ZAUR USTAC - SƏKKİZİNCİ YAZI
Müəllif: Zaur USTAC


08.08.2019




QOZ VƏ DƏLİQANLILIĞIN İKİBAŞLI QOHUMLUĞU…

Məncə, dərin müşahidə qalın kitab kimidir. Baxdıqca görürsən, gördükcə oxuyursan, oxuduqca öyrənirsən, öyrəndikcə bölüşmək, ötürmək istəyirsən. Çünki, artıq sənə məlum olan səndə qaldıqca əlavə narahatçılıq yaradır. İstər-istəməz istəyirsən ki, hamı bunu bilsin və ya ətrafdakılarında fikrini bilmək istəyirsən bu barədə. Bilmək istəyirsən, bəs görəsən başqaları bu barədə nə düşünür….

Keçək mətləbə, qoz ağacı, meyvəsi yəni qoz (bəzi yerlərdə cəviz də deyirlər –dəqiq “cəviz” sözü ilə 20 yaşdan sonra tanış olmuşam) ətraf aləmlə tanışlığımda ilk predmet olub desəm məncə yanılmaram. Ancaq, böyük əminliklə deyirəm ki, tanıdığım, dadına baxdığım ilk meyvə məhz qoz (cəviz) olub. Burada yeri gəlmişkən onu qeyd edim ki, mənim tanış olduğum kimi, körpə uşaqların (bir yaşın altında heç olmaz –QƏTİ) qozla (cəvizlə) belə erkən tanışlığı heç də məqsədə müvafiq, ümumiyyətlə arzu olunan deyil…. Söhbət yayınmamış qeyd edim ki, xüsusi ilə bir yaşın altında, iki yaşa çatmamış uşaqlar qozun necə deyərlər lap az miqdarda da dadına baxsa, yesə, əksər hallarda sonra onu ömrü boyu izləyəcək müxtəlif allergik izlər qoyur (xüsusi ilə dəridə) bu qaçılmazdır. O ki, qaldı bizə, lap körpəlikdən ilin altı ayı evin qapısından ayağını bayıra qoyanda birinci və ya ikinci addımıda mütləq altında qoz (cəviz) qalırdı. Bizim həyət qarışıq; əmi, baba, qonşuluqda 100-150 metr radiusda yalan olmasın, bəlkə 20-25 qoz (cəviz) ağacı var idi. Həm də nə boyda, çox böyük ağaclar –elələri var idi ki, 4-5 uşaq əl-ələ tutsa çətinliklə dövrəyə ala bilirdi. Demək olar ki, həyətlərin çoxunda eyni məzərə idi. Bundan əlavə hamının bağlarda da dədə-babadan qalma ağacları var idi ki, mövsümdə çırpıb, meyvəsini götürürdülər. Əlbəttə, indi deyə bilərsiz ki, bunun nəyi pisdir? – Biz heç də demirik ki, bu pis idi… Sadəcə qozun (cəvizin) çox olduğu, geniş yayıldığı torpaqlarda həm meyvəsindən istifadə nəticəsində, həm də ümumiyyətlə bitməsi, var olması ilə insanların yerli əhalinin yüz illərlə necə deyərlər, baş-başa ömür-gün sürənlərin həyatına, gündəlik yaşam tərzinə, sağlamlağına göstərdiyi bəzi təsirlərdən söhbət açıb bir-neçə mühüm məqama diqqət çəkmək istəyirik.

Birinci faydası barədə; qida kimi misilsizdi, ikinci çörək kimidir. Əmtəə olaraq qaldıqca dəyər qazanan maldır. Oduncağı, meyvəsindən kal və yetişmiş formada müxtəlif məqsədlərlə yaralılığı, satanlar üçün pul, quru meyvənin (cıbrıq) qabığından, içindəki arakəsmələrdən, hətta ağacın yarpağından, qabığından boyaq maddəsi kimi istifadə olunması və başqa xatırlaya bilmədiyim olduqca müxtəlif sahələrdə tətbiqini düşündükdə tam bir faydalı nemət olduğu qənaətinə gəlirsən. Şükür Uca Yaradana!!!

