ZAUR USTAC ŞƏHİDLƏR HAQINDA ŞEİRLƏR
Müəllif: YAZARLAR.AZ


13.02.2021



QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…
* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

Tur alacam

(Şəhidimiz Tural Əhmədovun oğlu Turalın dilindən)



Dədəm Qorqud səhv ad verməz,
Doğulmuşuq tur almağa!!!!
Od ərənlər öc saxlamaz,
Doğulmuşuq öc almağa!!!!

* * *

Gözlərimin içinə bax,
Gözünüzü oyacağam!!!!
Hünərin var, tur düzənlə,
Tüm turları alacağam!!!!

* * *

Sanma, qanı qalar yerdə,
Törəmizdir, alacağam!!!!
Tək atamın qanın deyil,
Haqqımızı alacağam!!!!

* * *

Yağmurlu günü sal yada,
Yenə taxtu-tac alacam!!!!
Tarixdə yüz il, bir gündü,
Geci- tezi bac alacam!!!!
28.04.2016 Bakı.
Müəlif: Zaur Ustac

VƏTƏN OĞLU
(Aprel şəhidlərinin ili günü Bakıda bərk yağış yağdı…)
Göylər də hönkürüb, ağladı bu gün,
Buludlar göz yaşın saxlaya bilmir...
Damından göz yaşı axıdan koma,
Kövrəlmiş ananı ovuda bilmir...
* * *
Hardasa, bir bala ata gözləyir,
Əlində bir Bayraq gələydi bu gün...
Müəllim istəyib stol üstünə,
Anası alaram, söyləyir hər gün...
* * *
Bir Ata istəyir oğlu bu gün də,
Həyətə tələsik girsin nə olar...
Arxaya baxmadan sürüb maşını,
Bütün gül-çiçəyi əzsin nə olar...
* * *
Elə bilirsən ki, bitər siyahı?
Dolabda islanıb bir cib dəsmalı...
Asılqan saxlamır çim su mundiri,
Havadan asılıb, bir ər sığalı...
* * *
Bir otaq küncündə bacı naləsi,
Birində qardaşın hıçqırtısı var...
Məhəllə uşağı, qrup yoldaşı,
Bu gün qəmgin durub meyvə satanlar...
* * *
Adi çörəkçi də xiffət eyləyir,
Çəkməçi çəkməsin görüb ağlayır...
Alışqan verdiyi bardakı qızın,
Bu yağış qəlbində tonqal qalayır...
* * *
Körpə uşaqlar da haçandı qəmgin,
Boylanır həyətə, ancaq görməyir...
Ana paltar ipin kəsibdi çoxdan,
Fəxrlə sərdiyin, daha sərməyir...
* * *
Göylər yas saxlayır, Yer qəribsəyib,
Təşnədir mərdlərin yeni nəşinə...
Torpaq əkənindir, əkən də bizik,
Göylərdə gəzənin Yer nə işinə...
* * *
Göylər bizə qahmar, Yer bizə mənzil,
Qəlbin dolanmasın, ey Vətən oğlu...
Nəsimi, Bəhmənyar gör nə vaxt olub?
Vətən də unutmur haqq tapan oğlu...
02.04.2017. Bakı.



İNCİ, QƏRƏNFİL…
(Qərənfilə yazığım gəlir…)
Olsan da, bu işdə ən son müqəssir,
Gəl, məndən incimə, inci qərənfil…
Utanc çiçəyisən, utanc çiçəyi,
İstəsən lap məndən inci, qərənfil…
* * *
Ruhum bu halından çox mütəəssir,
Yenə döşənmisən küçəyə, daşa…
Qaxınc çiçəyisən, qaxınc çiçəyi,
Qaxanc örf-adətə, öfkəyə, başa,
* * *
Bu işdə bilmirik, kimdi müqəssir,
Bizim üz qaramız, qırmızımızsan…
Həya örpəyisən, güvənc ləçəyi,
Sən bizim dünyaya qırımımızsan…
* * *
Ustac tək oğullar çox mütəəssir,
Üz-üzdən utanır, dözür ağrına…
Əlacsız-əlacsız ödünc çiçəyi,
Silah əvəzinə sıxır bağrına…
20.01.2018. Bakı.




“DÜNYA BİR PƏNCƏRƏDİR...”
(Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur...)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş...
De, heç vaxtın oldumu, pəncərədən baxmağa,
Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq...
Yuxunu görmək üçün vaxt lazımdı yatmağa,
O da, Sən də yox idi, işin-gücün çox idi...
Çoxunun gözü ackən, Sənin gözün tox idi...
* * *
Yuxusuz gözündəki bu hüzn nədi, qardaş???
Yeddi ürək lazımdı, baxışına baxmağa,
Qəlb adlı əzamızı, qan vurmağı saymasaq...
Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa,
O ürək Səndə idi, baxışların ox idi...
Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi...
* * *
“Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş....
Yaradan yaratmışdı, Səni oyaq qalmağa,
Ayaqüstü, sırada, göz qırpmağı saymasaq...
Yaranmışdın süzməyə, yaranmışdın dalmağa,
Düşüncə, dərin ümman, zehin, iti ox idi...
Çoxunda beş-beş olan, Səndə biri yox idi....
* * *
Damarda coşdu qanın, ürək dözmədi, qardaş...
Dizindəki təpərin bəs eylədi qalxmağa,
Dostlarının toyunda oynamağı saymasaq,
Toy-düyün də görmədin, oturmağa-qalxmağa,
Ərgənlənmiş ər idin, bəy otağın yox idi...
Çoxu sayın bilmirdi, Sənin biri yox idi...
* * *
İgid oğlu, ər idin, bilənlər bilir, qardaş...
Sənin etdiklərini ehtiyac yox saymağa,
Arada qəmli-qəmli bu baxmağı samasaq,
Eyibin də yox idi, barmaq ilə saymağa,
Yan-yörədə bildiyin, nacis, naqis çox idi...
Bilən bilir qardaşım, Sənin mislin yox idi....
21.01.2018. Bakı.


