ZAUR USTAC - YAZARLAR GÜNÜNƏ ÖZƏL ŞEİRLƏR
Müəllif: YAZARLAR.AZ


03.03.2021


Zaur Ustac – şair-publisist.
ŞÜKRANLIQ

Salam olsun Sənə, ey gözəl insan,

Min şükür Haqqa ki, haqqa çatmısan.

Hələ görünməyib, olsun belə hal,

Bir kitab oxuyan görə qeylü-qal.

Bütün ürfan əhli bu rəydə yekdil,

Kitab sayəsində zənginləşir dil.

Şükür Yaradana qılıbdır imkan,

Belə bir görüşü edib ərmağan.

Hər yeni fürsəti mənə verəndə,

İlkin şükrü-səna bitir dilimdə.

Əlində tutduğun bir yığın kağız,

Kitab olacaqdır dindikcə ağız.

Qutlu yaranışın əşrəfi insan,

Ali olduğunu xatırla hər an.

And gəldi qələmə, qələm tutana,

Qafillər oyana, bəlkə utana.

Oxumaq öyrətdi, yazmaq öyrətdi,

Quruca taxtadan bir dil ürətdi.

Kağızı müqəddəs bilmişik hər vaxt,

Üstündə canlı söz yaşayır həyat.

Şükür bu nemətə, şükür qismətə,

İstərəm bu paydan hamıya yetə.

Şükür Yaradana, neçəki sağam,

Onun sarayında Sizə qonağam.

Mən yazım, bulaqlar süzülsün gölə,

Mirvari kəlmələr düzülsün dilə.

Min şükür Haqqa ki, dil verib bizə,

Sizinlə görüşə yol verib bizə…

“Əliş və Anna” poemasından bir parça.

QƏLƏM
Şükür Yaradana, bəxş etdi səni,
Xəstə könüllərə şəfasan, Qələm…
And gəldi adına ucadan uca,
Neçə acı dərdə davasan, Qələm…
* * *
Həsrətlilər intizardan qurtarar,
Kimi özün bu dünyadan qoparar,
Əlacsızlar sənə pənah aparar,
Qəmədən, qılıncdan yavasan, Qələm…
* * *
Ustac körpəlikdən tapınıb sənə,
Qəmli də, xoşbəxt də sığınıb sənə,
İllahi bir qüvvət verilib sənə,
Göydən Yer üzünə töhfəsən, Qələm.
02. 10.2016. Bakı.

SÖZ MÜQƏDDƏSDİR
Dostum, kəmənd ilə tutmazlar sözü,
Cələ qur, dilinə qoy özü düşsün…
Oynama, qələmlə huydurma – ağac,
Elə tut, əlinə qoy izi düşsün…
* * *
Qələm müqəddəsdir, müqəddəsdi söz,
Onların nazın çək, möhnətlərə döz,
Gör, sənin ağzına baxır neçə göz,
Qələmlə uslu ol, qoy üzə düşsün…
* * *
Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün…
01.05.2017. Şamaxı.

OLACAQ…

(…sözünüz ağzınızda qalmasın…)
Ağzındakı söz olmasa,
Ürəyində köz olacaq…
Dediyin söz düz olmasa,
Boğazında qoz oacaq…
* * *
Ağız dilə dar olarsa,
Düz əyriyə yar olarsa,
Haqq nahaqdan xar olarsa,
Silinməyən iz olacaq…
* * *
Məncə yox, bundan betəri,
Dəyər, hamıya xətəri,
Heç nəyə baxma ötəri,
Yatağında biz olacaq…
* * *
Dünyanın ən acı dərdi,
Sındırıbdı, neçə mərdi,
Hamı dinmədikcə, mərddi,
“Quş uçurtsa, qaz olacaq…”
* * *
Ağızda söz gəvələmək,
Ən acı dərd, böylə bilək,
Nəsimidən alaq örnək,
Ustac desə, az olacaq…
05.04.2018. Bakı.

OLSUN

Bir ümid işığı yandı bu axşam,

Cırtdan tərəfindən görülən olsun…

Gecənin bağrında zərrə bəsimdi,

Yetər ki, sonadək sürülən olsun…

* * *
Bu əllər uzanıb haçandıır sənə,

Bir iriz, bir cığır, yol göstər mənə,

Gələrəm, baxmaram; uzuna, enə,

Lap elə, Musaya verilən olsun…

* * *

Qoy keçsin səhradan, ya da meşədən,

Yarağım, əsləhəm; qələm, tişədən,

Ruhuma qida ver, görklü rişədən,

Qoy daşdan, qayadan sorulan olsun…

* * *

Qoy, dahi Nəsimi olsun yoldaşım,

Xətai qoy olsun, mənim qəmdaşım,

Nadiri, Qacarı eylə sirdaşım,

Dostum dost yolunda dirilən olsun…

* * *

Ustacam, dilimdə şükür bitibdi,

Daim dualarım Sənə yetibdi,

İndi bu qulunun səmti itibdi,

Nişan ver, bir yana varılan olsun…

20.05.2019. Bakı.


Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

3 dəfə oxundu

Axtarış