırda dövriyədə olan, lap hecalı variantlarda olsa belə, uzun, çoxhecalı, çətin anlaşılan sözlərdən ibarət nağıl kitabları bu problemi həll etmək iqtidarında deyil. Gözəl tərtibatlı, mürəkkəb sözlərdən ibarət bahalı nağıl kitablarının əvəzinə, məsələn, ingilis dilində əyani nümunəsi bütün vitrinlərdə gözümüzün önündə olan kitablar kimi, sadə, ucuz oxunaqlı qısa hekayələrdən ibarət uşaq kitablarına çox ehtiyac var.

15 .01. 2017. Bakı.
QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

4 dəfə oxundu

Axtarış