ŞƏHİD HAQQI
(Mübarizlərin ruhu qarşısında borcluyuq…)
Hər bir gedən şəhidin haqqı var boynumuzda,
Onlara borclu olan bir can var qoynumuzda,
Gərəkdir, sırğa ola; qulaqda, eynmizdə,
Əgər biz unutsaq da, dövran bunu unutmaz…
Bu yara hey su verər, zaman onu qurutmaz…
* * *
Bu bizim şakərimiz, həp şikarı unutmaq,
Boş-boş təsəllilərlə ruhumuzu ovutmaq,
Cismimiz oyansa da, layla deyib uyutmaq,
Bir gün biz istəsək də, dövran bizi oyatmaz…
Biz yatmaq istədikdə, zaman bizi uyutmaz…
* * *
Bir əsgər kəmərinin toqqasıcan yoxuq biz,
İllərdi ki, gözləyir; neçə qışdı, neçə yaz,
Deyir: – “Gəl bu şəhidə bir quruca məzar qaz”,
Bu qədər bivec ata, yada ki, qardaş olmaz…
Vallah, atam-qardaşım bundan vacib iş olmaz…
* * *
Hər şeyi yükləmişik, Lazım bəyin belinə,
Zalım oğlu zalım da qüvvət verib dilinə,
Heç kimsə razı olmaz, bir quş səkə gülünə,
Bəs bu dağlarda yatan gül balalar kimindi?!
Ay – ulduzlu toqqalar, qumqumalar kimindi?!
* * *
Dəstəklərə yazılı, neçə-neçə adımız,
Qundaqlara qazılı, sezilməyən ay-ulduz,
Nişan durub, gözləyir; birdən düşər yolumuz,
Gəlin, o nişanların gözün yolda qoymayaq…
Bu işi, bu gün görək, sabaha saxlamayaq…
* * *
Bu işin bir yolu var, göstəribdi Mübariz!
Torpaq bizim Vətənsə, düşməlidi izimiz.
Bəsdir bəhanə etdik, bağlanıbdı yol-iriz.
Örnəkdən, ibrət alıb, cümləmiz coşmalıyıq!!!
Tikanlı məftilləri bu gün biz aşmalıyıq!!!
* * *
Dəli bilirlər bizi, doğruldaq adımızı,
Dost özün göstərəcək, tanıyaq yadımızı,
İllərdir su vermişik, püskürək odumuzu,
Belə yaşamaq olmaz, bilməliyik hamımız!!!
Mübariz gedən yolu, getməliyik hamımız!!!
03.08.2019. Bakı.
Müəllif: Zaur Ustac

CAN AY ANA…
(Polad Həşimovun Anasına)
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular…
Bu baxışda min vaizin xütbəsi,
Al don geymiş qürub da var, dan da var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox…
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
* * *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
“Ana” – deyə, şirin-şirin gülən yox…
* * *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…
12.01.2021. – Bakı.

VARMIŞ
Nə deyim, Allahım sən bilən haqqdır,
Görəcək günləri görmək də varmış…
Elçini, İlqarı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Gözün biri gülür, biri ağlayır,
Ağlaya-ağlaya gülmək də varmış…
Poladı, Şükürü alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
* * *
Şükür yazdığına, şükür qismətə,
Dərdin acısını sevmək də varmış…
Həmdəmi, Rəşadı alıb yanına,
Zaura sən gözlə, demək də varmış…
31.10.2020. Bakı.

TORPAQ BİZİ GÖZLƏYİR…
(…komandirim İlqar Mirzəyev in xatirəsinə…)
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Yadıma xırdaca günahım düşdü…
Yanında boş yerə tamahım düşdü…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
“Hazırdır məzarlar”, – eyindən keçir…
Yanına gələn yol çiyindən keçir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Bu süslü “otaqlar” xiffət eyləyir…
“Daş yastıq yataqlar” minnət eyləyir…
* * *
Gəlmişəm görüşə yenə də, qardaş!
Ayaqlar olmadı sonadək yoldaş…
Qollarım qoynumda qurudu bardaş…
Səngər, məzar ortaq bizi gözləyir…
Qardaş, Ana torpaq bizi gözləyir…
23.08.2020. – Bakı. (II F.X.)
Müəllif: Zaur Ustac


DAHA TƏK DEYİL ONLAR
(Şəhid İlqar Mirzəyevin məzarı üstündə)
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır...
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır...
* * *
Qəribə bir hüzur çuğlayır məni,
Yanında hər nəfəs ruha töhfədir.
Vətən kitabını vərəqləyirəm,
Burada hər məzar bir səhifədir...
* * *
İgid, ər oğullar toplanıb bura,
Bütün çöhrələrdə, təbəssüm, qürur...
Tək-tək sıralanan bu baxışların,
Hər biri özünə bir dastan qurur...
* * *
Yenə də görüşə gəlmişəm, Qardaş!
Gözün biri gülür, biri ağlayır...
Daha tək deyilsiz, təsəllidir bu,
Bir yandan mənzərə ürək dağlayır...
29.12.2020. - Bakı ş.
Müəllif: Zaur Ustac
...Artıq tək deyilsiniz - toplaşır igid oğullar başınıza, Qardaş....


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.r

4 dəfə oxundu

Axtarış