İndi keçək məsələnin ikinci tərəfinə, lap körpəlikdən havalar bir balaca soyuyan kimi, ( qoz yetişən kimi) dirsəklərimdə dəridə qızartı (bu təbii ki, allergik təsir idi) əmələ gəlirdi böyüklərin birinci sözü bu olurdu ki, “elə-belə şeydi, dədə-babada da olub”. Yadımdadır ki, rəhmətlik nənəm soyuq havada qolları açıq sıra ilə düzülmüş qoz (cəviz) ağaclarının altı ilə qonşuda olan “Babanın ocağı” –na aparıb dirsəklərimə küldən düzəlmiş soyuq kül palçığı sürtüb gətirərdi. Əgər, onda nənəmə desəydim ki, ay nənə külün məsələyə nə dəxli bu çoxlu qoz yeməkdəndi… Deyərdi ki, başına hava gəlib bala… Çox maraqlıdır ki, bu halı ancaq qozun (cəvizin) bol olduğu soyuq aylarda baş verdiyindən hamı soyuqla əlaqələndirir, heç kim qozu (cəvizi) günahkar bilmirdi… Günü bu gün də bir balaca qoz (cəviz) və ya fındıq çox yeyən kimi həmin nahiyələrdə yenə də qızartılar yaranır. Bəli ancaq və ancaq qoz (cəviz) – fındığı çox yeyəndə bunun heç bir qanla, soyuqla əlaqəsi yoxdur. (uşaq vaxtı arada həkim resepti ilə hələ bir “kalsi-xolor” – da içirdirdilər, o şoğərib də zəkkutum kimi bir şeydi a…. Hamı ağlına gələni edirdi, heç bir deyən yox idi ki, a bala bu qozdan az ye…) Əlbətdə, bütün bunlar bizim aşırı, mən deyərdim ki, limitsiz şəkildə qozdan (cəvizdən) istifadə etməyimizin nəticəsi idi. Xüsusi ilə uşaq körpə vaxtı qoz (cəviz) yeyirsə, (özü yeyən analar yedi-yemədi uşğın ağzına da mütləq qoyurlar ki, dadını bilsin, öyrənsin..) əgər allergik təsir nəticəsində dəri tamlığı bir dəfə pozulursa, həmin nahiyələr böyüyəndə də eyni təsirə həssas olaraq qalır. Bu məsələnin bir tərəfi.

Digər faydası ilə, zərərinin birlikdə hərəkət etdiyi hal isə onun qidalılığı və çox enerjili olmasıdır. Beləki, orqanizmin olduğu vəziyyətdən asılı olmayaraq, bir –neçə qoz (cəviz) yemək kifayətdir ki, bədən və eyni zamanda onun bir hissəsi olan beyin enerjili qoz (cəviz) ləpəsinin mədəyə düşdüyünü hiss etsin, həm də hiss etdirsin. Məhz bu xüsusiyyətinə görə qoz (cəviz) ağacı çox olan, geniş yayılmış bölgələrin insanları, istər fəndgirliyi, istər tez coşub-daşan olmağı (“cırtda – qoz” olması – gör atalar bu ifadəni – kodlaşdırılmış məlumatı – necə yerində yaradıblar???), mərdliyi, dəliqanlılığı ilə nisbətən də olsa seçilirlər. “Cırtda –qozluq” tam dəqiq ifadədir. Onu da qeyd edim ki, bunun səbəbi heç də təkcə qozun (cəvizin) yüksək qidalılığı deyil…

Qoz (cəviz) ağaclarının bol olduğu bölgələrdə əhali məişətdə əsasən üzdə olan bulaq, quyu, kəhriz, çay ya da müasir dövürdə artezian sularından istifadə edirlər. Bu su isə demək olar ki, tam yodsuzdur. İllər boyu yodsuz su istifadə etmək isə nəhayətdə orqanizmdə ciddi fəsadlar yaradır ki, biz təbib olmadığımıza görə bunun xırdalığına varmırıq. Sadəcə onu qeyd etməliyəm ki, yodsuz su istifadə etdiyimizə görə (qoz (cəviz ) ağaclarının sayəsində) xüsusi ilə beyinin fəaliyyətinə təsir göstərən, bilavasitə idarə edən, tənzimləyən vəzlərdə baş vermiş dəyişiklik nəticəsində (bu vəzlərin qana ifraz etdiyi maddələrin tərkibinə uyğun olaraq) sanki, insan həsaslaşır, dözümlülük azalır, elə bil bir az da çılğınlaşır. Konkret olaraq eyni hadisəyə qoz (cəviz) ağacı bol olan, geniş yayılmış bölgənin insanı ilə , belə bölgədən olmayan insanın reaksiyası eyni deyildir. Qoz (cəviz) ağacları bol olan, geniş yayılmış bölgənin insanı daha kəmhövsələ, həm də tabe olmağı bacarmayan insanlardır. Bu yazı heç bir tibbi mahiyyət daşımır, (uzaqbaşı araşdırmaçı təbiblər üçün istiqamət göstərə bilər) sadəcə bir müşahidəçilik məhsuludur.

27.10.2016. Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” adlı kitabında müstəqil məqalə kimi yer almışdır.
Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

5 dəfə oxundu

Axtarış